Məhkəmə qərarları › İş №2(103)-5709/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5709/2022

04.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5709/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı cavabdeh X1rşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(006)-528/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 420174.22 rubl maddi ziyanın, 10000 manat mənəvi ziyanın, 147 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-528/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia qismən təmin olunmuş, cavabdeh X2 Azərbaycandakı nümayəndəliyindən 11862 rubl (maddi ziyan) məbləğində vəsaitin (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 147 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(006)-528/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır (apellyasiya şikayəti qanunla müəyyən olunmuş formada və qaydada verilmədiyindən, həmçinin prosessual müddət ötürüldüyündən). İddiaçı yenidən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(006)-528/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır (prosessual müddət ötürüldüyündən və rüsum ödənilmədiyindən). İddiaçı 02 iyun 2022-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(006)-528/2022 saylı qərardadı ilə ərizə təmin olunmuş, buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa olunmuş, mülki işin apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Apellyasiya şikayəti isə MPM-in yeni qüvvəyə minmiş normalarının digər tələblərinə cavab vermir. Apellyasiya şikayətində qısa olaraq qətnamənin iddiannı təmin olunmayan hissəsində əsassız olması qeyd edilmiş, lakin 2 saylı Əlavədə göstərilən bir çox zəruri hissələr ümumiyyətlə göstərilməmiş (maddi və prosessual hüquq normalarının pozulmasına dair konkret dəlillər və s.), birinci instansiya məhkəməsi isə şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, birinci instansiya məhkəməsinin özü də 19 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini məhz müvafiq formaya və qaydaya riayət olunmamasına görə qaytarmış, lakin sonradan verilmiş şikayətin də qanunvericiliyin müvafiq tələblərinə uyğun tərtib olunmamasına diqqət yetirməmiş, prosessual müddəti bərpa etməklə kifəyətlənmişdir. Qeyd edilməlidir ki, MPM-in 133.2 və 133.3-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda ərizəyə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş şikayət əlavə olunmalıdır. İddiaçı isə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericliklə müəyyən edilmiş prosessual müddətin barpası barədə ərizə versə də, qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti əlavə edilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh X1rşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 528/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar