Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5680/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2022 saylı 08 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 29.11.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi qızı İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3ndən və onun mülkiyyətində olan 0.1499 ha torpaq sahəsindən ibarətdir
2. RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının məktubuna baxılmış və bildirilmişdir ki, Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti altına düşən torpaq sahələrinin alınması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Layihənin yerinə yetirilməsi üçün tikinti altına düşən torpaq sahələrinin alınması məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" 20 aprel 2010-cu il tarixli, 987-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahələrinin kadastr planları tərtib olunmuşdur. Tərtib olunmuş kadastr planlarına əsasən xx.xx.2015-ci il tarixində DƏDRX tərəfindən verilmiş **********38 nömrəli çıxarışla sizin mülkiyyətinizdə olan daşınmaz əmlakın 51.22 kv/m torpaq sahəsi Gədəbəy şəhərində inşa olunmuş su anbarının ərazisinə düşdüyü öz əksini tapmışdır. Hal-hazırda işin növbəti mərhələsi olaraq müstəqil qiymətləndirici tərəfindən tikinti altına düşən torpaq sahələrinin və tikililərin qiymətləndirilməsi prosesi aparılır. Qiymətləndirilmə prosesi başa çatdıqdan və Maliyyə Nazirliyi tərəfindən kompensasiyaların ödənilməsi üçün razılıq verildikdən sonra mülkiyyətçilərə, o cümlədən iddiaçıya kompensasiya verilməsinə başlanılacaqdır.
4. Gədəbəy RİH başçısı aparatından İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Gədəbəy RİH başçısı aparatına daxil olmuş ərizəsi araşdırılmış və bildirilmişdir ki, “Gədəbəy şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Gədəbəy şəhəri ərazisində 7 ədəd su anbarı inşa edilmişdir. Anbarlardan biri (6 nömrəli su anbarı) iddiaçının həyətyanı torpaq sahəsi ilə qonşuluqda inşa edilmişdir. İddiaçının həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışda anbar yerləşən ərazi göstərilməmişdir. Həmin ərazi Gədəbəy bələdiyyəsinə məxsus torpaq sahəsi kimi saxlanılmışdır. Qeyd edilən məsələ ilə bağlı Gədəbəy Sukanal İdarəsinə və Gədəbəy bələdiyyəsinə müraciət edilməsi tövsiyyə olunmuş, eyni zamanda, kompensasiya tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
5. "xxxx" MMC-nin LP-011/20 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 ünvanında yerləşən torpaq sahəsinin 1 sotunun bazar dəyəri 1500 - 1600 manat arasıdır. Texniki pasporta əsasən 0.2733 ha torpaq sahəsinin bazar qiyməti 42000 manat təşkil edir. İstifadədə olmuş real ərazi 0.40 ha təşkil edir. Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 ünvanında yerləşən torpaq sahəsində mövcud olmuş 54 ədəd meyvə ağaclarının müqayisə yanaşması ilə dəyəri: 18000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Gədəbəy şəhəri N.Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən su anbarının tikintisi ilə bağlı zəbt edilməsinə görə dəymiş maddi ziyana görə 101.200 manat, mənəvi ziyana görə 50.000 manat olmaqla, cəmi 151.200 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ata mülkü olan Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsi, 39 ünvanında yerləşən fərdi yaşayış evində doğulub, boya-başa çatmışdır. Fərdi yaşayış evinin ümumi sahəsi 85 kv m., 1 mərtəbəli, torpaq sahəsi sənəd üzrə 0,1499 ha, faktiki sahəsi 0,2733 ha, istifadədə olmuş real torpaq sahəsi isə 0,40 ha təşkil etmişdir. Həmin evdə 57 ildir yaşayır. Sözügedən torpaq sahəsi mərhum atası X2 verilmişdir. Cəmi 5 övlad olmaqla, ailə üzvlərinin sayı 7 nəfərdən ibarət olmuşdur. Mərhum atası ailəsini 1964-cü ildən ona məxsus həyətyanı torpaq sahəsinin kartof məhsulu və meyvə ağaclarının məhsulunun satışından gələn gəlir hesabına saxlamışdır. Həmin torpaq sahəsi 40 sotdan ibarət olmuş, sahədə 5 ədəd böyük qoz ağacı, 5 ədəd şaftalı, 5 ədəd gilas, 7 ədəd armud, 11 ədəd gavalı və 21 ədəd alma olmaqla, cəmi 54 ədəd bar verən meyvə ağacları olmuşdur. Sözügedən torpaq sahəsi daşlıq-qayalıq ərazidə yerləşdiyindən əkinə yararsız olmuşdur. Həmin əraziyə mərhum valideynləri qara torpaq daşıyıb tökməklə əkin-biçinə yararlı hala gətirimişdirlər. Atası xx.xx.2013-cü il tarixdə, anası isə xx.xx.2014-cü il tarixdə rəhmətə getmişdir. Valideynləri rəhmətə gedəndən sonra həyətyanı torpaq sahəsi ona məxsus olmuşdur. 2017-ci ildə Gədəbəy şəhərində Cavabdeh ASC-nin sifarişi əsasında su-kanalizasiya sisteminin tikintisi aparılmışdır. Su-kanalizasiya tikintisi ilə bağlı ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə düşən hissədə su anbarının tikilməsinə kompensasiya ödənilməsi şərti ilə razılıq vermişdir. Cavabdeh ASC-nin nümayəndələri, Gədəbəy rayon İcra hakimiyyətinin başçısı və Gədəbəy şəhər bələdiyyəsi onu əmin etmişdir ki, bu tikinti “Dövlət layihəsidir” və aparılmış tikinti nəticəsində torpaq sahəsi ilə bağlı və doğranmış 54 ədəd meyvə ağaclarının məhvi ilə bağlı kompensasiya ödəniləcəkdir. Lakin iş başa çatdıqdan sonra iddiaçının tək qadın olmasından istifadə edərək, verdikləri sözə əməl etməmişlər. Məsələ ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Cavabdeh ASC-nin sədrinə və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısına rəsmi müraciət etmişdir. İddiaçı Birinci-vitse prezidentin qəbulunda olduqdan sonra, yəni xx.xx.2019-cu il tarixli müraciətə nəhayət Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixli cavabı ilə bildirmişdir ki, guya su anbarının inşası iddiaçının cəmi 51,22 kv.m torpaq sahəsinə düşmüşdür. Bununla bağlı qiymətləndirmə işləri aparılır. Qiymətləndirmə prosesi başa çatdıqdan və Maliyyə Nazirliyi tərəfindən kompensasiyaların ödənilməsi üçün razılıq verildikdən sonra kompensasiya ödəniləcək. Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli müraciətinə (xx.xx.2019-cu il tarixdə İcra Hakimiyyətinə daxil olub) verilmiş cavab isə tamamilə absurddur. Belə ki, rayon İcra hamiyyəti bildirir ki, guya müraciəti onlara xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Guya Gədəbəy şəhərində inşa edilmiş su anbarı iddiaçının torpaq sahəsinin qonşuluğuna düşür, həmin torpaq sahəsi isə Gədəbəy bələdiyyəsinə məxsus torpaq sahəsidir. Tövsiyyə edilmişdir ki, məsələ ilə bağlı Gədəbəy Sukanal sahəsinə və Gədəbəy bələdiyyəsinə müraciət edilsin. Verilmiş vəkil sorğuları ilə əldə edilmiş xx.xx.1987-ci ildə tərtib edilmiş texniki pasportdan aydın görünür ki, hazırki su anbarının inşa edildiyi torpaq sahəsi onun tam mülkiyyətində olub. Lakin sonradan, yəni xx.xx.2013-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə su anbarının inşa edildiyi ərazinin böyük qismi zəbt kimi göstərilmişdir. Beləliklə cavabdeh həm onu 0,40 ha torpaq sahəsindən, həm də torpaq sahəsində olan ağacların verdikləri barlardan və həmin barların satışı zamanı əldə edilən gəlirdən məhrum etmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/2018 saylı rəydən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin rəis müavini Elvin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair Nəriman Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş 06 dekabr 2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə 06 dekabr 2016-cı il tarixli texniki papsortda göstərilən sahələr uyğundur.
9. X5 Cəmiyyəti tərəfindən 0.1234 ha zəbt torpaq sahəsində xidməti bina (operator binası) inşa edilmişdir. Binanın ölçüsü 35 kv.metr təşkil edir və koordinatları aşağıdakı kimidir: X-569159.6321, 569163.2010, 569168.1300, 569164.5610 Y- 4491321.1954, 4491324.8390, 4491320.0104, 4491316.3673 10.X5 Cəmiyyəti tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0.21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50.4 kv.metr hissəsi İddiaçı mülkiyyətinə, 644.0 kv.metr hissəsi isə zəbt torpaq sahəsinə düşür. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş su anbarının tutduğu ərazi ilə İddiaçı məxsus fərdi yaşayış evi arasında olan məsafə 8.5 metr təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/7205 saylı rəydən görünür ki, Gədəbəy şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair Nəriman Nərimanov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş 06 dekabr 2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə 06 dekabr 2016-cı il tarixli texniki papsortda göstərilən sahələr uyğundur. Lakin qeyd olunur ki, mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair 15 iyul 1985-ci ildə tərtib edilmiş Texniki Pasport ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********32-10301 reyestr nömrəli Çıxarış sənədi arasında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, 15 iyul 1985-ci ildə tərtib edilmiş Texniki Pasportun göstəricilərinə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin 0,08085 ha X5 Cəmiyyəti tərəfindən hasarlanaraq istifadə olunur.
12. 2-ci və 3-cü sual üzrə: X5 Cəmiyyəti tərəfindən 0.1234 ha zəbt torpaq sahəsində su anbarı, xidməti bina (operator binası) və istirahət otağı inşa edilmişdir. Binanın ölçüsü 35 kv.metr təşkil edir və koordinatları aşağıdakı kimidir: X-569159.6321 , 569163.2010, 569168.1300, 569164.5610 Y- 4491321.1954, 4491324.8390, 4491320.0104, 4491316.3673
13. X5 Cəmiyyəti tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0.21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50.4 kv.metr hissəsi İddiaçı mülkiyyətinə, 644.0 kv.metr hissəsi isə zəbt torpaq sahəsinə düşür.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7/19-9/9415 saylı rəydən görünür ki, mülki iş materialındakı (səhifə 20-27) "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri N.Nərimanov küçəsindəki 39 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 54 ədəd meyvə ağacları (qoz, şabalıd, gavalı, albalı, armud, alma və s.) növlərdə meyvə ağaclarının dəyəri 18000 təşkil edir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyun 2022-ci il tarixli 2(004)-41/2022 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehdən vurulmuş maddi zərərə görə 30400 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 31400 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 3 ünvanında iddiaçıya məxsus olan torpaq sahəsinin 0,08085 ha hissəsinin cavabdeh tərəfindən hasarlanaraq istifadə olunması nəticəsində iddiaçının mülkiyyət hüquqları pozularaq, ona maddi ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş rəylərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin 1 sotunun bazar dəyəri 1500-1600 manat arası müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, torpağın 1 sotunun qiyməti 1550 manat olmaqla hesabat aparılmalıdır. Belə olan halda torpağın zəbt olunması nəticəsində iddiaçıya dəymiş zərər 12400 manat təşkil edəcəkdir. Bundan başqa, ekspert rəyləri ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində mövcud olmuş 54 ədəd (qoz, şabalıd, gavalı, albalı, armud, alma və s.) meyvə ağaclarının dəyəri 18000 təşkil edir.
17. İddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 1000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
18. Eyni zamanda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı fərmanı yalnız dövlət ehtiyacları üçün özgəninkiləşdirilməli olan daşınmaz əmlaklara münasibətdə tətbiq edilməli olduğundan daşınmaz əmlakın satınalma qiymətinə bazar qiymətinin 20 faizi miqdarında əlavə haqq ödənilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Göründüyü kimi, 66.4.6-cı maddəsinə əsasən, çətinliyə görə 10% əlavə kompensasiyanın ödənilməsi yaşayış sahəsinin alındığı hallarda nəzərdə tutulmuşdur. Odur ki, iddia tələbi həmin hisədə də əsassız olduğundan təmin olunmamalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 246.1, 247.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1, 66.4.6-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
20. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 220,60 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apelyasiya şikayətində göstərilmişdir ki, torpaqların dövlət ehtiyacları üçün alınması qanunvericilikdə dəqiq müəyyən edilmiş prosedur əsasında həyata keçirilir və yalnız buna səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanının, yəni Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 310 nömrəli qərarı ilə Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan Cavabdeh ASC müəyyən edilmişdir. Bununla əlaqədar Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti altına düşən torpaq sahələrinin alınması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilmişdir. ASC tərəfindən inşa edilmiş su anbarının 0,21 ha təşkil etdiyini, həmin torpaq sahəsinin 50,4 kv.m hissəsi iddiaçının mülkiyyətinə düşməsi və 644.0 kv.m hissə isə iddiaçı tərəfindən zəbt edilən torpaq sahəsinə düşməsi məhkəmə ekspertizasının rəylərində öz əksini tapmışdır. Ekspert rəyində hansı növ ağacların və necə ədəd meyvə ağaclarının mövcudluğu hər hansı bir fotoşəkil və ya videoçəkiliş ilə sübuta yetirilməmişdir. Məhkəmə ağaclara görə dəymiş ziyan məbləğini tutarkən güman edilən ağacların əkildiyi torpaq sahəsinin iddiaçı tərəfindən zəbt olunan bələdiyyə mülkiyyəti olmasını qətnamə qəbul edərkən nəzərə almamışdır. Məhkəmə mənəvi zərərin qismən təmin edilməsi hissəsində zərərçəkəni hansı formada və məbləğdə zərər çəkməsini, illər ərzində keçirdiyi mənəvi sarsıntılarını və iztirablara məruz qalmasının nədə ifadə olunmasını və zərərvuranın təqsirini müəyyən etməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.
25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 246.1. bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.
29. Maddə 247.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: torpağın bazar qiymətinin müəyyən edilməsi; torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur.
33. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Qətnamədən yalnız cavabdeh şikayət verərək, iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirdiyindən, hazırki apelyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - torpağın zəbt olunması nəticəsində iddiaçıya dəymiş zərər olaraq 12400 manat tutulması hissəsində ləğv edilməlidir, həmin hissədə iddia qismən təmin edilməlidir.
42. İş materiallarında olan ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 54 ədəd (qoz, şabalıd, gavalı, albalı, armud, alma və s.) meyvə ağaclarının dəyəri 18000 təşkil edir.
43. Apelyasiya baxışı zamanı təqdim edilmiş CD disklərə baxış keçirilmiş və həmin ərazidə ağacların olması müəyyən edilmişdir.
44. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq ağacların dəyəri olaraq 18000 manatın iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Bununla bağlı cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır.
45. Həmçinin mənəvi ziyan hissəsində də Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir.
46. Torpağın zəbt olunması nəticəsində iddiaçıya dəymiş zərər olaraq 12400 manat tutulması hissəsində isə məhkəmənin nəticəsi düzgün olmamışdır.
47. Ekspert rəyinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş su anbarının ümumi torpaq sahəsi 0,21 ha təşkil edir. Həmin torpaq sahəsinin 50,4 kv.m hissəsi İddiaçı mülkiyyətinə, 644,0 kv.m hissəsi isə zəbt torpaq sahəsinə düşür.
48. Mübahisəli torpaq sahəsinin 51,22 kv.m hissəsi iddiaçının mülkiyyətində olmuş, 644 kv.m hissəsi isə bələdiyyənin mülkiyyətində olmaqla iddiaçının zəbtində olan torpaq sahəsidir.
49. Apelyasiya baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Gədəbəy şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri üzrə tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə kompensasiya ödənilməsi məqsədi ilə həmin torpaq sahələrinin və üzərindəki əmlakların qiymətləndirilməsi üçün təklif olunan qiymətlərin hesablanması Cədvəlindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,5122 ha torpaq sahəsinə görə hesablanmış kompensasiya məbləği 307 manat təşkil edir.
50. Odur ki, iddia həmin həddə təmin olunmalı, iddiaçıya mülkiyyətində olan torpaq sahəsinə uyğun hesablanmış kompensasiya məbləği olan 307 manat ödənilməlidir.
51. Bələdiyyə mülkiyyətində olmaqla iddiaçının zəbtində olan torpaq sahəsi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir.
52. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
53. Həmin Qanunun 16.2-ci maddəsinə görə, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
54. Qanunun 16.3-cü maddəsinə görə, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.
55. Yenə də həmin Qanunun 16.4-cı maddəsinə görə, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
56. Göründüyü kimi, mülkiyyətə verilmiş ölçüdən artıq istifadə edilən torpaq sahəsi özbaşına tutulmuş torpaqlara aid edilmişdir və həmin torpaqlar geri qaytarılmalıdır. Qanuna görə, yalnız bir sıra hallarda (fərdi yaşayış və bağ evlərinin, qarajların və habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün) qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadıqda, həmin torpaqlar həmin şəxsin mülkiyyətinə verilir. Eləcə də şəxsin mülkiyyətində olan həyətyanı sahədən artıq istifadə edilən torpaq sahəsi, yalnız həmin sahənin geri alınması mümkün olmadıqda, həmin şəxsin adına rəsmiləşdirilə bilər.
57. Başqa sözlə, bələdiyyə torpaqlarının özbaşına tutulmasına yol verilmir və həmin torpaqlar geri qaytarılmalıdır.
58. İşin hallarından isə görünür ki, iddiaçının zəbtində olan torpaq sahəsinin geri alınmasını qeyri-mümkün edən hər hansı hal mövcud olmamışdır.
59. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi qismən, torpağın zəbt olunması nəticəsində iddiaçıya dəymiş zərər olaraq 12400 manat tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən torpaq sahəsinə görə 307 manat tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.