Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-565/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkil və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 2(036)-4659/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Kərimov Həsən Kəmaləddin oğlundan müştərək qaydada 7958.74 (yeddi min doqquz yüz əlli səkkiz) ABŞ dolları 74 sent əsas borc, 3539.77 (üç min beş yüz otuz doqquz) ABŞ dolları 77 sent faiz borcu və 160 (bir yüz altmış) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 11.168,51 ( on bir min yüz altmış səkkiz) ABŞ dolları 51 sent borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir.
2. İş materiallarında olan 19VB-425 saylı xx.xx.2023-cü il tarixli İddiaçı və Kərimov Həsən Kəmaləddin oğlunun vəkili Vəkil1 ərizə şikayətinin surətindən görünür ki, o, İmişli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)-4659/2017 saylı qətnaməsinin icrasının dayandırılması və baş verən özbaşınalığın aradan qaldırılması məqsədilə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “cavabdehin müəyyən hərəkətləri etməyə məcbur etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)-4659/2017 saylı qətnaməsinə əsasən İddiaçı və Kərimov Həsən Kəmaləddin oğlundan müştərək qaydada 7958.74 (yeddi min doqquz yüz əlli səkkiz) ABŞ dolları 74 sent əsas borc, 3539.77 (üç min beş yüz otuz doqquz) ABŞ dolları 77 sent faiz borcu və 160 (bir yüz altmış) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 11168.51 (on bir min yüz altmış səkkiz) ABŞ dolları 51 sent borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul etmişdir. İmişli rayon məhkəməsinin qətnaməsində “Dəmir Bankın” xeyrinə ödənilməsi qət edilmiş məbləğ, yəni 11168.51 (on bir min yüz altmış səkkiz) ABŞ dolları 51 sent borc və 30 manat ödənilmiş dövlət rüsumu restrukturizasiya olunmuş və problemli kreditin kompensasiyası təmin edilmişdir. xx.xx.2017-ci il tarixdə Maliyyə Bazarlarına nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən Dəmir Bank Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilmişdir. Bundan sonra ASC-də ləğv etmə prosesi başlanılmışdır. Həmin prosesi Əmanətlərin Sığortalanması Fondu həyata keçirməkdədir. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azadılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Problemli kreditin kompensasiyası restruktirizasiya olunması təklif olunan kredit məbləği 8808.51 manat təşkil edir. Vaxtı keçmiş kredit borclarının restruktirizasiyası məqsədi ilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 %, banklara isə Azərbaycan Respubikasının Mərkəzi Banı tərəfindən illik faiz dərəcəsi 0.1% olmaqla 5 il ( 1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditdir. Qeyd edilən qanun normasından da göründüyü kimi Əmanətlərin Sığortalanması Fondu həmin qeyd olunan fərmandan irəli gələn tələbləri yerinə yetirməmişdir və qanuni qüvvəyə minmiş İmişli rayon məhkəməsinin qətnaməsinin icra olunmasını qanunsuz olaraq tələb etməkdədir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddianın rədd edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı vəkil və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Ləğv prosesində olan "xxxx" ASC fərmandan irəli gələn tələbləri icra etməmiş və vətəndaşın icra edib etməməsindən asılı olmayaraq icra etməli idi. Konkret olaraq həmin fərmanda qeyd edilərək vurğulanmışdır ki, həmin proseslər fiziki şəxslərə deyil, fərmandan irəli gələn tələbləri yerinə yetirməkdə olan banklara, ləğvetmə prosesində olan banklara həvalə edilmişdir. Bununla bağlı fiziki şəxsin üzərinə hər hansısa bir öhdəlik qoyulmamışdır. Digər bir tərəfdən ləğv prosesində olan "xxxx" ASC bununla bağlı vətəndaşa hər hansısa bir müraciət ünvanlamamışdır. Digər bir tərəfdən Məhkəmənin bankların fiziki şəxslə müqavilə bağlamağa məcbur edilməsinə dair gəldiyi nəticə əsassızdır. Konkret olaraq məhkəmə buna dair hissəsini əsaslandıra bilməmişdir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin dəyişdirilməsi və onun ləğvi üçün əsasdır. Məhkəmə prosesində iştirak edən cavabdeh ləğv prosesində olan "xxxx" ASC- nin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi ifadəyə görə məhkəmənin gəldiyi nəticə də hüquqa və qanuni tələblərə ziddir. Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Belə ki, konkret olaraq fərmanın irəli gələ tələbləri onunla əsaslandırılmışdır ki, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə restrukturizasiyası olunması təklif olunan kreditlərlə bağlı ödəniş müddəti keçmiş kredit borcunun ödənilməsinə yönəldilən təminatların və fərmandan irəli gələn tələblərin yerinə yetirilərək həll edilməsi təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh ləğv prosesində olan "xxxx" ASC nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
«Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydası
19. 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
20. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
21. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda, iddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 20 sentyabr 2017ci il tarixli 2(036)-4659/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Kərimov Həsən Kəmaləddin oğlundan müştərək qaydada 7958.74 (yeddi min doqquz yüz əlli səkkiz) ABŞ dolları 74 sent əsas borc, 3539.77 (üç min beş yüz otuz doqquz) ABŞ dolları 77 sent faiz borcu və 160 (bir yüz altmış) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 11.168,51 ( on bir min yüz altmış səkkiz) ABŞ dolları 51 sent borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir.
27. İş materiallarında olan 19VB-425 saylı xx.xx.2023-cü il tarixli İddiaçı və Kərimov Həsən Kəmaləddin oğlunun vəkili Vəkil1 ərizə şikayətinin surətindən görünür ki, o, İmişli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)-4659/2017 saylı qətnaməsinin icrasının dayandırılması və baş verən özbaşınalığın aradan qaldırılması məqsədilə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir.
28. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
29. Kollegiya hesab edir ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
30. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi borcun iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş, icrası məcburi olan məhkəmə qətnaməsi mövcuddur və eyni zamanda iddiaçı banka 2019-cu ilin dekabrın 31-dək restrukturizasiya ilə bağlı müraciət etməmişdir.
31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli, 27 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasının (bundan sonra-Qayda) 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur.
32. Kollegiya bildirir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın 6.1-ci bəndinə əsasən vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə kollegiyası apellyatorun nəzərinə çatdırır ki, bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir.
33. Kollegiya apelyasiya şikayətinin dəlili qismində qeyd olunan ləğvedicinin öhdəliyinin olması və yerinə yetirilməməsinə münasibətdə bildirir ki, adıçəkilən Qaydanın 6.17-ci bəndinə əsasən ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunan tələb fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası prosesinin idarə edilməsi ilə əlaqədar məsul şəxslərin müəyyən edilməsində yarana biləcək fikir ayrılığının qarşısının alınması məqsədi daşıyır. Bu o demək deyildir ki, ləğvedici funksiyasının həvalə olunduğu şəxslər bilavasitə fiziki şəxslərin və ya onların nümayəndələrinin əvəzinə hər hansı hərəkətləri yerinə yetirməli və ya hər kəsə məlum olan qanunvericiliyin tələbindən irəli gələn hüquqlarından istifadə etməsi üçün fiziki şəxslərlə əlavə iş aparmalıdır. Belə ki, Qaydanın 7-ci hissəsi fiziki şəxslərlə işin təşkili normalarını, qaydaların tələblərinə uyğun vətəndaşların qəbulu ilə bağlı müddəaları müəyyən edir. İddiaçı tərəfindən Qaydanın müddəalarına uyğun olaraq müraciətin edilməsini təsdiq edəcək hər hansı sübut təqdim olunmamışdır.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər diqqətəlayiq halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı vəkil və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2813/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.