Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5672/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2021-ci il tarixli qətnamədən Cavabdeh1 və iddiaçının ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələblərinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, əsas borcun ödənilməsi məqsədi ilə 15.000 ABŞ dolları, həmin pul vəsaitinin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinin tətbiq edilməsi ilə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4.942,55 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi yardıma çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 700 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər cavabdehlərdən müştərək qaydada tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan Cavabdeh1 2018-ci ilin yanvar ayında iddiaçıya müraciət edərək 5.000 ABŞ doları məbləğində pulu borca istəmişdir. Həmin vaxt pulu olmadığından o, borc verməkdən imtina etmişdir. Bundan sonra Əminənin əri – iş üzrə Cavabdeh2 və ümumi tanışları – iş üzrə digər Cavabdeh3 iddiaçı ilə əlaqə saxlayaraq Əminənin həmin pula kəskin ehtiyacının olduğunu bildirmiş və borcun qaytarılmasına zəmanət verərək, borcun üstündə əlavə pul verəcəklərinə vəd vermişlər. İddiaçı cavabdehlərə inanaraq borc-xərc edib həmin məbləği əldə edərək Əminəyə vermişdir. Bundan bir neçə gün sonra cavabdehlər iddiaçı ilə görüşmüş və Əminə iddiaçıya müraciət edərək ona 20.000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş və borc istəmişdir. İddiaçı bildirmişdir ki, həmin məbləğdə pulu yoxdur. Kənan və Laçın bu dəfə də, borcun qaytarılmasına zəmanət verərək, borcun üstündə əlavə pul verəcəklərinə vəd vermişlər. İddiaçı cavabdehlərə inanaraq 10.000 ABŞ dolları məbləğində pulu əldə edib, növbəti gün Əminəyə vermişdir. Aralarında olan razılığa görə cavabdehlər borcu 10 günün tamamında qaytarmalı və üstündə əlavə qazanc da vermək barədə vədlər versələr də, borcu qaytarmamış və borcun qaytarılması barədə iddiaçının müraciətlərinə məhəl qoymamışlar. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün hüquqi yardım almaq və dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas borcun ödənilməsi məqsədi ilə 15.000 ABŞ dolları, həmin pul vəsaitinin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinin tətbiq edilməsi ilə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4.060 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi yardıma çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 336 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzinin – 28,70 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında 2018-ci ildə şifahi borc müqaviləsinin bağlanması, iddiaçının Cavabdeh1 15.000 ABŞ dolları məbləğində borc verməsi və həmin borcun hal-hazıradək geri qaytarılmaması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Odur ki, iddia Cavabdeh1 həmin borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, hazırda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsinin 7,25% olması, Cavabdeh1 borcu xx.xx.2018-ci il tarixdən geri qaytarmaması nəzərə alınaraq, cavabdehdən 3 il 8 ay 24 gün üçün (15.000 x 7,25%) x 3 il 8 ay 24 gün =) 4.060 ABŞ dolları məbləğində faiz tutulmalıdır. Digər cavabdehlərin iddiaçı qarşısında Cavabdeh1 öhdəliklərin icrasına zamin durması barədə tələb əsaslandırılmayıb. Buna görə də, iddia digər cavabdehlərə münasibətdə tam rədd edilməlidir. Həmçinin iddia tələbinin “hüquqi xidmət üçün xərc tələbi barədə” hissəsi də qismən əsaslıdır. Belə ki, iddiaçı ilə (vəkili) nümayəndəsi arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən” görünür ki, hüquqi yardıma görə haqq 700 manat müəyyən edilmişdir. Lakin “Kapital Bank” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 86-297 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilə (nümayəndəyə) 350 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddia ərizəsinin xeyli hissəsi təmin edildiyindən həmin xərcin 14 manat hissəsi iddiaçının özünə, 336 manat hissəsi isə Cavabdeh1 aid edilməli və həmin məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bu yanaşma iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumuna da aid edilməli və Cavabdeh1 iddiaçının xeyrinə rüsumun əvəzi olaraq 28,70 manat məbləğində pul tutulmalıdır.
c) Apellyasiya şikayətləri barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir.
7. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, borcun yalnız Cavabdeh1 tutulması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə səhvdir. Çünki digər cavabdehlər borcalan Cavabdeh1 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. Bundan başqa, Rayon Məhkəməsi 15.000 ABŞ dolları məbləğində borcun qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinin tətbiq edilməsi ilə bağlı faizləri 2018ci ilin yanvar ayından hesablanmalı olması əvəzində həmin faizləri 2028-ci ilin aprel ayından hesablamışdır.
8. Cavabdeh1 isə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini Məhkəmədən xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ümumilikdə 15.000 manat (ABŞ dolları deyil) məbləğində pulun ondan iddiaçının xeyrinə tutulmasına razı olsa da, qalan tələblər ilə razı deyil. Belə ki, Cavabdeh1 iddiaçıdan 15.000 manat məbləğində pulu borc almasına baxmayaraq hazırda iddiaçı ABŞ dolların Azərbaycan manatına qarşı dəyərinin dəyişməsindən istifadə edərək borcun ABŞ dolları ilə qaytarılmasını tələb edir. Rayon Məhkəməsi isə bu hala diqqət yetirmədən hazırki iddianı bu formada təmin etmişdir. Bundan başqa Rayon Məhkəməsi Cavabdeh1 iddiaçının xeyrinə bank uçot dərəcəsi ilə faizin tutulması barədə nəticəsi də əsaslı deyil. Çünki Cavabdeh1 ilə iddiaçı arasında borcun qaytarılmasının gecikdirilməsi halında faizin ödənilməsi şərtləşdirlməmişdir
d) Apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
10. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərdən fərqli olaraq bildirdi ki, o, iddiaçıdan 10.000 ABŞ dolları və 5.000 ABŞ dolları məbləğində pulu borc almışdır. Həmin borcdan 5.000 ABŞ dollarını qaytarmışdır. Qalan 10.000 ABŞ dollarını vaxtında qaytara bilməmişdir. Sonradan iddiaçı ilə razılaşmışlar ki, əgər həmin söhbətdən 10 gün ərzində 10.000 ABŞ dolları qaytarsa üstündə əlavə olaraq 5.000 ABŞ dolları faiz ödəyəcək, qaytara bilməsə onda faizlər ilə birlikdə iddiaçıya 25.000 ABŞ dolları qaytaracaq. İddiaçının 10.000 ABŞ dolları əvəzində ondan əlavə olaraq 5.000 ABŞ dolları məbləğində pulu tələb etməsi əsassızdır. Borcun ABŞ dolları ilə deyil Azərbaycan manatı ilə ifadə olunması barədə apellyasiya şikayətində göstərilməsi səhvdir. Qalan hissədə apellyasiya şikayətini müdafiə edir.
12. Digər cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
e) Hazırki işdə olan sübutlar
13. Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, zərərçəkən şəxs qismində tanınaraq dindirilmiş (hazırki iş üzrə iddiaçı) İddiaçı ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayının sonunda (hazırki iş üzrə cavabdehlər) Cavabdeh1 və Cavabdeh3 ona müraciət etmiş, ondan 5.000 ABŞ dolları pul istəmiş, həmin vaxt o, onların hər ikisinə 5.000 ABŞ dolları verə bilməyəcəyini desə də Laçın ona yenidən müraciət edib, 800 manat verəcəyinə söz vermişdir. Növbəti dəfə ona zəng vuran zaman Laçın və tanımadığı bir nəfər şəxslə ev alğı-satqısı işi ilə olduqlarını, ondan aldıqları pulu da həmin işə qoyub gəlir əldə edərək ona 800 ABŞ əlavə gəlir kimi pul verəcəklərini bildirmişdir. O, da onunla razılaşmış, Laçına zəng vurub pulu birlikdə götürmələrini deyəndə Laçın ona evdən çıxa bilmədiyini bildirmiş, Əminə ilə qardaşı Mamed gələrək pulu götürücəyini demişdir. O, həmin gün XİN-nin inzibati binasının yaxınlığında Əminə və Mamedlə görüşüb 5.000 ABŞ dolları pulu Əminəyə vermişdir. Bundan başqa, İddiaçı ifadəsində bildirmişdir ki, bir həftə sonra o, Laçın, Əminə və Kənanla görüşmüşdür. Onlar ona pulun 3-4 gün gecikdiyini, narahat olmamağını demişlər. Bu vaxt Əminəyə telefon zəngi gəlmiş, Əminə həmin telefon danışığından sonra ona, yenə də ev alqı-satıqısı üçün əlavə 20.000 manat pul lazım olduğunu demişdir. Bu zaman o, onlara həmin pulu verə bilməyəcəyini desə də, ona müxtəlif vədlər vermişlər. O, da sonda onlara 10.000 ABŞ dolları verməyə razı olmuş, onlar da ona bu pulun üstündə əlavə 2.000 ABŞ dolları pul verəcəklərini bildirmişlər. Həmin günün səhəri o, 10.000 ABŞ dolları pulu Kənana Yasamal rayon qeydiyyat idarəsinin qabağında vermişdir. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh1 təxminən 2018-ci ilin yanvar – fevral aylarında bir ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan cəmi 15.000 ABŞ dolları məbləğində borc götürdüyünü etiraf etmiş və iltizam verərək iddiaçıdan almış olduğu pulu xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh2 və Cavabdeh3 da ifadələrində Cavabdeh1 2018-ci ildə iddiaçıdan cəmi 15.000 ABŞ dolları məbləğində borc götürdüyünü təsdiq etmişlər.
14. Cavabdeh1 apellyasiya icraatı zamanı iddiaçıdan 10.000 ABŞ dolları və 5.000 ABŞ dolları məbləğində pulu borc aldığını, həmin borcdan 5.000 ABŞ dollarını qaytardığını, hazırda iddiaçıya cəmi 10.000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirir.
f) Mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə hər iki apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul olunmalıdır.
16. Yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi Cavabdeh1 ilə iddiaçı arasında 2018-ci ildə şifahi borc müqaviləsinin bağlanması, iddiaçının cavabdehə 15.000 ABŞ dolları borc verməsi və həmin borcun hal-hazıradək geri qaytarılmaması nəticəsinə gəlmiş və gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 449-cu maddələrinə istinad etmişdir.
17. Məhkəmə bu nəticə ilə razılaşmır və hesab edir ki, Rayon Məhkəməsinin əsaslanması səhv və iş üzrə tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun deyil. Çünki iddiaçı ilə Cavabdeh1 arasında borc münasibətlərinə dair yazılı müqavilə bağlanmamışdır. Halbuki, Mülki Məcəlləsinin 740.2-ci maddəsinin mətninə xx.xx.2016-cı il tarixdə edilmiş dəyişikliyə görə, həmin tarixdən bağlanılan borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
18. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.).
19. Göründüyü kimi hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və iradə ifadəsinin vahidliyinin mövcudluğu ilə yanaşı, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması da vacibdir.
20. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış şifahi borc müqaviləsi əhəmiyyətsiz əqddir. Müqavilə, qanunun forma tələbi ilə bağlı şərtlərin pozulması ilə bağlanmışdır. Həmin müqavilənin əhəmiyyətsiz əqd olması müəyyən edildiyindən, müqavilə üzrə Cavabdeh1 aldığı məbləğləri iddiaçıya geri qaytarmalıdır.
21. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə 10.000 ABŞ dolları və 5.000 ABŞ dolları məbləğində pul vermişdir.
22. Cavabdeh1 iddiaçıdan aldığı 15.000 ABŞ dolları məbləğində borcdan 5.000 ABŞ dollarını qaytardığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutu (sübutları) məhkəmələrə təqdim edə bilməmişdir.
23. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. MPM-nin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
25. Qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə borcun əvəzi olaraq 15.000 ABŞ dolları məbləğində pul tutulmalı və tutma məhz Mülki Məcəllənin 337.5-ci maddənin tələblərinə əsasən həyata keçirilməlidir.
26. Göründüyü kimi Rayon Məhkəməsinin bu tələblə bağlı iş üzrə gəldiyi nəticə hüququn səhv tətbiq edilməsi ilə qəbul edilmişdir.
27. İddiaçı hesab edir ki, yuxarıda qeyd edilən borc məbləği Cavabdeh1 ilə yanaşı sonuncunun onun qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər cavabdehlərdən tutulmalıdır.
28. Məhkəmə iddiaçının bu tələbi (dəlili) ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 471ci maddəsinə görə, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
29. İşin hallarından və elə iddiaçı tərəfin verdiyi məlumatlardan bəlli olur ki, iddiaçı ilə Cavabdeh2 və Laçın İsmayılov arasında zaminliklə bağlı müqavilələr bağlanmamışdır. Başqa sözlə müəyyən edilir ki, müzakirə edilən tələb əsassızıdır. Lakin Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən görünür ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi göstərilən əsasla deyil, tələbin əsaslandırılması əsası ilə təmin etməmişdir.
30. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsinin bu tələblə bağlı iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
31. Məhkəmə iddia tələbinin “15.000 ABŞ dolları məbləğində pul vəsaitin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinin tətbiq edilməsi ilə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4.942,55 ABŞ dolları məbləğində faizlərin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə hissəsi” ilə bağlı qeyd edir ki, tərəflər arasındakı borc müqaviləsi əhəmiyyətsiz əqd olması səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinin tətbiqi istisna olunduğu üçün həmin tələb məhz bu əsasla rədd edilməlidir.
31. Göründüyü kimi Rayon Məhkəməsinin bu tələblə bağlı iş üzrə gəldiyi nəticə hüququn səhv tətbiq edilməsi ilə qəbul edilmiş, nəticə işin hallarına uyğun deyil.
g) Apellyasiya instansiyası məhkəməsinin nəticəsi
32. Beləliklə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384cü maddəsində təsbit edilmiş səlahiyyətindən çıxış edən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia qismən, yəni yuxarıda qeyd edilən qaydada təmin edilməlidir.
33. İddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən hüquqi yardıma çəkilmiş xərcin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi ödənilmiş dövlət rüsumunun bir hissəsi iddiaçının özünə aid edilməlidir. Bu məqsəd ilə iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi yardıma çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 336 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzinin ödənilməsi məqsədi ilə 28,70 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
34. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.
35. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 15.000 (on beş min) ABŞ dolları (qətnamə icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), hüquqi yardıma çəkilmiş xərcin əvəzi olaraq 336 (üç yüz otuz altı manat) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.