Məhkəmə qərarları › İş №2(103)-569/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-569/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-569/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2073/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 20 may 2018-ci il tarixdə tərəflər arasında yaşadıqları binanın həyətində mübahisə baş vermiş, mübahisə zamanı cavabdeh iddiaçını döyməklə ona xəsarət yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 1(101)-947/2018 saylı hökmü ilə cavabdehin əməlinə hüquqi qiymət verilmiş, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 315.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ümumilikdə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında mövcud olan 20 oktyabr 2018-ci il tarixli ərizədən görünür ki, iddiaçının cavabdehə qarşı hazırda və gələcəkdə heç bir şikayət, maddi tələb və mülki iddiası yoxdur və olmayacaq. İşdə olan Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, iddiaçı ikinci qrup əlillik almışdır, əsəb gərginlik tələb olunmayan işlərdə çalışa bilər. İddiaçı 20 may 2018 – 13 iyul 2018-ci il tarixləri arasında X5 əməliyyat olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci ilin əvvəlində iddiaçının səhhətində aldığı xəsarətdən sonra müəyyən dəyişikliklər olduğundan onun kəllə sümüyünün bir hissəsi xüsusi metalla əvəz olunmalı olmuş və iddiaçı 2022-ci ildə Moskva şəhərində ikinci dəfə əməliyyat olunmuşdur. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ikinci əməliyyatla bağlı çəkilmiş xərcləri tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən çəkilmiş əməliyyat xərcləri – 13.328 manat, iddiaçının əmək qabiliyyətini itirməsi və ömürlük əlil olması ilə bağlı 56.970 manat, vurulmuş mənəvi zərərə görə - 10.000 manat, hüquqi yardım xidməti ilə bağlı - 850 manat, vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat olmaqla ümumilikdə 81.348 manat və dövlət rüsumu üçün ödənilmiş - 335 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi, 1061-ci məhəllədə yerləşən yeni yaşayış binasında qonşu olmuşlar və onlar arasında həmin yaşayış binasının avtodayanacağında avtomobillərin parklanması ilə bağlı mübahisə olmuşdur. 20 may 2018-ci il tarixdə, saat 00:30 radələrində Cavabdeh İddiaçı yumruqla vurub yerə yıxmış, sonra isə yerdə yıxılmış vəziyyətdə olan iddiaçının baş nahiyəsindən təpiklə zərbə vurub ona başın sağ gicgah-təpə nahiyəsinin qançır-şişkinliyi və sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah-təpə sümüklərinin xətti sınığı, sol gicgah-təpə-alın paylarının səthində subdural hematoma, hər iki beyin yarımkürəsinin subaraxnodial qansızmaları, beyin toxumasının sağ təpə və hər iki gicgah paylarına qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt yaxınlıqda olan şəxslərin köməkliyi ilə İddiaçı xəstəxanaya çatdırılaraq həyatını xilas etmək mümkün olmuşdur. Cavabdehin ailə üzvləri tərəfindən İddiaçı xəstəxana və əməliyyat xərcləri ödənilmiş, aralarında olan qonşuluq münasibətlərinin düşmənçiliyə çevrilməməsi məqsədilə İddiaçı cavabdehlə barışdığını və ondan şikayətçi olmadığını bildirərərək məhkəməyə ərizə təqdim etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 1(101)-947/2018 saylı hökmü ilə Cavabdeh təqsirli bilinmiş və barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 2022-ci ilin əvvəlində İddiaçı baş gicgah sümüyündə çürümə prosesinin getdiyi məlum olmuşdur. Verilmiş analizlər və həkim müayinələri 2018-ci ildə baş vermiş yuxarıda qeyd olunan hadisə zamanı iddiaçının aldığı xəsarətin nəticəsi olaraq onun baş sümüyündə çürümə prosesinin getdiyi və təcili əməliyyat olunaraq kəllə sümüyünün bir hissəsi xüsusi metalla əvəz olunmalı olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Rusiya Federasiyasının Moskva şəhərinə gedərək üçüncü dəfə əməliyyata girmiş və onun baş sümüyünün bir hissəsi metalla əvəz olunmuşdur. Beləliklə, Cavabdeh tərəfindən 2018-ci ildə iddiaçıya qarşı törədilmiş cinayətin nəticəsində iddiaçı külli miqdarda maddi və mənəvi ziyanla qarşılaşmışdır. Cavabdehlə əlaqə saxlamağa çalışsalar da, bu, bir nəticə verməmiş, əlaqəyə cavabdehin atası çıxmışdır. Cavabdehin atası ilə görüş təşkil olunmuş və bütün çəkilmiş xərclərlə bağlı məlumat diqqətinə çatdırılmışdır. Cavabdehin atası tərəfindən heç bir köməklik göstərilə bilməyəcəyi bildirilmişdir. Qeyd olunan əməliyyat və işin məhkəmə müstəvisinə çıxarılması prosesi zamanı İddiaçı aşağıdakı xərcləri çəkmişdir. xx.xx.2022-ci il tarixdə Minsk şəhəri vasitəsi ilə iki nəfərlik Bakı-Moskva-Bakı aviabileti - 2054 manat, xx.xx.2022-ci il “Buta clinic”-də verilmiş “Covid-19" analizləri - 80 manat, Moskva şəhərində qalarkən yemək xərcləri - 9115 rubl - 215 manat, Moskva şəhərində daxili yol xərcləri, ümumilikdə - 4248 rubl - 100 manat, N.N.Burdenko adına Moskva Şəhər Xəstəxanasında əməliyyat xərci, ümumilikdə - 459000 rubl - 10805 manat, Xəstəxana tərəfindən verilmiş “Kəllə sümüyünün Titan metalla əvəz olunma 3d” sənədinin notariusda tərcümə və təsdiqi - 50 manat, 62 vərəq sənədlərin kserosurəti - 6,20 manat, Vəkilə etibarnamə verilməsi, notarial xidmət rüsumu - 18 manat, ümumilikdə - 13.328 manat, hüquqi yardım xərci - 850 manat, Vəkillə bağlanılmış müqavilə - 200 manat. Eyni zamanda, Cavabdeh tərəfindən 2018-ci ildə iddiaçıya qarşı törədilmiş cinayətin nəticəsində İddiaçı "ikinci dərəcəli əlillik” dərəcəsi almış, sağlamlıq imkanı məhdudlaşmış və ömürlük olaraq fiziki və mənəvi travmalarla əmək qabiliyyətini qismən itirmişdir. Nəticədə maddi və mənəvi zərərlə qarşılaşmışdır. İddiaçı 2018-ci ildə yazdığı ərizədə cavabdehdən şikayətçi olmayacağını bildirsə də, qeyd olunan hadisənin nəticəsinin davam etdiyi, iddiaçının sağlamlığında yeni problemlərin əmələ gəlməsini, əmək qabiliyyətini itirməsini, ömürlük əlillik statusunda qalmasını və yeni maddi zərərlə üzləşdiyini (gələcəkdə üzləşəcəyini) nəzərə alaraq mülki qaydada cavabdehə qarşı iddia qaldırmaq zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2073/2023 saylı, 22 sentyabr 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçının çəkdiyi əməliyyat xərci olaraq 13.328 (on üç min üç yüz iyirmi səkkiz) manat, mənəvi zərərə görə 1.000 (min) manat, hüquqi yardım xidməti ilə bağlı ödədiyi 850 (səkkiz yüz əlli) manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, İddiaçı ödədiyi 335 manat dövlət rüsumunun 271.35 (iki yüz yetmiş bir manat otuz beş qəpik) manatının iddiaçının özünə aid edilməsi, qalan 63.65 (altmış üç manat altmış beş qəpik) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 124.1-ci maddələri; Mülki Məcəllənin 21, 1096.1, 1118.1, 1119.1 və 1119.3-cü maddələri, “İnsan Hüquqlarının və X4 haqqında Konvensiya”nın 41-ci maddəsinə, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarı ilə əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında 2018-ci ildə baş vermiş dava nəticəsində iddiaçı xəsarət almış, 2018-ci ildə müəyyən əməliyyat və müalicələr alsa da, 2022-ci ildə ikinci dəfə əməliyyat keçirmək məcburiyyətində qalmışdır. İş üzrə keçirilmiş ekspertiza nəticəsində hadisələr arasında səbəbli əlaqənin olduğu müəyəyn edilmişdir. Məhkəmə cavabdeh tərəfin etirazının əsasını təşkil edən 20 oktyabr 2018-ci il tarixli notarial təsdiqli ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı ərizəni təqdim etdiyi zaman onun həmin dövrə olan vəziyyəti məqbul olduğundan və səhhətində hər hansı problem olmadığından ərizəni vermişdir. Belə ərizənin mövcudluğu sonradan iddiaçının səhhətində cavabdehin hərəkətləri nəticəsində aldığı xəsarətdən yaranmış fəsadın aradan qaldırılmasını tələb etmək hüququnu məhdudlaşdıra bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı notarial qaydada ərizəni təqdim etdikdən sonra ona verilmiş 51.000 manatı 2018-ci ildə xəstəxananın reanimasiya şöbəsində 33 gün ərzində qalması ilə bağlı yaranmış xəstəxana xərclərinə sərf etdiyini bildirmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehdən tutulacaq məbləğin miqdarını müəyyən edərkən qeyd etmişdir ki, iddia ərizəsində istinad olunan əməliyyatın keçirilməsi üçün sərf olunmuş 13.328 manat məbləğində vəsait tam olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinə əsasən 13.328 manat tələbə daxildir: xx.xx.2022-ci il tarixdə Minsk şəhəri vasitəsi ilə iki nəfərlik Bakı-Moskva- Bakı aviabileti - 2054 manat, xx.xx.2022-ci il “Buta clinic”-də verilmiş “Covid-19" analizləri - 80 manat, Moskva şəhərində qalarkən yemək xərcləri - 9115 rubl - 215 manat, Moskva şəhərində daxili yol xərcləri, ümumilikdə - 4248 rubl - 100 manat, N.N.Burdenko adına Moskva Şəhər Xəstəxanasında əməliyyat xərci, ümumilikdə - 459000 rubl - 10805 manat, Xəstəxana tərəfindən verilmiş “Kəllə sümüyünün Titan metalla əvəz olunma 3d” sənədinin notariusda tərcümə və təsdiqi - 50 manat, 62 vərəq sənədlərin kserosurəti - 6,20 manat (tələb olunan məbləğlər iş materiallarına əlavə edilmiş qəbzlər və digər sənədlərlə öz təsdiqini tapır). Məhkəmə iddia tələbinin iddiaçının əmək qabiliyyətini itirməsi və ömürlük əlil olması ilə bağlı tələb etdiyi 56.970 manat pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçının məhkəmədə verdiyi izahatlardan onun əlil olması səbəbindən heç bir yerə işə qəbul olunmaması, xəsarət almamışdan əvvəl informasiya texnologiyaları sahəsində çalışmasını, lakin xəsarət aldıqdan sonra çalışa bilmədiyini məhz ikinci dərəcəli əlil olduğuna görə onu işə qəbul etmədiklərini bildirsə də, məhkəmə istinad olunanları iddianın təmin olunması üçün yetərli hesab etmir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hər hansı şəxsin əlilliyinə görə işə qəbul edilməsindən imtina edilməsi qanunla qadağandır. İddiaçı aldığı xəsarətdən sonra işə götürülmədiyini qeyd etsə də, həqiqətən də harasa müraciət etməsi, oradan xəstəliyi ilə əlaqədar imtina alması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı tələb etdiyi məbləğin keçmiş dövrdə qazanması ilə bağlı hesablamalar apararaq bu məbləği tələb etmişdir. Lakin həqiqətən də iddiaçının istinad etdiyi məbləğlərin onun tərəfindən alınması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlardan əlavə məhkəmə hesab etmişdir ki, müasir dövrdə informasiya texnologiyalarının inkişaf etdiyi şəraitdə bu sahədə çalışan işçinin işsiz qalması ağlabatan deyil. Belə ki, istinad olunan sahədə fəaliyyət göstərən mütəxəssislərə tələbat çoxdur. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər dünya üzrə elan edilmiş pandemiya nəticəsində kütləvi qapanmalardan sonra əsasən fəaliyyətini evdən işləməklə həyata keçirmişlər. İddiaçının təqdim etdiyi ekspertizanın çıxarışdan da görünür ki, iddiaçının əsəb gərginliyi tələb olunmayan işlərdə çalışmasına icazə verilmişdir. Məhkəmə iddia tələbinin hüquqi yardım xidməti ilə bağlı ödənilmiş 850 manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat hissəsinə münasibətdə qeyd etmişdir ki, hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilir. Belə ki, Mülki-Prosessual Məcəlləsi məhkəmə məsrəflərinə dövlət rüsumu və işə baxılması ilə bağlı digər məsrəfləri aid etmişdir. Belə olan halda işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri ehtiva edir. İddiaçı məhkəməyə müraciət etmiş, bununla da əlavə xərc çəkmişdir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ikinci keçirdiyi əməliyyat nəticəsində iddiaçının kəllə sümüyünün bir hissəsinin xüsusi metalla əvəz olunması onun gündəlik həyatına təsir etməyə bilməz. Çünki dünyada mövcud olan vəziyyətdə insan adi alış-veriş mərkəzi, hava limanı və buna bənzər yerlərdən keçərkən metal dedektorlar onun başında olan xüsusi metal hissəyə reaksiya verərək həyəcan siqnalını işə salır, bu hal isə iddiaçının özünü narahat hiss etməsi üçün kifayətdir. Odur ki, belə hallar insan kütləsində ona əlavə marağın oyanmasına səbəbdir. İstinad olunanlara əsasən baş vermiş hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği 1.000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ikinci dəfə əməliyyat olunması zərurətinin aldığı xəsarətlə deyil, birinci dəfə keçirdiyi əməliyyatla əlaqədar olduğunu bildirmişdir. İddiaçı 2018-ci ildə xəstəxanada olduğu zaman cavabdeh tərəfindən ona dəymiş ziyan bütövlükdə ödənilmiş və bunun əvəzində iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə verərək cavabdehə qarşı hər hansı tələbinin olmadığını bildirmişdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, 20 may 2018-ci il tarixdə tərəflər arasında yaşadıqları binanın həyətində mübahisə baş vermiş, mübahisə zamanı cavabdeh iddiaçını döyməklə ona xəsarət yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 1(101)-947/2018 saylı hökmü ilə cavabdehin əməlinə hüquqi qiymət verilmiş, cavabdfeh AR Cinayət Məcəlləsinin 126.1 və 315.1 -cimaddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ümumilikdə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında mövcud olan 20 oktyabr 2018-ci il tarixli ərizədən görünür ki, iddiaçının cavabdehə qarşı hazırda və gələcəkdə heç bir şikayət, maddi tələb və mülki iddiası yoxdur və olmayacaq. İş materiallarında mövcud olan Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, iddiaçı ikinci qrup əlillik almışdır, əsəb gərginlik tələb olunmayan işlərdə çalışa bilər. İddiaçının ikinci dəfə əməliyyat olunmasının zəruri olmadığını, olsa da belə bunda cavabdehin təqsirinin olmadığını, 2018-ci il tarixdə keçirilmiş əməliyyatın qüsurlu icra edilməsi ilə əlaqədar olduğunu qeyd etmişlər. Apellyasiya şikayətində göstərdikləri bu hallar Xətai Rayon Məhkəməsinin nəzərinə çatdırsa da, məhkəmə fakta əsaslanmadan sadə mülahizələr əsasında iddiaçının iddiasını təmin etmişdir. Mülki iş üzrə cavabdeh tərəfindən sübut qismində verilmiş sənədlərə düzgün hüququ qiymət verilməmişdir, yalnız iddiaçının əsassız sübutlarına və sadə mülahizələri əsasında qətnamə çıxarılmışdır. Belə ki, qeyd olunan iş üzrə çıxarılmış qətnamə yalnış praktikanın formalaşmasına və bu tipli əsassız iddia tələblərinin çoxalmasına gətirib çıxara bilər. Həm prosessual həm də faktiki yanaşma baxımından araşdırma düzgün aparılmamaış, beləliklə də əsassız qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında 2018-ci ildə baş vermiş dava nəticəsində iddiaçı xəsarət almış, 2018-ci ildə xəsarətlə bağlı ağır ( beyin qapağı çıxarılmış) əməliyyat və müalicələr alsa da, 2022-ci ildə ikinci dəfə əməliyyat keçirmək məcburiyyətində qalmış və onun baş sümüyünün bir hissəsi metalla əvəz olunmuşdur. Hazırda iddiaçı Cavabdeh tərəfindən 2018-ci ildə iddiaçıya qarşı törədilmiş cinayətin nəticəsində onun külli miqdarda maddi və mənəvi ziyanla qarşılaşmasını əsas gətirərək cavabdehdən ümumilikdə - 81.348 manat tələb edir. Cavabdeh tərəf isə iddianın əsassız olmaqla rədd edilməli olmasını, iddiaçı 2018-ci ildə xəstəxanada olduğu zaman cavabdeh tərəfindən ona dəymiş ziyanın bütövlükdə ödənilməsi və bunun əvəzində iddiaçıya notarial qaydada təsdiq olunmuş ərizə verərək cavabdehə qarşı hər hansı tələbinin olmadığını bildirməsi ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayətində də eyni mövqedən çıxış edərək iddiaçının təkrar əməliyyat olunması zərurətinin aldığı xəsarətlə deyil, birinci dəfə keçirdiyi əməliyyatın qüsurlu olması ilə əlaqədar olmasını göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı 20 may 2018 - 13 iyul 2018-ci il tarixləri arasında X5 əməliyyat olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci ilin əvvəlində iddiaçının səhhətində aldığı xəsarətdən sonra müəyyən dəyişikliklər olduğundan onun kəllə sümüyünün bir hissəsinin xüsusi metalla əvəz olunması zərurəti yaranmış və iddiaçı 2022-ci ildə Moskva şəhərində ikinci dəfə əməliyyat olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına kömək göstərilməsi üçün işə mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru X8 izahatında bildirmişdir ki, iddiaçının səhhətində yaranan problem səhv icra edilmiş əməliyyat nəticəsində baş vermiş olsaydı, o, 2 ildən sonra yox, daha tez üzə çıxardı. İkinci əməliyyatın keçirilməsinin səbəbi 2018-ci ildə alımış xəsarətin nəticəsində baş verməsi istisna edilmir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ikinci dəfə əməliyyat keçirməsinə səbəb olan halları araşdırmaq məqsədilə iş üzrə təyin etdiyi ekspertiza ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli rəydən görünür ki, X5 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə ağır kəllə-beyin travması ilə hospitala daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Travmatik subdural qansızma. Epidural qansızma. Baş beynin travmatik ödemi. Kəllə tağının sınığı” diaqnozu təyin edilmiş və diaqnoza uyğun olaraq tibbi göstərişlə təcili olaraq üzərində “Sol tərəfli dekompressiv trepanasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Tibbi X1 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə mərkəzə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Solda alın-təpə-gicgah nahiyəsinin əməliyyatdan sonrakı deformasiyası və qüsuru. Solda alın-təpə-gicgah nahiyəsində sümük loskutunun rezorbsiyası” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində cərrahiyyə əməliyyatının icrasına göstəriş olmuş və xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Rezorbsiya olunmuş natamam sümük loskutunun çıxarılması. Solda alın-təpə-gicgah nahiyəsində nəhəng sümük qüsurunun fərdi titan implantı ilə eyni anlıq mikrocərrahi rekonstruksiyası qabaqcadan kompüter və stereolitoqrafık modelləşdirilmə ilə” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı onun almış olduğu travmanın ağırlığı ilə əlaqədar olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 2018-ci il tarixdə almış olduğu xəsarətlər nəticəsində yaranmış patologiyalar xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı ilə aradan qaldırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin araşdırılması ilə bağlı apellyatorun vəsatəti əsasında xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tibbi ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 tərəfindən xx.xx.2024-cü il tarixli 977/KEŞ saylı ekspert rəyi təqdim olunmuşdur. Ekspert rəyindən görünür ki, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Tibbi X1 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə mərkəzə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Solda alıntəpəgicgah nahiyəsinin əməliyyatdan sonrakı deformasiyası və qüsuru. Solda alın-təpəgicgah nahiyəsində sümük loskutunun rezorbsiyası” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində cərrahiyyə əməliyyatının icrasına göstəriş olmuş və xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Rezorbsiya olunmuş natamam sümük loskutunun çıxarılması. Solda alın-təpə-gicgah nahiyəsində nəhəng sümük qüsurunun fərdi titan implantı ilə eyni anlıq mikrocərrahi rekonstruksiyası qabaqcadan kompüter və stereolitoqrafık modelləşdirilmə ilə” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı onun almış olduğu travmanın ağırlığı ilə əlaqədar olmuşdur. X5 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə ağır kəllə-beyin travması ilə hospitala daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Travmatik subdural qansızma. Epidural qansızma. Baş beynin travmatik ödemi. Kəllə tağının sınığı” diaqnozu təyin edilmiş və diaqnoza uyğun olaraq tibbi göstərişlə təcili olaraq üzərində “Sol tərəfli dekompressiv trepanasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı X5 göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təkrar əməliyyat olunması zərurətinin aldığı xəsarətlə bağlı olduğundan birinci instansiya məhkəməsinin iddia tələbinin əməliyyatın keçirilməsi üçün sərf olunmuş 13.328 manat tutulması ilə bağlı nəticəsini qanuni və əsaslı sayır. Belə ki, əməliyyatın keçirilməsi tələb olunan məbləğin 13328 manat olması iş materiallarına əlavə edilmiş qəbzlər və digər sənədlərlə öz təsdiqini tapmışdır. Bunda əlavə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ikinci keçirdiyi əməliyyat nəticəsində iddiaçının kəllə sümüyünün bir hissəsinin xüsusi metalla əvəz olunmasının onun gündəlik həyatına təsir etməsini nəzərə alaraq mənəvi zərərin məbləğinin 1.000 manat məbləğində müəyyən olunmasına dair qənaəti ilə də razılaşır. Belə ki, iddiaçının başında olan xüsusi metal hissə ilə yaşaması, cəmiyyət arasına çıxarkən mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Bundan başqa, iddia tələbinin hüquqi yardım xidməti ilə bağlı ödənilmiş 850 manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat hissəsinə birinci instansiya məhkəməsinin verdiyi qiymətlə də kollegiya razılaşır. Belə ki, hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilir. Belə ki, Mülki-Prosessual Məcəlləsi məhkəmə məsrəflərinə dövlət rüsumu və işə baxılması ilə bağlı digər məsrəfləri aid etmişdir. Belə olan halda işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri ehtiva edir ki, işin materiallarından görünür ki, iddiaçı da məhkəməyə müraciət etmiş, bununla da əlavə xərc çəkmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatrorun iddiaçının ikinci dəfə əməliyyat olunması zərurətinin aldığı xəsarətlə deyil, birinci dəfə keçirdiyi əməliyyatın qüsurlu aparılması əlaqədar olması, iddiaçıya 2018-ci ildə xəstəxanada olduğu zaman cavabdeh tərəfindən ona dəymiş ziyan bütövlükdə ödənilməsi və bunun əvəzində iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə verərək cavabdehə qarşı hər hansı tələbinin olmadığını bildirməsi, buna görə də hazırkı iddianın cavabdehə münasibətdə əsassız olmasına dair dəlilləri hazırki qətnamənin ləğvi üçün əsas yaratmır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı üzərində xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı onun almış olduğu travmanın ağırlığı ilə əlaqədar olmasına dair ekspert rəyi mövcuddur. Belə olan halda iddiaçıya 2018-ci ildə xəstəxanada olduğu zaman cavabdeh tərəfindən ona dəymiş ziyan bütövlükdə ödənilməsi və bunun əvəzində iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə verərək cavabdehə qarşı hər hansı tələbinin olmadığını bildirməsi həmin dövr üçün əhəmiyyət kəsb edirdi. Belə ki, 20 oktyabr 2018-ci il tarixli notarial təsdiqli ərizəni təqdim etdiyi zaman iddiaçının həmin dövrə olan vəziyyəti məqbul olduğundan və səhhətində hər hansı problem olmadığından həmin ərizəni vermişdir. Belə ərizənin mövcudluğu sonradan iddiaçının səhhətində cavabdehin hərəkətləri nəticəsində aldığı xəsarətdən yaranmış fəsadın aradan qaldırılmasını tələb etmək hüququnu məhdudlaşdıra bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2073/2023 saylı, 22 sentyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar