Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-568/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı 04 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1231/2021 saylı mülki işə baxış Protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 10 mart 2021-ci il tarixli məhkəmə baxış iclasında xx.xx.1985-ci il təvəllüdlü Vəzirova Pikəxanım Dəyanət qızı şahid qismində ifadə verərək bildirmişdir ki, qızıllar iddiaçının olmuşdur, özü vasitəçi kimi iştirak etmişdir, ilk əvvəl-yay aylarında cavabdehlərə gümüş, sonra yəni sentyabrda qızıl vermişdirlər, aralarında belə bir al-ver olmuşdur, yekuna qədər onlara 73 min pul ödənilmişdir, həmişə mal verəndə 10 faiz ilkin ödəniş edirdilər, bu proseslər 2018-ci ilin sentyabr ayında başlanıb, həmin ilin dekabr ayında isə dedilər ki avtoqəza olub vəziyyət pisdir, cavabdehlər dekabr ayına qədər müəyyən ödənişlər etmişdirlər, lakin daha sonra etməmişdirlər, amma Xanım demişdir ki, dəmiryolunda işləyir, pulu var, ödəyəcəkdirlər, bu al-verlə bağlı dəftər də var hamısı orada yazılmışdır, amma cavabdehlərin burada imzası yoxdur, hal-hazırda cavabdehlərin 220 min manat borcları var, qaynanası onlara, yəni Leylaya və Xanıma 2018-ci ilin dekabrından sonra 2 kilodan çox, təxmini 2600 qram qızıl verib.
2. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1231/2021 saylı mülki işə baxış Protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 15 fevral 2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, ümumiyyətlə Xatirəni tanımır, onların internetdə tanış olmaqları yalandır, iddiaçının qızı və onun qızı Pikəxanımı bir ortaq tanışları tanış edib, nə qızıl götürülmüşdürsə, dəyərini ödəmişdirlər, qalsa-qalsa 2-3 min borc qalmışdır, əvvəl qızı ilə birgə yaşamışdır, bütün məsələləri qızı ona danışırdı, cəmi 2-3 kilo qızıl almışdırlar, onun da pulu ödənilmişdir, adi məhkəmədə iştirak üçün qol bildirişə çəklilir, necə ola bilər ki, 220 minlik qızıl alına və müqavilə bağlanmaya, xahiş edir ki, iddia tələbi rədd edilsin, iddia tələbi qanunsuz və əsassızdır, əvvəllər də eyni tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir, ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilə bilməz, əks halda iş üzrə icraata xitam verilməlidir.
3. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1231/2021 saylı mülki işə baxış Protokolundan görünür ki, həmin məhkəmənin icraatında olmuş və eyni tərəflər arasında eyni predmet barəsində baxılmamış saxlanmış mülki iş üzrə 15 fevral 2021-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, Cavabdeh1la çörək sexində 2016-2017-ci illərdə 1 il birlikdə işləmişdir, sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır, Xanımla əlaqələri olmuşdur, onun uşağını məktəbə aparıb gətirmişdir, Xanım ona demişdir ki “bir qızıl işi var sən pul verəcəm aparıb verəssən onlara, onlar da nə versə mənə gətirərsən”, bu işdə ancaq taksi kimi faəliyyət göstərmişdir, Xanım və Leyladan qızıl almış, verdikləri pulu qarşı tərəfə aparmışdır, Xanım ona bunun biznes olduğunu deməyib, 2018-ci ilin sentyabr ayında Xanım ona pul vermişdir ki apar ver Xatirə xanıma, ilk dəfə təqribən 2000-3000 manat Xatirəyə pul vermişdir, daha sonra Qarayev metrosunun yanında 3-4 dəfə Xatirəyə, daha sonra oğluna pul vermişdir, 2018-ci ilin noyabrda Xanım ona demişdir ki, vəsiqəsinin vaxtı keçib qızılı lombarda qoysun, lombard neftçilərdə idi, lombardla borc müvqaviləsi bağlamışlar, lakin pulu ödəyə bilməmişlər, bu səbəbdən də lombard qızılı satmışdır, 2018ci ilin dekabr ayından qızıl yox ancaq iddiaçının oğluna 2000, 1500, 300 manat pul vermişdir.
4. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar ilə İddiaçı şikayət ərizəsi əsasında material üzrə Quliyeva Xanım Ələvəz qızının əməlində cinayət tərkibinin olmaması əsasına görə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin Qərar ilə işin müəyyən olunmuş hallarından görünür ki, izahatı alınmış Quliyeva Xanım Ələvəz qızı bildirmişdir ki, o, gəlir əldə etmək məqsədilə tanışlarından aldığı qızıl-zinət əşyalarını sataraq qazanc əldə etməklə məşğuldur. 2018-ci ilin sentyabr ayında tanış olduğu İddiaçı və onun gəlini Pikəxanımdan satması üçün qızıl-zinət əşyaları almış və müxtəlif tanışlarına satmışdır. Həmin qızılların əyyarlarına görə təxminən 100-150 manat qiymət təyin etmişlər. 2018-ci ilin dekabr ayınadək Xatirədən aldığı qızılları satıb pulunu özünə qaytarmışdır. Bununla da o, bugünədək İddiaçı 73.000 manat ödəniş etmişdir. Lakin qalan ödənişləri ödəyə bilməmişdir. O, qızılları onlardan Qara Qarayev metrostansiyasının yaxınlığında, Xatirə xanımın evinin yaxınlığında və Gənclik metrostansiyasının yaxınlığında da görüşüb alışverişini etmişlər. Maddi çətinliyi olduğu üçün bugünədək ödəniş edə bilməmişdir. Aldığı qızılların bir qismini nisyə satmış, bir qismini isə lombarda girov qoyaraq pul götürmüşdür. İzahatı alınmış Cavabdeh2 bildirmişdir ki, Quliyeva Xanımı 6-7 ildir ki, tanımış və əvvəllər birlikdə “Brot Haus” şirniyyat evində işləmişlər. O, təxminən 3 ildir ki, “Opel Vectra” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmin vaxtlarda onun Xanımla əlaqəsi olduğu üçün sonuncunu və ailəsini idarə etdiyi avtomobillə taksi kimi daşımışdır. 2018-ci ilin sentyabr ayında Xanım ondan Qara Qarayev metrosunun yanında bir nəfər xanımdan qızıl götürməyi tapşırmış və o, qeyd olunan vaxtdan həmin ilin dekabr ayınadək Xanımın tapşırığı ilə dediyi qadından qızıl-zinət əşyalarını alıb Xanıma çatdırmışdır. Sonuncu da bunun qarşılığında ona taksi pulu vermişdir. Həmçinin Xanımın verdiyi pulları da dediyi adamlara çatdırmışdır. 2018-ci ilin noyabr ayında Xanım onunla əlaqə saxlayıb qızıl-zinət əşyalarını lombarda girov qoymaq istədiyini demiş və onun adma girov qoymasını xahiş etmişdir. O, Xanımı uzun müddət tanıdığı üçün razı olmuş, Xanımdan qızılları alaraq Neftçilər metrosunun yaxınlığındakı lombarda öz şəxsiyyət vəsiqəsi ilə qoyub aldığı pulları Xanıma vermişdir. Bu proses bir neçə dəfə davam etmişdir. Onun lombarda qoyduğu qızılların çəkisi təxminən 338 qram, qarşılığında lombardlardan götürdüyü pul isə 10.000 manat olmuşdur.
5. İş materiallarından görünür ki, Quliyev Xanım Ələvəz qızı 25 aprel 2019-cu il tarixdə Nərimanov RPİ 18-ci Polis Şöbəsinə izahat verərək bildirmişdir ki, “Gəlir əldə etmək məqsədilə tanışlarımdan aldığım qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğulam. 2018-ci ilin sentyabr ayında tanış olduğum Vəzirova Xanımdan satmaq üçün qızıl-zinət əşyaları alırdım, həmin qızıl-zinət əşyalarını müxtəlif tanıdığım şəxslərə satırdım, həmin qızılların əyarlarına görə təxminən 100-150 manat aralığında qiymət təyin edirdik, təxminən 2018-ci ilin dekabr ayınadək mən ondan aldığım qızıl-zinət əşyalarını sataraq pulunu Xanıma ödəmişəm. Həmin tarixədək mən Xanıma 73 min manat ödəniş etmişəm, lakin 2018-ci ilin dekabr ayından sonra mən onlardan aldığım qızıl-zinət əşyalarının pulunu ödəyə bilmədim. Mən həmin qızıl-zinət əşyalarını ondan müxtəlif ünvanlarda alırdım. Əsasən biz Q.Qarayev metro starnsiyasının yaxınlığında, onların yaşadığı ünvanın yaxınlığında və Gənclik metro stansiyanının yaxınlığında Atatürk parkında görüşüb alışveriş etmişik. Mən 2018-ci ilin dekabr ayında qızıl-zinət əşyaları götürmüşəm, həmin qızılları tanış taksi sürücüsü Cavabdeh2 vasitəsiə əldə etmişəm, lakin onun həmin qızılları harada götürməsini xatırlamıram. Ancaq onlarla heç vaxt Nərimanov parkı və ona yaxın ərazilərdə görüş olmayıb.Mən aldığım qızıl-zinət əşyalarını və onların məbləğini öz dəftərimdə qeyd etmişəm. Haızrda həmin dəftər yanımda olmadığı üçün məbləği dəqiq bilmirəm. Lazım olacağı təqdirdə dəftəri təqdim edərək dəqiqləşdirə bilərəm. Mən İddiaçı verməli olduğum borcdan imtina etmirəm, sadəcə hazırda maddi çətinliyim olduğu üçün indiyədək pulu ödəyə bilməmişəm. Mən həmin qızılların bir qismini satmışam, digər qismini lombarda qoymuşam.” Həmin Qərardan görünür ki, (səh.17, abzas 5) araşdırma zamanı bütün xüsusatlar yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı tələbi mülki xarakterlidir. Yəni İddiaçı gəlir əldə etmək məqsədilə aralarında olan qarşılıqlı razılaşma əsasında 2018-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində tanıdığı Quliyeva Xanım Ələvəz qızına müxtəlif miqdarda qızıl-zinət əşyaları vermiş, sonuncu da həmin qızılları satdıqdan sonra dekabr ayınadək 73.000 manat ödəniş etsə də, dekabr ayından sonra maddi vəziyyəti ilə bağlı qalan qalan 220.000 manat dəyərində qızıl-zinət əşyalarının pulunu vaxtında ödəyə bilməmişdir. Bununla da tərəflər arasında mülki mübahisə yaranmışdır.
6. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 843/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddiaçı Vəzirova Pikəxanım Dəyanət qızının cavabdeh Quliyeva Xanım Ələvəz qızına qarşı pul tələbinə dair iddiası rədd edilmişdir.
7. İş materiallarında olan fiziki şəxs Hüseynov Zamir Mansur oğlu tərəfindən verilmiş (VÖEN: **********) xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı sorğu edərək 2018-ci il ərzində qızıl-zinət əşyalarını açıq bazarda alış-satış qiyməti barədə rəsmi məlumat verilməsini xahiş etmişdir, qızıl–zinət əşyalarının alqı-satqısı və qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan fərdi sahibkar olaraq bildirmişdir ki, 583 ayarlı hazır qızıl məmulatının 1 qramının qiyməti təqribən 100-110 manat, 750 əyarlı hazır qızıl məmulatın dəyəri 120-130 manat civarında olmuşdur, briliant qaşlı hazır qızıl məmulatın dəyəri çəkisindən asılı olaraq 3000-5000 manat arasında dəyişmişdir.
8. İş materiallarında il olan xx.xx.2021-ci tarixli dinləmə protokolundan görünür ki, XİAOMİ markalı MDG6 modellı telefona baxış keçirilmişdir, Xanım Quliyeva Qızıl alan (***-***-**-**): xx.xx.2019-cu il tarixli mesajin mətni: “xala salam, mən xanıma yazdim xanıma mesaj getmədi xala o mallari verəcəm mən. Mən Xanıma dünən yazdım başa saldım o malları verəcəm necə verəcəm demişəm başına dönüm. Mən O qizdan pul da götürüb onu da gətirib verəcəm bir dənə səbrin olsun xahiş edirəm”; “Xala salam xala başına dönüm qızı gözləyirəm xəbər eləsin gedib görüşəcəm, onunla görüşüb verəcəm. Birdən bügun gec olmuş olsa ola ki sabah şey edəcəm yəni qız nə versə gətirib hamısını verəcəm sizə”; “Ay xala (əsəbi halda) axşamın xeyir sənə yazdım axı dedim bugünü gözləyirəm olmasa sabaha həll olmalıdı insallah.” xx.xx.2019-cu il tarixli mesajin mətni: “xala salam zəhmət olmasa bir dənə xanıma deyin də mal çıxaracam mən 6-cı gün qız mal verəcək mənə. Nə götürüm təcili nə lazımdı ona. İki dənə mal çıxardacam nə çıxardım.”; “xala dedim axı başına dönüm qızdan gözləyirəm necə olur olsun çatdıracaq çatdıracaq məndə sizə çatdıracam. O pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki sizdən artıq onu gözləyirəm” xx.xx.2019-cu il: “xala mən dünən də oxumuşam mesajınızı bugün də oxumuşam nə qardaşımla, nə dayılarımla, nə xalalarımdan heç birinin aidiyyatı yoxdur, kimlə görüşmək istəyirsiniz görüş mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər. Onlar yaxşı adamdılarsa yaxşı olsunlar mən pis. Xanıma da dedim ki, Xanım mama işdədi mama ilə danışım xəbər eləyəcəm mən vaxtını və saatını deməmişəm heç nə də deməmişəm bu vaxt bu saatda. Qaldı pul məsələsinə dedim Xanım səbr elə mən məsələləri yoluna qoyacam az qalıb yəni malı da verəcəm pulu da verəcəm”.
9. Həmçinin həmin tarixli dinləmə protokolundan görünür ki, (Xanım gəlin nar (070-362- 61-01 Forvard)) xx.xx.2019-cu il tarixli səs yazının mətni: “bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum 220 mindir də düzdür bacı? Keçən dəfə danışdıq ki, ayda 2 mindən 5 minə qədər danışdıq ki ödəyəcəm mən sənə. İnşallah 15-25 sinə kimi vaxt istəyirəm bilirsən alacağım var onu alıb verəcəm sənə birdə ki mal verəcəm mənə borclu olan mənə mal verəcək mən də götürüb sənə verəcəm. Maksimum ayın sonuna kimi həm pul verəcəm həm mal verəcəm. Ərizəni yaz ki razılaşmışıq mən də sonra gedib yazacam ki ayda bu qədər ödəyəcəm. Mən sənə ayda o pulu ödəməsən onsuz də sən yenə şikayət edə bilərsən. O iltizamı mən yazıb versəm o kağız səndə olsa Mən ödəməsəm sən yenə şikayət edə bilərsən onda işə daha başqa cür baxacaqlar onda daha ciddi baxacaqlar iş getsə o yana aləm bir birinə dəyəcək mən uje özümün də anamın da canını qurtarmaq məcburiyyətindəyəm ki, tutulub getməyəm mamanı qoydum qırağa onsuz da ona bir şey eləməyəcəklər nə olsa mənə olacaq bu hamilə vəziyyətimlə bu uşaqla mən ora gedib çıxmamaq üçün gərək canımı qurtaram ona görə deyirəm ki gəl razılıqa gələk o işi göndərir mənə dedi göndərir mənə dedim göndərin mən uje bilmirəm o adama nə cavab verim. Xanım gəl mənə sənə möhlətimi də deyim xahiş də eləyim yalvarıram da dönə dönə xahiş edirəm anlaşa biləriksə inşallah anlaşarıq mən avqust sentyabr oktyabr ayına 3 ayı ayına 2 min ödəyim sənə oktyabr ayından sonra ayına 5 min ödəyim razısansa mən birisi gün gedim danışım Cabir müəllim ilə gedim kağız yazım sən də gəlib yazarsan yəni birisi gün gedim ərizəni yazım avqust sentyabr oktyabr ayına 2 min manatdan ödəyim ondan sonra 5 min ödəyim əgər razısansa mən bu dəqiqə onu edə bilirəm Xanım əlimi hara atıramsa bütün işlərim hamısı darma dağındı mən səndən 3 ay istəyirəm bax avqustun 29-u 2 min verəcəm sentyabrın 29-u oktyabrin 29-u ayda sənə 2 min verəcəm bacı ondan sonra noyabrın 29-30 ayda sənə 5 mindən verəcəm bacı razılığa gələ biliriksə xanım gəl bunun razılığına gələk birisi gün mən gedim yazım verim bu cürnə həll edək bacı mən səndən xahiş edirəm bu qədər güzəştə getmisən bu qədər başa düşmüsən bu qədər hərşeyi eləmisiz bilirəm allah razı olsun, allah elədiklərini sənin də balavın da yoldaşının da qaynanavın da qarşısına çıxartsın axrıncı dəfə bunu sizdən xahiş edirəm sentyabra da o torpağı da düzəldib çalışacam götürüm verim ki hansınsa birinin borcundan bağlayasan”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada olmaqla 220000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. 21.02.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 200.000 manat məbləğində pulun, Cavabdeh3 10000 manat məbləğində pulun və Cavabdeh2 10000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə tanışlığı sonuncunun internet üzərindən verdiyi iş təklifi ilə əlaqədar olmuşdur. Belə ki, Cavabdeh1 internetlə elan verərək qızıl-zinət əşyalarının sərfəli qiymətlə alışı və satışı üzərində qurulmuş və çox gəlirli iş birliyi təklif etmişdir, iddiaçı da bu elana uyğun olaraq təqribən 2018-ci ilin sentyabr ayında onunla əlaqə saxlamış, beləliklə də onlar tanış olmuşlar, bundan sonra, Cavabdeh1 iddiaçını öz anası Cavabdeh3 və tanışları olan Cavabdeh2 ilə də tanış etmişdir, iddiaçı bir neçə ay ərzində özünə və ailə üzvlərinə məxsus, həmçinin tanıdığı şəxslərdən aldığı qızılzinət əşyalarını satılması üçün müxtəlif vaxtlarda və yerlərdə olmaqla cavabdehlərə vermişdir, onlar isə bir müddət sonra həmin əşyaların dəyərini İddiaçıödəmişlər, tərəflərin qeyd olunan şəkildə alış-verişi bir neçə dəfə təkrar olunmuşdur, 2018- ci ilin dekabrına qədər ona 2-3 kq 220000 məbləğdə qızıl vermişdir, 2018-ci ilin dekabr ayında cavabdehi hərdən Cavabdeh1 satılması üçün onlara verilmiş qızıl-zinət əşyalarının qalıq dəyəri olan həmin məbləğdə olan 220.000 manat pulu maddi çətinlikləri ilə əlaqədar olaraq razılaşdırılan vaxtda ödəyə bilməyəcəklərini bildirmiş və onlara möhlət verilməsini istəmişdir, cavabdehlər onlara verilmiş möhlət müddəti ərzində də pulu ödəməmişlər, bundan sonra iddiaçı şikayət ərizəsi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və şikayət üzrə aparılmış araşdırma ilə qeyd olunan hallar öz təsdiqini tapmışdır, belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aparılan təhqiqat üzrə vermiş olduqları izahatlarında iddianın əsaslarını təsdiq etmişlər ki, cavabdehlər birgə hərəkət edərək iddiaçını aldatmış və onun əmlakını ələ keçirmişlər, həmçinin məhkəməyə təqdim olunmuş səs yazılarından da aydındır ki, Cavabdeh1 iddiaçıya borcu olduğunu etiraf etmişdir, dəfələrlə borcunu qaytaracağına söz vermişdir, həmin səs ona aid olduğunu bildiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertizalarda səs yazılarının alınması üçün çağırılsa da, iştirak etməmişdir, cavabdehlər qarşılıqlı münasibətlərinin ilk dövründə iddiaçıdan nisbətən az miqdarda qızıl-zinət əşyaları götürərək dəyərini ödəməklə iddiaçıda özlərinə münasibətdə etibar qazanmış, sonra isə bu inamdan, etibardan sui istifadə edərək dəyəri daha çox olan qızıl-zinət əşyaları götürərək sahibinə qaytarmamaqla ələ keçirmişlər, odur ki, həmin qızıl-zinət əşyalarının dəyəri olan 220.000 manat məbləğində vurulmuş maddi zərər cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir, bundan başqa, cavabdeh Xəyal da qızıl-zinət əşyalarının daşınmasında kömək etmişdir, onlar həmin qızılları lombarda qoymuş və pul əldə etmişlər, bundan da görünür ki, cavabdehlər qızılı satmaq niyətində olmayıblar.
13. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, qeyd edilən pul tələbinə dair iş üzrə iddiaçının gəlini Vəzirova Pikaxanım Dəyanət qızı iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq qızı Quliyeva Xanım Ələvəz qızına qarşı yəni 220000 manat pul borcunun qaytarılması tələbinə dair Bakı şəhər Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-843/2020 saylı qətnaməsi ilə iddaçının pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir, bu barədə Vəzirova Pikaxanım Dəyanət qızı və ayrıca İddiaçı onun qızına qarşı Nərimanov RPİ-nə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə Nəsimi rayon Məhkəməsinin çıxartdığı qətnamə haqqında məlumat verməyərək şikayət etmiş, lakin sübuta yetirilmədiyindən şikayət ərizəsi rədd edilmişdir, Nəsimi rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, Vəzirova Pikaxanımın qızına qarşı tələbi sübutla yetirilməmişdir, hazırki, mülki iş üzrə İddiaçı eyni predmetlə məhkəməni yayındıraraq, qərəzli olaraq onun digər rayonda, yəni Xətai rayonunda qeydiyyatda olmağından, Quliyeva (Əliyeva) Xanım Ələvəz qızının anası olmağından istifadə edərək həmin tələblə həmin predmetlə ona qarşı əsasız iddia tələbi qaldırmışdır, onun nə Vəzirova Pikaxanım Dəyanət qızı, nə də ki İddiaçı ilə heç bir iş birliyi olmayıb, aralarında heç bir müqavilə, saziş və alış-veriş olmayıb, bu məsələ ilə bağlı heç bir aidiyyəti yoxdur, iddiaçı əvvəllər şikayət etdiyi instansiyalarda (polis bölmələrində, eyni tələblə Nəsimi rayon məhkəməsində) onun adı hallanmamışdır, iddia ərizəsi qərəzli və əsassızdır.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı 04 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 200000 (iki yüz min) manat və Cavabdeh3 10000 (on min) manat tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 600.1, 600.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə məhkəmə prosesinin uzun çəkməsinin əsas səbəbkarı iddiaçı tərəfin vəsatətləri və hərəkətləri olmuşdur. Cavabdeh tərəfi lazımınca məlumatlandırmayan məhkəmə isə cavabdehin vəkilinin işlə tanış olmasına mane olmaqla yanaşı iddiaçı tərəfin də iştirakı olmadan yekun məhkəmə aktı çıxarmışdır. Həqiqətə nail olmaq üçün hər iki tərəfin iştirakı vacib olsa da, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələblərini pozmuşdur. Vəkil2 məhkəmə iclasında iştirak edərkən iş materialları ilə tanış olmaq üçün vaxt istəsə də məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Halbuki, həmin iclasda iddiaçı tərəf də iştirak etməmiş və məhkəmə ən azı bu hala görə iclası qısa müddətə təxirə sala bilərdi. Hazırkı iş üzrə iddiaçı tərəf bu halları sübut etməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən etməli, qanunla müəyyən olunmuş qaydada əldə etdiyi səhih, düzgü məlumatları mötəbər sübut kimi hesab etməliydi. İş materiallarına diqqət etdikdə məlum olur ki, məhkəmə tərəfində sübutlar hərtərfli araşdırılmamlş və nəticə olaraq bu sübutlara qərəzli yanaşma mövcud olmuşdur. Məhkəmə tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. İş materiallarından da göründüyü kimi, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, qeyd edilən pul tələbinə dair iş üzrə iddiaçının gəlini Vəzirova Pikaxanım Dəyanət qızı iddiaçı qismində, İddiaçı isə şikayətçi olaraq qızı Quliyeva Xanım Ələvəz qızına qarşı yəni 220000 manat pul borcunun qaytarılması tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddaçının pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Belə çıxır ki, məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin tələblərini pozmuşdur. Bu hal müəyyən edilsədə məhkəmə tərəfindən tədbir görülməyib və aydınlaşdırılmayıb. Hətta bu hala qətnamədə belə hüquqi münasibət bildirilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
20. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Soltanova Günay Bəşir qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehlərə təxminən 2-3 kiloqram qızıl versə də, həmin qızılların pulu qaytarılmışdır. Cavabdehlərin iddiaçıya cuzi miqdarda borcu qalmışdır. İddia tələbində göstərilən 220000 manat şişirdilmiş məbləğdir. Belə ki, iddia tələbi digər cavabdehə münasibətdə təmin edilməsə də, iddiaçı həmin hissədən şikayət verməmişdir. Bu isə bir daha təsdiq edir ki, iddia tələbi şişirdilmişdir.
21. Məhkəmə kollegiyası sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
25. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Maddə 600.4 əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.
28. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
29. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda qətnamə cavabdehlər tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edilsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı 04 mart 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
40. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
41. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab edir.
42. Kollegiya qeyd edir ki, iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Kollegiya sübutetmə yükünün məhz kimin üzərində olmasının müəyyənləşdirilməsinin zəruri olduğunu hesab edir. Belə ki, iddiaçı iddia tələbində Cavabdeh1 200.000 manat, digər Cavabdeh3 isə 10000 manat dəyərində qızıl verdiyini, cavabdehlərin isə həmin qızılın dəyərinin ödənilmədiyini qeyd edir. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki, halda Cavabdeh1 200.000 manat, digər Cavabdeh3 isə 10000 manat dəyərində qızılın verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıya borcunun olması tərəflərin izahatları (Cavabdeh3: “cəmi 2-3 kilo qızıl alınıb, onun da pulu ödənilib”), şahid ifadələri (“şahid P.D.Vəzirova: “hal-hazırda 220 min borcları var, mənim vasitəmlə qaynanam onlara iki kilodan çox qızıl verib, təxmini 2600 qram”), telefon yazışmalarına və səs dinləmələrinə dair protokollar (xx.xx.2019-cu il tarixdə - “mən o qızdan pul da götürüm onu da gətirib verəcəm bir dənə səbrin olsun xahiş edirəm”; xx.xx.2019-cu il tarixdə – “qızdan gözləyirəm necə olur olsun çatdıracaq, çatdıracaq mən də sizə çatdıracam, o pulu götürüb verəsi mənim elə bir adamım yoxdur ki sizdən artıq, onu gözləyirəm” xx.xx.2019- cu il tarixdə - “nə qardaşımla, nə dayılarımla, nə xalalarımdan heç birinin aidiyyatı yoxdur, kimlə görüşmək istəyirsən görüş mənim sizə olan borcumun 50 qəpiyini belə verməyəcəklər”; “qaldı pul məsələsinə dedim Xanım səbr elə, mən məsələləri yoluna qoyacam az qalıb, yəni malı da verəcəm, pulu da verəcəm” xx.xx.2019-cu il tarixdə - “bizim o alverdən, qızılın alverindən mənim sənə olan borcum iki yüz iyirmi mindir də düzdür bacı?”), Cavabdeh1 məhkəmə tərəfindən təyin edilmiş məhkəməfonoskopik ekspertizalarının keçirilməsində iştirak etməkdən imtinaya dair Akt, təhqiqat materialları (Qərar və izahatlar) ilə müəyyən olunmuş hallarla tam sübuta yetirilir.
44. Göründüyü kimi, 2-3 kq. qızıl almaları barədə etiraf, həmin qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılması qeyd edirlər. Bu halda sübutetmə yükü dəyişir və prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən qızılın dəyərinin qaytarılmasını subutetmə vəzifəsi cavabdehlərin üzərinə düşür.
45. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər qızıl-zinət əşyalarının və ya onların razılaşdırılmış məbləğinin qaytarılması qeyd etsə də, bu halı təsdiq edəcək əsaslı və şübhə yaratmayan sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyaisya instansiya məhkəməsinə təqdim etməmişdir. Ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 200.000 manat və Cavabdeh3 10.000 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Kollegiya həmçinin onu da qeyd edir ki, məhkəmənin xx.xx.2021-ci il tarixli Qərardadı ilə iş üzrə Məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1, onun Məhkəmə fonoskopik ekspertizasında iştirak etməsinin zəruriliyi, ondan imtina etmənin nəticələri barədə məhkəmə tərəfindən məlumatlandırılmışdır. İş materiallarında olan tədqiqat üçün nümunənin alınması barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti A.Ağamalıyeva tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2(011)- 3604/2021 saylı mülki iş üzrə nümunə verən şəxs Cavabdeh1 nümunənin götürülməsi prosesində iştirak etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı 04 mart 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.