Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5673/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(010)-262/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042-60, ev 1, mənzil 130 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. 63 saylı MKİS tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus mənzilə həmin binada mənzil 132-də yaşayan Cavabdeh məxsus olan mənzildən su sızması aşkarlanmışdır.
3. 22 avqust 2023-cü il tarixli, 03-01/23 №-li mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60 ünvanda yerləşən 1 №li evin 130 №li mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq, ümumi təqribi dəyəri 2777 manat məbləğində müəyyən olunur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilinə dəymiş zərərin (təmir xərci) əvəzi olaraq 2777 manat, ekspertizanın keçirilməsi üçün ödədiyi 100 manat və iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumu əvəzi olaraq 70 manat məbləğində, mənəvi zərərə görə isə 2000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilinə yuxarı mərtəbədə yerləşən 132 saylı mənzildən uzun müddətdir ki, su axıdılır. Müxtəlif orqanlara şikayətlərindən sonra 63 saylı MKİS tərəfindən araşıdrma aparılaraq mülkiyyətində olan mənzilə suyun məhz yuxarı mərtəbədə yerləşən 132 saylı mənzildən axıdıldığı müəyyən olunmuş və bu barədə akt tərtib olunmuşdur. Su sızması nəticəsində onun mənzilinin vanna otağı, dəhlizin tavanı və divarlar yararsız vəziyyətə düşmüşdür. Təqdim etdiyi mütəxəssis rəyinə əsasən zərərin məbləği 2777 manat müəyyən olunmuşdur. Maddi zərərlə yanaşı dəfələrlə stres keçirdiyinə görə ona mənəvi zərər də vurulmuşdur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8264 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 130 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 132 saylı mənzilin isə 130 saylı mənzilin üstündə 3-cü mərtəbədə yerləşdiyini, 130 saylı mənzilin tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də, Sabunçu rayonu 63 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkldaşları tərəfindən tərtib edilmiş 29 iyul 2023-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, 1 saylı evin 130 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 132 saylı mənzildən su axıdılığı və nəticədə 130 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 132 saylı mənzilin qapısı bağlı olduğundan və qapı açılmadığından baxış keçirmək mümkün olmadığından 130 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 130 saylı mənzilə su sızması 132 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 132 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. 130 saylı mənzil üzrə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin dəyərini müəyyən etmək üçün bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edilmişdir. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, 1 saylı evin 130 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2777 manat məbləğində müəyyən olunmuşdur.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(010)- 262/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 2777 manat məbləğində pulun, ekspert rəyinin alınması üçün ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehin mənzilindən axıdılması müəyyən edilmişdir. Belə ki, baxış zamanı tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 130 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 132 saylı mənzilin isə 130 saylı mənzilin üstündə 3-cü mərtəbədə yerləşdiyini, 130 saylı mənzilin tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də, Suraxanı rayonu 63 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkldaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, 1 saylı evin 130 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 132 saylı mənzildən su axıdılığı və nəticədə 130 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. İddiaçının evinə cavabdehə məxsus mənzildən suyun axması nəticəsində ona dəymiş maddi zərər ekspert rəyinə əsasən 2777 manat məbləğində qiymətləndirilmişdir. 130 saylı mənzil üzrə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin dəyərini müəyyən etmək üçün bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edilmişdir. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, 1 saylı evin 130 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2777 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğu halda iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallarla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1111, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilərək, iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, əməlin mülki hüquq pozuntusu (delikt) olmasını səciyyələndirən 2 hal mövcud olmalıdır. 1. Zərərçəkən şəxsə birbaşa ziyan vurulmalıdır. 2. Zərər vurulmasına gətirib çıxaran əməl təqsirli törədilməlidir və hüquqa zidd olmalıdır. ( hərəkət və ya hərəkətsizlik). Yəni hüquqa zidd əməlin törədilməsində zərər vuranın təqsiri olmalıdır. Hazırki iş üzrə toplanmış iş materillarından da göründüyü kimi, iddiçının əmlakına zərər dəymişdir. Qeyd edilən hal mübahisələndirilmir. Lakin iddiaçının əmlakına dəymiş zərərin məhz cavabdeh tərəfindən törədildiyi mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-16/2- 10/8264 №-li ekspert rəyinin 6-cı səhifəsindəki ekspert qeydindən də göründüyü kimi, cavabdehə məxsus olan mənzilin qapısı bağlı olduğundan 132 saylı məznilin qapısı bağlı olduğundan 130 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Yəni iddiaçıya məxsus olan mənzilə axıdılan suyun mənbəyinin məhz cavabdehin mənzilindən qaynaqlandığı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı və cavabdehin yaşadığı ev (bina) hündür, çoxmərtəbəli binadır. Sanitar qovşaq və su təchizatı sistemi vahiddir. Məsələn, 5-ci mərtəbədə su sızıntısı baş verərsə, axan su aşağı beton plitələrin arasından aşağı mərtəbələrə axa bilər və su axıdılmasının zərərini 1-ci mərtəbədə yaşayan şəxs də görə bilər. Necə ki, cavabdehin mənzilinin üstündə yaşayan sakinlər tərəfindən də dəfələrlə su axıdılmışdır və bu hal cavabdeh tərəfindən bu videoya çəkilmişdir. Hesab edir ki, məhkəmə hazırki işi araşdıran zaman iddiaçının mənzilinə dəyən zərərin səbəbin məhz cavabdehə məxsus olan mənzildən qaynaqlandığını dəqiqliklə araşdırmamış, qeyri-dəqiq olan ekspert rəyinə əsaslanmışdır. Yekun olaraq bildirir ki, iddiaçının əmlakına dəyimiş zərərin məhz cavabdehin təqsiri, hüquqa zidd davranışı səbəbindən dəyməsi mötəbər, təkizb edilməz faktlar əsasında sübut olunmamışdır. Məhkəmə iddiaçının xeyrinə qətnamə qət edən zaman sübut qismində 63 saylı MKİS tərəfindən tərtib edilmiş akta, 22 avqust 2023-cü il tarixli, 03-01/23 №-li ekspert rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8264 №-li ekspert rəyinə istinad etmişdir. Nə ekspert, nə MKİS əməkdaşları cavabdehin mənzilinə baxış keçirməmiş, su sızmasının mənbəyinin cavabdehin mənzilində olmasını araşdırmamışlar. Halbuki aşağı mərtəbədə yaşayan şəxsin mənzilinə axıdılan suyun mənbəyi yuxarı mərtəbədəki mənzildən deyil, daha yuxarıda yerləşən mənzillərdən qaynaqlana bilər. Misal olaraq, birinci mərtəbədə yaşayan şəxsin mənzilinə su 3-cü mərtəbədə yaşayan şəxsin mənzilindən beton və ya daşarakəsmələrdən gələ bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıya məxsus olan mənzilə Cavabdeh məxsus olan mənzildən su sızması aşkarlandığı qeyd edilir. Lakin qeyd edilən su sızıntısının mənbəyinin Cavabdeh məxsus olan mənzildən, onun evindəki su xəttindən və ya sanitar qovşaqdan qaynaqlandığı araşdırılmamışdır. Məsələ bundan ibarətdir ki, Cavabdeh məxsus olan mənzilin üst mərtəbəsində yerləşən mənzilin su xətti yaraqsız vəziyyətdə olduğundan Cavabdeh məxsus olan mənzilinə də mütəmadi olaraq yuxarı mərtəbəki mənzildə su axıdılır ki, Cavabdeh məxsus olan mənzilinin tavanı da artıq bərbad vəziyyətdədir. Belə ki, Cavabdeh məxsus olan mənzilin üst mərtəbəsindəki mənzilin sahibi uzun müddətdir ki, qeyd edilən mənzildə yaşamır, mənzildə yaşayan kirayəşinlər yaranmış texniki problemi aradan qaldırmırlar. Nəticə etibarilə də Cavabdeh məxsus olan mənzilin tavanı kifayət qədər zərər görüb. Hesab edir ki, qeyd edilən hallar məhkəmə tərəfindən ətraflı araşdırılmalı, iddiaçıya məxsus olan mənzilə dəymiş zərərə səbəb olan texniki nasazlığın kimin mənzilindən qaynaqlandığı müəyyən edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər.
13. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Apellyasiya şikayətinin dəlilini o təşkil edir ki, iddiaçının əmlakına dəymiş zərərin məhz cavabdeh tərəfindən törədildiyi mötəbər sübutlarla öz təsdiqini tapmır, onun mənzilinə də yuxarı mərtəbədən su axıdılır və bu barədə sübutlar məhkəmə araşdırması zamanı təqdim olunacaqdır.
21. MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
22. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən nəinki birinci instansiya məhkəməsində iddiaya etirazın əsası kimi hər hansı bir sübut təqdim olunmamış, apellyasiya şikayətinə də hər hansı bir sübut əlavə edilməmişdir. Halbuki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış və sübutları təqdim etmək imkanı olmuşdur.
23. Şikayətdə qeyd olunanların əksinə olaraq birinci instansiya məhkəməsinə toplanmış sübutlarla iddiaçının mənzilinə vurulmuş zərərin cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulması təsdiqini tapmış, məhkəmə tərəfindən düzgün araşdırma aparılaraq zərərin məbləği mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir.
24. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(010)- 262/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(010)- 262/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.