Məhkəmə qərarları › İş №2(103)-5694/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5694/2021

28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5694/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh Uşaq Bağçası MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh X8 Məsuliyyətli Cəmiyyətinə qarşı sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X8 Məsuliyyətli Cəmiyyətindən 07.03.2017-ci il təvəllüdlü övladları X1 vurulmuş zərərin əvəzi olaraq 500 manatın və mənəvi zərərin əvəzi olaraq 2000 manatın, hüquqi yardıma görə ödənilmiş 300 manatın və 30 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-305/21) iddia qismən təmin edilərək Cavabdeh X8 Məsuliyyətli Cəmiyyətindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə maddi ziyanın əvəzi olaraq 500 (beş yüz) manatın, hüquqi yardıma görə 300 (üç yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh Uşaq Bağçası MMC ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar 07.03.2017-ci il təvəllüdlü X4 valideynləridirlər. İşdə olduqlarından, azyaşlı övladlarını həm iş yerlərinə, həm də evlərinə yaxın olan uşaq bağçalarından birinə qoymaq qərarına gəlmişlər. Bu məqsədlə bir neçə uşaq bağçasına baxdıqdan sonra, cavabdehin ünvan 1 ünvanında yerləşən "xxxx" X7 filialına müraciət etmişlər. Orada onları qarşılayan və özünü uşaq bağçasının administratoru kimi təqdim edən Güllü xanım onlara övladlarının bağçada olduğu müddətdə onun hərtərəfli inkişafı üçün bağçanın yüksək dərəcəli, peşəkar heyəti tərəfindən bütün zəruri tədbirlərin görüləcəyindən əlavə, övladlarının tam qayğı ilə əhatə olunacağını, bağçanın ərazisinin və sinif otaqlarının təhlükəsizlik kameraları ilə müşahidə altında olduğuna əmin etdiyindən, övladlarını həmin uşaq bağçasına qoymaq qərarına gəlmişlər. Bu məqsədlə cavabdehlə azyaşlının qanuni nümayəndəsi olaraq atası İddiaçı1 arasında 30.09.2020-ci il tarixdə "Azyaşlının məktəbəqədər hazırlığının təşkili haqqında müqavilə" bağladılar və o, müqavilənin imzaladıqdan sonra müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan 300 manat aylıq ödənişi cavabdehə verdi. Cavabdehdən müqavilənin bir nüsxəsini ona verməsini istəsə də, cavabdehin nümayəndəsi olan Güllü xanım bildirdi ki, müqavilənin surətini rəhbərlik imzalayaraq möhürlədikdən sonra onlara verəcəklər. 08.10.2020-ci il tarixdə, təxminən saat 12 radələrində, bağçadan azyaşlının anası İddiaçı2 zəng gəlmiş və bildirilmişdir ki, uşaq narahat olduğundan, başçaya gəlib, uşağı sakitləşdirsin. Azyaşlının anası təcili bağçaya getmiş və orada ona bildirmişlər ki, uşaq guya özü yıxılıb və ağrıyır. Uşağın anası olan İddiaçı2 iş yerinə yaxın olduğu üçün təcili uşağı işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hospitalına gətirmiş və hospitalda övladlarını rentgen etdikdən sonra, ona sağ bazu sümüyünün aşağı ümumi sınığı diaqnozu qoyularaq, ilkin tibbi yardım göstərilib, qoluna gips sarğısı qoymuşlar. Hadisənin hansı şəraitdə baş verməsini öyrənmək üçün cavabdehə müraciət edərək, müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərə baxdıqda məlum olmuşdur ki, otaqda cavabdehin iki əməkdaşının olmasına baxmayaraq, uşaqlar nəzarətsiz qalmış və bağçanın digər oğlan uşağı onların övladını itələyərək yerə yıxdıqdıqdan sonra, cavabdehin əməkdaşları övladlarına yaxınlaşmışdır. Bundan sonra, cavabdehlə aralarında olan müqaviləni ləğv edərək, ona ödədikləri 300 manatı geri almışlar. Buna baxmayaraq, dəfələrlə cavabdehə övladlarının sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün çəkdikləri xərclərin qarşılanması ilə bağlı müraciət etsələr də, cavabdeh bundan müxtəlif üsullarla yayınmışdır. Nazirlər Kabinetinin 17.01.1995-ci il tarixli 12 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasi Məktəbəqədər X2 Əsasnaməsi"nin 5-ci bəndinə görə, məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun tərbiyə-təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması üçün təhsil orqanları, valideynlər və ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Həmin Əsasnamənin "Tərbiyəçinin vəzifələri"ndən bəhs edən 47-ci bəndinə görə, uşaqların həyatını qorumaq, onların fiziki və ruhi sağlamlığını möhkəmləndirmək; uşaqlara qayğı göstərmək və onların emosional sağlamlığını təmin etmək; uşaqların bir-biri ilə əlaqələrini və münasibətlərini tənzimləmək; uşaqların məktəbə hazırlanmasını təmin etmək; uşaqlarda başqalarının hüquqlarına və böyüklərə hörmət hissi tərbiyə etmək və uşağın hərtərəfli inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq ailə ilə qarşılıqlı əlaqə saxlamaq Tərbiyəçinin vəzifələri kimi müəyyən edilmişdir. Övladlarının müalicəsini aparmaq üçün hazıradək onun sağlamlığının bərpa edilməsi (tibb müəssisələrində müayinə və alınan dərmanlar) nəticəsində dəymiş maddi zərər 500 manat civarındadır, mənəvi zərərə gəldikdə isə azyaşlı övladlarının cavabdehin məsuliyyətsizliyi nəticəsində almış olduğu xəsarətlərdən ağrılara düçar olması, ilk 10 gün müddətində dözülməz ağrılardan ümumiyyətlə gecə və gündüz ağlaması, hər dəfə həkim müayinəsi zamanı və ya ona iynə vurularkən stress keçirməsi, gecələr ağrılardan yata bilməməsindən onların da yuxusuz gecələr keçirmələri, bir valideyn olaraq onların da mənəvi sarsıntı iztirab keçirmələrinə səbəb olmuşdur. Bütün bunlara görə onlara dəymiş mənəvi zərəri 2000 manat qiymətləndirirlər. Birinci instansiya məhkəməsində Cavabdeh X8 Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıların iddia ərizəsində irəli sürdükləri dəlillərin heç bir əsası yoxdur. Belə ki, qeyd edilən müqavilənin bir nüsxəsi müqavilə bağlandıqdan və ödəniş həyata keçirildikdən sonra iddiaçılara verilmişdir. İddiaçılar öz iddia ərizələrində hadisənin baş verməsində cavabdehin təqsirinin və ya səhvinin nədən ibarət olması barədə heç bir dəlil irəli sürməmişlər və ya sürə də bilməzlər, çünlki onlar da tam aydın və dəqiq şəkildə hadisənin baş verdiyi gündən bilirdilər ki, burada uşaq bağçasının heç bir təqsiri və ya səhvi yoxdur, belə ki, həmin hadisə-uşaqların bir-birinə dəymələri, hər iki uşağın hərəkətdə olarkən bir birlərinə lazımi diqqət göstərməmələri və ehtiyatsızlıqları nəticəsində baş vermişdir. Hətta iddiaçılar öz qanunsuz və əsassız iddialarına hüquqi əsas yaratmaq üçün onların qızı ilə toqquşan körpə oğlan uşağına belə böhtan atmaqdan çəkinməmişlər. Onlarda olan və uşağın valideynlərdən birinin baxdığı videogörüntüdən də açıq-aşkar və heç bir şübhə, mübahisə doğurmayan şəkildə məlum olur ki, uşaqlar dərs bitdikdən sonra gəzintiyə çıxmaq üçün geyinməyə hazırlaşarkən ön tərəfinə (irəliyə) baxmadan (yan tərəfə baxaraq) sürətli addımlarla hərəkət etməkdə olan azyaşlı bir oğlan uşağı ilə iddiaçıların hərəkətdə olan qız övladı toqquşur (bir-birinə dəyirlər) və bu toqquşmanın təsirindən həmin qız uşağı öz müvazinətini saxlaya bilməyərək yan üstə yerə düşmüş və yerə düşərkən öz qolu öz bədəninin altında qalaraq zədələnmişdir. Hadisədən dərhal sonra həmin uşağa ilkin tibbi yardım, lazımi qayğı və diqqət göstərilmiş və bu barədə zədə alan qız uşağının valideyninə əlaqə saxlanılaraq müvafiq məlumat verilmişdir. Uşağın atası hadisə olan gün nahar fasiləsində bağçanın filialına gələrək və özünün AR Daxili İşlər Nazirliyinin Hospitalında həkim vəzifəsində işlədiyini və şəxsən videogörüntülərə baxmaq istədiyini bildirmiş və onun bu istəyi təmin edilərək bütün görüntülər ona göstərilmiş və o, video görüntülərə diqqətli şəkildə (həm yavaşladılmış, həm də normal hərəkət şəklində) və dəfələrlə baxmışdır. Uşağın atası videogörüntülərə baxdıqdan sonra filialın işçisinə bildirmişdir ki, o, belə başa düşür ki, bu uğursuz hadisə (hətta xalçalı yerdə bu cür uğursuz yıxılmaq və zədə almaq) onlarla olmalı imiş. Filialın işçisi həmin valideynə cavab olaraq bildirmişdir ki, “özünüz də videogörüntülərdən gördünüz ki, hadisədən əvvəl, istər hadisə zamanı, istərsə də hadisədən sonra işçilər tərəfindən hər hansı bir diqqətsizlik, laqeydlik və qayğıdan kənar hal yoxdur, sadəcə uşaqlar dərsdən sonra fasilə zamanı gəzintiyə çıxmaq üçün həyətə (yəni hava almaq saatına çıxan zaman) düşən zaman həmişə sevincək olurlar və onların ayaq üstə və hərəkətdə olması sırf o sevinc emosiyalarından dolayıdır və oğlan uşağı sevincək olaraq hərəkət edən zaman təsadüfən sizin qızınıza dəymişdir, burada hec kim onu itələmir, yıxmır, sadəcə olaraq digər uşağın ona dəyməsi nəticəsində sizin də qeyd etdiyiniz kimi uğursuz yıxılaraq müvazinətini itirir və bir növü uşağınız öz qolunun üzərinə düşür”. Həmin valideyn də cavab olaraq bildirmişdir ki, “mənim şəxsən sizə və bağçaya qarşı heç bir pritenziyam yoxdur.” Sonra həmin valideyn Aylanın daha dərslərə davam edə bilməyəcəyini və sabah, yəni hadisə günün səhərisi günü ananın yaxınlaşıb ödənişi götürəcəyini bildirmişdir və o, bağçadan mehriban və razı şəkildə xudahafızləşərək ayrılmışdır. Səhərisi gün digər valideyn (ana) deyil, məhz özü yaxınlaşıb uşağa görə ödənilən 300 manat məbləğində ödənişi geri almışdır. İddia ərizəsinin dəfələrlə cavabdehə övladlarının sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün çəkdikləri xərcləri qarşılanması ilə bağlı müraciət etməsi, cavabdehin bundan müxtəlif üsullarla yayınması” barədə “dəlili” də həqiqətə uyğun deyil. Hadisə olan gün uşağın atası bağçaya dair hər hansı bir pretenziyasının olmadığını bildirib, hər hansı bir xərcin qarşılanması barədə xahiş etmədən və tələb irəli sürmədən mehriban və razı şəkildə ayrılmışdır. Bağçanın işçiləri də bu düzgün və ədalətli davranışa və zədə alan şəxsin azyaşlı uşaq olduğuna görə, humanizm prinsipindən yanaşaraq ağılabatan, real və sübut olunan xərclərdə öz imkanları daxilində köməklik edə biləcəyləri və uşağa dair tibbi sənədləri təqdim etmələrini təkluf etmişdir. Uşağın anası bağçaya cəmi 115 manat məbləğində xərci özündə əks etdirən 4 ədəd qəbz təqdim etmişdir və bağçanın işçiləri həmin məbləğin ödənilə biləcəyini valideynlərin nəzərinə çatdırmışlar. Hətta həmin qəbzlərin bəzilərində ödənişin təyinatı belə göstərilməmişdir. Valideynlər unudurlar ki, uşaqlara, xüsusilə də azyaşlı uşaqlara görə dövlət tibb müəssisələrində göstərilən tibbi və digər yardım dövlət tərəfindən dövlətin hesabına həyata keçirilir, yəni valideynlərin heç bir əlavə xərc çəkmələri tələb olunmur və buna da zərurət yoxdur. İddiaçıların qeyd etdiklərinə əsasən həmin uşağın aldığı zədənin xarakterini, növünü və ağırlıq dərəcəsini alsalar da uşaqlar üçün nəzərdə tutulan istənilən dövlət tibb müəssisəsində dövlət tərəfindən dövlət hesabına asanlıqla həyata keçirilə bilər və bunun üçün də böyük məbləğli əlavə xərc də tələb olunmur. Hətta həmin tibbi yardım əksər özəl tibb müəssisələrində həyata keçirilsə belə göstərilən məbləğdən az məbləğdə həyata keçirilə bilər. İddia ilə bağlı mövqeyi ondan ibarətdir ki, iddiaçıların 07.03.2017-ci il təvəllüdlü övladları X4 08 oktyabr 2020-ci il tarixdə təxminən saat 11-12 radələrində Cavabdeh X5 Filialında dərs bitdikdən sonra bütün uşaqlar gəzintiyə çıxarılarkən digər uşağın ehtiyatsızlığından ona dəyməsi və hər ikisinin yerə yıxılması zamanı (baş verən təsadüfi hadisə zamanı) X1 vurulmuş zərərin baş verməsində cavabdehin heç bir təqsiri (səhvi) yoxdur və buna görə iddia tam rədd edilməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin qismən – mənəvi zərərin tutulmasının rədd olunması hissəsində dəyişdirilməsini, həmin hissədə iddianın təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi deliktin törədilməsi qənaətinə gəldiyi təqdirdə, qətnaməsində bir sıra qanunvericilik normalarına, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarlarına, “İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın müddəalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə istinad edərək, istinad etdiyi norma və presedentləri düzgün təfsir etməməsi nəticəsində mənəvi zərərin təmin edilməməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçıların hüquqlarının cavabdeh tərəfindən pozulduğunu göstərdiyi halda, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq cavabdehlərin hərəkətləri nəticəsində iddiaçılara mənəvi zərərin vurulmadığı qənaətinə gəlmişdir. Hazırkı işdə iddiaçıların övladlarının sağlamlığı pozulmuş və bunun nəticəsində iddiaçılar valideyn olaraq mənəvi sarsıntı keçirmişlər. İddiaçıların mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və onlar, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresslər, əzab vəəziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdırlar. Cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunmasını və iddianın tam şəkildə rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Məhkəmə iddia tələbini qismən təmin edərkən, təhsil və delikt ilə bağlı zərər haqqında maddi hüquq normalarına istinad etmiş, lakin cavabdeh və onun işçilərinin üzərinə düşən hansı vəzifələri vaxtında və tam icra etməməsi və hansı qanuna zidd əməllərə yol verməsi müəyyən və izah edilməmiş və müvafiq qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamış və mötəbər sübutların məcmusu ilə sübut edilməmişdir. Halbuki, cavabdeh tərəf öz işçiləri ilə birlikdə təhsil haqqında qanunvericiliyin bütün tələblərinə tam və vaxtında əməl etmişdir. Videogörüntüyə baxış keçirərkən iddiaçının hadisə zamanı və hadisədən sonra baş verən hallar barədə qeyd etdiyi bütün halların tam, qəti, açıq aşkar və mübahisəsiz şəkildə yalan olması müəyyən və sübut olunmuşdur. Əksinə həmin video görüntüdə hadisənin necə baş verməsi və hadisədən sonra cavabdehin əməkdaşlarının heç bir təqsirinin və səhvinin olmaması və onların öz üzərinə düşən vəzifələri tam və vaxtında yerinə yetirməsi açıq-aşkar və mübahisəsiz şəkildə müəyyən olunur. Bu hal cavabdeh tərəfin və onun işçilərinin iradəsindən və həmin halın baş verəcəyini əvvəlcədən müəyyən və müdaxilə etmək və qarşısını almaq imkanlarından asılı olmayaraq qəflətən və anidən baş verən bir hadisədirvə buna görə də hər hansı hüquq pozuntusundan və hüquqi məsuliyyətdən bəhs edilə bilməz. İddiaçı1 və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etmədiklərini bildirdilər. Cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi müəssisənin apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçıların apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Cavabdeh Uşaq Bağçası ilə İddiaçı1 arasında iddiaçıların övladı 07.03.2017-ci il təvəllüdlü X6 ilə əlaqədar olaraq 30 sentyabr 2020-ci il tarixli “Azyaşlının məktəbəqədər hazırlığının təşkili haqqında müqavilə” bağlanmışdır. 08.10.2020-ci il tarixdə təxminən saat 12 radələrində iddiaçıların övladı 07.03.2017-ci il təvəllüdlü X6 bağçada yıxılaraq xəsarət almış və tibb müəssisəsi tərəfindən uşağa “Bazu sümüyünün aşağı ucunun sınığı” diaqnozu qoyulmuşdur. İddiaçılar hadisə nəticəsində maddi və mənəvi zərərə məruz qaldıqlarını bildirərək hazırkı iddianı qaldırıblar. Onların tələbi cavabdehdən 07.03.2017-ci il təvəllüdlü övladları X1 vurulmuş zərərin əvəzi olaraq 500 manatın və mənəvi zərərin əvəzi olaraq 2000 manatın, hüquqi yardıma görə ödənilmiş 300 manatın və 30 manat dövlət rüsumunun tutulması barədədir. Cavabdeh iddianı etiraf etməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Hazırda iddiaçılar qətnaməni iddianın rədd olunan hissəsində, cavabdeh isə iddianın təmin olunan hissəsində mübahisələndirirlər. Məhkəmə kollegiyası buna görə də qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1117.1-ci maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, azyaşlının sağlamlığının bərpa edilməsi (tibb müəssisələrində müayinə və alınan dərmanlar) nəticəsində iddiaçılara dəymiş maddi zərər 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, 07.03.2017-ci il təvəllüdlü X1 ziyan məhz Cavabdeh X8 Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının səhlənkarlığı nəticəsində dəymişdir və ona görə də, həmin ziyanın aradan qaldırılması ilə bağlı iddiaçıların çəkmiş olduğu xərclər cavabdehdən onların xeyrinə tutulmalıdır. Cavabdeh iddianın təmin edilməyən hissəsini əsassız sayaraq bildirmişdir ki, uşaq bağçasının əməkdaşlarının hadisədə heç bir təqsirləri yoxdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, Nazirlər Kabinetinin 17.01.1995-ci il tarixli 12 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Məktəbəqədər X2 Əsasnaməsi"nin 5-ci bəndinə görə, məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun tərbiyə-təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması üçün təhsil orqanları, valideynlər və ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Həmin Əsasnamənin "Tərbiyəçinin vəzifələri"ndən bəhs edən 47-ci bəndinə görə uşaqların həyatını qorumaq, onların fiziki və ruhi sağlamlığını möhkəmləndirmək; uşaqlara qayğı göstərmək və onların emosional sağlamlığını təmin etmək; uşaqların bir-biri ilə əlaqələrini və münasibətlərini tənzimləmək; uşaqların məktəbə hazırlanmasını təmin etmək; uşaqlarda başqalarının hüquqlarına və böyüklərə hörmət hissi tərbiyə etmək və uşağın hərtərəfli inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq ailə ilə qarşılıqlı əlaqə saxlamaq Tərbiyəçinin vəzifələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddia sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi hissəsində sübuta yetirildiyindən əsaslı olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı ilə əsaslandıraraq qeyd etmişdir ki, iddiaçılar mənəvi zərərə görə cavabdehdən onların xeyrinə 2000 manat tutulması barədə tələb irəli sürsələr də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişlər, ona görə də həmin hissədə iddia əsaslı sayıla bilməz. İddiaçı tərəf apellyasiya şikayətində bununla razılaşmayaraq göstərmişdir ki, hadisə nəticəsində sarsıntı və iztirab keçirdiklərinə görə cavabdehdən mənəvi ziyan da tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini bu hissədə də əsaslı sayaraq qeyd edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi hallar mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərər vurulan maddi ziyanla mütənasib və ağlabatan olmalıdır. Hazırkı işdə vurulmuş maddi ziyanın həcmi və təmin olunması baxımından mənəvi zərər tutulmasına zərurət qalmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar