Məhkəmə qərarları › İş №2(103)-5679/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5679/2020

29.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5679/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdeh “Cavabdeh2 BOKT” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1723/20 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1nə, “Cavabdeh2 BOKT” ASC-yə, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə, üçüncü şəxs ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş N 2(011)-1723/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən 96 saylı evin 28 nömrəli mənzili məhkəmə qətnaməsinin icrası ilə əlaqədar açıq hərraca çıxarılmış, mənzilin hərracda satışı baş tutmadığından xx xxxx 2019-cu il tarixli, 50/01 saylı protokola əsasən, Cavabdeh2 BOKT ASC tərəfindən 62 498.58 manata əldə edilmişdir. Hazırda mənzil Cavabdeh2 BOKT ASC-nin mülkiyyətindədir. Hərracın keçirilmə vaxtı və yeri haqqında ona məlumat verilməmişdir. Ona görə də hərracın nəticələri barədə cavabdeh təşkilatın xx xxxx 2019-cu il tarixli protokolu etibarsız hesab edilməli və Cavabdeh2 BOKT ASC-nin adına verilmiş çıxarış ləğv olunmalıdır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh “Cavabdeh2 BOKT” ASCnin nümayəndəsi iddianı əsassız saymış və bildirmişdir ki, iddiaçının öz tələbini əsaslandırmağa çalışdığı hallar tamamilə uydurma və yalandır. Belə ki, hərracın keçirilmə vaxtı və yeri ilə bağlı hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanına bildirişlər göndərilmiş və həmin bildirişlər rəsmi qaydada qəbul edilmişdir. Eləcə də, bu barədə “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir. İddiaçının bütün proseslərdən xəbəri olmuşdur. İddiaçı bu iddianı qaldırmaqla qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneçilik törətmək məqsədi güdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilməməsinin nəzərə alınmaması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi V.Məmmədov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən X2 “xxxxxx” BOKT ASC-nin xeyrinə cəmi 37 474.18 ABŞ dolları və 31 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən 96 saylı evin 28 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 98037 manat müəyyən edilməklə hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehin ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilərək, əsas, faiz və cərimə borcunun cəmi məbləği 35 704.76 ABŞ dolları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, ipoteka predmeti olan mənzil açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdan sonra mənzil xx xxxx 2019-cu il tarixli, 50/01 saylı protokola əsasən “Cavabdeh2 BOKT” ASC tərəfindən 62 498.58 manata əldə edilmişdir. Hazırda sözü gedən mənzil “Cavabdeh2 BOKT” ASC-nin mülkiyyətindədir. İddiaçının tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa olunması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi keçirilmiş hərrac barədə ona məlumat verilməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi işin araşdırılan və müəyyən edilən hallarına əsasən belə nəticəyə gəlmişdir ki, hərracın keçirilməsi yeri və vaxtı haqqında iddiaçıya qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, mətbuatda məlumat getmiş və nəticədə iddiaçı keçirilən hərraclar barədə məlumatlı olmuşdur. Mülki işdə olan sübutlarla da təsdiq edilir ki, iddiaçının ünvanına bildirişlər göndərilmiş və həmin bildirişlər rəsmi qaydada qəbul edilmişdir. Eyni zamanda mülki işdə olan iddiaçının “Cavabdeh2 BOKT” MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixdə qəbul edilmiş ərizə ilə də təsdiq edilir ki, İddiaçı mülkiyyətində olan mənzilinin "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi"nə təqdim edilməsi və xx.xx.2019-cu ildə saat 11.00 da ikinci hərracın keçirilməsi barədə məlumatlı olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin 415.1, 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 41, 42, 43, 44-cü, MPM-nin 77.1-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, hərrac keçirilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmuşdur və bu səbəbdən də hərracın nəticələrini qanunsuz hesab etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən hərrac barədə ona məlumat verilmədiyinin nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə iddia tələbinə etirazının əsası kimi iddiaçının hərrac barədə məlumatlı olduğuna istinad etmiş və bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X4 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar