Məhkəmə qərarları › İş №2(103)-5641/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5641/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5641/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1120/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borcun əvəzi kimi 8300 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 104 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh iddiaya yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, iddiaçının ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi əsassız varlanmaqdır. Biləcəri qəsəbəsində iddiaçını hamı faiz müqabilində borca pul verən şəxs kimi tanıyır. O bir neçə il bundan əvvəl anasının ayağından əməliyyatı üçün iddiaçıdan 2000 manat borca pulu hər ay 200 manat faiz ödəməklə almışdır. Hər ay 200 manat faizi ödəmiş, sonda çatdıra bilmədiyindən bankdan yaxın qohumunun vasitəsilə kredit götürərək, iddiaçıya borcunu tam bağlamışdır. Anasının iştirakı ilə onun evinə gedərək borcunu qaytarmışdır. Lakin iddiaçı 3 il keçdikdən sonra onun barəsində Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə şikayət edərək, əsassız olaraq ondan pul tələb etmişdir. İddia tələbi tam əsassızdır, belə ki, o, iddiaçıdan 8300 manat pul almamışdır. Polis Bölməsində araşdırma aparılmış, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Onun uzun müddət istifadəsində olan mobil nömrəsi ***-***-**-** və iddiaçının mobil nömrəsi olan ***-***-**-** ilə Bakcelldən sorğu əsasında zənglərin siyahısından məlum olar ki, onun iddiaçı ilə son danışıqları 3 il bundan əvvəl olmuşdur. İddiaçının iddia ərizəsinə əlavə etdiyi guya ki, onunla olan vatsap yazışmaları ona aid deyildir. Çünki iddiaçı digər şəxsin vatsapına onun adını qeyd etməklə formal görüntü yaratmışdır. Həmin vatsap yazışmaları, səs yazışmaları montaj olunmuşdur, ona məxsus deyildir. Həmin səs yazısı, vatsap yazışması sübut kimi qəbul edilə bilməz, çünki həmin sübutlar əgər iddiaçı tərəfindən əldə olunubsa, bundan onun xəbəri olmamışdır. Məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən anonim sübutlar nəzərə alınmamalıdır. Həmçinin, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində göstərmişdir ki, iddiaçı 3 il keçdikdən sonra onun barəsində Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə şikayət edərək, vermədiyi pulu ondan əsassız olaraq tələb etmişdir. İddiaçının borca verdiyi pulun 3 il bundan əvvəl olmasını sübut edən şahidlər də var. İddiaçı onun evinə gələrək pulunu tələb edərkən onun qayınanası da həmin pulu məhz anasının əməliyyatı üçün götürdüyünü, borca pul almasını təsdiq etmişdir. İddiaçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1120/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2000 manat məbləğində pul vəsaitinin, eləcə də dövlət rüsumunun əvəzi kimi 40 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 427.2, 427.3, 442, 448.1, 739, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehə 8300 manat pul verdiyini və həmin pulun bugünədək qaytarılmadığını iddia edən iddiaçı bu halları sübut etməli idi. Lakin iddiaçı bu mövqedən çıxış etsə də, cavabdehə mübahisəli məbləğdə pulu borc verdiyini təsdiq edən hər hansı sübut (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) təqdim edə bilmir. İddiaçının istinad etdiyi “whatsapp” sosial şəbəkəsi vasitəsilə baş vermiş yazışmalarda isə konkret hansı tarixdə hansı məbləğdə kimə pulun verilməsi və ya onun qaytarılmasını müəyyən etmək olmur. Lakin, cavabdeh özü izahatında iddiaçıdan 2000 manat borc aldığını, sonradan həmin pulu qaytardığını bildirmişdir. Yəni, borcun 2000 manat hissəsini etiraf etsə də, həmin pulu qaytarmağını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu hal cavabdehin polis orqanına verdiyi izahatında da öz təsdiqini tapır. Cavabdehin iddiaçıya hazırda məhz 2000 manat məbləğində (məhz bu məbləğ sübuta yetir) borcu qalmışdır. Məhkəməyə təqdim edilmiş səs yazı qeydlərində iddiaçının cavabdehdən pul tələb etməsi “Covid-19” pandemiyası ilə bağlı karantin dövrünü əhatə edir. Pandemiya ilə bağlı karantin 2020-ci ildə tətbiq edilmiş, hazırkı iddia ərizəsi isə 2022-ci ildə verilmişdir. Buna görə də, iddia müddəti buraxılmamışdır. İddia qismən təmin edildiyindən, onun təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

5. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan “Whatsapp” tətbiqindən çıxarılmış yazışmalar və səs qeydləri nəzərdən keçirilmiş, iddiaçının yalnız bir qeyddə cavabdehdən 8300 manat tələb etdiyi müəyyən edilmiş, qalan səslərdə o, ümumilikdə borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh isə borcu tezliklə qaytaracağını bildirmişdir. Lakin, 8300 manat ifadəsinin işləndiyi səs qeydinə cavab olaraq cavabdehin borcu qaytaracağını bildirməsini müəyyənləşdirmək mümkün deyil. Çünki, səs yazılarının ardıcıllığı pozulmuşdur; - Binəqədi Rayon Polis İdarəsinin 6cı Polis Bölməsindən əldə edilmiş materiallar araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə polisə müraciət edərək, Cavabdeh 2000, 3000, 3300 manat olmaqla ümumilikdə 8300 manat pulu borc kimi verdiyini, lakin, Cavabdeh borcu qaytarmadığını göstərmişdir; - Polisə izahatında Cavabdeh İddiaçı 8300 manat iddiasının böhtan olduğunu, 2000 manat pulu borc kimi götürdüyünü, 10 ay müddətinə borcunu qaytardığını göstərmişdir (iş səh. 16, 64-66). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1120/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 127, Mülki Məcəlləsinin 21, 1097, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh Oktay qızı ilə uzun illər çox səmimi qonşuluq münasibətləri olmuş və bir-birlərinə etibarları olmuşdur. Qonşusu Cavabdeh Oktay qızı aralarında olan səmimi münasibətdən istifadə edərək ondan 8300 manat məbləğində pul borc almışdır. Aradan xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh Oktay qızı 8300 pulu qaytarmamışdır. Hər dəfə pulu tələb etdikdə o, borcunu qaytaracağına söz versə də yenə də pulu qaytarmamışdır. Məhkəmədə bu halları sübut etmək üçün səs yazıları olan CD disk və “WhatsApp” yazılarını əks etdirən kağız daşıyıcıda olan yazıları sübut kimi təqdim etsə də məhkəmədə bu hallara əhəmiyyət verilməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Cavabdeh Oktay qızı ondan cəmi 2000 manat pul aldığını bildirsə də “WhatsApp” yazılarını əks etdirən kağız daşıyıcıda olan yazılarda “5700 manat onluqdur, qalanı bizlikdir” deyə bildirmişdir. Yəni ondan aldığı pulu başqa adama verdiyini, ondan pulu geri aldıqdan sonra qaytaracağını bildirmişdir. Yazışmalardan göründüyü kimi ona vurulmuş ziyan 2000 manatdan artıq vəsait təşkil edir. Məhkəməyə tərəfindən sübutlar təqdim edilmiş, iddianı təkzib edən hər hansı sübut təqdim edilməmiş və araşdırma çəkişmə prinsipinə əməl edilmədən aparılmışdır. Məhkəməyə səs yazıları olan CD disk və telefon yazılarını əks etdirən kağız daşıyıcıda olan yazıları sübut kimi təqdim etsə də məhkəmədə həmin sübutlar araşdırılmamış, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, borcun 2020-ci ilin avqust ayında hissə-hissə verildiyini bildirmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı verdiyi etiraza uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri:

9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

13. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə dəlalət edən sübutlar, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri hüquqdan sui-istifadəyə şərait yaradan cəhd kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, pul-əmlak vəsaitlərinin dövriyyəsi ilə əlaqədar çıxış edə bilən sübutlar onların dəyəri, məbləği və çeşidini dəqiq əks etdirən təkzibedilməz və mötəbər olmalıdır. Digər sübutlar bu sübutların vəhdətində qiymətləndirilə bilər. Hazırkı münasibətlərə tətbiqi baxımından borc məbləğinə dair mötəbər sübutların olmaması və qanunvericiliyin tələbinə müvafiq borc müqaviləsinin yazılı ifadə edilməməsi, habelə dispozitiv müstəvidə digər halların sübut kimi təqdim edilməməsi birinci instansiya məhkəməsinin qənaətindən fərqli əsaslar müəyyən etmir.

14. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1120/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar