Məhkəmə qərarları › İş №2(103)-564/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-564/2023

24.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-564/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdehlər Maraqlı şəxs2 və qeyrilərinə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-564/2023 (Açar sözlər: payın naturada ayrılması) Bakı şəhəri, 24 yanvar 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X41 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nurməmmədov Vaqif, vəkili Vəkil2, maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs7, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X7 cavabdehlər Maraqlı şəxs2, X26, X16, Maraqlı şəxs6, X6 və Maraqlı şəxs5 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-21/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, İşin halları, iş üzrə məhkəmə icraatı:

1. Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin naturada iddiaçıya ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 5503,7 kv.m torpaq sahəsinin, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli, 2-241/2006 saylı qətnaməsi ilə müəyyən olunan paylar nəzərə alınmaqla naturada iddiaçıya düşən payın - yəni təqdim olunmuş cizgi əsasında olan 917,3kv.m sahənin ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdən 1/6 payın və paya uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Maraqlı şəxs2, X33, X20, Maraqlı şəxs6, X12 və Maraqlı şəxs5 iddiaçının razılığı ilə cavabdeh qismində işdə iştirak etməyə cəlb edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavabdeh olaraq, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X21 və Maraqlı şəxs6 üçüncü şəxs olaraq işdə iştirak etməkdən çıxarılmışlar.

4. İddiaçı X17 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 01 dekabr 2006-ci il tarixli, 2-241/2006 saylı qətnaməsi ilə iddiaçılar X22, Maraqlı şəxs3 Haçıbala oğlunun, X3, Maraqlı şəxs5, Maraqlı şəxs6 cavabdeh Maraqlı şəxs4 qarşı özgənin qanunsuz sahibliyindən daşınmaz əmlakın geri tələb edilməsi, özbaşına tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin sahəsi 5503,7 kv metr həyətyanı torpaq sahəsinin 1/6 hissə olmaqla 917,3 kv metr olan sahəsindən istifadə hüququ təmin edilməklə X22 hüquqi varisi Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, Maraqlı şəxs5, Maraqlı şəxs6 torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, cavabdeh Maraqlı şəxs4 Bakı şəhəri Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin sahəsi 5503,7 kv. metr həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş hasarlar və bir otaqlı tikilinin sökülməsi, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin bərpa edilməsi tələbinin təmin edilməməsi, iddiaçı Maraqlı şəxs7, Maraqlı şəxs5, X8, Maraqlı şəxs3 qarşı vərəsə payının müəyyən edilib naturada ayrılması tələbinin qismən təmin edilməsi, yuxarıda qeyd olunan miras əmlakda Maraqlı şəxs7 4/36, Maraqlı şəxs2 1/36, X40iunun 1/36 payları müəyyən edilməsi, payın naturada ayrılması hissədə tələbin təmin edilməməsi, Maraqlı şəxs7 miras əmlakın 611,5 kv metr həyətyanı torpaq sahəsindən istifadə hüququnun müəyyən edilməsi, həmin torpaq sahəsindən istifadə qaydası cənub tərəfdə torpaq sahəsinin uzunluğu 48,4 metr və həyətin daxilində çəkilən sərhəd hasarı 18,9 metr məsafədə olmaqla, 1/6 paya uyğun olan sahəsinin eni (48, 4 ; 6) 8,6 metr müəyyən edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs4 cavabdehlər X27, Maraqlı şəxs5, X8 Maraqlı şəxs3 qarşı Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin həyətyanı sahəsində inşa edilmiş sahəsi 32,7 kv metr olan otağın 1/2 hissəsinə və sahəsi 53,7 kv metr olan aynabəndə olan mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2007-ci il tarixli, 1 MK-1588/07 saylı qətnaməsi ilə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli qətnaməsi cavabdeh Maraqlı şəxs4 evin həyətyanı torpaq sahəsindən çıxarılması və bir otaqlı tikilinin sökülməsi hissəsində ləğv edilməsi, bu hissədə Maraqlı şəxs3 və digərlərinin iddiasının təmin olunması, cavabdeh Maraqlı şəxs4 Binə qəsəbəsi Su təsərrüfatı küçəsi 20 saylı evin həyətindəki bir otaqlı tikilidən istifadə hüququnun tanınması, qətnamənin qalan hissəsinin dəyişiklik edilmədən saxlanılması tələbinin qismən təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2007-ci il tarixli, 1 MK- 1588/07 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş, icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarına əsasən Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 nömrəli evin sahəsi 5503,7 kv metr həyətyanı torpaq sahəsinin 1/6 hissə olmaqla 917,3kv.m olan sahəsindən istifadə hüququ təmin edilməklə X22 “huquqi varisi Maraqlı şəxs2, Maraqlı şəxs3, anası X3, Maraqlı şəxs5, Maraqlı şəxs6 torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə baxmayaraq, hazırkı vaxtadək qətnamə bu hissədə icra edilməmiş, adı çəkilən şəxslərin, o cümlədən onun anası X3 ona ayrılmış torpaq sahəsindən istifadə qaydası müəyyən edilməmişdir. Hal-hazırda o, anası X4 istifadəsinə ayrılmış və anasının ölümündən sonra onun istifadəsində olan torpaq sahəsinin dəqiq yerləşdiyi yeri bilmir, digər payçılarla aralarında olan istifadə qaydasının müəyyən edilməsi ilə bağlı hər hansı razılıq əldə edilməmiş, bölgü sxemi tərtib edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsini xahiş etsə də, digər payçılar tərəfindən ümumi istifadə olan torpaq sahəsinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən müraciətinə 13 oktyabr 2017-ci il tarixli və 20 oktyabr 2017-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-21/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsi 20 saylı evin iddiaçı X9 məxsus 1/6 hissəsi naturada bölünməsi, bölgü zamanı ekspertiza tədqiqatında göstərilmiş X9 məxsus ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdən 1/6 payın və paya uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsi naturada ayrılmaqla, həmin torpaq sahəsinin cənub tərəfindən başlayaraq yol ilə sərhədi boyunca 37,4 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 25,44 metr, yenidən cənub sərhəddinə doğru 35,98 metr sərhəd hasarı çəkilməsi, X5 100,00 (bir yüz) manat ekspertiza xərçinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qeyd olunan qətnamədən narazı qalan Maraqlı şəxs7 apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-21/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, işin faktiki hallar tam araşdırılmamış, tətbiq edilməli olan hüququ normaları düzgün tətbiq edilməmiş və sübutlara düzgün hüquqi qiymət veriməməklə qanunsuz qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamədə Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına İnsan Hüquqları üzrə Avropa məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına zidd olduğundan ləğv edilməlidir. Belə ki, qeyd olunan iddia tələbi üzrə cavabdehlər bilərəkdən yanlış qoyulmuşdur. Hal-hazırda qeyd olunan cavabdehlərdən X23, Maraqlı şəxs6 və X12 dünyasının dəyişmişlər. Digər həqiqi cavabdehlərin isə məhkəmədə iştirakı təmin edilməmişdir. Bununla yanaşı iş üzrə əsl cavabdeh kimi o və anası işə cəlb olunmamışlar ki, bu da onların hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir. Məhkəmə qətnaməsi ilə payın naturada müəyyənləşdirilməsi ilə onun baba yurdundan kənarda yerləşən, daim onların sahiblik və istifadəsində olan torpaq sahəsinə müdaxilə olunmuşdu. Yəni, babasından onlar vərəsəlik yolu ilə miras qalmış Binə qəsəbəsi Su təsərrüfatı küçəsində ev 20 ünvanda yerləşən torpaq sahəsinin hüdudlarından kənara çıxılmaqla onların əlavə olaraq sahiblik və istifadələrində olan ərazidən tam qanunsuz şəkildə pay müəyyən edilmişdir. Belə ki, qeyd olunan hal Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsində də əks olunmuşdur. Həmin qətnamə ilə yalnız onun payı müəyyən edilib naturada bölünməsinə dair iddia tələbi təmin edilmiş digər iddiaçıların həmin tələbi təmin edilməmişdir. Bunu səbəbi isə digər vərəsələr arasında faktiki olaraq payların naturada bölünməsi olmuşdur. İddiaçının anası Nüsrətov Böyükxanıma məxsus olan torpaq sahəsi vərəsəlik yolu ilə oğlu X1. Bununla da iddiaçı qardaşının istifadəsində olan torpaq sahəsindən (vərəsəliyi qəbul etmişdirsə) özünə məxsusu payın naturada ayrılmasın tələb etməli idi. Məhkəmə qətmanəsi ilə ayrılmış torpaq sahəsi onlar tərəfdən tullantılardan təmizləndikdən sonra Abşeron Rayonu Dönuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli 135N ƏMRİ-nə (Çıxarış xx.xx.1990-c il) əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521№-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərarına əsasən anası Maraqlı şəxs4 fərdi ev tikmək üçün 0.10 hektar həyətyanı torpaq sahəsi kimi ayrılmışdır. Həmin ərazi daim onların sahiblik və istifadələrində olmuşdur. Belə ki, 1991-2000-ci illərdə onların orada parnik və qarajı olmuşdur. Məhkəmə qətnaməsi ilə ayrılmış torpaq sahəsi heç bir vaxt nə iddiaçının ansı X3, nə də ki iddiaçının Kübranın istifadəsidə olmamışdır. Bu səbəbdən qəsdən iddiaçı tərəfindən iddia qaldırılarkən o və anası cavabdeh qismində işə cəlb olunmamışlar. Bununla da sonda onların hüquq və mənafelərinin pozulması ilə nəcilələnən qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi V.Nurməmmədov, vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs4, Maraqlı şəxs7 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, dəlilləri ilə razılaşaraq müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

11. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq:

12. Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.

13. Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

14. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

15. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

16. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə yönəlmişdir.

20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxsin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçılar X22, Maraqlı şəxs3, X3, Maraqlı şəxs5, Maraqlı şəxs6 cavabdeh Maraqlı şəxs4 qarşı özgənin qanunsuz sahibliyindən daşınmaz əmlakın geri tələb edilməsi, həyətyanı torpaq sahəsindən paya uyğun olaraq istifadə qaydalarının müəyyən edilməsi, özbaşına olaraq sökülmüş tikilinin bərpa edilməsi, torpaq sahəsindən çıxarılması özbaşına tikintilərin sökülməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20N-li evin sahəsi 5503,7 kv.metr həyətyanı torpaq sahəsinin 1/6 hissə olmaqla 917,3 kv.metr olan sahəsindən istifadə hüququ təmin edilməklə X22 hüquqi varisi Maraqlı şəxs2, Maraqlı şəxs3, X3, Maraqlı şəxs5, Maraqlı şəxs6 torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, cavabdeh Maraqlı şəxs4 Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 saylı evin sahəsi 5503,7 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən inşa edilmiş hasarlar və bir otaqlı tikilinin sökülməsi, Bakı şəhəri Binə qəsəbəsi Su təsərrüfatı küçəsindəki 20 saylı evin bərpa tələbinin təmin edilməməsi, iddiaçı Maraqlı şəxs7 Maraqlı şəxs5, X8, X10 qarşı vərəsə payının müəyyən edilib naturada ayrılması tələbinin qismən təmin edilməsi, yuxarıda qeyd olunan miras əmlakda Maraqlı şəxs7 4/36, Maraqlı şəxs2 1/36, X25 1/36 paylarının müəyyən edilməsi, payın naturada ayrılması hissədə tələbi təmin edilməməsi, Maraqlı şəxs7 miras əmlakın 611,5 kv.metr həyətyanı torpaq sahəsindən istifadə hüququnun müəyyən olunması, həmin torpaq sahəsindən istifadə qaydası cənub tərəfdə torpaq sahəsinin uzunluğu 48,4 metr və həyətin daxilində çəkilməli sərhəd hasarı 18,9 metr məsafədə olmaqla,1/6 paya uyğun olan sahənin eni (48,4: 6) 8,06 metr müəyyən edilməsi qət edilmişdir.

23. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsi ilə qeyd edilən qətnamə ilə cavabdeh Maraqlı şəxs4 evin həyətyanı torpaq sahəsindən çıxarılması və bir otaqlı tikilinin sökülməsi hissəsində ləğv edilməsi, bu hissədə Maraqlı şəxs3 və digərlərinin iddiasının təmin olunması, cavabdeh Maraqlı şəxs4 Binə qəsəbəsi Su təsərrüfatı küçəsi 2 saylı evin həyətindəki bir otaqlı tikilidən istifadə hüququnun tanınması, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması qət edilmişdir.

24. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Reyestr nömrəsi **********21-10301) X7 adına verilmiş seriya RX № ******* saylı Çıxarışın surətindən aydın olur ki, daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 16072 nömrəli vərəqində 0,03867 ha sahədə yerləşən, 318,9 kv.m sahəsi olan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Su Təsərrüfatı küçəsi 20 saylı ev xüsusi mülkiyyət hüququ üzrə 1/6 hissədə X7 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə, 1/12 hissədə Maraqlı şəxs2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci ildə, 1/12 hissədə X25, 1/6 hissədə X13, 1/6 hissədə Maraqlı şəxs6, 1/6 hissədə X2, 1/6 hissədə Maraqlı şəxs5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır.

25. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/4277 nömrəli rəyindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdən 1/6 payın və paya uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün həmin torpaq sahəsinin cənub tərəfindən başlayaraq yol ilə sərhəddi boyunca 37,4 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 25,44 metr, yenidən cənub sərhəddinə doğru 35,98 metr sərhəd hasarı çəkilməlidir.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəni araşdırarkən maddi və prosessual hüquq pozuntularına yol vermiş və beləliklə də, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

27. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

28. Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.

29. Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

30. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

31. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.

32. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.

33. Hazırki iddia tələbi əsaslı olsa idi belə, bu tələb, yəni, “payın naturada ayrılması” tələbi üzrə cavabdehlərdən biri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ola bilərdi.

34. Belə ki, ilk dəfə ərizə verilərkən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavabdeh olaraq, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X21 və Maraqlı şəxs6 isə üçüncü şəxs kimi cəlb edilsələr də, iddia tələblərinin dəqiqləşdirilməsi zamanı cavabdeh və üçüncü şəxslərdən Maraqlı şəxs3, Maraqlı şəxs4 işdən kənarlaşdıralaraq onlardan yalnız Maraqlı şəxs2, Maraqlı şəxs5, X33, X20, X12 və Maraqlı şəxs6 iddiaçının razılığı ilə cavabdeh qismində, Maraqlı şəxs1 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs işdə iştirak etməyə cəlb edilmişlər.

35. İşin materiallarından görünür ki, iddiaçı əvvəl verdiyi iddia ərizəsində anasının 2006-cı ildə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 01 dekabr 2006-cıil tarixli qətnaməsində adları sadalanan tərəf olmuş şəxsləri maraqlı şəxs kimi göstərərək əsas tələbini məhz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə yönəltmişdir. Lakin sonradan cəlb etdiyi cavabdehlərin siyahısına diqqət yetirildikdə bunların iddiaçının adına olan daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* saylı Çıxarışda adları qeyd edilən şəxslər olduğu müəyyən edilir.

36. İşin materiallarından həmçinin görünür ki, iddiaçı 2017-ci ildə ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin sərhədlərinin və nöqtələrinin bildirilməsi barədə ərizələrlə müraciət etmiş və həmin ilin avqust ayının 26-da ona verilən cavab məktubunda göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə ərizəçinin, Bələdiyyə və Xəzər rayon İcra Hakimiyyətinin Binə qəsəbəsi üzrə nümayəndəliyinin səlahiyyətli şəxslərinin iştirakı ilə qeyd olunan əraziyə texniki baxış keçirilmişdir. Bununla əlaqədar olaraq bildiririlmişdir ki, torpaq sahəsinin sizə məxsus hissəsi tərəfinizdən göstərilmədiyi və digər payçılar tərəfindən ümumi istifadədə olan torpaq sahəsinə baxış keçirilməsinə şərait yaradılmadığından ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməsi, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən tərəfinizdən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması tövsiyyə olunur.

37. İddiaçıya və anasına ünvanlanmış xx.xx.2017-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, ərizəsində adı çəkilən torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, əmlak paylı mülkiyyətdə olmaqla mübahisəlidir. Daşınmaz əmlak mübahisəli olduğundan mütəxəssislərə yoxlama-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.

38. Buna görə də, qeyd olunan payın naturada ayrılmasına dair iş üzrə cavab verməli olduğu iddiaya görə seriya RX № ******* saylı Çıxarışda adları göstərilən şəxslər həmin iddiaya cavab verə və cavabdeh ola bilməzdi. Çünki, iddiaçıya adına olan çıxarış üzrə ünvanda yerləşən torpan sahəsinin sərhədlərinin və nöqtələrinin bildirilməsi lazım idi ki, bu səlahiyyət də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə aiddir.

39. Həmçinin də, məhkəmənin istinad etdiyi Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsində yalnız pay müəyyən edilərək naturada bölünməsinə dair iddia tələbi təmin edilmiş Maraqlı şəxs7 iş üzrə əsil cavabdeh kimi cəlb olunmalı olmasına birinci instansiya məhkəməsi diqqət yetirməmişdir.

40. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədlərdən də görünür ki, sözügedən çıxarışda adları olan və cavabdeh kimi göstərilən paylı mülkiyyətçilərdən X20, Maraqlı şəxs6 və X12 vəfat etmişlər və kolegiyanın qənaətinə görə iddiaçının bu barədə məlumatı olmaya bilməzdi. Belə ki, qeyd edilən şəxslərlə iddiaçının özünün və anasının qohumluq əlaqələri mövcud iş materiallarından aydın görünür.

41. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddiaya cavab verməli olan şəxslərin dairəsini düzgün müəyyən etməmiş, maraqlı şəxsin hüquq və vəzifələrinə toxunan qətnamə qəbul etmişdir ki, bu da prosessual pozuntu kimi qiymətləndirilir.

42. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “....qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir.”

43. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, birinci instansiya məhkəməsi prosessual fəallıq prinsipindən istifadə edərək iddiaçıya iddiaya cavab verməli olan başqa cavabdehin (Maraqlı şəxs7 və anası Maraqlı şəxs4) cəlb edilməsinin zəruri olduğunu təklif etməmiş və bu barədə onun razılığının olub-olmamasını aydınlaşdırmamışdır.

44. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə (şəxslərə) qarşı verildiyindən və iddiaya cavab verməli olan şəxs(lər) cavabdeh qismində cəlb edilməsə də, hər bir halda bu mübahisə ilə bağlı məhkəmə çəkişmələrinin uzanmaması üçün apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılması və hüquqi qiymət verilməsi zəruridir.

45. Belə ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Su Təsərrüfatı küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmasını, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə görə evin 917,3 kv.metr olan torpaq sahəsindən istifadə hüququ iddiaçıya aid olmasını, mülkiyyətçilər arasında ümumi əşyanın bölünməsi və ya ondan iddiaçının payının ayrılması üsulu və şərtləri haqqında razılığın olmamasını, iddiaçının paylı mülkiyyətdəki 1/6 payının və payına uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsinin naturada ayrılmasının texniki cəhətdən mümkünlüyünü göstərərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213.2, 214.1, 220.2, 220.3-cü maddələrinə istinad edərək bu qənaətə gəlmişdir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ olduğundan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Su Təsərrüfatı küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evindən 1/6 hissə və payına uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsi iddiaçının payı olaraq naturada ayrılmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.

46. Bu halda birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyinə istinad etmiş və rəydə göstərilən qaydada da nəticəyə gəlmişdir.

47. Lakin, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsində əks edilmiş ekspertiza rəyinin nəticələrinə və həmin qətnamə ilə yalnız apellyatorun payının müəyyən edilib naturada bölünməklə iddia tələbinin bu hissədə təmin edilməsinə diqqət yetirməmişdir.

48. Daha sonra kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi başqa pozuntulara da yol vermişdir.

49. Belə ki, qeyd olunduğu kimi məhkəmə nəticəsini ekspertiza tədqiqatında göstərilmiş qaydada aparmışdır.

50. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

52. Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. (Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəs)

53. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

54. Kollegiya daha sonra qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın və bundan sonra həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından düzgün olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/4277 nömrəli rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul etmişdir. Belə ki, həmin rəydə sualın qoyuluşunda və ekspertiza qarşısında qoyulmuş bu sualın cavablandırılmasında istər işə baxan məhkəmə, istərsə də ekspert iddiaçının cavabdeh kimi göstərdiyi digər payçılarla mülkiyyətində olan torpaq sahəsinin ümulikdə 0,03867 ha göstərilməsinə də diqqət yetirməmişlər.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə görə ekspertiza tədqiqatında göstərilmiş X9 məxsus ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdən 1/6 payın və paya uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsi naturada ayrılmaqla, həmin torpaq sahəsinin cənub tərəfindən başlayaraq yol ilə sərhədi boyunca 37,4 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 25,44 metr, yenidən cənub sərhəddinə doğru 35,98 metr sərhəd hasarın çəkilməsi halında, çıxarışda adları göstərilən və əvvəlki qətnamə ilə istifadə qaydaları müəyyən edilmiş şəxslərin hər birinin 1/6 payın və paya uyğun istifadəsindəki 917,3 kv.m torpaq sahəsi qat-qat azaldılmış vəziyyətə düşür ki, bu da çıxarış üzrə digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulması deməkdir.

57. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əvvəlki məhkəmə qətnaməsində Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2006cı il tarixli qətnaməsində yalnız pay müəyyən edilərək naturada bölünməsinə dair iddia tələbi təmin edilmiş Maraqlı şəxs7 hazırki iş üzrə cəlb etdiyi halda, təqdim olunan sənədlər əsasında məhkəmənin bölgü apardığı torpaq sahəsinin iddiaçının istinad etdiyi RX № ******* saylı Çıxarışda qeyd edilən torpaq sahəsinin deyil, Maraqlı şəxs7 və anası Maraqlı şəxs4 istifadəsində olan torpaq sahəsi üzərində aparıldığı müəyyən edilərdi.

58. Məhkəmə kollegiyasına bu qənaətə gəlməsinə əsas birinci instansiya məhkəməsində işə cəlb edilməmiş və çıxarılan qətnamə hüquq və mənafelərinə toxunmuş Maraqlı şəxs7 apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi babası X11 və atası X18 adına olan texniki pasportlar və 1997-ci ilin məhkəmə qətnaməsinin məzmunu olmuşdur.

59. Belə ki, X11 adına texniki pasportdan görünür ki, ona məxsus torpaq sahəsi 0,26 ha təşkil edir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı mərhum X11 nəvəsidir və bölgü tələb etdiyi ərazi də məhz babasından vərəsəlik qaydasında miras qalmış sözügedən torpaq sahəsindən çıxarışdakı payına uyğun təxminən 0,5 ha (və ya ondan az-çox) sahədə pay müəyyən edilməli idi (əgər payının texniki cəhətdən ayrılması mümkün olarsa) Belə ki, məhkəmə gedişi zamanı iddiaçı bildirdi ki, ailə qurduğdan sonra həmin torpaq sahəsindən çıxmışdır. Vərəsəlik yolu ilə iddiaçının anasına qalmış və anasının istifadəsində olan torpaq sahəsi anasının vəfatından sonra qardaşına qalmışdır və hal-hazırda qardaşı orada yaşayır.

60. X11 adına texniki pasportda ona məxsus torpaq sahəsi 0,26 ha təşkil etməsi apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Əzizbəyov rayon Xalq Məhkəməsinin 2-3(1997) saylı, 7 avqust 1997-il tarixli qətnaməsində də öz əksini tapmışdır.

61. Sözügedən qətnamədən görünür ki, iddia hissə ilə təmin edilərək, Binə qəsəbəsi Su təsərrüfatındakı 20 saylı ünvanda yerləşən tikilinin X13 istifadəsində olan hissənin onun mülkiyyəti hesab edilməsi, göstərilən paylara uyğun torpaq sahəsinin sərhədi müəyyən edilməsi, Maraqlı şəxs7nın bir otaqdan çıxarılması hissəsində rədd edilməsi, qarşılıqlı iddianın hissə ilə təmin edilməsi, X19 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv edilib sahəsi 32.7 kv.m olan bir otağın bərabər paylarda bölünüb ½ hissədə V.Xurşudovun, ½ hissədə Maraqlı şəxs4 mülkiyyətinə verilmiş, sahəsi 56.7 kv.m olan aynabənd Maraqlı şəxs4 mülkiyyəti hesab edilməklə qeydiyyatın aparılması qət edilmişdir.

62. Bununla yanaşı qətnamənin təsfiri və əsaslandırıcı hissələrində qeyd edilir ki, miras mülk bərabər paylarla vərəsələr arasında və bölgü əsasında torpaq sahəsindən istifadə mübahisənin predmeti deyil. Mübahisənin predmeti sonradan tikilən 32,7 kv.m olan 1 otaq və sahəsi 53,7 kv.m olan balkon eləcə də həmin tikililər qarşısında olan torpaq sahəsindəndir ki, həmin hissələrdən də faktiki olaraq Maraqlı şəxs4 istifadə edir.

63. Bununla yanaşı Əzizbəyov rayon xalq məhkəməsi yerli baxış keçirərkən müəyyən etmişdir ki, miras mülkə dair torpaq sahəsi ayrı, mübahisəli tikilinin qarşısındakı torpaq sahəsi ayrıdır və bir birinə qarışacağı yoxdur.

64. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Abşeron Rayonu Dönuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli 135N ƏMRİ-nə (Çıxarış xx.xx.1990-c il) əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521№-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərarına əsasən Maraqlı şəxs4 fərdi ev tikmək üçün 0.10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin 0.10 ha sahə Maraqlı şəxs4 faktiki istifadəsində olan torpaq sahəsi kimi ayrılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, bu sahə 0.10 ha sahə kimi deyil, Maraqlı şəxs4 və Maraqlı şəxs7 faktiki istifadələrində olan və Maraqlı şəxs7 atası X22 adına 0,55 ha torpaq sahəsi kimi qeydə alınaraq yeni texniki pasport verilmişdir. İddiaçı X14 vərəsə kimi 0.26 ha sahədən deyil, X22 adına olan 0,55 ha sahədən payının naturada bölgüsünü tələb edir.

65. Maraqlı şəxs7 apellyasiya instansiyası məhkəməsində verdiyi izahatından görünür ki, iddiaçı 2017-ci ildə ünvan 4 ynvanda yerləşən torpaq sahəsinin sərhədlərinın və nöqtələrinin bildirilməsi barədə ərizələrlə müraciət edərkən həmin orqanın əməkdaşları yerində baxış zamanı ona babasından miras qalaraq vərəsəliklə keçmiş 0,26 ha torpaq sahəsindən payının ayrılması ilə bağlı müraciət etməsini, faktiki olaraq qardaşının istifadəsində olan sahədən payın ayrılmasını tələb edə bilməsini bildirmişlər. Lakin iddiaçı heç bir əsas olmadan onların faktiki istifadələrində olan torpaq sahəsini göstərməkdə israrlı olmuşdur.

66. Lakin araşdırma zamanı mübahisələndirilən qətnamə ilə ayrılmış torpaq sahəsinin nə iddiaçının anası X3, nə də ki iddiaçının istifadəsidə olmasına dair apellyasiya instansiyası məhkəməsinə heç bir sübutlar təqdim edilməmişdir. Onun adına olan texniki pasportda (i.v 98) göstərilən «A» tikilisinin apellyasiya instansiyası məhkəməsinə təqdim edilən texniki pasporta əsasən Maraqlı şəxs7 aid olması müəyyən edilmişdir. Başqa sözlə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Maraqlı şəxs7 faktiki istifadəsində, sahibliyində olan və atası X22 adına qeydə alınan texniki pasportdakı 0.55 ha torpaq sahəsinin naturada ayrılmasına dair iddia qaldırmasına subyektiv hüququ olmamışdır. Başqa sözlə, iddiaçı yalnız babası X15 məxsus, sahəsi 0,26 ha torpaq sahəsindən ona məxsus olan sahənin naturada ayrılmasını tələb edə bilərdi.

67. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

68. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

70. Göründüyü kimi, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

71. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.

72. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X20, Maraqlı şəxs6 və X12 vəfat etmişdir.

73. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-546/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərardadı ilə X16, Maraqlı şəxs6, X6 münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir.

74. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.

75. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

76. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyi üçün tərəflərin ödədiyi dövlət rüsumları onların özlərinə aid edilməlidir.

77. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

78. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

79. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

80. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-21/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar