Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5699/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin əvəzinin ödənilkməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində cavabehdən göstərilən məbləğlər tələb olunub: 1) iddiaçıya aid olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48 kv.m təşkil edən fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsi, habelə fərdi yaşayış evinin yerləşdiyi 60 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən alınması ilə əlaqədar kompensasiya kimi 180.000 manat; 2) evdən məhrum edildikdən sonra kirayədə yaşamaq üçün çəkilmiş xərcin əvəzi kimi 4.800 manat; 3) mənəvi zərərin əvəzi kimi 20.000 manat. İddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etsə də sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında 20.08.2019-cu il tarixli, K/H-004 nömrəli müqavilə bağlanıb. Müqaviləyə görə həmin ünvandakı (iddia ərizəsində nəzərdə tutulan ünvandakı) mənzil söküləcək, yerində yeni yaşayış binasının tikintisi həyata keçiriləcək, sökülmüş mənzilin əvəzində iddiaçıya 1 otaqlı, 31 kv.m təmirsiz mənzil veriləcək. Müqavilədə qeyd olunub ki, iddiaçı kirayə haqqından imtina edir. İddiaçının qanunla müəyyən edilmiş qaydada göstərilən 3 hərəkətdən birini etmək imkanı var: 1) müqaviləni mübahisələndirmək; 2) müqavilənin ləğvini tələb etmək; 3) müqavilə öhdəliklərinin icrasını tələb etmək. Lakin iddiaçı bunların heç birini etməyib. Müqavilə öhdəlik yaradır, müqavilə qüvvədə olduğuna görə hazırkı iddianın təmin edilməsi Mülki Məcəllənin 425.1-ci maddəsinə görə mümkün deyil. Həmin maddədən görünür ki, tərəflərin hər biri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Apellyasiya icraatı zamanı barışıq sazişi təqdim edilmiş, habelə iddiaçı apellyasiya şikayətindən imtina etməsi barədə ərizə vermiş, lakin sonradan iddiaçı izahatında bildirmişdir ki, saziş və ərizə onun iradəsinə uyğun deyil, sazişin təsdiq edilməsinə, ərizənin isə qəbul edilməsinə etiraz edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5699/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5699/2021
13.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver