Məhkəmə qərarları › İş №2(103)-5715/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5715/2021

22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5715/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(006)-890/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 2000 (min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 30 manat, ümumilikdə 3030 (üç min otuz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus mağazadan 30 yanvar 2020-ci il tarixdə mobil telefon cihazı almışdır. Telefonda qüsurlar olduğunu bildirmiş və bu qüsurlar iddiaçı tərəfindən aradan qaldırılmışdır. Lakin, sonradan cavabdeh telefonun yenisi ilə əvəz olunmasını tələb etmişdir. Bu tələbinə rədd cavabı aldıqda Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsinin əməkdaşları hər hansı bir çağırış vərəqəsi və rəsmi məktub göndərmədən iddiaçıya məxsus mağazaya gələrək, işçiləri idarəyə aparmışlar. Sonradan iddiaçı da Xətai rayon Polis İdarəsinə gəlmiş, iddiaçı idarəyə gəldikdən sonra içşilər sərbəst buraxılmış, lakin iddiaçı gecəyə qədər idarədə saxlanılmışdır. Cavabdehin tələbi ilə polis əməkdaşları iddiaçıdan cavabdehə 1000 manat verilməsini bildirmişlər. Son nəticədə iddiaçı bütün gününü ac və susuz idarədə keçirdiyini görüb heç bir əsas olmadan cavabdehə 1000 manatı vermək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh ərizə yazaraq, telefonunun təmir olunduğunu və əlavə olaraq 1000 manat vəsait aldığını bildirmişdir. 04 avqust 2020-ci il tarxidə Xətai rayon Polis İdarəsinin müstəntiqi Elmin Abdullayev Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmadıqda) istinaq edərək, cinayət işinin başlanıimasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə şərh edilənlərdən də göründüyü kimi cavabdeh hər hansı bir hüquqi əsas olmadan telefonun təmirindən əlavə 1000 manat məbləğində pul vəsaiti almış və bununla da əsassız varlanmışdır. Qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirlər ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat pul tutulmalıdır. Bundan başqa iddiaçıya mənəvi ziyan da vurulmuşdur. Belə ki, cavabdehin şikayəti nəticəsində iddiaçı heç bir əsas olmadan bir gününü polis idarəsində ac və susuz keçirmişdir və cavabdehin bu hərəkəti iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş və nəticədə iddiaçı mənəvi sarsıntı, o cümlədən də fiziki iztirab keçirmişdir. Mənəvi zərərin məbləğinə gəlincə isə cavabdehin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirlər ki, iddiaçıya vurulmuş mənəvi zərərin 2.000 (iki min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatan olardı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(006)-890/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçıla cavabdeh arasında hər hansı bir müqavilə bağlanmasının təsdiq edən heç bir sübut yoxdur. Hətta iş materiallannda olan cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş yazılı etirazda göstərilmişdir ki, cavabdeh hazırki iş üzrə şahid qismində dindirilmiş X2 mobil telefon almış, iddiaçını əvvəllər tanımamış və ilk dəfə polis idarəsində görmüşdür. X4 adından tərtib edilmiş satış çeki də əlavə olunmuşdur. Belə olan halda məhkəmənin hansı əsasla iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olduğu qənaətinə gəlməsi anlaşılan deyildir. İş üzrə şahid qismində dindirilmiş Elnur Novruzov cavabdehə pul vəsaitinin iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi də qəbul etdiyi qətnamədə cavabdehə ödənilən 1000 manat vəsaitin məhz iddiaçı tərəfindən ödənilməsini müəyyən etmişdir. İşdə olan cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, cavabdeh telefonunun təmir etdirildiyinin və əlavə olaraq 1000 manat vəsait aldığını bildirmişdir. Birinci instansiya məhkəməsi 1000 manat vəsaiti cavabdehə vurulmuş zərər kimi qiymətləndirmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, telefon təmir edildiyi təqdirdə zərər aradan qalxmış olur və əlavə hər hansı bir pul məbləği ödənilməsinə ehtiyac qalmır. Digər tərəfdən zərərin məhz iddiaçı tərəfindən vurulmasına dair də işdə heç bir sübut mövcud deyildir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh “Alma store” mağazasından «Apple İphone 11 Pro 250 Gb» markalı mobil telefon almış və həmin telefonda qüsurlar olmuşdur. Belə ki, müştəri Cavabdeh aldığı «Apple İphone 11 Pro 250 Gb» markalı mobil telefon cihazının dinamikində problem olduğu, səsin aydın gəlmədiyi müəyyən edilmişdir. Cihaz açılıb yoxlanılmış, maye və zədə izi aşkar olunmamışdır. Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş 04.08.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək ona məxsus mobil telefonun təmir edilib özünə qaytarıldığını və əlavə olaraq ona 1.000 manat pul verildiyini bildirmiş və ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının irəli sürdüyü dəlillər, heç bir sübut növü ilə təstiq edilməməklə əsassız olduğundan və cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində sonuncunun əsassız varlanmasına istinad etsə də, iş materiallarından görünür ki, hazırkı mübahisənin əsasını Cavabdeh nasaz vəziyyətdə satılmış mobil telefonun təmir edilməsi və nasaz vəziyyətdə satılmış mobil telefona görə ödənilmiş 1000 manat kompensasiya məbləği təşkil edir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun əsassız varlanması halı iş materialları ilə müəyyən edilmir. Kollegiya hesab edir ki, iddia tələbinin məqsədi iddiaçının cavabdehə ödədiyi 1000 manat məbləğində pul vəsaitinin təyinatını təhrif edərək, cavabdehə münasibətdə üstün mövqe tutmaq və həmin pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini təşkil edir. Belə ki, iddiaçı 1000 manat məbləğində pul vəsaitini təzyiq və məcburiyyət qarşısınında cavabdehə verməsinə istinad etsə də, həmin halları sübut edə bilməmiş, polis əməkdaşları və cavabdeh tərəfindən ona təzyiq edilərək 1000 manat məbləğində pul vəsaitinin ondan zorla alınması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Kollegiya həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbini mənəvi ziyanın tutulması hissəsində təmin etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla apellyatorun mövqeyinə əsaslanır və birinci instasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, tərəflərin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(006)-890/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar