Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5641/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verib. X1 idarə etdiyi “Mercedes G63 Brabus” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq iddiaçının sağlamlığına zərər vurub. Bu hal məhkəmə hökmü ilə müyyən edilib, mübahisə doğurmur. İddia ərizəsində 2 cavabdeh göstərilib. 1-ci Cavabdeh1 MMC təqsirkar sürücünün idarə etdiyi “Mercedes G63 Brabus” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. 2-ci Cavabdeh2 isə təqsirkar sürücünün atasıdır, həm də Cavabdeh1 MMC-nin təsisçisidir. Hər 2 cavabdeh birtərəfli qaydada yazılı şəkildə bəyan edib ki, iddiaçıya dəymiş zərərin əvəzini ödəyəcək. Həmin bəyantalar aşağıdakılardır: 1-ci Cavabdeh1 MMC iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda bəyan edib ki, MMC yüksək təhlükə mənbəyinin (avtomobilin) sahibi kimi iddiaçının müalicəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olacaq bütün sonrakı xərclərin əvəzini ödəmək öhdəliyi daşıyır, bu öhdəliyi vaxtlı-vaxtında və lazımınca yerinə yetirəcək (cild 1, iş v. 200). 2-ci cavabdeh notariat qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi”ində bəyan edib ki, əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında iddiaçıya xx.xx.2017-ci ildə 265.000 ABŞ dolları əlavə ödəyəcəyini bildirir və bundan əlavə iddiaçıya indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyini bəyan edir və öhdəliyinə götürür (cild 1, iş v. 218). Tələb və onun həlli: İddia ərizəsində və daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə (cild 1, iş v. 143) tələb olunub ki, iddiaçının sağlamlığına yetirilmiş xəsarətə görə maddi zərərin əvəzi kimi 1.050.000 ABŞ dolları və 993.932 türk lirəsi, mənəvi zərərin əvəzi kimi 500.000 ABŞ dolları, ümumilikdə 1.550.000 ABŞ dolları, 993.932 türk lirəsi və 22.000 avro cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 35.000 ABŞ dolları, 920.308 türk lirəsi və 22.000 avro cavabdehlərdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət: Qətnamədən hər 2 tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin olunsun. Cavabdehlərin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və iddia tamamilə rədd olunsun. Yoxlanılan hissə: Bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, Nərimanov RM-nin qətnaməsi maddi zərərə görə cavabdehlərdən 35.000 ABŞ dolları və 920.308 türk lirəsinin iddiaçının xeyrinə tutulması, eləcə də Cavabdeh1 MMC-dən 22.000 avro tutulması hissələrində ləğv edilsin, həmin hissələrdə iddia tələbləri təmin edilməsin, Nərimanov RM-nin qətnaməsi Cavabdeh2 22.000 avronun iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi maddi zərərə görə 920.308 türk lirəsi pul tələbinin təmin olunmayan və iddianının Cavabdeh1 MMC-yə qarşı təmin olunmayan hissələrində ləğv edilsin və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın, Bakı Apellyasiya Məhkəməsinin qətnamsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Odur ki, hazırda apellyasiya qaydasında Nərimanov RM-nin qətnaməsinin 2 hissəsi yoxlanılanılır: 1) hər iki cavabdehə qarşı maddi zərərə görə 920.308 türk lirəsi pul tələbinin təmin olunmayan hissəsi; 2) Cavabdeh1 MMC-yə qarşı iddianın təmin olunmayan hissəsi. İzahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 bildirdi ki, hazırda Nərimanov RM-nin qətnaməsinin apellyasiya qaydasında yoxlanılan hissəsində iddiaçının apellyasiya şikayəti əsaslıdır. İddiaçı ona göstərilən məbləğdə zərər vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edib. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, hazırda Nərimanov RM-nin qətnaməsinin apellyasiya qaydasında yoxlanılan hissəsində cavabehlərin apellyasiya şikayəti əsaslıdır. İddiaçı ona göstərilən məbləğdə zərər vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməyib, sübut kimi təqdim edilən sənədlər isə mötəbər hesab olunmur. Qətnamənin yoxlanılması: Mübahisənin düzgün həll edilməsi üçün əvvəlcə məsuliyyətin əsasına, daha sonra isə məsuliyyətin həcminə müəyyənlik gətirilməlidir. Məsuliyyətin əsası: Məsuliyyətin əsası müəyyən edilərkən hər bir cavabdehə münasibətdə bu əsasa müəyyənlik gətirilməlidir. 1-ci Cavabdeh1 MMC-nin məsliyyəti deliktə əsaslanır. Belə ki, təqsirkar sürücünün törətdiyi, sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi mülki-hüquqi müstəvidə delikt hesab olunur. MMC delikt törətməyib, lakin o, delikt törətmiş şəxsin (təqsirkar sürücünün) idarə etdiyi “Mercedes G63 Brabus” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla MMC-nin üzərinə zərərin əvəzini ödəmək vəzifəsi qoyulub. MMC həmin avtomobilin mülkiyyətçisi olduğuna görə, o, iddiaçının qarşısında Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənəbəyininin sahibi kimi məsuliyyət daşıyır. 2-ci Cavabdeh2 məsuliyyəti müqaviləyə əsaslanır. Belə ki, o, delikt törətməyib və ya yüksək təhlükə mənbəyinin sahibi deyil. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı ilə 2-ci cavabdehin arasında yazılı formada müqavilə bağlanmayıb, lakin şifahi formada müqavilə mövcuddur. xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi” (cild 1, iş v. 218) müqavilə hesab olunmur, lakin həmin ərizə (sənəd) şifahi müqavilənin bağlandığını təsdiq edən yazılı sübut sayılır. Şifahi müqaviləyə görə tərəflər (iddiaçı və 2-ci cavabdeh) razılaşıblar ki, təqsirkar sürücünün törətdiyi delikt nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi onun atası (2-ci cavabdeh) tərəfindən ödəniləcək, habelə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında 265.000 dollar ödəniləcək. Belə müqavilə qanunda nəzərdə tutulmayıb, lakin qanuna zidd deyil. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı tərəflərə imkan verir ki, azad surətdə belə müqavilə bağlasınlar. Məsuliyyətin həcmi: Məsuliyyətin həcmi müəyyən edilərkən 2 məsələyə müəyyənlik gətirilməlidir: 1) ödənilmiş məbləğ; 2) ödənilməli məbləğ. Ödənilmiş məbləğ: Cavabdeh tərəf bildirir ki, zərərlə bağlı ümumilikdə iddaçıya 76.352 manat, 6.480 avro, 670.207 türk lirəsi, 345.400 ABŞ dolları ödənilib. Bura 2019-cu ilin yanvar ayına kimi olan bütün müalicə və digər xərclər (təyyarə və ambulansla evakuasiya, uşaqların təhsili, ev kirayəsi və s.) daxildir. İddiaçı tərəf zərərlə bağlı ödənilmiş ümumi məbləğ barədə məlumat vermir. İddia ərizəsində bu barədə məlumat qeyd olunmayıb, suala isə cavab verilmir. İddiaçı tərəf 2 məbləği yazılı şəkildə etiraf edir: 1-ci, iddia ərizəsində qeyd olunub ki, 189.983 manat ödənilib (cild 1, iş v. 5). 2-ci, iddianın dəyişdirilməsi barədə ərizədə qeyd olunub ki, ayrıca olaraq əlavə kimi 235.000 ABŞ dolları (45.000 dollar + 190.000 dollar) pul verilib (cild 1, iş v. 145). Ödənilməli məbləğ: İddianın dəyişdirilməsi barədə ərizədə 3 məbləğ tələb olunub: 1) 1.550.000 ABŞ dolları; 2) 993.932 türk lirəsi; 3) 22.000 avro. 1-ci məbləğ, yəni 1.550.000 ABŞ dolları barədə: İddiaçı 1.550.000 dolların tərkibinə aşağıdakıları daxil edilib: 1) 75.000 dolları; 2) 15.000 dollar; 3) 960.000 dollar; 4) 500.000 dollar. 75.000 dollar barədə: 75.000 dollar cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 75.000 dollar pul tələbini belə əsaslandırıb ki, 2-ci Cavabdeh2 xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi”ində (cild 1, iş v. 218) 265.000 dollar ödəməyi öhdəsinə götürüb, həmin pulun 190.000 dolları ödənilib, 75.000 dollar isə indiyə kimi ödənilməyib. Birinci instansiya məhkəməsi 75.000 dollar pul tələbini qismən təmin edib, 35.000 dolların cavabdehlərin hər ikisindən tutulmasını qət edib, tələbin qalan hissəsini rədd edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə 35.000 dolların tutulmasına aid hissədə qətnaməni ləğv edib, həmin tələbi ümumiyyətlə təmin etməyib. Ali Məhkəmə bu tələbin aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb. Lakin Ali Məhkəmə eyni zamanda qərara alıb ki, iddianın 1-ci Cavabdeh1 MMCyə qarşı təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Nəzərə alınmalıdır ki, iddiaçı 75.000 dolları cavabdehlərdən müştərək qaydada tələb edib. Odur ki, həmin tələbin 1-ci Cavabdeh1 MMC-yə qarşı olan hissəsi üzrə birinci insansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə Ali Məhkəmənin göstərişinə uyğun olaraq yenidən yoxlanmalıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və 1-ci Cavabdeh1 MMC-yə qarşı yönəlmiş həmin tələb rədd olunmalıdır. Belə ki, Cavabdeh1 MMC iddiaçının əsaslandığı sənədi (265.000 dollarına dair xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi”ni) imzalamayıb. Yuxarıda qeyd olunduğu kimi, “Öhdəlik ərizəsi” müqavilə hesab olunmur, lakin həmin ərizə (sənəd) şifahi müqavilənin bağlandığını təsdiq edən yazılı sübut sayılır. Şifahi müqaviləyə görə tərəflər (iddiaçı və 2-ci Cavabdeh2) razılaşıblar ki, təqsirkar sürücünün törətdiyi delikt nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi onun atası (2-ci Cavabdeh2) tərəfindən ödəniləcək, habelə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında 265.000 dollar ödəniləcək. “Öhdəlik ərizəsi”ni 1-ci Cavabdeh1 MMC imzalamadığına görə, o, müqavilədən əmələ gələn öhdəliyin (265.000 dollar ödəmək öhdəliyinin) tərəfi sayılmır. Mülki Məcəllənin 387.3-cü maddəsinə görə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. 15.000 dollar barədə: 15.000 dollar cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 15.000 dollar pul tələbini belə əsaslandırıb ki, yuxarıda göstərilən 75.000 dollar vaxtında ödənilmədiyi üçün öhdəliyin icrasının gecikdirilməsinə görə 2017-2021-ci illər üçün həmin məbləğə 5 faizlə hesablanmış faiz, yəni 15.000 dollar ödənilməlidir. Birinci instansiya məhkəməsi 15.000 dollar pul tələbini rədd edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə 15.000 dollar pul tələbinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb. Ali Məhkəmə bu tələbin 2-ci Cavabdeh2 münasibətdə rədd edilməsini dəyişdirmədən saxlayıb. Lakin Ali Məhkəmə eyni zamanda qərara alıb ki, iddianın 1-ci Cavabdeh1 MMCyə qarşı təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Nəzərə alınmalıdır ki, iddiaçı 15.000 dolları cavabdehlərdən müştərək qaydada tələb edib. Odur ki, həmin tələbin 1-ci Cavabdeh1 MMC-yə qarşı olan hissəsi üzrə birinci insansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə Ali Məhkəmənin göstərişinə uyğun olaraq yenidən yoxlanmalıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və 1-ci Cavabdeh1 MMC-yə qarşı yönəlmiş həmin tələb rədd olunmalıdır. Birinci instansiya məhkəməsi həmin tələbi 1-ci Cavabdeh1 MMC-yə münasibətdə rədd etsə də, məhkəmənin əsaslandırması düzgün deyil. Belə ki, yuxarıda qeyd olunduğu kimi, “Öhdəlik ərizəsi”ni 1-ci Cavabdeh1 MMC imzalamadığına görə, o, müqavilədən əmələ gələn öhdəliyin (265.000 dollar ödəmək öhdəliyinin) tərəfi sayılmır. Mülki Məcəllənin 387.3-cü maddəsinə görə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Buna müvafiq olaraq 1-ci Cavabdeh1 MMC həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 5 faiz ödəmək vəzifəsi də daşımır. 960.000 dollar barədə: 960.000 dollar cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 960.000 dollar pul tələbini belə əsaslandırıb ki, bundan sonra müayinə və müalicənin, eləcə də tibbi xidmətlərin davam etdirilməsi üçün, habelə həyatının davam etdirilməsi üçün həmin məbləğdə pul zəruridir. Birinci instansiya məhkəməsi 960.000 dollar pul tələbini rədd edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə 960.000 dollar pul tələbinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb. Ali Məhkəmə bu tələbin 2-ci Cavabdeh2 münasibətdə rədd edilməsini dəyişdirmədən saxlayıb. Lakin Ali Məhkəmə eyni zamanda qərara alıb ki, iddianın 1-ci Cavabdeh1 MMCyə qarşı təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Nəzərə alınmalıdır ki, iddiaçı 960.000 dolları cavabdehlərdən müştərək qaydada tələb edib. Odur ki, həmin tələbin 1-ci Cavabdeh1 MMC-yə qarşı olan hissəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə Ali Məhkəmənin göstərişinə uyğun olaraq yenidən yoxlanmalıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və 1-ci Cavabdeh1 MMC-yə qarşı yönəlmiş həmin tələb rədd olunmalıdır. Birinci instansiya məhkəməsi həmin tələbi 1-ci Cavabdeh1 MMC-yə münasibətdə rədd etsə də, məhkəmənin əsaslandırması düzgün deyil. Belə ki, iddiaçı 960.000 dollar pulu gələcəkdə çəkiləcək xərclərin ödənilməsi üçün tələb edir. Belə mübahisələr zaman gələcək zaman üçün xərclərin ödənilməsini Mülki Məcəllənin 1125.2-ci maddəsi tənzimləyir. Həmin maddəyə görə, əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər. İddiaçı gələcək zamanda çəkilməli olan xərci əsaslandırmayıb, bu barədə sübutlar təqdim etməyib. Gələk zamanda çəkilməli olan xərclər mücərrəd qaydada hesablana bilməz, bu xərclərin zəruriliyini əsaslandıran sübutlar olmalı, həmin sübutlar olduğu təqdirdə müddətin (xərcin tutulacağı müddətin) müyyənləşdirilməsi üçün ekspertiza keçirilməlidir. 500.000 dollar barədə: 500.000 dollar cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 500.000 dollar pul tələbini belə əsaslandırıb ki, həmin məbləğ mənəvi zərərə görə kompensasiya kimi ödənilməlidir. Birinci instansiya məhkəməsi 500.000 dollar pul tələbini rədd edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə 500.000 dollar pul tələbinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb. Ali Məhkəmə bu tələbin 2-ci Cavabdeh2 münasibətdə rədd edilməsini dəyişdirmədən saxlayıb. Lakin Ali Məhkəmə eyni zamanda qərara alıb ki, iddianın 1-ci Cavabdeh1 MMCyə qarşı təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Nəzərə alınmalıdır ki, iddiaçı 500.000 dolları cavabdehlərdən müştərək qaydada tələb edib. Odur ki, həmin tələbin 1-ci Cavabdeh1 MMC-yə qarşı olan hissəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə Ali Məhkəmənin göstərişinə uyğun olaraq yenidən yoxlanmalıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və 1-ci Cavabdeh1 MMC-yə qarşı yönəlmiş həmin tələb rədd olunmalıdır. Birinci instansiya məhkəməsi həmin tələbi 1-ci Cavabdeh1 MMC-yə münasibətdə rədd etsə də, məhkəmənin əsaslandırması düzgün deyil. Belə ki, iddiaçıya mənəvi zərərin əvəzi ödənilmiş sayılır. Çünki iddianın dəyişdirilməsi barədə ərizədə iddiaçı qeyd edib ki, 2-ci Cavabdeh2 bütün xərcləri ödəməyi öhdəsinə götürmüş, bundan başqa, ayrıca (əlavə) olaraq ona 310.000 dollar kompensasiya ödəyəcəyini öhdəsinə götürmüş, bu puldan 235.000 dollar (45.000 dollar + 190.000 dollar) verilmişdir (cild 1, iş v. 144, 145). 235.000 dolların verilməsi yalnız maddi zərərə görə deyil, həm də mənəvi zərərə görədir. 2-ci Cavabdeh2 notariat qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi”ində bəyan edib ki, əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında iddiaçıya xx.xx.2017-ci ildə 265.000 dollar ayrıca (əlavə) ödəyəcəyini bildirir (cild 1, iş v. 218). Göründüyü kimi, “maddi və mənəvi zərərin qarşılığında” ifadəsi işlədilib. İş üzrə iki cavabdeh olsa da mənəvi zərərin ödənilməsi məsələsi həll edilərkən onların məsuliyyəti ayrılmalı deyil, çünki mənafeləri eynidir, onların hər ikisi 1 hadisə (yol-nəqliyyat hadisəsi) nəticəsində vurulmuş mənəvi zərərə görə məsuliyyət daşıyır. Odur ki, cavabdehlərdən birinin mənəvi zərərin əvəzi kimi pul kompensasiyası ödəməsi digər cavabdehi mənəvi zərərə görə məsuliyyətdən azad edir. Mənəvi zərərin əvəzi kimi bundan artıq pul tutulması üçün əsas yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, 1-ci Cavabdeh1 MMC-yə qarşı irəli sürülmüş, mənəvi zərərin əvəzi kimi 500.000 dollar ödənilməsi barədə tələb əsassızdır. 2-ci məbləğ, yəni 993.932 türk lirəsi barədə: İddiaçı 993.932 lirənin tərkibinə aşağıdakıları daxil edilib: 1) 635.000 lirə; 2) 16.146 lirə; 3) 180.000 lirə; 4) 85.750 lirə; 5) 3.412 lirə; 6) 73.624 lirə. Bu 6 məbləğin cəmi 993.932 lirə edir. Ali Məhkəmə 920.308 lirəyə aid hissədə işi yeni apellyasiya baxışına qaytarıb. 6-cı məbləğ (73.624 lirə) nəzərə alınmadan 1-5-ci məbləğlərin cəmi 920.308 lirə edir. 635.000 lirə barədə: 635.000 lirə cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 635.000 lirə pul tələbini belə əsaslandırıb ki, həmin məbləğ xx.xx.2019cu ildən xx.xx.2021-ci ilədək fizioterapiya, nevroviziologiya və digər reabilitasiya xidmətləri, eləcə də digər tibbi xidmətləri üçün ödənilmiş məbləğdir. Birinci instansiya məhkəməsi 635.000 lirə pul tələbini hər iki cavabdehə münasibətdə təmin edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv edib və 635.000 lirə pul tələbini hər iki cavabdehə münasibətdə rədd edib. Həmin qətnamə Ali Məhkəmə tərəfindən 635.000 lirə pul tələbinə aid hissədə hər iki cavabdehə münasibətdə ləğv edilib və həmin tələbə aid hissədə iş yeni apellyasiya baxışına göndərilib. 635.000 lirə pul tələbi əsassızdır. Belə ki, iddiaçı bu tələbi xx.xx.2021-ci il tarixli “Tahsilat Makbzu” (ödəniş qəbzi) adlanan sənədlə əsaslandırır (cild 1, iş v. 186, 187). Bu sənəddə qeyd olunub ki, 25 aylıq fiziki müalicə prosesi əsnasında iddiaçıya elektroterapiya nevroloji reabilitasiya, neyrofizyoloji məşqlər, hərəkət diapozonu, idman gəzinti məşqləri, tarazlıq koordinsiya məşqləri, robotik reabilitasiya tətbiq edildi. Bu ödəniş qəbzi xx.xx.2019-xx.xx.2021-ci il tarixlərini əhatə edir. Ümumi ödəniş 635.000 lirə təşkil edir. Bu qəbz fizioterapevt Dr. X3 tərfindən verilib. Bu “Tahsilat Makbzu” (ödəniş qəbiz) tibbi xidmətə görə nağd şəkildə pul ödənişini təsdiq edən sübut sayılmır, çünki mühasibat sənədləri üçün zəruri olan tələblərə cavab vermir. Digər tərəfdən, qeydə alınmayan əməliyyatların qarşısının alınması məqsədilə Türkiyə Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş limit mövcuddur: 7.000 TL-dən yuxarı ödənişlər banklar, maliyyə qurumları və PTT vasitəsilə edilməlidir (TC Maliye Bakanlığı (Gelir İdaresi Başkanlığı)'ndan X4 Genel Tebliği, Sıra NO: 459). Bundan başqa, iddianın dəyişdirilməsi barədə ərizədə iddiaçı qeyd edib ki, 2-ci Cavabdeh2 bütün xərcləri ödəməyi öhdəsinə götürmüş, bundan başqa, ayrıca (əlavə) olaraq ona 310.000 dollar kompensasiya ödəyəcəyini öhdəsinə götürmüş, bu puldan 235.000 dollar (45.000 dollar + 190.000 dollar) verilmişdir (cild 1, iş v. 144, 145). 235.000 dollar maddi və mənəvi zərərin qarşılığında verilmişdir. 2-ci Cavabdeh2 notariat qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “Öhdəlik ərizəsi”ində bəyan edib ki, əvvəlcə çəkdiyi xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi zərərin qarşılığında iddiaçıya xx.xx.2017-ci ildə 265.000 ABŞ dolları ayrıca (əlavə) ödəyəcəyini bildirir (cild 1, iş v. 218). Göründüyü kimi, “maddi və mənəvi zərərin qarşılığında” ifadəsi işlədilib. İddiaçı özü etiraf edir ki, cavabdeh tərəf iddiaçının 2019-cu ilin yanvar ayınadək zəruri xərclərini ödəməklə yanaşı, ona maddi və mənəvi zərərin qarşılığında 235.000 dollar (45.000 dollar + 190.000 dollar) verib. 235.000 dolların hansı hissəsinin maddi zərərin, hansı hissəsinin isə mənəvi zərərin əvəzi kmi ödənildiyi müəyyən edilmədiyinə görə, hesab olunur ki, həmin məbləğin yarısı – 117.500 dollar maddi zərərin əvəzi kimi ödənilib. Mülki Məcəllənin 1118.3-cü maddəsindən görünür ki, zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı müqavilə ilə artırıla bilər. Lakin bu zaman nəzərə alınmalıdır ki, ödənilən pul öz təyinatını dəyişmir, o hər bir halda “zərərin əvəzi” hesab olunur. Ona görə də zərərin əvəzi kimi verilən pul məhz zərərin (bəlli olan xərclərin) qarşılanması üçün sərf edilməlidir. Lakin zərər çəkən (iddiaçı) 117.500 dolları nəyə sərf etdiyini izah etmir, bu pulun ona “əlavə” kimi verildiyini iddia edir. Nəzərə alınmalıdır ki, “əlavə” sözündən sonra “ziyan qarşılığında” ifadəsi işlədilib. Odur ki, iddiaçının hazırda tələb etdiyi xərc cavabdeh tərəfindən ödənilmiş sayılır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 1118.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, 635.000 lirə pul tələbinin təmin olunmasına aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. 16.146 lirə barədə: 16.146 lirə cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 16.146 lirə pul tələbini belə əsaslandırıb ki, həmin məbləğ zəruri tibbi avadanlıq və cihazların əldə edilməsi üçün ödənilmiş məbləğdir. Onlara aiddir: 1) Globus Premium 400 Portativ Dijital masaj/ems/tens cihazı - 2.789,90 lirə; 2) Oxycyccle Kond. Bisiklet - 990 lirə; 3) Təkərli oturacaq və digər – 13.360 lirə. Birinci instansiya məhkəməsi 16.146 lirə pul tələbini hər iki cavabdehə münasibətdə təmin edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv edib və 16.146 lirə pul tələbini hər iki cavabdehə münasibətdə rədd edib. Həmin qətnamə Ali Məhkəmə tərəfindən 16.146 lirə pul tələbinə aid hissədə hər iki cavabdehə münasibətdə ləğv edilib və həmin tələbə aid hissədə iş yeni apellyasiya baxışına göndərilib. 16.146 lirə pul tələbi əsassızdır. Belə ki, iddiaçı bu tələbi dair sənədləri məhkəməyə təqdim edib (cild 1, iş v. 191, 192, 196, 197, 198, 199). İş v. 191 və 192-də olan sənəd nağd şəkildə pul ödənişini təsdiq edən sübut sayılmır, çünki mühasibat sənədləri üçün zəruri olan tələblərə cavab vermir. Digər sənədlərin isə əsli və ya əsli il düzgünlüyü lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməyib. Bundan başqa, yuxarıda qeyd olunan tələbin rədd edilməsi üçün istinad olunan hal hazırkı tələbə də şamil olunur. Yəni iddiaçı özü etiraf edir ki, cavabdeh tərəf iddiaçının 2019-cu ilin yanvar ayınadək zəruri xərclərini ödəməklə yanaşı, ona maddi və mənəvi zərərin qarşılığına 235.000 dollar (45.000 dollar + 190.000 dollar) verib. Odur ki, iddiaçının hazırda tələb etdiyi xərc cavabdeh tərəfindən ödənilmiş sayılır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 1118.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, 16.146 lirə pul tələbinin təmin olunmasına aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. 180.000 lirə barədə: 180.000 lirə cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 180.000 lirə pul tələbini belə əsaslandırıb ki, həmin məbləğ başqasının qulluğu və köməkliyi üçün ödənilmiş məbləğdir. Birinci instansiya məhkəməsi 180.000 lirə pul tələbini hər iki cavabdehə münasibətdə təmin edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv edib və 180.000 lirə pul tələbini hər iki cavabdehə münasibətdə rədd edib. Həmin qətnamə Ali Məhkəmə tərəfindən 180.000 lirə pul tələbinə aid hissədə hər iki cavabdehə münasibətdə ləğv edilib və həmin tələbə aid hissədə iş yeni apellyasiya baxışına göndərilib. 180.000 lirə pul tələbi əsassızdır. Belə ki, iddiaçı bu tələbi xx.xx.2021-ci il tarixli “Tahsilat Makbzu” (ödəniş qəbzi) adlanan sənədlə əsaslandırır (cild 1, iş v. 188, 189). Bu sənəddə qeyd olunub ki, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək xəstənin bütün gündəlik və gecə ehtiyacları üçün xəstəyə göstərilən xidmət üzrə ümumi ödəniş 180.000 lirədir. Ödənişi alan şəxs Filiz Tiyisti. Bu “Tahsilat Makbzu” (ödəniş qəbiz) xidmətə görə nağd şəkildə pul ödənişini təsdiq edən sübut sayılmır, çünki mühasibat sənədləri üçün zəruri olan tələblərə cavab vermir. Digər tərəfdən, qeydə alınmayan əməliyyatların qarşısının alınması məqsədilə Türkiyə Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş limit mövcuddur: 7.000 TL-dən yuxarı ödənişlər banklar, maliyyə qurumları və PTT vasitəsilə edilməlidir (TC Maliye Bakanlığı (Gelir İdaresi Başkanlığı)'ndan X4 Genel Tebliği, Sıra NO: 459). Bundan başqa, yuxarıda qeyd olunan tələbin rədd edilməsi üçün istinad olunan hal hazırkı tələbə də şamil olunur. Yəni iddiaçı özü etiraf edir ki, cavabdeh tərəf iddiaçının 2019-cu ilin yanvar ayınadək zəruri xərclərini ödəməklə yanaşı, ona maddi və mənəvi zərərin qarşılığına 235.000 dollar (45.000 dollar + 190.000 dollar) verib. Odur ki, iddiaçının hazırda tələb etdiyi xərc cavabdeh tərəfindən ödənilmiş sayılır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 1118.1-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, 180.000 lirə pul tələbinin təmin olunmasına aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. 85.750 lirə barədə: 85.750 lirə cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 85.750 lirə pul tələbini belə əsaslandırıb ki, həmin məbləğ xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək tibbi xidmət mərkəzlərinə gediş-gəliş üçün sürücü və nəqliyyat xidmətləri xərcidir. Birinci instansiya məhkəməsi 85.750 lirə pul tələbini hər iki cavabdehə münasibətdə təmin edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv edib və 85.750 lirə pul tələbini hər iki cavabdehə münasibətdə rədd edib. Həmin qətnamə Ali Məhkəmə tərəfindən 85.750 lirə pul tələbinə aid hissədə hər iki cavabdehə münasibətdə ləğv edilib və həmin tələbə aid hissədə iş yeni apellyasiya baxışına göndərilib. 85.750 lirə pul tələbi əsassızdır. Belə ki, iddiaçı bu tələbi xx.xx.2021-ci il tarixli “X2” (müstəqil peşə fakturası) adlanan sənədlə əsaslandırır (cild 1, iş v. 184, 185). Bu sənəddə qeyd olunub ki, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək ödənilən nəqliyyat vasitəsinin xidmət haqqı 85.750 lirədir. Bu “X2” (müstəqil peşə fakturası) xidmətə görə nağd şəkildə pul ödənişini təsdiq edən sübut sayılmır, çünki mühasibat sənədləri üçün zəruri olan tələblərə cavab vermir. Digər tərəfdən, qeydə alınmayan əməliyyatların qarşısının alınması məqsədilə Türkiyə Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş limit mövcuddur: 7.000 TL-dən yuxarı ödənişlər banklar, maliyyə qurumları və PTT vasitəsilə edilməlidir (TC Maliye Bakanlığı (Gelir İdaresi Başkanlığı)'ndan X4 Genel Tebliği, Sıra NO: 459). Bundan başqa, yuxarıda qeyd olunan tələbin rədd edilməsi üçün istinad olunan hal hazırkı tələbə də şamil olunur. Yəni iddiaçı özü etiraf edir ki, cavabdeh tərəf iddiaçının 2019-cu ilin yanvar ayınadək zəruri xərclərini ödəməklə yanaşı, ona maddi və mənəvi zərərin qarşılığında 235.000 dollar (45.000 dollar + 190.000 dollar) verib. Odur ki, iddiaçının hazırda tələb etdiyi xərc cavabdeh tərəfindən ödənilmiş sayılır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 1118.1-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, 85.750 lirə pul tələbinin təmin olunmasına aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. 3.412 lirə barədə: 3.412 lirə cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 3.412 lirə pul tələbini belə əsaslandırıb ki, bu, aviabilet xərcidir, yəni məhkəmədə iştirak edəcək nümayəndəyə aviabilet üçün ödənilən məbləğdir. Birinci instansiya məhkəməsi 3.412 lirə pul tələbini hər iki cavabdehə münasibətdə təmin edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv edib və 3.412 lirə pul tələbini hər iki cavabdehə münasibətdə rədd edib. Həmin qətnamə Ali Məhkəmə tərəfindən 3.412 lirə pul tələbinə aid hissədə hər iki cavabdehə münasibətdə ləğv edilib və həmin tələbə aid hissədə iş yeni apellyasiya baxışına göndərilib. 3.412 lirə pul tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı bu tələbi təsdiq edən sənədi məhkəməyə təqdim edib (cild 1, v. 207). Mülki-Prosessual Məcəllənin 115.0.4-cü maddəsinə görə, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri, işə baxılması ilə əlaqədar məsrəflərin tərkibinə aiddir. Yəni bu xərc zərər deyil, məhkəmə məsrəfi hesab olunur. Onun ödənilməsi üçün iddia verilməsinə zərurət yoxdur, zərərin əvəzinin ödənilməsi barədə iddia təmin olunduğu halda həmin xərc əks tərəfdən iddiaçının xeyrinə tutula bilər. Hazırda apellyasiya qaydasında baxılan, iddiaç tərəfindən irəli sürülmüş tələblər rədd olunduğuna görə həmin xərcin əvəzi cavabdehlərdən tutula bilməz. Çünki Mülki- Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 73.624 lirə barədə: 73.624 lirə cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 73.624 lirə pul tələbini belə əsaslandırıb ki, həmin məbləğ 920.308 lirəyə (635.000 lirə + 16.146 lirə + 180.000 lirə + 85.750 lirə + 3.412 lirə) görə illik 8 faizlə hesablanmış fazidir. Birinci instansiya məhkəməsi 73.624 lirə pul tələbini rədd edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə 73.624 lirə pul tələbinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb. Ali Məhkəmə bu tələbin 2-ci Cavabdeh2 münaisbətdə rədd edilməsini dəyişdirmədən saxlayıb. Lakin Ali Məhkəmə eyni zamanda qərara alıb ki, iddianın 1-ci Cavabdeh1 MMCyə qarşı təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Nəzərə alınmalıdır ki, iddiaçı 73.624 lirəni cavabdehlərdən müştərək qaydada tələb edib. Odur ki, həmin tələbin 1-ci Cavabdeh1 MMC-yə qarşı olan hissəsi üzrə birinci insansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə Ali Məhkəmənin göstərişinə uyğun olaraq yenidən yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və 1-ci Cavabdeh1 MMC-yə qarşı yönəlmiş həmin tələb rədd olunmalıdır. Birinci instansiya məhkəməsi həmin tələbi 1-ci Cavabdeh1 MMC-yə münasibətdə rədd etsə də, məhkəmənin əsaslandırması düzgün deyil. Belə ki, 920.308 lirə pul tələbi əsassız olduğuna görə rədd olunmalıdır. Mülki Məcəllənin 14-cü maddəsinə görə, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə 1ci Cavabdeh1 MMC-nin 8 faiz ödəmək vəzifəsi yaranmır. 3-ci məbləğ, yəni 22.000 avro barədə: 22.000 avro cavabdehlərdən müştərək qaydada tələb olunub. İddiaçı 22.000 avro pul tələbini belə əsaslandırıb ki, həmin məbləğ nevro tronik ayaq biləyi sensorlu xüsusi hazırlanmış yürümə cihazının alınması üçün çəkilmiş xərcdir. Birinci instansiya məhkəməsi 22.000 avro pul tələbini hər iki cavabdehə münasibətdə təmin edib. Bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsini 22.000 avronun 1-ci Cavabdeh1 MMC-dən tutulması hissəsində ləğv edilib, 22.000 avronun 2-ci Cavabdeh2 tutulması hissəsində dəyişdirmədən saxlayıb. Lakin Ali Məhkəmə eyni zamanda qərara alıb ki, iddianın 1-ci Cavabdeh1 MMCyə qarşı təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın. Nəzərə alınmalıdır ki, iddiaçı 22.000 avronu cavabdehlərdən müştərək qaydada tələb edib. Odur ki, həmin tələbin 1-ci Cavabdeh1 MMC-yə qarşı olan hissəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə Ali Məhkəmənin göstərişinə uyğun olaraq yenidən yoxlanmalıdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və 1-ci Cavabdeh1 MMC-yə qarşı yönəlmiş həmin tələb rədd olunmalıdır. Belə ki, 22.000 avro pulun 2-ci Cavabdeh2 tutulması qət olunub, qətnamə həmin hissədə qanuni qüvvəyə minib və icra olunub, yəni 22.000 avro 2-ci Cavabdeh2 tərəfindən iddiaçıya ödənilib. Bunu hər iki tərəf etiraf edir, habelə 22.000 avronun iddiaçıya ödənildiyini təsdiq edən sənəd məhkəməyə təqdim olunub. Eyni məbləğin yenidən 1-ci Cavabdeh1 MMC-dən tutulması üçün əsas yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 1118.1-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 22.000 avronun 1-ci Cavabdeh1 MMC-dən tutulmasına aid hissədə ləğv edilməli və həmin tələb Cavabdeh1 MMC-yə münasibətdə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti rədd olunsun. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilsin və həmin hissədə İddiaçı iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5641/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5641/2022
30.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver