Məhkəmə qərarları › İş №2(103)-5688/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5688/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5688/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-452/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Beləliklə qərardan görünür ki, İddiaçı 14 avqust 2021-ci il tarixdən 10 iyul 2023-cü il tarixədək, yəni 1 il 6 ay 24 gün İstintaq Təcridxanasında saxlanılmışdır. Sözügedən hökm Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin hökmü dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Polis İdarəsinin səhv və sui-istifadəsi nəticəsində 14 avqust 2021-ci il tarixdən 10 mart 2023-cü il tarixə kimi əsassız olaraq həbsdə saxlandığı üçün 1 il 7 ay müddətində həbsdə qanunsuz saxlandığı vaxtda ailə üzvlərinin çəkdikləri yemək və onların yol xərcləri üçün 10000 manat pulun, hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi, təxmini 1 il 7 ay üçün onun həbsdə saxlandığı müddətdə 19 ay x 840 = 15960 (on beş min doqquz yüz altmış) manat əmək haqqının, ümumilikdə ona vurulmuş 25960 (iyirmi beş min doqquz yüz altmış) manat maddi zərərin və 50000 (əlli min) manat mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-12/2023 nömrəli hökmü ilə (hakim Rövşən Xəlilov) xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətmkan tədbiri seçilmiş İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilmiş və o, təqsirsiz elan edilmiş, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmuş, İddiaçı barəsində seçilmiş həbs qətmkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-280/2023 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-12/2023 nömrəli hökmündən dövlət ittihamçısı X5 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, həmin hökm dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. Hökmdən də göründüyü kimi, həmçinin qanunvericiliyin tələbinə əsasən də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 62.1-ci maddəsinə uyğun olaraq İddiaçı izah edilmişdir ki, barəsində bəraət hökmü çıxarıldığından onun pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya izah edilmişdir. İddiaçı 14 avqust 2021-ci il tarixdən 10 mart 2023-cü il tarixə kimi əsassız olaraq həbsdə saxlanılmaqla ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, o, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və həbsdə saxlanılma müddəti ərzində ailə üzvlərinin onun üçün çəkdikləri yemək və yol xərcləri təxminən 10000 (on min) manat təşkil etmiş, iddiaçı həmin vaxt işləyə və ailə üzvlərini dolandıra biləcəyi halda, hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi, təxmini 1 il 7 ay üçün onun həbsdə saxlandığı müddətdə 19 ay x 840 = 15960 (on beş min doqquz yüz altmış) manat əmək haqqının, ümumilikdə ona vurulmuş 25960 (iyirmi beş min doqquz yüz altmış) manat əmək haqqında məhrum olmuşdur. Belə ki, Dövlət Statistika Komitəsi tərəfindən 2023-cü ilin yanvaroktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artırılaraq 840 manat olması müəyyən edilmişdir. Bundan başqa həbsdə saxlanıldığı müddətdə İddiaçı keçirdiyi iztirablar, etmədiyi əmələ görə qanunsuz olaraq məsuliyyətə cəlb edilərək öz yoldaşlarının yanında utanması, ailə üzvlərinin (həyat yoldaşı, oğlu, qızı) iztirablara məruz qoyması, rüsvay olması ilə əlaqədar iddiaçıya 50000 (əlli min) manat mənəvi zərər vurulmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-452/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin olunmuş və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçı X1 xeyrinə 18.800 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsi adlanan 77.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmış və əsassız olaraq Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində tanımışdır. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Digər tərəfdən qeyd edirik ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti orqanı” kimi Maliyyə Nazirliyi müəyyən olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olanAzərbaycan Respublikası Konstitusiyasının 68 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin, Konstitusiyanın 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 8.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İşdə iştirak edən şəxslər (iddiaçı və cavabdeh) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli Qərarı:

10. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:

20. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı:

21. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı:

22. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı:

23. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

28. Mülki işin metariallarından aydın olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilmiş və təqsirsiz elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Həmçinin, qeyd olunan hökmlə iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Sözügedən hökm Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin hökmü dəyişdirilmədən saxlanılmışdır.

29. Həbs qətimkan tədbiri tətbiq edildiyi müddət ərzində iddiaçı ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir.

30. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanı ağlabatan məbləğ olaraq 18.800 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur.

32. Apellyasiya şikayətində Maliyyə Nazirliyinin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınmasının əsassız olması barədə dəlilinə gəldikdə isə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

33. Həmçinin, apellyatorun növbəti dəlili olan büdcə vəsaitlərinin ayrılmaması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə isə kollegiya fərqli maddi və prosessual hüquqi əsaslar müəyyən etmir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

35. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnaməyə görə Maliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir.

36. Odur ki, apellyasiya şikayətində qeyd edilən dəlillər əsassızdır.

37. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-5688/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar