Məhkəmə qərarları › İş №2(103)-5646/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5646/2021

30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5646/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Əziz-Ağa oğlunun, onun vəkili X2, 3-cü şəxs X1, onun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(001)-8593/2019 saylı qətnaməsindən 3-cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əziz-Ağa oğlu iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 27 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən barəsində verilmiş 22.10.2019-cu il tarixli, 8İ-6104 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri 27 saylı notariat kontorunun 22.10.2019-cu il tarixli icra qeydinə əsasən, ondan X1 xeyrinə 30020 manat məbləğində pulun tutulması nəzərdə tutulmuş və icra olunması üçün Yasamal rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin, müqavilənin şərtlərinə görə tərəflər arasında mübahisə yaranardısa, o halda bu mübahisənin həlli məhkəmə yolu ilə həyata keçirilməli idi. Həmçinin, kredit müqaviləsinin müddətinin bitməsindən 1 ildən artıq vaxt keçsə də, 22.10.2019-cu il tarixində icra qeydi verilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(001)-8593/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, 27 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən verilmiş 22.10.2019-cu il tarixli, 8İ-6104 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən 3-cü şəxs X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, işə baxılarkən, lazımi qaydada xəbərdar edilməmişdir. Bundan əlavə bir neçə dəfə 2015-ci ildən sonra İddiaçı bir neçə dəfə olmaqla, sonuncu dəfə 17.09.2018-ci ildə 150 manat ödəniş etmişdir. Bu borcun olduğunu etiraf etməsini göstərən hərəkətdir. Onun tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X4, onun vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı Əziz-Ağa oğlu, onun vəkili X8 apellyasiya şikayətini qəbul etmədilər, iddia tələbi və apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçı tərəfin və 3-cü şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(001)-8593/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan: 30.03.2014-cü il tarixli kredit müqaviləsinin sürətindən görünür ki, X4 30.000 manat məbləğində faizsiz kredit İddiaçı Əziz-Ağa oğluna 30.09.2015-ci il müddətinə vermişdir. 22.10.2019-cu il tarixli 8İ-6104 nömrə icra qeydindən görünür ki, İddiaçı Əziz-Ağa oğlundan X1 xeyrinə 30.09.2015-ci il müddət üçün vaxtında ödənilməmiş 30.020 manat məbləğində pulun tutulması qeyd edilmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, 30 mart 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən X4 30000 manat məbləğində faizsiz krediti İddiaçı Əziz-Ağa oğluna vermiş, sonuncu isə 30 sentyabr 2015-ci il tarixədək həmin pulun qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmiş, lakin 30 sentyabr 2018-ci il tarixdə iddia müddətinin keçməsinə baxmayaraq 27 saylı notariat kontorunun xüsusi notariusu X6 “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə zidd olaraq 22 oktyabr 2019-cu il tarixdə 8İ-6104 nömrəli İddiaçı Əziz-Ağa oğlundan X1 xeyrinə 30.09.2015-ci il müddət üçün vaxtında ödənilməmiş 30.020 manat məbləğində pulun tutulması barədə icra qeydi vermişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, 27 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən verilmiş 22.10.2019-cu il tarixli, 8İ-6104 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydi ləğv edilməlidir. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin ünvanına birinci instansiya məhkəmə tərəfindən bildirişlər göndərilmişdir. Kollegiya apellyatorun iddia müddətini keçirməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iddia üzrə iddia müddətinə deyil, notariat kontoru tərəfindən icra qeydi verələrkən, Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əməl edilməsinə münasibət bildirilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya mərhələsində təqdim olunmuş sənədlərə əsasən iddiaçı X1 cavabdeh İddiaçı Əziz-Ağa oğluna qarşı kredit müqaviləsinin ləğvi və pul tələbinə dair” mülki işə Bakı şəhəri Xətai rayon Məhkəməsində 12.06.2020-ci il tarixdə baxılaraq, iddianın təmin edilməməsi qət olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsində 12.06.2020-ci il tarixli qətnamsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: 3-cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(001)- 8593/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar