Məhkəmə qərarları › İş №2(103)-5667/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5667/2021

24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5667/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar X10 və X6 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi tələbi barədə” birgə iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2020-ci il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, İddiaçı həm vəkili, həmdə nümayəndəsi, iddiaçı R.Quliyevin isə yalnız vəkili olan X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş maddi zərərin əvəzi olaraq 352.000 manat, mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Lev Tolstoy küçəsi, 128 saylı evdə yerləşən və ümumi sahəsi 88 kv.metr olan mənzil bərabər hissələr ilə iddiaçıların mülkiyyətindədir. Mənzil əvvəllər, iddiaçı S.Quliyevin əri, iddiaçı R.Quliyevin isə atası X1 xüsusi mülkiyyətində olmuş və onun vəfatından sonra iddiaçıların mülkiyyətinə keçmişdir. Mənzil Ağdam rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. İddiaçılar, Azərbaycan Respublikasının Prezidenti tərəfindən məcburi köçkünlər ilə bağlı verdiyi müvafiq Fərmanı nəzərə alaraq məcburi köçkünlərin mənzildən çıxarılması barədə məhkəməyə müraciət etməmiş, lakin mütəmadi olaraq, həmin ünvana gedib mənzillə maraqlanmışlar. 2016-cı ilin əvvəllərində iddiaçılar həmin ünvana gedərkən binanın artıq uçurulduğunu görmüşlər. Evin kimlər tərəfindən sökülməsini, bu barədə kimin sərəncam verməsini öyrənmək üçün ərazidəki mənzil istismar sahəsinə, Bakı ŞİH-yə, Yasamal RİHyə dəfələrlə müraciət etsələr də onlara heç bir cavab verilməmişdir. Bu səbəbdən də, iddiaçılar, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə müraciət etmişlər. Məhz bundan sonra Bakı ŞİH tərəfindən iddiaçılara məlumat verilmişdir ki, bina “Azər-Gur" MMC tərəfindən sökülmüşdür. Bakı ŞİH və Yasamal RİH tərəfindən iddiaçılara təqdim edilmiş məlumatlar natamam və ziddiyyətli olduğundan, iddiaçılar uzun müddət ərzində dəqiq məlumatlar əldə edə bilməmişlər. Nəhayət 2019-cu ildə iddiaçılar lazımi məlumatları əldə etdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət edə bilmişlər. İddiaçılar bildirirlər ki, onlara məxsus mənzilin yerləşdiyi bina sökülərkən onların razılığı alınmamış, onlara kompensasiya verilməmişdir. Bakı ŞİH başçısının Aparatı, Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin 13.06.2019-cu il tarixli məktubuna və iddiaçıların əldə edə bildirdikləri digər sənədlərə əsasən iddiaçılara məlum olmuşdur ki, həmin binanın və ərazidə yerləşən digər binaların sökülməsi Bakı ŞİH başçısının sərəncamına əsasən həyata keçirilmiş, bu zaman Cavabdeh4-yə tapşırılmışdır ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi mövcud qanunvericilik əsasında və vəsaitin ödənilməsi şərti həyata keçirilməlidir. Bundan başqa iddiaçılara məlum olmuşdur ki, Cavabdeh4 Cavabdeh3 MMC ilə bağladığı müqaviləyə əsasən, yuxarıda qeyd edilən ərazidə görülməli olan işlərin həyata keçirilməsini Cavabdeh3 MMC-yə tapşırmışdır. İddiaçılar bildirirlər ki, onlara məxsus mənzilin yerləşdiyi ərazidəki mənzillərin hər kv.metrinin qiyməti təxminən 4.000 manatdır. Mənzilin sahəsinin 88 kv.metr olması nəzərə alındıqda müəyyən edilir ki, mənzilin məhv edilməsi səbəbindən iddiaçılara (4.000 x 88=) 352.000 manat məbləğində ziyan dəymişdir ki, həmin zərər cavabdehlər tərəfindən onlara ödənilməlidir. Bundan başqa iddiaçılar bildirirlər ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara mənəvi zərər də dəymişdir. İddiaçılar hesab edirlər ki, onlara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehlərdən onların xeyrinə cəmi 100.000 manat məbləğində pul tutulmalıdır. Cavabdeh4 tərəfindən iddia tələbinə qarşı verilmiş etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumilikdə 0,33 ha torpaq sahəsi yüksək mərtəbəli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün Bakı ŞİH başçısının 13.05.2004-cü il tarixli, 103 saylı və 14.05.2004-cü il tarixli, 105 saylı sərəncamları ilə ona (Cavabdeh4-yə) ayrılmış və həmin torpaq sahəsindəki “A” literli 1 girişli bina onun tərəfindən inşa edilmişdir. Qeyd olunan ərazidə binanın layihələndirilməsi və inşa işləri aparılan müddətdə ünvan 2 ünvanında yerləşən bərbad və yararsız vəziyyətdəki tikililərdə Ağdam rayonundan məcburi köçkün olan üç ailə yaşamışdır. Həmin şəxslərin bildirdiyinə görə, həmin dağılmış tikilini öz güclərinə yararlı vəziyyətə gətirərək, orada məskunlaşmışlar. Bakı ŞİH başçısının 13.05.2004-cü il tarixli sərəncamının 10.1-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi ona tapşırılsa da, yaranmış müvəqqəti maliyyə çətinliyi ilə əlaqədar olaraq o, iş üzrə digər cavabdeh olan Cavabdeh3 MMC ilə 16.01.2009-cu il tarixli müqavilə bağlayaraq ŞİH sərəncama əsasən ayrılmış torpaq sahəsinin 1.100 kv.metr olan hissəsində (Tolstoy küçəsi 128 ünvanının daxil olduğu) inşası nəzərdə tutulmuş “B” literli yaşayış və “D” literli zirzəmi girişlərinin layihələndirilməsini və tikintisini, sərəncam vermək hüququ ilə Cavabdeh3 MMC-yə vermişdir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən, müqavilənin bağlandığı andan binanın “B” və “D” literli girişlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində Bakı ŞİH-nin ona torpaq sahəsi ayrılmasına dair qeyd olunan müvafiq sərəncamlarında və layihə sənədlərində qeyd olunan bütün göstəriş və tövsiyələrin icrasına Cavabdeh3 MMC cavabdehlik daşıyır. Bu səbəbdən də “B” və “D” girişlərinin layihələndirilməsi və tikintisi onun tərəfindən deyil, Cavabdeh3 MMC tərəfindən aparılmış və yuxarıda qeyd edilmiş müqavilənin 2.2.1-ci maddəsinə əsasən, Bakı ŞİH başçısının 13.05.2004-cü il tarixli sərəncamının 10.1-ci bəndində nəzərdə tutulan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi üzrə öhdəlik Cavabdeh3 MMC-yə ötürülmüşdür. Bu səbəbdən də hesab edilməlidir ki, iddianın ona aid hissəsi əsassızdır. Cavabdeh "xxxx" MMC iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı ŞİH başçısının 13.05.2004-cü il tarixli sərəncamının 10.1-ci bəndində nəzərdə tutulan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi üzrə öhdəlik 16.01.2009-cu il tarixli müqavilənin 2.2.1-ci maddəsinə əsasən Cavabdeh4 tərəfindən ona (Cavabdeh3 MMC-yə) ötürülmüşdür. Onun, ərazidə yerləşən daşınmaz əmlakların sahibləri haqqında məlumatın əldə etməsi imkanı olmamışdır. O, iddiaçıların iddia etdiyi ünvanda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkünlər X4, X7 və X2 ailələri ilə birlikdə həmin ünvanda 1993-cü ildən məskunlaşmaları, həmin ünvana dair kommunal xidmətlərin onların adına rəsmiləşdirilməsinə dair müvafiq orqanlardan alınmış arayışlar əsasında həmin şəxslərə müvafiq komensiya lar ödəməklə, həmin ünvandan köçürmüş, onların xahişləri nəzərə alınaraq, mənzilin bütün qapı və pəncələrinin, damının, yararlı taxta materiallarının həmin şəxslər tərəfindən sökülməklə özləri ilə aparılmasına icazə vermişdir. Onun tərəfindən həmin şəxslərə 145.000 manat ödənilmiş və həmin şəxslər də, həmin məbləği qəbul edərək gələcəkdə bununla bağlı ona qarşı hər hansı bir iddia tələbi irəli sürməməyi öz üzərilərinə götürmüş və bu barədə yazılı ərizə də vermişlər. Bu səbəbdən də hesab edilməlidir ki, iddianın ona aid hissəsi əsassızdır. İş üzrə digər cavabdehlər iddiaya qarşı yazılı etiraz verməmişlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.03.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçılara həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 22.10.2020-ci il tarixli qətnamə (İş № 2(103)-4762/202) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsini, iddiaçılara vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh "xxxx" MMC-dən 145.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçılar və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qərarı (İş № 2(102)-2438/2021) ilə hər iki kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) işə apellyasiya qaydasında yenidən baxır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə cavabdehlər özbaşınalıq etmiş, müvafiq məhkəmənin qərarı olmadan, iddiaçılar ilə razılığa gəlmədən iddiaçıların mülkiyyətində olan mənzilin yerləşdiyi binanı sökərək iddiaçıların mülkiyyət hüquqlarını pozmuş, iddiaçılara həm maddi, həmdə mənəvi zərər vurmuşlar. Lakin Rayon Məhkəməsi bunlara ümumiyyətlə əhəmiyyət verməmişdir. İddiaçı həm vəkili, həmdə nümayəndəsi, iddiaçı R.Quliyevin isə yalnız vəkili olan F.Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh olan hüquqi şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın Cavabdeh3 MMC-yə münasibətdə rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, Bakı şəhəri, Lev Tolstoy küçəsi, 128 saylı evdə yerləşən və ümumi sahəsi 88 kv.metr olan mənzil əvvəllər, iddiaçı S.Quliyevin əri, iddiaçı R.Quliyevin isə atası X1 xüsusi mülkiyyətində olmuşdur. E.Quliyev 21.07.1999-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra, ev, Bakı Şəhəri 42 saylı Notariat Kontoru tərəfindən 18.05.2004-cü il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən iddiaçıların mülkiyyətinə keçmişdir (hər birinin payı evin ½ hissəsini təşkil edir). Mənzil Ağdam rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. 2016-cı ilin əvvəllərində iddiaçılara məlum olmuşdur ki, bina artıq uçurdulmuş, onlara məxsus mənzil məhv edilmişdir. Cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 iddia tələbinə qarşı etiraz verməsələr də, Cavabdeh4 və "xxxx" MMC tərəfindən verilmiş etirazlardan, habelə işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumilikdə 0,33 ha torpaq sahəsi yüksək mərtəbəli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün Bakı ŞİH başçısının 13.05.2004-cü il tarixli, 103 saylı və 14.05.2004-cü il tarixli, 105 saylı sərəncamları ilə Cavabdeh4-yə ayrılmış və həmin torpaq sahəsindəki “A” literli 1 girişli bina Cavabdeh4 tərəfindən inşa edilmişdir. Bakı ŞİH başçısının sərəncamları ilə qeyd edilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi Cavabdeh4-yə tapşırılsa da, yaranmış müvəqqəti maliyyə çətinliyi ilə əlaqədar olaraq Cavabdeh4, iş üzrə digər cavabdeh olan Cavabdeh3 MMC ilə 16.01.2009-cu il tarixdə müqavilə bağlayaraq ŞİH sərəncama əsasən ayrılmış torpaq sahəsinin 1.100 kv.metr olan hissəsində (Tolstoy küçəsi 128 ünvanının daxil olduğu) inşası nəzərdə tutulmuş “B” literli yaşayış və “D” literli zirzəmi girişlərinin layihələndirilməsini və tikintisini, sərəncam vermək hüququ ilə Cavabdeh3 MMC-yə vermişdir. Cavabdeh3 MMC 16.01.2009-cu il tarixdə müqavilənin mövcudluğunu və şərtlərini mübahisələndirmir, əksinə, qəbul edir və bildirir ki, həmin ərazidə yerləşən daşınmaz əmlakların sahibləri haqqında məlumatın əldə etməsi imkanı olmamışdır. O, iddiaçıların iddia etdiyi ünvanda məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkünlər X4, X7 və X2 ailələri ilə birlikdə həmin ünvanda 1993-cü ildən məskunlaşmaları, həmin ünvana dair kommunal xidmətlərin onların adına rəsmiləşdirilməsinə dair müvafiq orqanlardan alınmış arayışlar əsasında həmin şəxslərə müvafiq kompensiyalar ödəməklə, həmin ünvandan köçürmüş, onların xahişləri nəzərə alınaraq, mənzilin bütün qapı və pəncələrinin, damının, yararlı taxta materiallarının həmin şəxslər tərəfindən sökülməklə özləri ilə aparılmasına icazə vermişdir. Cavabdeh3 MMC tərəfindən həmin şəxslərə 145.000 manat ödənilmiş və həmin şəxslər də, həmin məbləği qəbul edərək gələcəkdə bununla bağlı Cavabdeh3 MMC qarşı hər hansı bir iddia tələbi irəli sürməməyi öz üzərilərinə götürmüş və bu barədə yazılı ərizə də vermişlər. Məhkəmə bildirir ki, Bakı ŞİH tərəfindən verilmiş və yuxarıda qeyd edilən sərəncamlardan bəlli olur ki, iddiaçıların mülkiyyətində olan mənzilin yerləşdiyi binanın və ərazidə yerləşən digər binaların sökülməsi Cavabdeh4-yə həvalə edilsə də, Cavabdeh4-yə tapşırılmışdır ki, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi mövcud qanunvericilik əsasında və sahələrin mülkiyyətçilərinə vəsaitin ödənilməsi şərti həyata keçirilməlidir. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən aşağıdakılar müəyyən edilir: - mübahisəli ünvanda yerləşən, istismara yarasız olan yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, həmin ərazidə abadlıq işlərinin aparılması, orada yeni binaların inşa edilməsi ilə bağlı Yasamal RİH tərəfindən deyil, Bakı ŞİH tərəfindən verilmişdir; - Bakı ŞİH-nin verdiyi sərəncamlardakı şərt pozulmuş, iddiaçıların mülkiyyətində olan mənzilin yerləşdiyi bina sökülərkən iddiaçıların razılığı alınmamış, iddiaçılara kompensasiya ödənilməmişdir. Bina Cavabdeh4 tərəfindən deyil, Cavabdeh3 MMC tərəfindən sökülmüşdür; - Cavabdeh3 MMC, binada yaşayan Ağdam rayonundan olan məcburi köçkünlərə onun tərəfindən 145.000 manat kompensasiyanın verildiyi bildirsə də, həmin şəxslər binanın və onun hər hansı bir tərkib hissəsinin mülkiyyətçiləri olmamışlar. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (maddə 13.). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (maddə 29.). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (maddə 43.). “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanın maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarına tətbiq edən Məhkəmə hesab edir: - cavabdehlər Bakı ŞİH, Yasamal RİH və Cavabdeh4 iddiaçılara münasibətdə delikt törətməmiş, onlara maddi zərər vurmamışlar; - Cavabdeh3 MMC iddiaçılara münasibətdə delikt törətmişdir. Belə olan halda o, iddiaçılara vurulmuş maddi zərərin əvəzini ödəməlidir. İddiaçılara dəymiş maddi zərərin əvəzinin Cavabdeh3 MMC-dən hansı məbləğdə tutulması məsələsini müzakirə edən Məhkəmə qeyd edir ki, iddiaçılar hesab edirlər ki, onlara məxsus və sahəsi 88 kv.metr olmuş mənzilin yerləşdiyi ərazidəki mənzillərin hər kv.metrinin qiyməti təxminən 4.000 manat olduğundan onlara (4.000 x 88=) 352.000 manat məbləğində ziyan dəymişdir. İşə ilk dəfə apellyasiya icraatı qaydasında baxılan zaman "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş 21.09.2020-ci il tarixli “Qiymətləndirmə rəyində” göstərilmişdir ki, iddiaçıların sökülərək məhv olmuş yaşayış sahəsinin bazar dəyəri, məhv olunan zaman 145.000 manat olmuşdur. "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş 16.10.2020-ci il tarixli “Qiymətləndirmə rəyində” göstərilmişdir ki, iddiaçıların sökülərək məhv olmuş yaşayış sahəsinin bazar dəyəri, məhv olunan zaman 380.000 manat olmuşdur. Rəy verilən tarixə isə həmin yaşayış sahəsinin bazar dəyəri 400.000 manat təşkil edə bilərdi. İşə ilk dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qeyd edilən “Qiymətləndirmə rəylərini” tədqiq edərək qərara gəlmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş “Qiymətləndirmə rəyində” əks olunan məbləğ Cavabdeh3 MMC tərəfindən binada yaşayın məcburi köçkünlərə verilmiş məbləğ ilə eynilik təşkil etdiyindən bu rəy sübut kimi qəbul edilməli, "xxxx" MMC tərəfindən verilmiş rəy isə sübut kimi qəbul edilməməlidir. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qərarında qeyd edilir ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş ekspert rəyləri arasında ziddiyyətlər olmasına baxmayaraq işə baxmış apellyasiya instansiya məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də, həmin rəyin mötəbərliyini əsaslandırmamışdır. Halbuki, iş materiallarında həmin rəyin mötəbərliyini şübhə altına alan digər bir rəy, yəni "xxxx" MMC tərəfindən verilmiş rəy var. Sonuncu rəy ilə mübahisə predmeti olan evin real bazar dəyərinin 2015-ci il üçün 380.000 manat, 2020-ci il üçün 400.000 manat olması müəyyənləşdirilmişdir. Göründüyü kimi iki rəy arasında kəskin fərq olmasına baxmayaraq apelyasiya instansiya məhkəməsi bu ziddiyyətin aradan qaldırılması üçün araşdırma aparmamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi və MPM-nin 420-ci maddəsinin tələbini nəzərə alaraq iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndirmə ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin Məhkəməyə verdiyi 29.11.2021-ci il tarixli, MB 14/1318 saylı “Qiymətləndirmə rəyində” qeyd edilir ki, iddiaçıların mülkiyyətində olmuş yaşayış sahəsinin bazar dəyəri məhv olunan zaman 165.700 manat olmuşdur. Göründüyü kimi, iddiaçıların mülkiyyətində olmuş yaşayış sahəsinin məhv edilən vaxta olan qiyməti "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş rəylərdə, az bir fərq ilə, təxminən eynilik təşkil edir. Məhkəmə bu fərqi təbii qəbul edir, çünki əmlak mövcud deyil, qiymətləndirmə nəzəri olaraq aparılmışdır. Düzdür, "xxxx" MMC də yaşayış sahəsinin qiymətləndirilməsini nəzəri üsulla aparsa da, bu qiymət yuxarıda qeyd edilən rəylər ilə ziddiyyət yaradır (qiymət 2 dəfədən yüksək müəyyən edilib) və hər hansı başqa bir sübut ilə təsdiqlənmir. Bu səbəbdən də, Məhkəmə, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş rəyləri mötəbər sübut kimi qəbul edir, amma "xxxx" MMC-nin rəyini mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş rəydə yaşayış sahəsinin qiyməti "xxxx" MMC tərəfindən verilmiş rəydəki qiymətdən bir qədər yüksək olması iddiaçıların xeyrinə olduğundan Cavabdeh3 MMC-dən iddiaçıların xeyrinə maddi zərərin əvəzi olaraq 165.700 manat məbləğində pul tutulmalıdır. Məhkəmə, iddiaçıların “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında təsbit edilmiş mövqeyə görə, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanı”, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu həmin qərarında izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi iş üzrə cavabdehlər Bakı ŞİH, Yasamal RİH və Cavabdeh4 iddiaçılara münasibətdə delikt törətməmişlər. Belə olan halda qəbul edilməlidir ki, həmin cavabdehlərin iddiaçılara mənəvi zərər də vurmamışlar; onlara qarşı irəli sürülmüş bu tələb əsaslı hesab edilə bilməz. Delikt Cavabdeh3 MMC tərəfindən törədilmişdir və bu hal apellyasiya baxışının nəticələri ilə təsdiqlənir. Belə olan halda qəbul edilməlidir ki Cavabdeh3 MMC qanuna zidd hərəkəti ilə iddiaçılara mənəvi zərər də vurmuşdur. Çünki mənzil kimi mühüm əmlakın kənar şəxs tərəfindən məhz qəsdən məhv olunması halının mənzilin mülkiyyətçisinə mənəvi zərər vurmaqla müşayiət olunması təbiidir. Bu baxımdan Məhkəmə hesab edir ki, Cavabdeh3 MMC iddiaçılara vurduğu mənəvi zərərin əvəzini ödəməlidir. Mənəvi zərərin kompensasiyasının məbləğinin müəyyən edilməsinə gəldikdə isə Məhkəmə işin hallarını, iddiaçılara məxsus mənzilin yerləşdiyi binanın köhnə tikili olmasını, iddiaçıların həmin mənzildə yaşamamalarını, mənzilin məhv olması ilə onların yaşayış yerindən məhrum olunmamalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh3 MMC-dən iddiaçıların hər birinin xeyrinə 3.000 manat, cəmi isə 6.000 manat məbləğində pul tutulmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh3 MMC-yə münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində səhvdir – işin hallarına uyğun gəlmir; qətnaməyə dair iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır. Digər cavabdehlərə aid hissədə iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgündür. Odur ki Məhkəmə, apellyasiya baxışının nəticəsini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq, habelə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Cavabdeh3 MMC-yə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən, yuxarıda qeyd edilən qaydada təmin edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslana və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçılar X8 və X6 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2020-ci il tarixli qətnamə qismən, yəni iddianın Cavabdeh3 MMC-yə münasibətdə rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar X10 və X6 iddiası qismən təmin edilsin. Cavabdeh3 MMC-dən maddi ziyanın əvəzi olaraq 165.700 (yüz altmış beş min yeddi yüz) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı və X9 ödənilsin. Cavabdeh3 MMC-dən mənəvi ziyanın əvəzi olaraq iddiaçılar X10 və X6 hər birinin xeyrinə 3.000 (üç min) manat olmaqla, cəmi 6.000 (altı min) manat məbləğində pul tutulsun. İş üzrə keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə Cavabdeh3 MMC-dən 300 (üç yüz) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. İddianın Cavabdeh3 MMC-yə qarşı yönəlmiş qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11 mart 2020-ci il tarixli qətnaməsinin qalan, yəni cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Cavabdeh2 və Cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yönəlmiş iddia tələbinin rədd edilməsi barədə hissəsi dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun 1/2 hissəsi iddiaçılara, qalan hissəsi isə Cavabdeh3 MMC-yə aid edilsin. Bu məqsəd ilə Cavabdeh3 MMC-dən iddiaçılar X10 və X6 xeyrinə 22 (iyirmi iki) manat 50 (əlli) qəpik məbləğində pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar