Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5699/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1164/2024 nömrəli, 23 iyul 2024cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1964-cü ildə Şəmkir rayonu Düyərli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Təqdim olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1218/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, X8 ilə X10 arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 05 mart 2019-cu il tarixli, 124 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X5 anası X6 yanında qalmasının müəyyən edilməsi, X2 xx.xx.2021-ci il tarixdən başlayaraq, 25.12. 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi, X2 xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X11 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir.
3. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh borclu olduğu 15000 (on beş min) ABŞ dollarının manata məzənnəsi ilə 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pulun, ödənilmiş 167,0 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun qızı X13 ilə Cavabdeh oğlu X3 19 fevral 2019-cu ildə toyları olmuş və rəsmi qaydada evlənmişlər. Bir il Bakı şəhərində yaşadıqdan sonra Cavabdeh gənc ailəni də götürərək Türkiyəyə getmək qərarına gəlmişdir. Türkiyəyə getməmişdən əvvəl ona bildirmişdir ki, uşaqlara Türkiyədə ev almaq istəyir. Bununla bağlı ondan 2019-cu ilin mart ayının axırında 15000 (on beş min) ABŞ dolları pul götürmüşdür. Qızını Türkiyəyə 16 iyul 2020-ci ildə aparmışdır. Orada yaşadıqları müddətdə ev alınması barədə müxtəlif zamanlar evdə söz-söhbətlər olmuşdur. 2021-ci ilin fevral ayının 20-də qızı yaş yarımlıq uşaqla geri, Bakıya qayıtmışdır. Ailə münasibətlərində yaranmış gərginliklə bağlı nikahın pozulması haqqında məhkəməyə müraciət olunmuş və 16 may 2021-ci il tarixdə nikah pozulmuşdur. Türkiyədə ev almaq barədə vəd isə yerinə yetirilməmişdir. Münasibətlər pozulduğundan o, ev almaq üçün aldığı 15000 (on beş min) ABŞ dollarını Cavabdeh tələb etmişdir. Pulu qaytaracağına söz versə də, bu günə kimi həmin məbləği ona qaytarmamışdır. Axır vaxtlar isə ümumiyyətlə həmin pulu qaytarmaqdan yayınmışdır. Pulun qaytarılması ilə əlaqədar Cavabdeh 04 mart 2024-cü il tarixdə poçt vasitəsi ilə pretenzıya (xəbərdarlıq) göndərmişdir. Cavabdeh pretenziyanı 06 mart 2024-cü il tarixdə şəxsən almağına baxmayaraq, bu günə onun göndərdiyi pretenziyaya heç bir cavab verməmiş və ona həmin məbləğdən bir manat belə pul ödəməmişdir. Pretenziyada 15 gün müdətində onun təklifinə cavab vermədiyi halda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini ona bildirmişdir. Cavabdehin ondan 15000 ABŞ dolları almasını təsdiq edən telefon danışıqları var. Həmin audio diskləri məhkəmə prosesi zamanı təqdim edəcək. Cavabdeh, dəfələrlə tələb etməsinə baxmayaraq, ondan ev almaq adı ilə aldığı pulu qaytarmaqdan yayınır. Bu səbəbdən də, o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bildirmişdir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu delikt) törədilmişdir.
6. Birinci instansiya məhkəməsində İddiaçı və onun nümayəndə və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etmişlər.
7. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, 2019-cu ildə onun oğlu ilə iddiaçının qızı ailə qurmuş, o, onlara möhtəşəm toy etmişdir. Həmin vaxt onun oğlu Kiprdə yaşayır və orada işləyirdi. İddiaçının qızı dedmişdir ki, o, İstanbulda yaşamaq istəyir. O, onlar üçün İstanbulda 3 otaqlı kirayə ev tutmuş və içini bəzəmişdir. İddiaçının qızı onun oğlu ilə ailə quranda ancaq qab-qacaq və yataq dəsti gətirmişdir. Onlar boşanandan sonra qızın gətirdiklərini ona təhvil vermiş və bu barədə video da var. İddiaçı ona ev almaq üçün pul verməyib və o da, iddiaçıdan pul istəməyib. 15000 dollara Türkiyədə ev yoxdur. Boşanmadan sonra iddiaçı uşağı onlara göstərməyərək demişdir ki, “pulu verin, uşağı göstərək”. İddiaçı ona ümumiyyətlə 15000 dollar pul verməyib. O, iddiaçının qızına 30000 dollarlıq qızıl vermişdir. İddiaçının pula ehtiyacı varsa, həmin qızılları satıb, pulunu götürsün. Həmin qızılların içərisində birgə nikah dövründə alınan qızıllar da olub, lakin o hamısını iddiaçının qızına vermişdir. Onun Türkiyədə ev almaq fikri də olmayıb, çünki orada ev bahadır. İddiaçının dedikləri hamısı şər və böhtandır. Ona görə də, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndə və vəkili Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Ona görə də, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1164/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia təmin edilmiş, Cavabdeh 15000 (on beş min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş 167 (yüz altmış yeddi) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiaərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 ABŞ dolları (25500 manat) pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilir ki, 19 fevral 2019-cu ildən Cavabdeh oğlu X8 ilə İddiaçı qızı X10 rəsmi nikaha daxil olmuşlar. Həmin məbləği İddiaçı guya təzə qurulan ailənin Türkiyədə ev alması üçün vermişdir. Lakin Türkiyədə vəd olunan ev alınmamış, onlar Azərbaycana qayıtmış və X8 ilə X6 arasındakı nikah 16 may 2021-ci ildə rəsmi qaydada pozulmuşdur. Guya bundan sonra İddiaçı dəfələrlə Cavabdeh zəng edərək verdiyi pulu geri istəmiş, lakin cavabdeh pulu qaytarmaqdan yayınmışdır və onların danışı telefonun yaddaşına yazılmışdır. Aradan 3 (üç) il müddət keçdikdən sonra İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən bu hal əsassız varlanma kimi qiymətləndirilmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının ciddi pozuntusu ilə qəbul edilmişdir. İddianın təmin olunması üçün məhkəmənin gətirdiyi əsaslar bunlardır. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş disk dinlənilərkən orada olan telefon danışıqlarından cavabdehin iddiaçıdan 15000 ABŞ dolları məbləğində pul aldığı, lakin həmin məbləği iddiaçıya qaytarmaqdan imtina etdiyi müəyyən olunmuşdur. Bu hal əsassız varlanma kimi qiymətləndirilməlidir. Təqdim olunan diskdə X9 həm İddiaçılə, həm də əvvəllər iddiaçının başqa işdə vəkili olmuş Lalə xanımla söhbətləri qeyd edilmişdir. Sübut kimi bunların hansına istinad edildiyi qeyd edilməmişdir. Həmçinin hər iki danışıqda Cavabdeh iddiaçıdan 15000 ABŞ dolları pul aldığını etiraf etməmişdir. Çünki belə hal olmayıb. Hətta məhkəmədə hakimin suallarını cavablandıran iddiaçı İsayev X4 Vəfa Vaqif qızının ondan heç vaxt pul istəmədiyini bildirmişdir. Belə olan halda iddianın təmin edilməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən konstitusiyanın tələbi pozuluib. İşə baxan məhkəmə yalnız iddiaçının mənafeyini əsassız olaraq müdafiə edib. Başqa işdə iddiaçının qızının vəkili olmuş şəxsin bu işdəki cavabdehlə telefon danışığından bu mübahisə üzrə işdə sübut kimi istifadə etməklə məhkəmə tərəfindən göstərilən qərarın tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən məhkəmənin gedişində verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməməsi və bunun üçün hüquqi əsasın olmaması barədə məhkəmənin gəldiyi nəticə tamamilə əsasssızdır. Qətnamə bu hal əsassız varlanma kimi göstərilirsə, həmin hala görə iddia müddəti müəyyənləşdirilibsə, iddia müddətinin tətbiqi barədə ərizə vaxtında verilibsə, həmin ərizənin təmin ediməməsi çox ciddi qanun pozuntusudur. Yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən baş verməyən bu hal əsassız varlanma kimi qiymətləndirilmişdir. Lakin cavabdehin iddia müddətinin keçməsi barədə verdiyi ərizəni təmin etməməklə məhkəmə tərəfindən göstərilən maddənin tələbləri bilərəkdən pozulmuşdur. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edilir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər (bəhanələr) həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qətnamə tamamilə əsassızdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələri icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edir ki, barəsində şikayət olunan Bakı şəhəri Səbail rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmiş və sonda tərəflər arasındakı münasibətlərə uyğun olmayan bir qətnamə qəbul etmişdir. Çox təəssüf ki, məhkəmə cavabdeh tərəfindən məhkəməyə istinad etdiyi halları sübut edə biləcək hər hansı bir sənədin təqdim edilməməsinə baxmayaraq bu hala düzgün qiymət verməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin qeyd edilən bu normalarına əməl edilməmişdir. Məhkəmə tərəfindən qətnamədə hallar və faktlarla bağlı gəlmiş olduğu nəticələr maddi hüquq normaları ilə əsaslandırılmamış və tamamilə əsassız və qanunsuz bir qətnamə qəbul edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnamə qətiyyən əsaslandırılmamışdır.
13. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə əlavə təqdim edərək apellyasiya şikayətinin təmin edilməsi və iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, bu iş üzrə iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsində tərəflərindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ümmiyyətlə araşdırılmamışdır. Məhkəmə qətnaməsində məhkəmə sadəcə olaraq iddia müddətinin tətbiqi barədə ərizənin hüquqi əsası olmadığı bir cümlə ilə qeyd edilmiş, lakin bu fikirini əsaslandırmamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1095-ci maddəsində göstərilir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hətta mübahisələndirilən pul məbləği cavabdehə verilmişdirsə belə, qanunun tələbindən göründüyü kimi, iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının qızı ilə cavabdehin oğlu arasında olan nikah 16 may 2021-ci ildə pozulmuşdur və iddia müddəti həmin vaxtdan hesablanmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz təqdim edərək Bakı şəhəri Səbail Rayon Mahkəməsinin 23 iyul 2024-cü il tarixli e-2(009)- 116412024 saylı qətnaməsinin dayişdirilmədən qüvvəsində saxlanılması və apellyasiya şikayətinin əsassız olduğundan tamin edilməməsi barədə qətnamə qabul edilməsini xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır ve Bakı şəhəri Səbail Rayon Məhkəməsinin faktlar nöqteyi-nəzarindən qanuni və əsaslı olan ve mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətində göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, məhkəmə iclasında da tədqiq olumuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin övladları ailə həyatı qurduqdan sonra onların gedib yaşadıqları Türkiyə Respublikasında ev alınmasına kömək məqsədi ilə iddiaçı 2019-cu ilin mart ayrnda cavabdehə 15000 ABŞ dollan pul vermişdir. Lakin, tərəflərin övladlarının ailə heyatı baş tutmadığından onlar arasında olan nikah 2021-ci ilin may ayında məhkəmə qaydasında pozulduğu va ev alınmadığı üçün iddiaçı cavabdehdən ona verilən 15000 ABŞ dollan pulun geri qaytarılmasını istəsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Məhkəməyə təqdim edilən diskdəki telefon danışıqlarından müəyyən olunur ki, cavabdeh iddiaçıdan 15000 ABŞ dolları pul almışdır, lakin həmin məbləği iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə qətnamədə cavabdehin hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə də düzgün qiymət verərək qeyd etmişdir ki, həmin ərizə bunun üçün hüquqi əsaslar olmaması səbəbindən təmin edilə bilməz. Məhkəmə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraza əlavə təqdim edərək göstərmişdir ki, cavabdeh tərəfindən verilmiş hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə, məhkəmə tərəfindən düzgün olaraq bunun üçün hüquqi əsaslar olmaması səbəbindən təmin edilməmişdir. İddiaçı tələbi pul tələbidir. Cavabdeh iddia müddətinin tətbiqi ile bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə istinad etmişdir. Lakin, həmin maddənin 1-ci cümləsini apellyasiya şikayətində göstərmiş, 2-ci cümləni isə göstərməmişdir. Belə ki, həmin maddədə göstərilir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bu halda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki qanunvericiliyə görə "Pul" tələbi üzrə iddia müddəti 3 ildir. Tərəflərin uşaqları arasında bağlanmış nikah Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və 17 iyun 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə qeydiyyatdan keçərək nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İddiaçı məhkəməyə "pul tələbinə dair" iddia ərizəsi ilə 06 may 2024-ci il tarixdə müraciət etmişdir. 3 illik iddia müddəti buraxılmamışdır. Məhkəmə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddia rədd olunmalıdır.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 əlavə olaraq bildirdi ki, iddiaçının tələbi pul tələbidir və həmin tələb üzrə iddia müddəti 3 ildir. İddiaçı tərəfindən 3 illlik iddia müddəti buraxılmamışdır. Ona görə də məhkəmə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
20. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlm əsi əsaslarından biridir.
21. Maddə 372.1 başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
23. Maddə 1091.1. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
26. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinəlyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1164/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
38. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
39. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəyə əsassız varlanmaya dair normaları tətbiq etməkdə və işdə olan sübutlara (iddiaçı tərəfindən təqdim olunmuş diskə) düzgün qiymət verərək tərəflər arasındakı telefon danışıqlarından cavabdehin iddiaçıdan 15000 ABŞ dolları pul aldığı, lakin həmin məbləği iddiaçıya geri qaytarmaqdan imtina etdiyi müəyyən etsə də Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə düzgün qiymət verməmiş, həmin ərizənin hüquqi əsası olmadığını qeyd edərək fikirini əsaslandırmağa çalışmışdır.
41. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
42. Məhkəmə kollegiyası hazırkı iddiaya sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, iddiaçı tələbinin faktiki əsası kimi telefon danışıqlarına istinad etmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli qərarında izah etmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
44. Kollegiya qeyd edir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün, məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: - birincisi, cavabdehin əmlak əldə etməsi; - ikincisi, həmin əmlakın iddiaçının əmlakı hesabına əldə olunması; - üçüncüsü, bu əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsas hesab olunur.
45. Hazırkı işin halları ilə qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olsa da kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.
46. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
47. Göründüyü kimi, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir.
48. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
49. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir.
51. Hazırki işin hallarından görünür ki, İddiaçı qızı X10 ilə Cavabdeh oğlu X8 05 mart 2019-cu il tarixdə rəsmi nikaha girmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1218/2021 nömrəli qətnaməsi ilə onlar arasında bağlanılmış nikah pozulmuşdur. İddiaçı tərəf apellyasiya şikayətinə etirazda hüququn pozulduğunu məhz qeyd edilən məhkəmə qətnaməsi qəbul edildiyi vaxtdan bildiyini, lakin tərəflər arasında mübahisənin pul tələbi olduğunu və həmin tələb üzrə iddia müddətinin 3 il olduğunu, hazırkı iddia ərizəsi ilə 06 may 2024-ci il tarixində məhkəməyə müraciət etdiyini bildirərək 3 illik iddia müddətinin buraxılmadığını qeyd etmişdir.
52. Kollegiya sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının qızı ilə cavabdehin oğlu arasında olan nikah məhkəmə qətnaməsi ilə 16 may 2021-ci ildə pozulduğundan, iddiaçı hüquqlarının pozulmasını həmin tarixdə bilib. Bundan sonra isə iddiaçı, 04 may 2024-cü il tarixdə hazırkı iddia ilə məhkəmə müraciət edib. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
53. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə dügün qiymət verməmiş və iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya yuxarıda qeyd edilən qənaətinə əsasən hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərflərin özlərinə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1164/2024 nömrəli, 23 iyul 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.