Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5662/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-690/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsi tərəfindən qanunsuz məhkum edildiyindən ona ümumilikdə 52.500 manat maddi, 20.000 manat fiziki, 50.000 manat dəyərində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-690/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümyəndəsi və vəkili B.Məmmədbəyov apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam həbs qətimkan tədbiri ilə əvəzlənmiş, onun barəsində axtarış elan olunmuş, təqsirləndirilən şəxs İddiaçı tapıldıqda tutularaq saxlanması üçün 2 saylı Gəncə istintaq təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir seçilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə İddiaçı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-372/2019-cu il tarixli, 02 dekabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilməsi və barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi barədə Gədəbəy Rayon Məhkəməsinin 1(042)-03/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibi ilə icraata xitam verilməsi və İddiaçı cinayət məsuliyyətindən azad olunması, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Mülki iş materiallarında olan “Hüquqi yardımın götərilməsi barədə” İddiaçı ilə vəkil X2 arasında 28.10.2020-ci il tarixli müqavilə bağlanmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2019-cu il tarixli, 1(104)- 372/2019-cu il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi təsdiq edilmiş, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən cinayət təqibi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində maddi və ya mənəvi zərərə məruz qalması halı müəyyən edilmədiyindən, onun, Mülki Məcəllənin 1101-ci maddəsinə uyğun olaraq cavabdehin mülki məsuliyyətə cəlb edilməsinə dair iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı işin hallarından görünür ki, 02 fevral 2017-ci il tarixdə Gədəbəy şəhərində yerləşən “Heydər Əliyev” parkının qarşısında İddiaçı ilə bacısı X3 və anası X4 arasında qeyd olunan tarixdə Gədəbəy Rayon Məhkəməsində aralarında olan mübahisənin baxışından sonra münaqişə yaranmış, hadisədən 1 il 2 ay sonra 06 aprel 2018-ci il tarixdə Gədəbəy rayon Polis idarəsində CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi 06 iyun 2018-ci il tarixdə yekunlaşaraq saxta ittiham Gədəbəy Rayon Məhkəməsində baxılmağa göndərilmişdir. Məhkəmə binasından cəmi bir-iki km məsafədə yaşamasına baxmayaraq məhkəmə təqsirləndirilənin məhkəmədən yayınma bəhanəsi ilə guya məhkəmənin 26 iyul 2018-ci il tarixli iclasına gəlməkdən boyun qaçırdığını əsas gətirərək yaşlı, 2-ci qrup əlil və 2 övlad anası, 6 nəvə sahibi olan hazırkı iş üzrə iddiaçı barəsində həbs qətimkan tədbiri seçərək Gəncə istintaq təcridxanasında saxlamış, Gədəbəy Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir seçilmiş, Gədəbəy Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə İddiaçı barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi qərara alınmış, Gədəbəy Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 1(042)-3/2019 saylı qərarı ilə İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmiş, nəhayət Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-372/2019-cu il tarixli, 02 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibi ilə icraata xitam verilməsi və İddiaçı cinayət məsuliyyətindən azad olunması, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin qanunun 1-ci maddəsinin 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi nəticəsində ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Beləliklə, məlum olur ki, iddiaçı barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb edir. Qeyd olunan hal isə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinin 3-cü bəndinin dispozitiv şərtlərinin təsiri altına düşür. Bununla da, aydın olur ki, rayon məhkəməsi, iddia tələbini mənəvi zərər hissədə rədd etməkdə haqlı olmamış, maddi hüquq normasının tətbiqində aşkar səhvə yol vermişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . Hazırkı halda Məhkəmə Kollegiyası hesab edir ki, bu işin xüsusi halları, yəni Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş iddiaçının Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)- 372/2019-cu il tarixli, 02 dekabr 2019-cu il tarixli cinayət təqibi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması barədə qərarı qəbul olunanadək mənəvi sıxıntı və iztiraba məruz qalması danılmazdır, təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər. Bu səbəbdən, Kollegiya hesab edir ki, mənəvi zərər hissədə iddia tələbi qismən təmin edilməli, ağılabatan məbləğ kimi 4000 manat mənəvi zərərə görə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki iş materiallarında olan “Hüquqi yardımın götərilməsi barədə” İddiaçı ilə vəkil X2 arasında 28.10.2020-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçının 52.500 manat maddi zərər tələbinin içərisində həm də vəkil xərcləri üçün 1500 manat nəzərdə tutulmuşdur. Rayon məhkəməsi maddi zərərin tərkib hisəsi kimi vəkil xərcləri ilə bağlı tələbi də bütünlüklə rədd etməkdə haqlı olmamışdır. Belə ki, həmin məhkəmə proseslərində iddiaçıya vəkil tərəfindən hüquqi yardım göstərilməsi və bunu da müəyyən məsrəflərə başa gəlməsi işin mübahisəsiz halıdır. Bu baxımdan, Kollegiya hesab edir ki, iddia tələbinin maddi zərər hissəsində vəkilə çəkilən xərclərlə bağlı qətnamə qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, vəkilə çəkilən xərclərlə bağlı ağılabatan məbləğ kimi 300 manat cavabdehdən alınaraq iddiaçıya ödənilmədir. Məhkəmə kollegiyası iddiaçının maddi zərərlə bağlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona maddi ziyan vurulması (vəkil xərcləri istisna olmaqla) barədə əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyindən rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. İddiaçı eyni zamanda, maddi və mənəvi zərərlə yanaşı ayrıca fiziki zərərə görə də 20000 manat tələb etsə də, bu tələbini hər hansı qaydada əsaslandırmamışdır. Ona görə də Kollegiya hesab edir ki, rayon məhkəməsinin həmin hissədə gəldiyi nəticə də qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kolegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin mənəvi zərər hissəsində tam, maddi zərər hissədə qismən- vəkilə çəkilə xərclərlə bağlı hissədə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, mənəvi zərərə görə 4000 manat, vəkil xərci üçün 300 manat cavabdehdən alınaraq idiaçıya verilməli, iddia tələbi ləğv edilmiş qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin mənəvi zərər hissəsində tam, maddi zərər hissədə qismən- vəkilə çəkilə xərclərlə bağlı hissədə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, mənəvi zərərə görə 4000 manat, vəkil xərci üçün 300 manat cavabdehdən alınaraq idiaçıya verilməli, iddia tələbi ləğv edilmiş qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-690/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi iddia tələbinin mənəvi zərər hissəsində tam, maddi zərər hissədə qismən ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərər üçün 4000 (dörd min) manat, vəkil xərci üçün 300 (üç yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbləri ləğv edilmiş qalan hissədə təmin edilməsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5662/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5662/2021
09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver