Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5734/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən istifadə edilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(001)-5725/2024 saylı qərardadından İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən istifadə edilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(001)- 5725/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, məhkəməyə elektron qaydada daxil olmuş ərizəyə dövlət rüsumunun ödənilməsinin təsdiq edilməsi üçün ********** nömrəli qəbzin məlumatları əlavə edilmiş, “Elektron məhkəmə” informasiya sistemindən isə həmin qəbz üzrə rüsumdan hazırkı işdən əvvəl iki - e-2(001)-2578/2023 və e-2(001)-267/2024 saylı iş üzrə istifadə edildiyi müəyyən edilmişdir. Eyni qəbzin hansı əsaslarla üç iş üzrə istifadə olunması ərizənin məzmunundan aydın deyildir. Həmin qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(001)-5725/2024 saylı qərardadının əsassız olduğundan ləğv edilməsini, əks təqdirdə şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunmuş qəbz işin tarixçəsindən görünür ki, baxılmamış saxlanılmış ərizə ilə bağlı istifadə olunub. Belə olan halda həmin dövlət rüsumu iddiaçıya qaytarılmalı və iddiaçı tərəfindən yenidən ərizə verilən zaman istifadə oluna bilər. Həmçinin “Elektron məhkəmə” informasiya sistemi alqoritmləri elə qurulub ki, bir qəbz nömrəsindən bir neçə dəfə istifadə etmək olmur, sistem qəbul etmir, qəbzin artıq başqa iş üzrə istifadə olunması barədə məlumat verir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5725/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, şikayət verən şəxs özü də ilkin olaraq dövlət rüsumunun qaytarılmalı olmasını qəbul edir. Dövlət rüsumu konkret iş üzrə ödənilirsə və həmin işə hər hansı səbəbdən mahiyyəti üzrə baxılmırsa, rüsum məhkəmə tərəfindən qaytarılır. Belə olan halda iddiaçı ödənişi qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri alıb, məhkəməyə yenidən müraciət edildiyi təqdirdə dövlət rüsumunu təzədən ödəyərək, qəbzi ərizəyə əlavə etməlidir. Əks yanaşma dövlət rüsumlarının ödənilməsi sahəsində nəzarətsizliyə və sui-istifadələrə yol açmış olacaq. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Bu Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Göründüyü kimi mülki-prosessual qanunvericilikdə məhkəməyə daxil olan iddia ərizəsinin, dövlət rüsumunun lazımi qaydada və məbləğdə ödənilməməsi səbəbilə iddiaçıya geri qaytarılması nəzərdə tutulur. Həmçinin bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə və ya ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Mübahisələndirilən qərardaddan göründüyü kimi məhkəmə elektron qaydada daxil olmuş iddia ərizəsinin geri qaytarılmalı olmasını, həmin ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbzdən hazırkı işdən əvvəl iki - e-2(001)- 2578/2023 və e-2(001)-267/2024 saylı iş üzrə istifadə olunduğu ilə əlaqələndirmişdir. Məhkəmə həmçinin izah etmişdir ki, dövlət rüsumu konkret iş üzrə ödənilirsə və həmin işə hər hansı səbəbdən mahiyyəti üzrə baxılmırsa, rüsum məhkəmə tərəfindən qaytarılır. Belə olan halda iddiaçı ödənişi qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri alıb, məhkəməyə yenidən müraciət edildiyi təqdirdə təzədən ödəyərək, bu barədə qəbzi ərizəyə əlavə etməlidir. Halbuki məhkəmə, müvafiq qərardadlara əsaslanaraq işə mahiyyəti üzrə baxmayan hakim tərəfindən ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması haqqında məsələnin həll edilib-edilmədiyini, edilibsə rüsumun qaytarılması barədə icra vərəqəsinin verilibverilmədiyini, həmçinin icra vərəqəsi verildiyi təqdirdə icraya yönəldilib-yönəldilmədiyini araşdırmamışdır. Belə olan halda iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində əvvəlki işlər üzrə qeydə alınmış, lakin “məhkəmə xərcləri” istiqaməti üzrə istifadə edilməmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən istifadə etməklə yenidən müraciət etməsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən yolverilməz hesab edilməsi onun ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuş olar, bu da birinci instansiya məhkəməsinin sadalanan əsaslarla iddia ərizəsini geri qaytarmaqda haqlı olmadığına dəlalət edir. Nəzərə almaq lazımdır ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olmaqla, hər bir kəsin məhkəməyə çatımlıq, hüquq və azadlıqların məhkəmə qaydasında təminatına imkan hüququdur. Bu imkanın hər hansı formal əsaslarla məhdudlaşdırılması həmin hüququn əsassız pozuntusuna gətirib çıxarar, həm də məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaradar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5725/2024 saylı 2 sentyabr 2024-cü il tarixli qərardadı ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5725/2024 saylı 2 sentyabr 2024cü il tarixli qərardadı tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən istifadə edilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5734/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5734/2024
01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver