Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-572/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi, müalicə xərcinin ödənilməsi və mənəvi zərərə görə kompensasiya verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(002)-1739/21 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı “sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi zərərə görə kompensasiya verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 maddi ziyana görə 4000 manat, burunun yenidən əməliyyat edilməsi və sonrakı müalicənin davam etdirilməsi üçün 4000 manat, mənəvi ziyana görə 6000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 14030 manat tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin okyabr ayının sonlarında “Asmed” klinikasında kosmetoloq Cavabdeh yanında üzünə baxış etdirməyə getmiş və daha sonra söhbət əsasında burnunun ucunun nazik olmadığı üçün kompleksinin olduğunu bildirmişdir. Cavabdeh isə dolğu metodu vasitəsilə bu kompleksinin aradan qaldırılmasına köməklik edəcəyini bildirmişdir. Daha sonra iddiaçı 31.10.2019-cu il tarixində Cavabdeh ilə əlaqə saxlamış və dolğu üçün onun yanına getmişdir. Cavabdeh öz mənzilində saat 7-də iddiaçının burununa dolğu vurmuşdur. Həmin gün iddiaçının burununun uc hissəsi ağarmışdır. Buna rəğmən, cavabdeh onun burununda hər şeyin normal olduğunu bildirmişdir. Növbəti gün- noyabrın 1-i cavabdeh ağrılar barədə soruşduqda, iddiaçı çox ağrılarının olduğunu, burununun hədsiz şişdiyini, ən çoxda burununun kənarında alergiya kimi qızartının olduğunu və içində yanğı olduğunu demişdir. Cavabdeh yenə də bunun normal hal olduğunu bildirmişdir. Noyabrın 2-si iddiaçı danışıq zamanı yenə ağrıların çox olduğunu, göyərtilərin olduğunu, burununda iynə vurduğu yerdən kənarda alergiya kimi qızartılardan narahat olduğunu bildirsə də, cavabdeh hər zamankı kimi narahat olmamağı, göyərtilərin sinyak olduğunu, ağrılar üçün ağrıkəsici içməyi məsləhət görmüşdür. Noyabrın 3-ü günorta saatlarında iddiaçının burnunda ağ sızanaqlar əmələ gəlməyə başlamış və daha sonra ağartılar bir az da artmağa, çirk əmələ gəlməyə başlamışdır. Bundan sonra cavabdeh təcili iddiaçını evinə çağırmış və evində iynələr vurmuşdur. Növbəti gün-noyabrın 4-ü işdən cavabdeh iddiaçını X9 aparıb və çöldə gözləməyini istəmiş, içəri keçib həkimlərlə danışdıqdan sonra iddiaçını çağırmışdır. Həkimlər qorxu və həyəcan içində iddiaçını müayinə ediblər və iddiaçının burnuna iynələr vurmuşlar. Həkimlər prosesin çox irəlilədiyini, iddiaçının gecikdirilmiş şəkildə gətirildiyini bildirmişlər. İddiaçı həkim danışıqlarından iynənin yalmş vurulduğu üçün damarı tutub qanqreni olduğunu anlamışdır. İddiaçıya səhərlər X8, axşamlar isə Cavabdeh evində dolğu əridən iynələr vurulub. X6 müalicəni cavabdehin tövsiyəsi X12 həyata keçirib. Bütün bu müalicələr də öz təsirini göstərmir və iddiaçının ağrıları daha da dözülməz və ciddi olur, yara suluq bağlayıb. Cavabdeh yenə iddiaçıya narahat olmamağı, burununun əvvəlki vəziyyətinə qayıdacağı barədə vədlər vermişdir. Noyabr - dekabr ayları ərzində iddiaçı işdən dəfələrlə icazə almaq məcburiyyətində qalmışdır. Daha sonra, müalicə ərəfəsində ilk günlərində cavabdeh iddiaçı ilə X7, barokameranın isə sadəcə ilk günündə getmişdir. Bu vaxt ərzində iddiaçının burununun üstünü çirk qaysağlayıb qalmış, burun ucu çürümüş vəziyyət almışdır və burun damarları tutulduğu üçün burunda hissiyyat olmamışdır. 10-15 günə sagalacaq, 1-2 günə düşəcək deyilən yara (nekroz olumuş hissə), ay yarım sonra dekabrın 14-də düşmüş (qismən sağaldı) müalicə dayandırılmışdır və cavabdeh iddiaçıya dekabrdan (yeni ildən) sonra 2-3 lazer prosesiylə heç bir izin qalmayacağını sağlamlıq baxımından isə heç bir narahatçılığının olmayacağını qeyd edirmiş. Cavabdeh iddiaçıya dəfələrlə qısa müddətdə yaranın daha da yaxşılaşacağını bildirmişdir. Buna baxmayaraq, iddiaçı yaranın artıq aylarla sağalmamasında psixoloji sarsıntılar keçirmişdir. Yara (nekrozlaşmış hissə) iddiaçının burnundan düşəndən (sağalandan) sonra ortası çökək və deşik qalıb. Beləliklə, aylardır davam edən müalicələrin gözlə görünən nəticəsi olmaması iddiaçıda psixoloji gərginlik, ciddi ağrılar və iztirab hissləri yaratmışdır. İddiaçı cavabdehə daha uzun-uzadı müalicə prosesi keçmək istəmədiyini, yara və çapıq izlərinin götürülməsi üçün birdəfəlik əməliyyat olunmaq istədiyini bildirmişdir. Cavabdeh də iddiaçıya onunla eyni niyyətdə olduğunu bildirmişdir. Daha sonra qohumların tövsiyəsi ilə İddiaçı X13la əlaqə saxlayıb onun yanına konsultasiyaya getmişdir. Vüqar Fərhadov iddiaçıya əməliyyatla yaranın görünüşünü düzəldə biləcəyini, burun ucunu da bərpa edə biləcəyini, amma damarlara müdaxilə etməyəcəyini bildirib. İddiaçı burun damarlarının bərpa olunması üçün isə hələdə heç bir müalicə üsulu tapmamış, cavabdeh tərəf isə bununla bağlı məsuliyyəti üzərinə götürməyə heç bir səy göstərməmişdir. Bütün bu period ərzində iddiaçı dəfələrlə işlədiyi yerdən icazə almış və o cümlədən iddiaçı maddi itkilərə məruz qalmışdır. Cavabdehin təqsiri ucbatından iddiçıya dəyən maddi itkilər cavabdeh tərəfindən ödənilməmişdir. Bütün bunlara rəğmən, Cavabdeh iddiaçıya onun onsuzda burununa kompleksi olduğunu və estetik əməliyyat olunacağını düşündüyünü, bu əməliyyatın isə ona aid olmadığını bildirmişdir. (Yəni həkim Vüqar Fərhadov tərəfindən keçiriləcək əməliyyata görə maddi dəstək göstərməyəcəyini bildirmişdir). İddiaçı bildirir ki, cavabdehin bu ifadəsi çox gözlənilməz olmuşdur və iddiaçının gözləmədiyi bu danışıq, ona aylardır çəkdiyi əzab əziyyətin, tökdüyü göz yaşının, bütün yaşadığı psixoloji stresslərin sanki pik nöqtəsi idi. Bundan sonra, cavabdeh əməliyyat qəbul etmədiyini, hətta may ayında, payızda iynə müalicəsinə başlayacağını, narahat olma dediyi müalicənin isə ehtiyac olmadığını və prosesi lazer vasitəsilə bitirəcəyini demişdir. X13 isə lazer etməməyi tövsiyə edib və bunun səbəbi kimi lazerin burun ortasındakı dəri yığınını götürdüyü zaman burun mərkəzi çökəkliyə düşəcək olacağını və həmin zaman isə artıq əməliyyatla da nəticə əldə etməmək riski olduğunu vurğulamışdır. Bu əməliyyata üçün iddiaçının maddi İmkanı çatmadığından o, cavabdehə maddi cəhətdən köməklik etməsinə zərurət olduğunu bildirmişdir. İddiaçı və cavabdehin son danışıqlarında cavabdeh iddiaçıya qaçmadığını və cavan qız olduğu üçün müalicəni etdirdiyini dəfələrlə təkrarlamışdır. Ən son yazışmalarda iddiaçı əgər onun tapdığı həkimi istəmirsə, cavabdehin effektiv müalicəylə onun burununda cavabdehin zədələdiyi damarları, burun ucu hissiyyatının bərpa etməsini, görünüşünü bərpa edəcək və zəmanət verəcək həkimi tapmalı olduğunu və bunları həyata keçirməyəcəyi təqdirdə hüquqi yola baş vuracağını bilirmişdir. İddiaçının cavabdehə “whatsapp” vasitəsilə yazdığı bu mesajdan sonra, ümumiyyətlə cavabdeh bir daha iddiaçıya cavab verməmişdir. Cavabdeh öz əməli nəticəsində iddiaçıya maddi zərər vurmaqla bərabər, iddiaçının sağlamlığına, xarici görünüşünə, çəkdiyi şiddətli, dözülməz ağrıları və psixoloji gərginliklə müşahidə olunan mənəvi ziyan da vurmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(002)- 1739/21 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh iddiaçının sağlamlığının pozulması nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam hərtərəfli araşdırmamış verilən əsaslı vəsatəti təmin etmədən qətnamə qəbul etmişdir. Belə ki, sağlamlığa vurulmuş ziyanın müəyyən edilməsi üçün birinci instansiyada vəsatət (şifahi formada) verilmişdir ki, bir neçə özəl klinikalara sorğu göndərilsin ki, həmin klinikalarda bütün kosmetoloji prosedurların aparılmasının qiyməti necədir, bundan sonra ekspert qarşısında sual qoyulsun ki, iddiaçının burnunda yarnmış qüsurun aradan qaldırılması üçün konkret hansı prosedurlara ehtiyac var. Lakin məhkəmə məntiqli və əsaslı vəsatətləri təmin etməmiş, qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunmayan “burunun yenidən əməliyyat edilməsi və sonrakı müalicənin davam etdirilməsi üçün xərcin ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddia tələbinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş 13.11.2020-ci il tarixli, 459/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin surətindən görünür ki, 1991-ci il təvəllüdlü X3 məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, hal-hazırda onun burun nahiyəsinin uc hissəsində kosmetik olaraq çapıq toxumasının olduğu müəyyən edilmişdir. Aparılmış kosmetoloji prosedur zamanı həmin nahiyəyə yeridilmiş dolğu ilə əlaqədar orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq qeyri-adekvat reaksiya yaranmış və həmin nahiyədə nekrozlaşma prosesi baş vermişdir. Nekrozlaşmanın aradan qaldırılması ilə əlaqədar tibbi müdaxilələr aparılmış və nəticədə burun nahiyəsində çapıq toxumasının yaranmasına gətirib çıxartmışdır. Bununla əlaqədar hazırda kosmetik prosedurların aparılmasına ehtiyac vardır. Qeyd olunan çapıq toxuması İddiaçının səhhətinə hər hansı bir mənfi funksional təsir göstərmir. Kosmetoloji prosedurlara sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi eskpert komissiyasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02.03.2021-ci il tarixli, 261/KEŞ rəyinin surətindən görünür ki, İddiaçının məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, onun burun nahiyəsinin uc hissəsində müəyyən edilən çapıq toxumasının aradan qaldırılması ilə əlaqədar hazırda onun dermobraziya, PRP və digər kosmetik prosedurların aparılmasına ehtiyacı vardır. Kosmetoloji prosedurlara sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspertizasının komissiyasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan “Çöhrə” Estetik klinikasının 02 iyul 2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, vətəndaş İddiaçının burnunda yaranmış qüsurların aradan qaldırılması üçün gərəkli olan maddi texniki təminat hal-hazırda klinikada olmadığı qeyd edilmişdir. Apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 28 fevral 2022-ci il tarixli, 67/KEŞ saylı ekspert rəyinə əsasən, 1991-ci il təvəllüdlü X3 müətəxəssis müaəyinəsi zamanı hazırda onda burun nahiyəsinin uc hissəsində sola meyilli 2 sm uzunluğunda çapıq toxumasının və toxumanın altında toxuma atrofiyası ilə əlaqədar bu nayihədə çuxurun olduğu müəyyən edilmişdir, qeyd olunanların aradan qaldırılması üçün çapıq toxumasının altında bir neçə etaplı kök hüceyrə transverinə və bundan sonra çapığın lazer korreksiyasının icrasına ehtiyac vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 may 2022-ci il tarixli arayışdan görünür ki, X3 burununda yaranmış qüsurlarla bağlı verilmiş 05.03.2022-ci il tarixli, 834 saylı ekspertiza rəyinə əsasən müəyyən edilir ki, burunda yaranmış qüsurların aradan qaldırılması üçün çapıq toxumasının altında bir neçə etaplı kök hüceyrə transverinə və bundan sonra çapığın lazer korreksiyasının icrasına ehtiyac vardır. Kök hüceyrə transveri üçün xidmət haqqının qiyməti 2500 manat məbləğindədir, çapığın lazer korreksiyasının icrasının bir seansının qiyməti 100-120 manat arasında dəyişir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara əsasən hesab edir ki, iddiaçının burununda yaranmış qüsurlar məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. İddiaçının burun nahiyyəsində müəyyən edilən çapıq toxumasının aradan qaldırılması üçün kök hüceyrə kosmetik prosedurunun aparılması zərurətinin olduğu mütəxəssislər tərəfindən verilmiş sənədlərlə sübut edilir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddia tələbi “burunun yenidən əməliyyat edilməsi və sonrakı müalicənin davam etdirilməsi üçün xərcin ödənilməsi” hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Birinci instansiya məhkəməsi işin halları üzrə belə qənaətə gəlmişdir ki, hazırki mülki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona maddi ziyanın dəyməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçıya qeyd edilən məbləğdə maddi ziyanın vurulmasının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hisssəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın yuxarıda sadalanan hissələrində gəldiyi nəticələrlə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 6000 manat məbləğində mənəvi ziyan vurulduğunu bildirəsə də, məhz həmin məbləğdə mənəvi ziyan vurulması halına dair heç br mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin bununla belə kollegiya hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının sağlamlığının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulması halının işin mübahisəsiz halı olmasını, iddiaçının sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, başqa sözlə, burun nahiyəsinin görünüşündə baş vermiş dəyişiklik və bu dəyişikliyin onun xarici görkəminə təsirinin olması məhz onun mənəvi iztirab keçirməsinin əsas olmuşdur. Bu səbəbdən də vurulmuş mənəvi ziyanın məbləğinin 500 manat məbləğində müəyyən edilməsi ağlabatan məbləğ kimi qəbul edilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə iddianın təmin olunmayan “burnun yenidən əməliyyat edilməsi və sonrakı müalicənin davam etdirilməsi üçün xərcin ödənilməsi” hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh müalicə xərci olaraq 2500 manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(002)- 1739/2021 saylı qətnaməsi iddianın təmin olunmayan “burunun yenidən əməliyyat edilməsi və sonrakı müalicənin davam etdirilməsi üçün xərcin ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh müalicə xərci olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-572/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-572/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver