Məhkəmə qərarları › İş №2(103)-5728/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5728/2024

07.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5728/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2(009) 1902/2024 saylı qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2(009) 1902/2024 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsi və iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia tələbi eyni tərəflər arasında olsa da, eyni predmet barəsində deyildir. Hesab edirlər ki, mübahisəyə səbəb olan ünvan birdir və hakimin qəbul edilən qərardadlndakı mövqeyi də eyni ünvandan söhbət getdiyi əsaslara söykənir. Lakin iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh həmin ünvanda yerləşən tikilinin tam olaraq iddiaçı X2 aid olmadığını bildirir (özünə məxsus olduğunu iddia edir və fərdi yaşayış evinin müəyyən hissəsinə iddiaçının girişini özbaşına qadağan edib (faktiki hərəkətləri ilə). Bundan başqa iş üzrə cavabdeh iddiaçıya qarşı cəfəng iddia irəli sürərək 30.000 manat pul tələb edir (hazırda həmin tələb üzrə iş məhkəmənin icraatındadır, ekspertiza təyin edilməsi səbəbindən icraat dayandırılıb). Onun iddiası məhkəmə icraatına qəbul edildiyi halda hazırki iddianın qəbulundan imtinanı qəbuledilməz və ədalətsiz hesab edirlər. Cavabdeh iddiaçıya məxsus sahəyə özbaşına daxil olaraq qapını sındırır (polisin qərarında ətraflı qeyd edilib) oradakı bəzi tikililərin ona məxsus olduğunu israrla bildirir. Bundan əlavə hazırda həmin əraziyə tikinti materialları gətirərək, əlavə qanunsuz tikili işləri aparır. Baxmayaraq ki, qanunsuz tikililərin aparılmasına nəzarət gücləndirilmişdir. Lakin fövqəl qüvvə cavabdehin tikintisinin qarşının alınmasına maneə yaradır. Əslində çöl tərəfdən tikinti materiallarının gətirildiyi və içəri daşınması görünsə də, içəridə hansı konkret işlərin aparılması naməlumdur. (bununla əlaqədar video görüntülər var). İddiaçının iddiası 2014-cü il tarixli qətnaməsinə müvafiq eyni əsasla verilməmişdir. 2014-cü ilin qətnaməsi ilə evdən çıxarılma və mənzildəki əşyaların boşaldılması qət edilmişdir. Həmin qətnamənin evdən çıxarılma hissəsi icra edilmişdir. Əşyaların boşaldılması hissəsi icra edilməmişdir. Əşyalarının evdə qalmasından istifadə edən cavabdeh yenidən əraziyə 2024-cü il ərzində basqın etmiş və qarşısına çıxan sahənin ona məxsus olmasını, guya onun tərəfindən tikildiyini iddia edərək, əlavə olaraq ərazidə başqa tikililərin inşa edilməsinə başlamışdır. Halbuki cavabdeh 1990-cı iilər ərzində iddiaçının evinə qaçqın kimi gəlmiş və oradan çıxmaqdan imtina etmişdir. Onun ərazidə tikinti işləri aparması qanunsuz olmaqla yanaşı yolverilməzdir. Hazırki iddia üzrə tələbləri ilə 2014-cü ilin tələbindən ayrıdır. Belə ki, hazırki tələb “cavabdehin mənim yaşayış sahəmdən çıxarılması, mənə məxsus olan Bakı şəhəri, Səbail rayonu, 5-ci buxta küçəsi, ev 3, mənzil 8 ünvanını əhatə edən bütün sahədən cavabdeh (cavabdehin ailə üzvləri və qeyriləri) tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi, həmin yaşayış sahəsindən sərbəst istifadə etməyimə yaradılan bütün maneələrin aradan qaldırılması, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğin tutularaq mənə ödənilməsi, habelə 40 manat dövlət rüsumunun cavabdehə aid edilməsi”ndən ibarətdir. İddiaçının yaşayış sahəsi ünvan 1 ünvandan məhkəmə qətnaməsinə əsasən çıxarılsa da, 2024-cü ildə yenidən qapını sındırmaqla ərazini zəbt etmişdir, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, 5ci buxta küçəsi, ev 3, mənzil 8 ünvanını əhatə edən bütün sahədən cavabdeh (cavabdehin ailə üzvləri və qeyriləri) tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi-qeyd edilən ünvan üzrə bütün tikililər ona aiddir. Cavabdehin iddia etdiyi və yenidən zəbt etdiyi sahə maksimum 1980-cı ildə inşa edilmişdir. Cavabdehin bildirdiyi kimi ərazidə yeni tikililərin inşa etmək hüququ olmayıb. O səbəbə də hazırki iddia ilə onun müdaxiləsinin qadağan edilməsi, daha doğrusu hər hansı müdaxilənin məhkəmə qətnaməsi ilə qadağan edilməsi məhkəmədən xahiş edilir. Belə tələblə 2014cü ildə məhkəməyə müraciət edilməmişdir. “Həmin yaşayış sahəsindən sərbəst istifadə etməyimə yaradılan bütün maneələrin aradan qaldırılması” iddiaçı qeyd edilən ünvanda olan bütün yaşayış sahəsindən sərbəst istifadə etmək haqqına malikdir. Faktiki olaraq həmin qətnamənin çıxarılma hissəsi icra edilib, hazırda cavabdeh yaşayış sahəsinə müdaxilə edib, əlavə 2-3 kv. metr sahəsi olan qanunsuz tikililər inşa edıb. Həmin sahələrə iddia edir. Hesab edir ki, belə halda iddia icraata qəbul edilməli və məhkəmə araşdırması aparılmaqla iddiaçının hüquqları bərpa edilməlidir. Bundan başqa iddia tələbinin ilk hissəsi ilə bağlı məhkəməyə “iddia tələbinin həcminin azaldılması ilə bağlı” ərizə təqdim etmək niyyətindəyir. Yalnız tələbin çıxarılma ilə bağlı hissəsi 2014-cü ilin qətnaməsi ilə eynilik təşkil etmə kimi görünə bilər. Həmin tələb də cavabdehin təkrar mülkiyyətə müdaxilə edilməsi faktı ilə əlaqədar qeyd edilmişdir. Polisə müraciət etdikdə onlar bu mülki məsələdir orada həll edilməlidir kimi ifadələr bildirirlər. Həmçinin ləğv edilməsini xahiş etdiyi qərardadda qeyd edilmişdir ki, icraçı qətnaməni oktyabr noyabr aylarında tam icra edəcəkdir. Bu belə deyil, icraçı evdən çıxarılma barədə hissəsini icra etdiyni bildirir, sadəcə əşyaların sahibsiz kimi küçəyə atılacağına söz verib. Hazırda məhkəməyə təqdim edilən tələblərlə başqa hallar mübahisələndirilir. Həmin hissənin onun tərəfindən inşa edildiyini iddia edir, əlavə tikililər tikməklə məşğul olur. Məhkəmə iddiaçının qanuni hüquqlarının qorunması üçün tədbir görmür. İddiaya baxmaqdan imtina etməklə cavabdeh daha da qanunsuzluqlara əl atır. Cavabdehin oğlu gecələr əraziyə daxil olmaqla oradan iddiaçının evinin içinə tüstü buraxırlar. Müxtəlif təhdidlər edir. Hüquq mühafizə orqanı kimi polis də məsələnin mülki xarakter daşıdığını bildirir. Bu səbəbdən tələblərini müdafiə edirlər və cavabdehin müdaxiləsinin qadağan edilməsinin vacibliyini məhkəmənin diqqətinə çatdırırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e-2(009)- 1902/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçının nümayəndəsi-vəkili tərəfindən elektron qaydada məlumat daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia tələbləri üzrə icraatın davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsini nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsində cavabdehin onun yaşayış sahəsindəndən çıxarılmasını, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, 5-ci Buxta küçəsi, ev 3, mənzil 8 ünvanını əhatə edən bütün sahədən cavabdeh (cavabdehin ailə üzvləri və qeyriləri) tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsini, həmin yaşayış sahəsindən sərbəst istifadə etməyinə yaradılan bütün maneələrin aradan qaldırılmasını və s. tələb edir. Halbuki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03 iyul 2014-cü il tarixli, 2(009)-1706/2014 saylı qətnamədən görünür ki, həmin qətnamə ilə X1 iddiası təmin edilmiş və Cavabdeh, X7, X6, X8, X4 və X5 ünvan 2n çıxarılması, ünvan 2n Cavabdeh, X7, X6, X8, X4 və X9 məxsus əşyaların boşaldılması və Bakı şəhəri, Səbail rayonu, 5-ci Buxta küçəsi, ev 3, mənzil 8 ünvanının X2 təhvil verilməsi qət edilmişdir. Eyni zamanda məhkəmə bildirmişdir ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı icra şöbəsinə müraciət etmiş, icraçı isə qətanamənin oktyabr-noyabr aylarında tam icra ediləcəyini bildirmişdir. İddiaçıya izah olunmalıdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırki ərizənin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03 iyul 2014-cü il tarixli, 2(009)-1706/2014 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X1 iddiası təmin edilmiş və Cavabdeh, X7, X6, X8, X4 və X5 ünvan 2n çıxarılması, ünvan 2n Cavabdeh, X7, X6, X8, X4 və X9 məxsus əşyaların boşaldılması və Bakı şəhəri, Səbail rayonu, 5-ci Buxta küçəsi, ev 3, mənzil 8 ünvanının X2 təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi qeyd olunan iş üzrə iddia tələbi mənzildən çıxarılma, əşyaların boşaldılması və mənzilin təhvil verilməsindən ibarət olmuşdur. Hazırda isə iddiaçı cavabdehin həmin ünvandan çıxarılmasını tələb etməklə yanaşı - ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, 5-ci buxta küçəsi, ev 3, mənzil 8 ünvanını əhatə edən bütün sahədən cavabdeh (cavabdehin ailə üzvləri və qeyriləri) tərəfindən edilən müdaxilələrin dayandırılaraq qadağan edilməsi, həmin yaşayış sahəsindən sərbəst istifadə etməsinə yaradılan bütün maneələrin aradan qaldırılması, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğin tutulması xahiş etmişdir və qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus sahəyə özbaşına daxil olaraq qapını sındırır (polisin qərarında ətraflı qeyd edilib) oradakı bəzi tikililərin ona məxsus olduğunu israrla bildirir. Bundan əlavə hazırda həmin əraziyə tikinti materialları gətirərək, əlavə qanunsuz tikili işləri aparır. Göründüyü kimi hazırda iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb etməklə yanaşı mənizlə olan qanunsuz müdaxilələrin dayandırılmaqla qadağan edilməsi, mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması eləcə də mənəvi ziyanın tutulmasından ibarətdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etməsi düzgün olmamışdır. Çünki qeyd olunan normaya əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırda isə iddiaçının Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03 iyul 2014-cü il tarixli, 2(009)-1706/2014 saylı qətnaməsi ilə tələb edilmiş iddiasından əlavə tələblər də irəli sürülmüşdür ki, birinci instansiya məhkəməsi işə baxmaqla həmin tələblərə münasibət bildirməli idi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddia tələbinin - mənizlə olan qanunsuz müdaxilələrin dayandırılmaqla qadağan edilməsi, mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması eləcə də mənəvi ziyanın tutulması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etməklə prosessual normaların tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mülkiprosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2(009) 1902/2024 saylı qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397-398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli e-2(009) 1902/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş iddiaçı X1– Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və s.” barədə iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar