Məhkəmə qərarları › İş №2(103)-5708/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5708/2020

07.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5708/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi, Cavabdeh Məmmədov Emin Hidayət oğlunun nümayəndəsi və vəkili İbrahimov Qanqa Cavanşir oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2707/19 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Müslimova Dilbər Pərvaz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Müslimova Dilbər Pərvaz qızı cavabdeh Məmmədov Emin Hidayət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova Emin Hidayət oğlundan 120.000 manatın tutulmasını, həmin məbləğin cavabdehin mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1772 saylı bağ evi - 0,25 ha torpaq sahəsi və tikilisinə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2707/2019 saylı qətnaməsi ilə iddia tam rədd edilmişdir. Qətnamədən iddiaçı Müslimova Dilbər Pərvaz qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2707/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1772 saylı bağ evi- 0,25 ha torpaq sahəsi və tikilisi ilə birlikdə olan bağ evini Məmmədov Emin Hidayət oğlundan notariat qaydada bağlanmış xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə həmin bağ evinin boşaldılmasına dair iddiası təmin edilməmiş, bağ evinə dair bağlanmış yuxarıda göstərilən alqı-satqı müqaviləsi Məmmədova Firuza Rəşid qızının iddiası əsasında etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən, sonuncu qətnamə isə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Həmin müqavilə üzrə cavabdehə 50000 manat pul ödəmişdir. Həmin qətnamələr üzrə müəyyən edilmişdir ki, cavabdeh Emin Məmmədov ona 50000 manat borcludur. Eyni zamanda vurulmuş zərər 50000 manat təşkil edir. Belə ki, artıq 5 ilə yaxındır ki, Emin Məmmədov həmin pulu ona qaytarmır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11449/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Müslimova Dilbər Pərvaz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2707/19 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı Müslimova Dilbər Pərvaz qızı həmin qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1455/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1455/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı hesab edərkən tərəflər arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə yalan əqd olmaqla borc müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlanmasının müəyyən olunmasını, alqı-satqı nəticəsində iddiaçı tərəfindən cavabdeh Emin Məmmədova hər hansı məbləğdə pulun ödənilməməsini, iddiaçının isə cavabdehdən əslində alqı-satqı müqaviləsinə görə ödədiyi pulu deyil, borc müqaviləsinə görə ödədiyi pulu tələb etməsini əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşımır. İş materiallarından görünür ki, tərəflər arasında borc münasibəti mövcud olmuş və Emin Məmmədov iddiaçıya 55.000 manat məbləğində borcunun olmasını müqavilənin etibarsız hesab olunmasına dair işə baxılarkən verdiyi izahatında etiraf etmişdir. Emin Məmmədova görə o, borcu qaytara bilmədiyi üçün öhdəliklərinin təminatı kimi bağ evinə dair Dilbər Müslimova ilə alqı-satqı müqaviləsi bağlamışdır. D.Müslimova hazırkı iddia tələbində alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə əlaqədar cavabdeh Emin Məmmədova ödədiyi pul məbləğini tələb etmişdir. Göründüyü kimi Dilbər Müslimovanın hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi ödədiyi pul vəsaitinin ona qaytarılması ilə bağlıdır. Yəni hansı qaydada əsaslandırılmasından asılı olmayaraq iddianın qaldırılmasında əsas məqsəd pulun geri alınmasından ibarət olmuşdur. Həm alqı-satqı müqaviləsinin etibarsız sayılması, həm də pulun qaytarılmasından imtina olunması son nəticədə onu həm təminat vasitəsi kimi əldə etdiyi bağ evindən və həm də ödədiyi pulu geri almasından faktiki olaraq məhrum etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsi yalan əqd hesab edilərkən Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə müvafiq olaraq borc müqaviləsinə aid qaydalar tətbiq olunmamışdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Tərəflər arasında isə, işdən göründüyü kimi borc müqaviləsi bağlanmamışdır. Göstərilən vəziyyətdə Xəzər rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və həmin qətnamə ilə iddiaçı tərəfindən ödənilmiş pul məbləğinin ona qaytarılması təmin olunmamışdır. Hazırkı iş üzrə irəli sürdüyü iddia tələbi rədd olunduğundan iddiaçı yenə də cavabdehdə olan pul məbləğini geri ala bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbinin rədd olunmasını qanuni sayarkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etməmişdir. Kollegiya hesab edir ki, qətnamə pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasını təmin etməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Müslimova Dilbər Pərvaz qızının nümayəndəsi və vəkili Cavadov Cavad Yusif oğlu bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. İddianın rədd edilməsi barədə rayon məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir və apellyasiya şikayətində göstərilənləri izahat kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədov Emin Hidayət oğlunun nümayəndəsi və vəkili İbrahimov Qanqa Cavanşir oğlu bildirdi ki, apellyasiya şikayəti əsassızdır. İddianı da apellyasiya şikayətini də əsassız hesab edir və qətnamənin dəyişdirilməməsini xahiş edir. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı tam rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Məmmədov Emin Hidayət oğlu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1772 ünvanında yerləşən və mülkiyyətində olan 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən iki otaqlı, yaşayış sahəsi 25,9 kv.m, ümumi sahəsi 67,1 kv.m olan bağ evini alıcı Müslimova Dilbər Pərvaz qızına satmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(003)- 708/2016 saylı qətnaməsinə əsasən Məmmədov Emin Hidayət oğlu ilə Müslimova Dilbər Pərvaz qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(103)-2593/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-708/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Müslimova Dilbər Pərvaz qızına münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(102)- 5004/17 saylı qərarına əsasən isə iddiaçı Müslimova Dilbər Pərvaz qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 2593/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, müqavilə tərəfləri alqı-satqı müqaviləsini borc müqaviləsini pərdələmək məqsədi ilə bağlamışlar və Emin Məmmədovun müqavilə bağlandıqdan sonra ilk iddiaçıya ödədiyi vəsait alqısatqı müqaviləsi ilə pərdələnmiş borc müqaviləsi əsasında aldığı borcun geri qaytarılması üzrə ödənişlər olmuşdur. Həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1772 saylı bağ evinə dair Emin Məmmədovla Dilbər Müslimova arasında bağlanmış və Bakı şəhər 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi yalan əqddir. Göründüyü kimi, Müslimova Dilbər Pərvaz qızı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə Məmmədov Emin Hidayət oğluna hər hansı məbləğdə pul ödənilməmişdir. Tərəflər arasındakı alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan yalan əqddir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə ödənilmiş 50.000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. İddia tələbinin “cavabdehdən 50.000 manat əldən çıxmış fayda və 20.000 manat mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissələri ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də bu hissələrdə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunan hissələrdə iddia tələbi əsassız hesab edildiyindən iddia tələbi pul məbləğinin cavabdehin mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1772 saylı bağ evi - 0,25 ha torpaq sahəsi və tikilisinə yönəldilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi göstərilmiş, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə yoxlanılmalı, digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin 50000(əlli min) borc tələbi ilə bağlı hissəsinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin bu hissə üzrə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvvəla, işdən, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında borc münasibətlərinin mövcud olması təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya 55.000 manat borcunun olmasını Bakı şəhər Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-708/2016 saylı mülki iş üzrə verdiyi izahatında etiraf etmişdir. Həmin qətnamə ilə alqı-satqı müqaviləsini tərəflər borc müqaviləsini pərdələmək məqsədi ilə bağladıqları və Emin Məmmədovun müqavilə bağlandıqdan sonra iddiaçıya ödədiyi vəsait alqısatqı müqaviləsi ilə pərdələnmiş borc müqaviləsi əsasında aldığı borcun geri qaytarılması üzrə ödənişlər olduğu, buna görə də alqı-satqı müqaviləsinin yalan əqd olduğu, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə Məmmədov Emin Hidayət oğluna hər hansı məbləğdə pul ödənilmədiyi, alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan yalan əqd olduğu müəyyən edilmişdir. Lakin həmin iş üzrə məhkəmə Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə müvafiq olaraq borc müqaviləsinə aid qaydaları tətbiq etməmişdir. Hazırki iş üzrə də birinci instansiya məhkəməsi həmin qətnamədə müəyyən olunanlara əsaslanaraq iddia tələbinin 50000 manat borc hissəsini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, birinci instansiya məhkəməsi “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməmişdir. Belə ki, iddia ərizəsinin təsviri hissəsində iddiaçının “həmin müqavilə üzrə cavabdehə 50000 manat pul ödəmişəm” sözlərinin qeyd olunması iddianın bu hissəsinin rədd olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməli idi. Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaların rədd olunması isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin tələbin bu hissəsi üzrə gəldiyi nəticə ilə belə çıxır ki, iddiaçı həm evdən, həm də cavabdehin ona verməli olduğu 50000(əlli min) manatdan məhrum olmalıdır. Bu cür qənaət isə ədaləti təmin etmədiyi üçün hüququn ali məqsədinə də ziddir. Apellyasiya isntansiyası məhkəməsi iddia tələblərinin digər hissələri yəni “50.000 manat əldən çıxmış fayda və 20.000 manat mənəvi zərərin tutulması” hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi və iddianın o hissələrdə təmin edilməsi üçün əsas ola bilməz. Apellyasiya isntansiyası məhkəməsi həmçinin iddia tələbinin digər hissəsi olan “həmin məbləğin cavabdehin mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1772 saylı bağ evi - 0,25 ha torpaq sahəsi və tikilisinə yönəldilməsi” hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və hesab edir ki, şikayətin dəlilləri qətnamənin həmin hissədə də ləğv edilməsi və iddianın o hissəsdə təmin edilməsi üçün əsas ola bilməz. Çünki, qeyd olan torpaq sahəsinə və tikiliyə dair ipoteka müqaviləsi bağlanmamış, onalara dair iddiaçının xeyrinə ipoteka yüklülüyü olmamış, yəni ipoteka müqaviləsi bağlanaraq dövlət qeydiyyatına alınmamışdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı Müslimova Dilbər Pərvaz qızının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni 50000(əlli min) manat borcun alınmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməli, cavabdeh Məmmədov Emin Hidayət oğlundan 50000(əlli min) manat alınaraq iddiaçı Müslimova Dilbər Pərvaz qızına verilməli, qətnamə Müslimova Dilbər Pərvaz qızının apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Müslimova Dilbər Pərvaz qızının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2707/19 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni 50000(əlli min) manat borcun alınmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh Məmmədov Emin Hidayət oğlundan 50000(əlli min) manat alınaraq iddiaçı Müslimova Dilbər Pərvaz qızına verilsin. Qətnamə Müslimova Dilbər Pərvaz qızının apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar