Məhkəmə qərarları › İş №2(103)-5732/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5732/2022

28.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5732/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı (Cavabdeh1 və Xəzər rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: qanunsuz zəbtin və tikilinin sökülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh3 və vəkili X11 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı (Cavabdeh1 və Xəzər rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz zəbtin və tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-115/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən 0,1156 ha bağ torpaq sahəsi xx.xx.2018-ci il tarixdə İddiaçı1 (bundan sonra - iddiaçı) adına qeydə alınmışdır. Torpaq sahəsinə giriş-çıxış sahənin eni 21,21 m olan şimal-qərb hissəsindən nəzərdə tutulmuşdur (mübahisəli torpaq sahəsinə əks tərəf).

2. İddiaçı həmin torpaq sahəsində (0,1156 ha) yaşayış evi inşa etmək üçün eskiz layihəsi hazırlatmış və həmin layihənin X5 də bağ sahəsinə giriş-çıxış yuxarıda qeyd olunan yerdə göstərilmişdir (c.2, i.v.39).

3. xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan 0,1156 ha torpaq sahəsinin giriş-çıxış yeri olan tərəfindən 0,0356 ha hissəsini X3 və beləliklə mülkiyyətində 0,08 ha torpaq sahəsi qalmışdır (xx.xx.2019-cu il tarixli çıxarış).

4. Bakı şəhər İcraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Çöl Şüvəlan bağlar sahəsindəki 190 nömrəli kooperativin 52 nömrəli orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 44r/55 nömrəli 0.12 ha torpaq sahəsi ayrılmışdır.

5. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh1 aid olan 44r/55 saylı torpaq sahəsi Cavabdeh3 istifadəsində olmuşdur.

6. Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl Şüvəlan bağ massivində Cavabdeh1 məxsus 44r/55 saylı bağ sahəsinin Bakı şəhəri Şüvəlan Bələdiyyəsi tərəfindən tərtib edilmiş sxemi təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında tikilən qanunsuz tikililərin (hasar və ev) sökülməsi və həmin ərazidə cavabdehlər və digər şəxslər tərəfindən tikinti işlərinin aparılmasının və torpağın zəbt olunmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, təxminən 2017-ci ildə Bakı şəhəri, Çöl Şüvəlanda 55 saylı bağ sahəsini almış və orada özünə bağ evi tikmişdir. Lakin bağ evi tikdikdən sonra ümumi istifadə olan yüksək gərginlikli elektrik xəttin və yolun mühafizə zonasına düşən torpağın yeganə giriş-çıxışı olan torpaq sahəsini Cavabdeh3 qanunsuz zəbt edərək hasarlamışdır. Bununla bağlı dəfələrlə Xəzər RPİ şikayət etmiş, sonra Xəzər Rayon Prokurorluğu tərəfindən ********* saylı cinayət işi başlanmışdır. Belə ki, Cavabdeh3 ona məxsus torpaq sahəsinin qarşısını zəbt edərək hasarlamışdır, yəni qanunsuz və özbaşınalıqla heç bir müvafiq icra hakimiyyətin razılığı olmadan ev tikməyə başlamış və yeganə giriş-çıxışı bağlayaraq ümumi istifadədə olan torpaq sahəsini zəbt etməklə torpaqdan istifadəni qeyri-mümkünsüz etmişdir. Sözügedən torpaq sahəsinin dörd bir tərəfi digər mülkiyyətçilərin torpaq sahələri ilə əhatə olduğundan, ona məxsus torpaq sahəsindən yeganə giriş-çıxışı yalnız Cavabdeh3 tərəfindən zəbt olunmuş torpaq sahəsindən keçərək mümkündür. Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi 55 saylı bağ sahəsinin planı və ölçülərindən də görünür ki, sağ və sol tərəfləri qonşularla, qabaq və arxası isə yol ilə sərhəddir. Həmçinin, bağ sahəsinin arxa hissəsindən 365 kv.m hissəsi 50 saylı notariat kontorunda 03 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi (reyestr nömrəsi 4Ə- 865) ilə X1.

9. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən evlərə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Cavabdeh3 istifadəsində olan torpaq sahəsinin sağ, sol və arxa tərəfi qonşu torpaq sahələri ilə əhatə olunmuşdur, torpaq sahəsində bir mərtəbəli yarımtikili ev vardır.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli 10/6382 saylı rəyindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin plan ölçü sənədinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemində iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi boş sahə kimi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi elektrik xəttindən 4.10 metr aralıda yerləşməklə, “gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Tədqiq edilən ünvanda cavabdeh tərəfindən inşa edilmiş tikiliyə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir.

11. “X9” MMC tərəfindən tərtib edilmiş 24 may 2022-ci il tarixli 55 saylı rəydən görünür ki, təqdim olunmuş sənədləri (çıxarışlar, torpaq sahələrinin planı və ölçüsü, eskiz layihəsi, bölgü sxemi, məhkəmə ekspertizası mərkəzinin ekspert rəyi və s.) və “Google Yer” proqramının ortofoto (müxtəlif illərdə aparılmış aerokosmik çəkilişlər) görüntüləri nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan ünvanında yerləşən, İddiaçı1 xüsusi mülkiyyətində olan 55 saylı 0.08 ha bağ torpaq sahəsinin giriş-çıxış yolunun bağ torpaq sahəsinin şimal-şərq tərəfdən (ortofoto görüntülərinə istinadən şimal-şərq tərəfdən yol istiqamətində hasara alınmış və tikinti aparılmış qonşu torpaq sahəsi mövcuddur) nəzərdə tutulduğu müəyyən edilir.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 may 2022-ci il tarixli 2(003)-115/2022 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında Cavabdeh3 və X8 tərəfindən tikilən tikililərin (hasar və ev) cavabdehlərin vəsaiti hesabına sökülməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin giriş-çıxış yolunun qarşısında tikinti işlərinin aparılması və torpağın zəbt olunmasının cavabdehlər və digər şəxslərə qadağan edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 55 saylı bağ sahəsinin qarşısında zəbt olunan torpaq sahəsi 110 kv-lıq yüksək gərginlikli elektrik xəttinin 37 və 38-ci işıq dirəklərinin mühafizə zonasına düşür. Mühafizə zonasında yaşayış sahəsinin tikilməsi, həmin elektrik xətləri və eləcə də həmin tikilidə yaşayacaq şəxslər, onların qonşuları üçün təhlükəlidir. Bundan başqa, zəbt olunan torpaq sahəsi ümumi istifadədə olan yolun darlaşmasına səbəb olmaqla, fövqaladə vəziyyətlə (yanğın, elektrik xəttinin qırılması, onun təmiri və s) mübarizənin qarşısını almağı qeyri-mümkün edəcək. Belə ki, Cavabdeh3 və İskəndərov Sərxan tərəfindən ümumi istifadədə olan yol sahəsi o qədər zəbt olunmuşdur ki, həmin ərazidən yanğın söndürmə avtomobillərinin keçməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydə iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, ekspertizanın rəyindən, torpaq sahələrinə dair çıxarışlardan, həmçinin “Google Earth” proqramı vasitəsi ilə torpaq sahəsinin müxtəlif illərdə (2017, 2018, 2019, 2020 və s) təqdim olunan ortofoto görüntülərindən görünür ki, cavabdehlər tərəfindən zəbt olunmuş sahə boş sahə olaraq nəzərdə tutulmuşdur.

14. İddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmışdır, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, cavabdehlər qanunvericiliyin tələblərini pozmaqla hasar və tikili inşa etmiş, iddiaçının öz əmlakına yeganə giriş-çıxış yolunu zəbt etmişlər. Bununla da iddiaçı öz əmlakına dair mülkiyyət hüququnu həyata keçirmək imkanından məhrum olmuşdur.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz qanuni mülkiyyətində olan evin yeganə girişçıxış yolunu zəbt edən tikilinin sökülməsini tələb etməyə haqlı olmuşdur.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin inşa edilməsinə cavabdehlərin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehlərin vəsaiti hesabına sökülməlidir.

17. Həmçinin, həmin ünvanda giriş-çıxış yolunda hər hansı tikilinin inşa olunmasının qanunsuz olduğu və tikililərin sökülməli olduğu müəyyən edildiyindən, həmin ərazidə tikinti işlərinin aparılması və torpağın zəbt olunması cavabdehlər və digər şəxslərə qadağan edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4 maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

19. Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin heç bir hissəsi onun və digər şəxlər tərəfindən zəbt olunmayıb. İddiaçının bağ sahəsinin əvvəldən onun istifadəsində olan bağ sahəsinə tərəf giriş-çıxışı olmamışdır. Qeyd olunan bağ sahəsini 1991-ci ildə Qızılgül adlı yaxınının adına almışdır və həmin dövrdən faktiki istifadə edir. Hələ 1986-cı ildə həmin torpaq sahəsi ona məxsus olub, sonra sənədləşməni yaxınının adına etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh həmçinin qeyd etdi ki, iddiaçı özünə məxsus torpaq sahəsinin 0,03 ha hissəsini formal olaraq satmışdır, əslində həmin sahə də cavabdehdədir, məqsədi isə yol adı ilə əks istiqamətdəki, yəni onun istifadəsində olan torpaq sahəsinə yiyələnmək olmuşdur.

23. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdehin zəbt etdiyi sahə texniki sənədlərdə boş sahə kimi göstərilmişdir, lakin həmin sahə, eləcə də yanındakı sahələr əsassız olaraq cavabdeh tərəfindən zəbt olunmuşdur.

24. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh1 birinci instansiya məhkəməsində ərizə ilə müraciət edərək, bildirmişdir ki, məhkəmə bildirişi ona göndərilsə də o, tərəfləri tanımır, hazırkı işlə heç bir əlaqəsi yoxdur. Əlavə edilmiş şəxsiyyət vəsiqəsindən də müəyyən edilir ki, məhkəmə bildirişləri göndərilmiş şəxsin təvəllüdü də hazırki mübahisədə adı çəkilən Cavabdeh1 ilə uyğunluq təşkil etmir.

25. Hazırki mübahisə üzrə iştirak etməli olan Cavabdeh1 isə məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır (yeri müəyyən olunmadığından).

26. Məhkəmə iclasının vaxtı və yeri barədə digər üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlmədiyəri üçün işə onun (nümayəndəsinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

30. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

38. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ümumi sahəsi 0,1156 ha olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsini almış, xx.xx.2018-ci il tarixdə isə həmin sahənin 0,0356 ha hissəsini X2.

39. İş materiallarında olan “Google Earth” proqramı vasitəsi ilə torpaq sahəsinin görüntülərindən, həmçinin ümumi sahəsi 0,1156 ha olan 55 saylı bağ torpaq sahəsinin X4 müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin giriş-çıxışı ilkin vəziyyətdə digər tərəfdən nəzərdə tutulmuş, daha sonra iddiaçı həmin giriş-çıxış tərəfdən torpaq sahəsinin 0,0356 ha hissəsini satmış və satdıqdan sonra giriş-çıxışı arxa tərəfdən açmaq istəmişdir, hazırki mübahisə də bununla bağlı yaranmışdır.

40. İddiaçının giriş-çıxışını açmaq istədiyi arxa tərəfdə isə sıra boyu qonşu bağ sahələri, o cümlədən cavabdehin faktiki istifadəsində olan sahə mövcuddur.

41. İddiaçı həmin sahələrin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, zəbt sahə olub-olmamasından asılı olmayaraq, həmin bağ sahələri başqa şəxslər tərəfindən faktiki istifadə olunan sahələrdir.

42. Kollegiyanın sorğusuna 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş cavab məktubu ilə 52 saylı orderin, ona aid sənədlərin, orderin verilməsinə əsas olmuş Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/625 nömrəli qərarından çıxarış, 190 nömrəli BTK-nın yerləşmə sxeminin təsdiq edilmiş surəti və sxematik xəritədən çıxarış təqdim edilmişdir.

43. 52 nömrəli orderdən görünür ki, Cavabdeh1 Bakı şəhər İcraiyyə Komitəsinin 16 oktyabr 1991-ci il tarixli 14/625 nömrəli qərarına əsasən Çöl Şüvəlan bağlar sahəsində 190 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 44r/55 nömrəli bağ ayrılmışdır.

44. Cavab məktubunda eyni zamanda göstərilmişdir ki, sözügedən bağ sahəsinə dair cizgi sənədlər toplusunda aşkar olunmamışdır.

45. Eyni zamanda 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi 190 nömrəli BTK-nın yerləşmə planında 55 saylı bağ sahəsi də əks olunmamışdır.

46. İddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)-1134/2010 saylı qətnaməsinin surətindən, X12, X10 adına olan orderlərin surətindən və həmin sənədlər üzrə verdiyi izahatdan belə aydın olur ki, iddiaçının mülkiyyətində olan 55 saylı bağ sahəsi və ona bitişik sahələr də vaxtı ilə Rafiq Gülümovun istifadəsində (zəbtində) olmuş və yalnız adıçəkilən qətnamə əsasında sonuncudan alınaraq sahiblərinin adına rəsmiləşdirilmiş və 55 saylı bağ sahəsi də daxil olmaqla hər üç torpaq sahəsi hazırki iş üzrə İddiaçı1 satılmış, sonuncu da iki torpaq sahəsinin başqa şəxslərə satmış, 55 saylı bağ sahəsini isə özünə saxlamışdır.

47. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin icraatında olmuş cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə məhkəmə torpaqşünaslıq ekspertiza keçirilmiş və ekspert rəyində göstərilmişdir ki, X6 naturada istifadəsində olan torpaq sahəsinin naturadakı sərhədləri yerində müəyyən edilmişdir, onun naturada istifadəsində olan torpaq sahəsinin hazırda İddiaçı1 faktiki istifadə etdiyi hasara alınmış torpaq sahəsinin qarşısında yerləşdiyi müəyyən edilir. X6 naturada istifadəsində olan torpaq sahəsi ilə İddiaçı1 faktiki istifadə etdiyi hasara alınmış torpaq sahəsinin üst-üstə düşmədiyi, İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Seriya RX ******* saylı Çıxarışla və həmin çıxarışa əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə ona məxsus olan ünvan 2 0,08 ha bağ sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilir.

48. Həmin vaxt Cavabdeh3 bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi qardaşının arvadı X7 orderlə ayrılmış bağ sahəsidir.

49. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh3 faktiki istifadə etdiyi torpaq sahəsi Esmiralda Gülümovaya məxsus olan torpaq sahəsidir.

50. Beləliklə müəyyən edilir ki, İddiaçı1 məxsus torpaq sahəsinin ilkin vəziyyətdə girişçıxışı sonradan satdığı hissədən olmuş, daha sonra həmin giriş-çıxış olan sahəni başqasına satmışdır, satılmış olsa da hazırda həmin sahə boş sahədir.

51. Arxa tərəfdən isə parallel xətt üzrə ayrı-ayrı şəxslərin istifadəsində olan bağ sahələri mövcuddur. Həmin bağ sahələrinin kimə məxsus olmasından və ya zəbt sahə olmasından asılı olmayaraq, iddiaçının arxa tərəfdən özünə giriş-çıxış üçün yol istəməsinə subyektiv hüququ yoxdur. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

53. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun məhz cavabdehin zəbt etdiyi iddia olunan sahədən olması müəyyən edilməmişdir. Əksinə, aparılmış araşdırma (cinayət işi üzrə) nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının yol kimi istifadəsinə verilməsini tələb etdiyi sahə Esmiralda Gülümovaya ayrılmış bağ sahəsidir.

54. Düzdür, cavabdeh istifadəsində olan sahənin gah Esmiralda Gülümovaya, gah da Cavabdeh1 ayrılmış bağ sahəsi kimi təqdim etmişdir, ancaq göstərilən xüsusat ümumi mənzərəni dəyişmir, çünki, kimə məxsus olmasından asılı olmayaraq, iddiaçının həmin sahədən giriş-çıxış yolu istməsi üçün subyektiv hüququ yoxdur. Görünən isə odur ki, iddiaçı özü də «giriş-çıxış yolu» adı ilə həmin sahəyə yiyələnmək niyyətini güdür. Bu nəticəyə gəlməyə əsas verən hal ondan ibarətdir ki, iddiaçının həmin ərazidə üç torpaq sahəsi olmuş, onlardan ikisini sataraq, 55 saylı sahəni özündə saxlamış, lakin həmin sahənin də məhz giriş-çıxış tərəfdən olan hissəsini (0,03 ha) satmışdır, yəni iddiaçı arxa tərəfdən yol tələb etmədən də özünə rahat giriş-çıxış yolu saxlaya bilərdi, ona görə də 0,03 ha torpaq sahəsinin satılmasının zəruriliyi də şübhə doğuran haldır.

55. “Google Earth” proqramı vasitəsi ilə müxtəlif illərdə təqdim olunan ortofoto görüntülərdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının bildirdiyi kimi yol olaraq boş sahə olmamışdır, həmin sıra boyu bağ sahələri mövcud olmuşdur, yol isə məhz həmin sahələrin qarşısından keçir. İddiaçının nümayəndəsi həmin bağ sahələrinin zəbt torpaq sahələri olmasını qeyd etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir.

56. Digər Cavabdeh2 qarşı yönəlmiş tələb isə formal xarakter daşıyır, sonuncunun hazırki mübahisəyə hər hansı aidiyyəti müəyyən edilməmişdir, ona görə də iddia ona münasibətdə də rədd edilməlidir.

57. Beləliklə, apelyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-115/2022 saylı iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı (Cavabdeh1 və Xəzər rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz zəbtin və tikilinin sökülməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar