Məhkəmə qərarları › İş №2(103)-5658/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5658/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5658/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 6300 manat və mənəvi ziyana görə 70000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 76330 manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair 2(006)-647/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.01.2021ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 6300 manat və mənəvi ziyana görə 70000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 76330 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X6 27 yanvar 2018-ci il tarixdə, saat 8 radələrində ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli binada qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində bədən səthinin 85-90 faizini əhatə edən üçüncü dərəcəli yanıq xəsarətləri alaraq Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 X1 yanıq bölməsinə yerləşdirilmiş, 30 yanvar 2018-ci il tarixdə müalicə olunduğu xəstəxanada yanıq şokundan ölmüşdür. Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019- cu il tarixli, 1(006)-15/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Qeyd olunan hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi və mənim tərəfindən apellyasiya şikayətləri, həmçinin prokuror tərəfindən apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2019-cu il tarixli, 1(103)- 1381/2019 saylı qərarı ilə Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilərək Cavabdeh 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdeh tərəfindən ona mərhumun övladı kimi maddi və mənəvi zərər baxımından heç bir yardım edilməmişdir. Atası cavabdehin üzündən faciəvi şəkildə vəfat etmişdir. Atasının bu cür faciəvi şəkildə vaxtsız vəfat etməsinə dözə bilməyən anası hadisədən bir neçə ay sonra, 03.06.2018-ci il tarixdə, 49 yaşında kəskin ürək çatışmazlığından vəfat etmişdir. O, subaydır və mərhum valideynləri ilə birlikdə yaşayırdı. Valideynlərini itirdikdən sonra mənəvi sarsıntı içində yaşayır və iztirab çəkir. Əvvəllər fərdi əməklə məşğul olaraq aylıq təxminən 800-900 manat pul qazanırdı, lakin məlum hadisələrdən sonra neçə müddətdir ki, heç bir yerdə işləmir. Buna görə də aylıq məvacibindən məhrum olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş maddi zərərə görə 3000 (üç min) manat, mənəvi zərərə görə 7000 (yeddi min) manat olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin 04 (dörd) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddia ərizəsinin maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərkən iddiaçı tərəfindən məhkəmədə dəfn və yas mərasimlərinin təşkili zamanı xərclənən pullara dair hər hansı maliyyə sənədlərinin təqdim edilməməsini əsas gətirərək vurulmuş maddi ziyana görə cavabdehdən 3000 (üç min) manat məbləğində pulun tutulmasını ədalətli hesab etmişdir. İddiaçı bu nəticə ilə razı deyil. Belə ki, iş üzrə keçirilmiş məhkəmə iclasında dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclənən pul məbləğinin araşdırılması üçün şahidlərin dindirilməsi barədə məhkəməyə şifahi vəsatət versə də, məhkəmə vəsatəti təmin etməmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin miqdarı ədalətlilik və mütənasiblik baxımından düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı maddi ziyanla bağlı məsələni iddia ərizəsində cəmi iki yerdə işlətmişdir. Birincisi, ona mərhumun övladı kimi maddi və mənəvi zərər baxımından heç bir yardım edilməmişdir. İkinsici, iddia ərizəsinin “xahiş edirəm” hissəsində dəymiş maddi ziyana görə 6300 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Bundan başqa, iddia ərizəsində bir kəlmə də olsun, maddi ziyanın nədə ifadə olunduğunu göstərməmiş, bunu təsdiq edən hər hansı sübut, sənəd təqdim etməmişdir. Bundan əlavə, iddiaçı baş vermiş hadisəni bəhanə gətirməklə, işsiz qalmasını, aylıq qazancını itirməsi iddiası isə tamamilə ağlabatan deyil. İddiaçının məhrum atasının ölümünə səbəb olmuş hadisəni sanki atasının həyatına qəsd edilməsi kimi qəbul etməsi heç də anlaşılan deyil. Hökmdən də görünür ki, bu ehtiyatsızlıq nəticəsində baş vermiş hadisədir. İddiaçı nəinki fiziki və mənəvi sarsıntılar keçirməsini, baş vermiş hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki müki mübahisə dair tərəflərin verdikləri apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi tam həcmdə yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 fevral 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 928725 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 30.01.2018-ci il tarixdə bədənin texniki yanığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.03.2018-ci il tarixdə 364 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 iyul 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 950632 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 03.06.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.07.2018-ci il tarixdə 738 nömrə ilə qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15.11.2019-cu il tarixli, 1(103)-1381/2019 saylı qərarına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhəməsinin 02 avqust 2019-cu il tarixli hökmü ilə məhkum olunmuş şəxsin vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Surac Salmanov tərəfindən verilmiş apellyasiya protesti təmin olunmuş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhəməsinin 02 avqust 2019- cu il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə və Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Surac Salmanov tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, həmin hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehdən tutulmalı olan maddi və mənəvi zərərə görə məbləğlərdən razı olmadığını qeyd etsə də, ümumi mülahizələrdən istifadə etməklə və qanunvericilik nomalarını sadalamaqla kifayətlənmiş, bu hallar təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, iş üzrə cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsini tələb etsə də, bunun əsası kimi istinad etdiyi halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq halları nəzərə alınaraq iddiaçıya atasının ölümü ilə əlaqədar dəymiş mənəvi ziyana görə 7000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslıdır. Bundan əlavə dəymiş maddi zərərə dair iddiaçı tərəfindən maliyyə sənədləri təqdim olunmasa da, iddiaçının atasını dəfn etməsi, el adəti və dini tələblərə əsasən mərasimləri təşkil etməsi obyektiv həqiqətdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən dəfn və yas mərasimlərin təşkili zamanı xərclənən pullara dair hər hansı maliyyə sənədlərinin reallıqda verilməməsi nəzərə alınaraq vurulmuş maddi ziyana görə ağlabatan məbləğin - 3000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi ədalətlidir. Belə olan halda, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulmasına dair iddianın təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(006)-647/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar