Məhkəmə qərarları › İş №2(103)-568/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-568/2020

07.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-568/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Mahir Quliyevin və vəkili Təyyar Nəsibovun, cavabdeh Xoşqədəm Bağırovun, onun, digər Cavabdeh1 və üçüncü şəxs Rasim Bağırovun nümayəndəsi, vəkil Rəsmiyyə Qəhrəmanovanın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-1914/2004 saylı iş üzrə xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri 9-cu mkr-on, Mir Cəlal küçəsi, ev 121, 81 saylı mənzildən (bundan sonra – mübahisəli mənzil) istifadə hüquqlarının tanınması və azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə xx.xx.2002-ci ildən cavabdehlərin razılığı ilə ailə üzvü kimi köçüb, orada bir uşağı doğulub. Bundan sonra cavabdehlər onu azyaşlı uşağı ilə birlikdə mübahisəli evdən qovublar və 2004-cü ilin mart ayında məcburən valideynlərinin mənzilinə qayıdıb. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə xx xxxx 2019-cu ildə iddiaçının ərizəsinə əsasən, icraya yönəldilmişdir. Maraqlı şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti və ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil mərhum atası X2 məxsus olub. 4 nəfərlə 1979-cu ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Atası, mənzilin əsas icarədarı Ağayar Bağırovun 1992-ci ildə vəfatından sonra Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 220 nömrəli, xx xxxxxxx 2005-ci il tarixli sərəncamına əsasən mənzilin əsas icarədarı özüdür. Məhkəmə işə baxarkən həmin mənzilə dair icarə müqaviləsi onun adına olub. Bu hallar məhkəmə tərəfindən araşdırılmayıb. Məhkəmə qətnaməsində cavabdeh qismində adı keçən Xoşqədəm Bağırov isə mübahisəli mənzilə aidiyyətı olmayıb. Sonuncu Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 40 saylı evdə qeydiyyatda olub və mübahisəli mənzildə yaşamayıb. Qətnamə üzrə cavabdehlərin məhkəmə iclasında iştirakı təmin edilməyib. Məhkəmə qətnaməsinin surəti onlara göndərilməyib və ya təqdim edilməyib. İddiaçı onun qardaşı Xoşqədəm Bağırovun keçmiş həyat yoldaşı olub. Onunla yaşamayıb və birgə təsərrüfat aparmayıb. Məhkəmə işə baxarkən mübahisəli mənzildə pasport qeydiyyatında olan və orada yaşayan şəxsləri işə baxılmasına cəlb etməyib, həmin şəxslər qətnamədən xəbərsiz olublar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, prosessual müddət buraxılmamış hesab edilərək apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdehlərin və üçüncü şəxsin nümayəndəsi şikayəti müdafiə edərək bildirdi ki, mübahisəli mənzil yerli icra hakimiyyəti orqanının balansında olmuşdur. Mənzildə qeydiyyatda olan 4 nəfər şəxs işə cəlb edilməmiş və məhkəmə icraatı barədə məlumatlandırılmamışlar. 2004-cü ildə qətnamə çıxarıldıqdan sonra iddiaçının yaşayış sahəsinə ehtiyacı olduğu halda, həmin qətnamənin icrasını tələb etməməsi anlaşılan deyil. İddiaçı 2013-cü ildən 2019-cu ilin ortalarınadək oğlu ilə birgə ünvan 1 ünvanında kirayə yaşamışdır. Belə ki, qarşılıqlı razılığa əsasən, mənzilə köçürülməsindən imtinanın əvəzində aylıq 300 manat kirayə haqqını Xoşqədəm Bağırov ödəmişdir. İddiaçı fasilərlə mübahisəli mənzilə gedib-gəlmiş, əsasən atasıgildə yaşamışdır. Mübahisəli mənzildə iddiaçıya məxsus əşya yoxdur. 2004-cü ildə mübahisələndirilən qətnamə çıxarıldıqdan sonra iddiaçı mübahisəli evdə yaşamamışdır. İddiaçının əşyalarının əksəriyyəti mübahisəli mənzildən kirayə yaşadığı evə köçürülmüşdür. Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh Xoşqədəm Bağırov apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2002ci ildə iddiaçı ilə nikaha daxil olduqdan sonra iddiaçı cehiz əşyaları ilə birlikdə onlara köçmüşdür. Nikahları pozulanadək iddiaçı həm atası evində, həm də mübahisəli evdə yaşamışdır. 2004-cü ildə iddiaçı ilə boşanmışlar. Boşananadək mübahisəli mənzildə yaşamışlar. 2004-cü ildə iddiaçı qaz peçi və soyuducudan başqa qalan əşyalarını evdən aparmışdır. İddiaçının tələbinə əsasən, 2013-cü ildən ona kirayə ev tutmuşdur. İddiaçı həmin evə köçərkən mübahisəli mənzildə qalan bütün cehiz əşyalarını özü ilə oraya aparmışdır. 2019-cu ilin avqust ayınadək aylıq 300 manat kirayə haqqını ödəmişdir. Məhkəmədə iddia qaldırdığı üçün kirayə haqqını ödəməyi dayandırmışdır. İddiaçı ondan 3000 manat kompensasiya almışdır. İddiaçı mübahisəli evdən getdiyi zaman pərdə asqısınadək hər şeyi aparmışdır. İddiaçı boşanandan 4-5 ay əvvələdək mübahisəli evdə yaşamışdır. Qanunu bilmədiyi və iddiaçı ictimai yerdə onu biabır etdiyindən eyni halın təkrarlanmaması üçün 2013-cü ildən 2019-cu ilədək kirayə haqqını ödəmişdir. İddiaçı 2013-cü ilədək atası evində yaşamışdır və mübahisəli evə gedib-gəlməmişdir. Kirayə müqaviləsi qardaşının adına bağlanmışdır. Uşağı atası evində anadan olmuşdur. Cavabdeh Xoşqədəm Bağırov apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisələndirilən qətnamə çıxarıldıqdan sonra mübahisəli mənzildə ona bir otaq ayrılmışdır. 2019-cu ilin avqust ayınadək kirayə haqqını Xoşqədəm Bağırov ödəmişdir. Nikah bağlandıqdan sonra 2004cü ilədək mübahisəli evdə yaşamışdır. Ərinin anası və qardaşı maneə yaratdığı üçün mənzilə köçürülmə barədə iddia qaldırmağa məcbur olmuşdur. Həm özü, həm də oğlu mübahisəli evlə əlaqəsini itirməmiş, tez-tez gedib-gəlmişdir, sözügedən mənzildə yaşayanlar mübahisə yaratdığı üçün iddiaçı özü daimi yaşaya bilməmişdir. Evin sakinləri ilə mübahisələr yarandığı üçün Xoşqədəmlə əldə etdikləri razılığa əsasən 2013-cü ildən kirayə evdə yaşamağa məcbur olmuşdur. 2004-2013-cü illərdə əsasən atası evində yaşasa da, əşyaları mübahisəli evdə qalmışdır. Xoşqədəm Bağırov ona ev alacağını söz verdiyi üçün həmin dövrdə qətnamənin icrasını tələb etməmiş, kirayə evdə yaşamağa razılaşmış və Xoşqədəm Bağırov kirayə haqqını ödəmişdir. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı 2004cü ildə boşandıqdan sonra uşağı ilə birlikdə ata evinə gəlmişdir. Mənzilə köçürülmə tələbinin təmin edilməsi barədə qətnamə çıxarıldıqdan sonra əşyaları ilə birgə mübahisəli evə köçmüşdür. Mübahisə yarandığından 2013-cü ildə kirayə evə köçmüşdür. Həmin evin aylıq 300 manat kirayə haqqını Xoşqədəm Bağırov ödəmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, aralarında mübahisə olmadığı üçün iddiaçı Rasim və digər şəxsləri məhkəmə mübahisəsinə cəlb etməmişdir. İddiaçının mübahisəli mənzilə istifadə hüququ 2002-ci ildə yaranmışdır. Sözügedən mənzil dövlət mülkiyyətindədir və həmin yaşayış sahəsinə münasibətdə tərəflər bərabər hüquqlara malikdirlər. 2002-2014-cü illərdə iddiaçı mübahisəli mənzildə yaşamışdır. İddiaçının cehiz əşyalarının çoxu mübahisəli evdədir. Sön aylarda kirayə haqqını ödəmədiyi üçün iddiaçı mübahisələndirilən qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Mehparə iddiaçının bacısı, Nigar isə qonşusudur və onun gəlin köçən zaman cehizlərini mübahisəli evə yerləşdirmişlər. Hazırkı işə baxıldığı ərəfədə qaynanası ona bildirmişdir ki, evdə oğurluq olub və onun bütün cehiz əşyaları oğurlanıb. Bununla bağı polisə şikayət edib, polisə evə baxış keçirib. Baxış zamanı çəkilmiş və araşdırma materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, cehiz əşyalarının bir qismi hələ də mənzildədir. Vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Rasim Bağırov apellyasiya şikayətini, həmçinin onunla əsaslandırmışdır ki, işə baxılması barədə məlumatı olub, qətnamə onun mənafeyinə toxunduğu halda işə cəlb edilməyib. Həqiqətən də iş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə verilərkən Rasim Bağırov da mübahisəli mənzildə icarədarın ailə üzvü kimi daimi qeydiyyatda olmuş, orada yaşamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin şəxsi işə cəlb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (387.2.4). Məhkəmə kollegiyası hesab edir ki, qəbul edilmiş qətnamə işdə iştirak etməyə cəlb olunmamış Rasim Bağırovun hüquqlarının pozulması ilə nəticələndiyindən və qətnamədə həmin şəxsin hüquq və vəzifələrinə dair məsələ həll edildiyindən şikayətin dəlillərindən asılı olmayaraq qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşdə olan yazılı sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzilin icarədarı Cavabdeh1 əri, cavabdeh Xoşqədəm Bağırovun və üçüncü şəxs Rasim Bağırovun atası, 1992-ci ildə vəfat etmiş Ağayar Bağırov olmuşdur. Cavabdehlər və üçüncü şəxslər 1979cu ildən mənzildə qeydiyyatda olmuşlar. İddiaçı və cavabdeh Xoşqədəm Bağırov xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2003-cü il təvəllüdlü Taleh adlı övladları doğulmuşdur. xx.xx.2004-cü il tarixdə Xoşqədəm Bağırov mənzildən qeydiyyatdan çıxmışdır. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 220 saylı Sərəncamına əsasən, mübahisəli mənzildə 1979-cu ildən pasport qeydiyyatında olmaqla yaşayan Rasim Bağırov mənzilin əsas icarədarı hesab edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən dindirilmiş şahidlər Mehbarə Nəsirova və Nigar Niftullayeva iddiaçının cavabdeh Xoşqədəm Bağırovla nikaha daxil olduqdan sonra cavabdehlərin razılığı əsasında cehizləri ilə birlikdə mübahisəli mənzilə köçdüyünü, onlarla birgə təsərrüfat apardığını təsdiq etmişlər. Baxılan iş üzrə iddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınmasını və azyaşlı uşağı ilə həmin mənzilə köçürülməsini xahiş etmişdir. xx xxxx 1982-ci ildə qəbul edilmiş və 2009-cu ilin 01 oktyabrınadək qüvvədə olmuş Mənzil Məcəlləsi müəyyən edirdi ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (maddə 53). Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin normalarından göründüyü kimi icarədarın özünə məxsus yaşayış sahəsinə köçürdüyü ailə üzvləri evin yaşayış sahəsinə onunla bərabər istifadə hüquqları əldə edirlər. Müvafiq hüquq normalarının tələblərinə görə ailə üzvləri dedikdə, icarədarın arvadı (əri), onların uşaqları və valideynləri başa düşülsə də, icarədarla birlikdə yaşayıb, ümumi təsərrüfat aparan digər şəxslər də ailə üzvləri hesab edilə bilərdilər. Baxılan iş üzrə iddiaçı cavabdeh Xoşqədəm Bağırovla xx.xx.2002-ci il tarixdə nikaha daxil olduqdan sonra cehiz əşyaları ilə birlikdə mübahisəli mənzilə köçmüşdür. İşin bu halı iş üzrə dindirilmiş şahid ifadələri ilə təsdiq edilmişdir. Hazırkı apellyasiya baxışı zamanı dindirilmiş cavabdeh Xoşqədəm Bağırov da bu faktı təsdiq edərək bildirmişdir ki, iddiaçı nikah daxil olduqdan sonra cehiz əşyalar ilə birlikdə mübahisəli mənzilə köçmüş, boşananadək iddiaçı həm atası evində, həm də fasilələrlə mübahisəli mənzildə yaşamışdır. Bununla yanaşı cavabdeh tərəf 2013-cü ilədək iddiaçının bəzi əşyalarının hələ də mübahisəli mənzildə qaldığını, həmin ildə qarşılıqlı razılıqla iddiaçının bütün əşyaları ilə birlikdə başqa kirayə mənzilə köçdüyünü və 2019-cu ilədək həmin mənzilin kirayə pulunun cavabdeh Xoşqədəm Bağırov tərəfindən ödənildiyini etiraf etmişlər. Bütün qeyd olunanlar isə bir daha iddiaçının 2002-ci ildə cehiz əşyaları ilə birlikdə mübahisəli mənzilə köçdüyünü və evdə yaşayan şəxslərlə birgə təsərrüfat apardığını təsdiq edir. Beləliklə, 2002-ci ildə iddiaçının mübahisəli istifadə hüququ yaranmış və o, 2004-cü ildə azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, Rasim Bağırovun mənzilin əsas icarədarı hesab edilməsi iddiaçının həmin dövrədək yaranmış istifadə hüququna avtomatik xitam vermədiyi üçün həmin hal iddianın təmin olunmasına mane olmur. Ona görə də iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-1914/2004 saylı iş üzrə xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 121-də yerləşən 81 saylı mənzilə istifadə hüquqları tanınsın və o, yetkinlik yaşına çatmamış övladı X4 ilə birlikdə həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar