Məhkəmə qərarları › İş №2(103)-5713/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5713/2023

10.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5713/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya açıq hərracda satılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı1, İddiaçı2 vəkili (nümayəndəsi) Vəkil2 Aflatun oğlunun, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçılar, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin (yeni qaydalarla: AZ1049, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 18) paylara uyğun olaraq naturada bölünməsi, evin naturada bölünməsi texniki cəhətdən mümkün olmadıqda isə evin açıq hərracda satılması və satışından əldə edilə biləcək pul məbləğinin iddiaçılar, cavabdeh və cavabdehin yetkinlik yaşına çatmayan övladlarının – X6 və X7 arasında paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh iddiaçıların mərhum qardaşı Həbib Mehdiyevin arvadıdır. Mübahisəli ev xüsusi və paylı mülkiyyət hüququ ilə 34/192 hissədə İddiaçı1, 66/192 hissədə İddiaçı2, 34/192 hissədə İddiaçı3, 8/192 hissədə cavabdeh Aynurə Mehdiyevaya, 25/192 hissədə cavabdehin övladı Ağabala Mehdiyevə və 25/192 hissədə cavabdehin övladı Cavabdeh məxsusdur. İddiaçıların qardaşı Həbib Mehdiyevin vəfatından sonra onların cavabdeh ilə münasibətləri tamamilə pozulmuşdur. Münasibətləri yoxdur. Vahid daşınmaz əmlak olan mübahisəli ev ilə bağlı hər hansı sərəncamın verilməsi üçün evin paylı mülkiyyətçilərinin razılığı tələb olunur, lakin iddiaçılar cavabdehdən razılığı ala bilmirlər. Cavabdehə etdikləri müraciət son nəticədə mübahisə ilə nəticələnir. Odur ki, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat

3. İddiaçı1 iddia tələbini müdafiə edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh onların təklif etdiyi 15.000 manat məbləğində kompensasiya ilə razılaşmır. O özü isə cavabdehin ona təklif etdiyi 11.000 manat kompensasiya ilə razılaşmır. Belə ki, onun payı cavabdehin payından daha çoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir.

4. İddiaçı3 iddia tələbini müdafiə edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, evin fotoşəkillərdən də müəyyən olunur ki, həmin ev yaşayış üçün demək olar ki yarasızdır. Cavabdeh onların təklif etdiyi 15.000 manat məbləğində kompensasiya ilə razılaşmır. O özü isə cavabdehin ona təklif etdiyi 11.000 manat kompensasiya ilə razılaşmır. Belə ki, onun payı cavabdehin payından daha çoxdur. Cavabdehin payı isə cüzidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir.

5. İddiaçı2 vəkili (nümayəndəsi) Vəkil2 eyni məzmunlu izahat verərək bildirmişdir ki, tərəflər arasında münasibətlər pozulmuşdur. Hal-hazırda iş üzrə aparılmış ekspertiza rəyinə əsasən evin naturada bölünməsi mümkün deyildir. Cavabdehin və övladlarının payı, iddiaçıların paylarına nisbətdə çox azdır. İş üzrə tərəflər biri digərindən kompensasiya alaraq evdəki paylarından imtina etməyə razıdırlar, lakin kompensasiyanın məbləği ilə razılaşa bilmirlər. Buna görə də daşınmaz əmlakın başqa qaydada bölünməsi mümkün olmadığından iddia ərizəsinin təmin olunmasını xahiş edir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, İ Qarabağ müharibəsinin qazisi və İİ-ci qrup əlil olan mərhum həyat yoldaşı Həbib Mehdiyev vəfat etdikdən sonra da o, qayınanasına hörmətini saxlamış və ona öz anası kimi münasibət göstərmişdir. Onun icazəsi olmadan evdən çıxmamış və heç bir işə onun xeyir-duası olmadan başlamamışdır. Buna baxmayaraq baldızları qayınanasının münasibətini cavabdehin uşaqlarına və cavabdehə qarşı dəyişdirmiş, qaynanası ona maddi tərəfdən heç bir köməklik etməmişdir. O, “Oriflame” şirkəti ilə əməkdaşlıq etmiş və mal götürüb satmağa başlamışdır. Sonradan o, aylıq gəlir əldə edərək övladlarını saxlamışdır. Daha sonra baldızı İddiaçı1 evə çıxarış alan kimi onu polisə vermiş və evdən çıxmağını tələb etmişdir. Onun həyat yoldaşı X11 uğrunda və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak etmiş, ayağından yaralanmış və ömürlük əlil olmuşdur. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyat yoldaşına müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. 548324 saylı arayışda göstərilmişdir ki, əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmasıdır. Hazırda mübahisələndirilən evin həyətyanı torpaq sahəsi vardır və həmin evdə qaynı tək və o, uşaqları ilə birlikdə yaşayır. Baldızlarının hərəsinin öz evi, ailəsi və təsərrüfatları vardır, onlar mübahisələndirilən evdə 30 ildir ki, yaşamırlar. Onların həmin evdə yaşamasına isə etiraz etmir. O iddiaçılara həmin evdən olan paylarına münasib olaraq 33.000 manat pul təklif edir, lakin iddiaçılar da buna razı deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Rayon Məhkəməsi tərəfindən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Rayon Məhkəməsi işə üçüncü şəxs Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılmasını, evin satışından əldə edilə biləcək pul vəsaitinin iddiaçılar, cavabdeh və cavabdehin övladları arasında onların paylarına mütənasib surətdə bölünməsini, iddianın qalan hissədə təmin olunmamasını qət etmişdir.

9. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən iddiaçıların payının naturada ayrılması və pul kompensasiyasının ödənilməsinin hazırkı mübahisəyə tətbiqinin mümkün olmadığı nəzərə alınaraq evin açıq hərracdan satılmalı və satışdan əldə edilmiş vəsait evin paylı mülkiyyətçiləri arasında bölünməlidir. d) apellyasiya şikayəti barədə məlumat

10. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl əmlakın naturada bölgüsü il əlaqədar cavabdehə müraciət edilməmişdir. Bundan başqa, yetkinlik yaşına çatmayan digər paylı mülkiyyətçilər və ya ən azından himayəçilik orqanı işin baxılmasına cəlb edilmədən uşaqların marağına toxunan məsəl məhkəmə tərəfindən həll edilmişdir. Bundan əlavə məhkəmə tərəfindən evin naturada bölgüsünün mümkün olub-olmamasının araşdırılması üçün iş üzrə ekspertiza təyin edilmiş, lakin evin yerləşdiyi torpaq sahəsinin mövcud faktiki vəziyyəti üzrə real olaraq naturada bölgüsünün mümkün olub-olmaması ilə bağlı ekspert qarşısında sual qoyulmamışdır. Qeyd edilənlərə əsasən, Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iddianın qismən təmin edilməsi barədə əsaslandırılmamış qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat

12. İşə apellyasiya qaydasında baxılan zaman mübahisəli evin digər paylı mülkiyyətçiləri, yəni cavabdehin yetkinlik yaşına çatmayan övladları X6 və X7 cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilməsi və həmin şəxslərin yetkinlik yaşına çatmaması nəzərə alınaraq onların qanuni nümayəndəsi kimi anaları olan hazırki iş üzrə cavabdehin çıxış etməsi qərara alınmışdır.

13. Özü cavabdeh olmaqla, yetkinlik yaşına çatmayan övladlarının qanuni nümayəndəsi olan cavabdeh və vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.

14. Apellyasiya baxışında iştirak edən İddiaçı1, İddiaçı2 vəkili (nümayəndəsi) və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər.

15. İş üzrə üçüncü şəxs olan Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti işə apellyasiya qaydasında baxılmanın iclaslarının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə RİH nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə bildirir ki, MPM-nin tələblərinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1.). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3.). Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir (maddə 387.2.4.).

17. Yuxarıda artıq qeyd edildiyi kimi iddiaçılar tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi paylı mülkiyyətdə olan mübahisəli evin naturada bölgüsü, naturada bölgü mümkün olmadığı təqdirdə isə, evin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pulun paylara uyğun bölünməsi barədədir. Rayon Məhkəməsi mübahisəli evin paylı mülkiyyətçilərindən olan cavabdehin 2 yetkinlik yaşına çatmayan övladlarının - Aynurə Mehdiyevanı və Ağabala Mehdiyevi mülki işin baxılmasına cəlb etmədən evin açıq hərracdan satılması barədə qətnamə qəbul etməklə onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir.

18. Məhkəmə hesab edir ki, bu hal baş verdiyindən apellyasiya şikayətinin bu barədə dəlili əsaslı hesab edilməli, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi birmənalı olaraq ləğv edilməli və işdə olan sübutlara əsasən işə mahiyyəti üzrə yenidən baxılmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

19. İşə mahiyyəti üzrə yenidən baxan Məhkəmə bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli fəri yaşayış evi 34/192 hissədə İddiaçı1, 66/192 hissədə İddiaçı2, 34/192 hissədə İddiaçı3, cavabdeh 8/192 hissədə Cavabdeh, 25/192 hissədə yetkinlik yaşına çatmamış X2 və 25/192 hissədə yetkinlik yaşına çatmamış X3 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/7329 nömrəli rəydən görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil.

21. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, mübahisəli ev yuxarıda qeyd edilən hissələr ilə iş üzrə tərəflərin paylı mülkiyyətindədir. Paylı mülkiyyətin mülkiyyətçiləri olan iş üzrə tərəflər ümumi əmlakın bölünməsi, ondan payın ayrılması üsulu və şərtləri, birinin digərinə kompenasasiya ödənilməsi ilə mülkiyyətə xitam verilməklə bağlı razılığa gələ bilmirlər. Bu səbəbdən də, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İş üzrə tərəflər arasında məhkəmə baxışları zamanı da, razılığın əldə edilməsi qeyri-mümkün olmuşdur.

22. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəllilərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13.). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29.).

23. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2.). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (maddə 213.3.). Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5.). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6.). Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər (maddə 221.).

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 220.6-cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

25. Qeyd edilən maddi hüquq normalarının mənasından və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən görünür ki, qanunvericilik paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasının üç qaydasını müəyyən edir: birinci qayda – payın naturada ayrılması; ikinci qayda – paya görə kompensasiya ödənilməsi; üçüncü qayda – əmlakın hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi.

26. Hazırkı işdən görünür ki, ilk növbədə, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Lakin ekspert rəyinə əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

27. Belə olan halda Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığından iddia həmin hissədə əsassızdır.

28. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi evin yerləşdiyi torpaq sahəsinin naturada bölgüsünün mümkün olub-olmamasının yoxlanılmalı olması barədə dəlili əsassızdır. Çünki “Daşınmaz əmlakın dövlət reyestrindən” mübahisəli fərdi yaşayış evinə dair verilmiş “Çıxarışından” görünür ki, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir.

29. Odur ki bunu nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və iş üzrə tərəflərə məxsus olmadığından apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsaslı hesab edilə bilməz.

30. Məhkəmə tərəfindən müəyyən edilir ki, evin paylı mülkiyyətçiləri arasında kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçılara payına mütənasib 33.000 manat pul kompensasiyası təklif etmiş, lakin iddiaçılar paylarının daha çox olmasına istinad edərək həmin kompensasiyanı qəbul etməmişlər. İddiaçılar isə cavabdehə 15.000 manat təklif etmiş, lakin cavabdeh həmin kompensasiyanı qəbul etməmişdir.

31. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş payın naturada ayrılması formalarının ardıcıllığını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıların payının ayrılmasının nə naturada, nə də pul kompensasiyası verilməsi yolu ilə təmin edilməsi mümkün olmadığı üçün paylı mülkiyyətdə olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin fərdi yaşayış evinin paylı mülkiyyətçiləri arasında bölünməsi tələbi əsaslı olduğu üçün təmin edilməlidir. g) Apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

32. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılması, evin satışından əldə edilə biləcək pul vəsaitinin iddiaçılar, cavabdeh və cavabdehin övladları arasında onların paylarına mütənasib surətdə bölünməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilməlidir.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və ya açıq hərracda satılması tələbi barədə” iddiası qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi (yeni qaydalarla: AZ1049, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 18) açıq hərracdan satılması üçün hərraca çıxarılsın və evin satışından əldə edilə biləcək pul vəsaiti evin paylı mülkiyyətçiləri arasında, yəni İddiaçı1 məxsus 34/192 hissədəki paya uyğun, İddiaçı2 məxsus 66/192 hissədəki paya uyğun, İddiaçı3 məxsus 34/192 hissədəki paya uyğun, Cavabdeh məxsus 8/192 hissədəki paya uyğun, cavabdehin yetkinlik yaşına çatmayan övladı X4 məxsus 25/192 hissədəki paya uyğun və cavabdehin yetkinlik yaşına çatmayan övladı X5 məxsus 25/192 hissədəki paya uyğun bölünsün və həmin şəxslərə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar