Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5651/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4676/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərardadından üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh X1 qarşı “qeyri-yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki işə baxılıb qurtaranadək mübahisə predmeti olan ½ payla iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən ("Vüsal” kafesi) cavabdeh və üçüncü şəxslərin istifadə etməsinin qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli (hakim S.Mustafayeva, iş № e-2(006)-4676/2020) qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən ("Vüsal” kafesi) istifadə edilməsi cavabdeh və üçüncü şəxslərə qadağan olunmuşdur. Üçüncü şəxs Cavabdeh2 sözügedən qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin ½ hissəsi mülkiyyət hüququ əsasında ona məxsus olduğundan, həmin obyektdən istifadə edilməsinə qadağanın qoyulması qanunsuzdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 30 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Üçüncü şəxs Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 30 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5651/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5651/2021
09.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver