Məhkəmə qərarları › İş №2(103)-5640/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5640/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5640/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Günel Rza qızı İsmayılovanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-501/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Dəymiş maddi ziyana görə 985 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh vurduğu zərərin əvəzi olaraq 1185 manat, əldən çıxmış gəlirin əvəzi kimi 700 manat, mənəvi zərərin əvəzi kimi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2415 (iki min dörd yüz on beş) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 13.01.2020-ci tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı, 752946 nömrəli X1 Şəhadətnaməsinə əsasən mülkiyyətində olan Opel Astra minik markalı 99-VH451 dövlət nömrə nişanlı avtomobilə cavabdehin qanuna-zidd hərəkəti nəticəsində xeyli ziyan vurulmuşdur. İnzibati Xəta haqqında İXP ******* saylı 05.09.2020-ci il tarixli Protokoldan göründüyü kimi, Cavabdeh idarə etdixi LEXUS RX 300 MİNİK markalı **-SP- *** nömrəli nəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Bundan sonra avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə X3 X2 xidmətinə müraciət etmiş və həmin servis tərəfindən verilmiş 34 nömrəli Defekt Aktına əsasən avtomobilə 1185 manat zərərin vurulduğu müəyyən edilmişdir. Cavabdehin avtomobilinin sığorta müddəti bitdiyi üçün dəymiş ziyan ödənilməmiş qalmışdır. Həmin məbləğin könüllü ödəməsini cavabdehdən xahiş etsə də, o heç bir məhəl qoymadan və səbəb göstərmədən etiraz etmişdir. Bu hadisə nəticəsində avtomobilindən istifadə edə bilmədiyi üçün gündəlik gəlirindən məhrum olmuşdur. Belə ki, istifadəsində olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və gündəlik qazancı yalnız bu fəaliyyətdən gəlir. Bununla da, ona 700 manatadək əldən çıxmış gəlir kimi zərər vurulmuşdur. Həmçinin, İİ qrup əlil olduğu üçün həmin nəqliyyat hadisəsi zamanı mənəvi zərər almışdır, hadisə nəticəsində həyati təhlükə olduğu üçün fiziki izdirab və mənəvi sıxıntı keçirmişdir. Neçə müddətdir ki, yol polisi, xəstəxana və maşın servisi arasında qaldığından əsəb və stress keçirmişdir. Ona vurulmuş mənəvi zərəri 500 manat qiymətləndirir. Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-501/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin 2(011)-501/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir, işə mahıyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək rədd olunmasını xahiş edən İddiaçı izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Xətai rayon Məhkəməsinin 2(011)-501/2021 saylı 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan İnzibati Xəta haqqında İXP ******* nömrəli, 05.09.2020-ci il tarixli Protokola və X5 haqqında TP ******* nömrəli 05.09.2020-ci il tarixli Qərara əsasən 05.09.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Lexus RX300 minik” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xətai rayonu, Lütfizadə küçəsi ilə Babək prospektinin kəsişməsində yolayırıcını keçmə qaydalarını pozaraq AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “Opel Zafira minik” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ qanadı əzilmişdir. “xxxx” Kiçik Müəssisəsinin 34 nömrəli Defekt aktına əsasən “Opel Zafira” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1185 manat məbləğində müəyyən edilir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5027 nömrəli, 21.01.2021- ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, xxxx” Kiçik Müəssisəsinin təqdim etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Opel Zafira” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 985 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 24.11.2020-ci il tarixli **********990200 nömrəli məktubuna əsasən, 24.11.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) fərdi sahibkar kimi 25.04.2006-cı il tarixdən qeydiyyatda olması və fəaliyyətinin 01.09.2006-cı il tarixdən 01.09.2040-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşin hallarından müəyən olunur ki, 05.09.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Lexus RX300 minik” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xətai rayonu, Lütfizadə küçəsi ilə Babək prospektinin kəsişməsində yolayırıcını keçmə qaydalarını pozaraq AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüdyü kimi, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5027 nömrəli, 21.01.2021-ci il tarixli ekspert rəyini sübut növü kimi qiymət verərək, həmin rəydə göstərilmiş məbləği əsas götürərək, “Opel Zafira” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən, vurulmuş zərərin əvəzi qismində 985 manat mənbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, Cavabdeh təqsirli və hüquqa zidd əməli nəticəsində İddiaçı mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası iddianın 500 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə haqlı olaraq təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yaratmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-501/2021 saylı 05mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar