Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5735/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(003)-1892/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinə Cavabdeh və onun ailə üzvləri olan X5 və X1 istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh və onun ailə üzvləri olan X5 və X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 808 nömrəli reyestr kitabının 75369 nömrəli vərəqində qeydiyyat aparılaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinə "xxxx"KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2021ci il tarixli “Asan 1” vasitəsilə əldə olunmuş AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh ailə üzvləri olan X5 və X3 qeydiyyatdadır və bu şəxslərin həmin mənzildə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Qeyd olunan mənzildə hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh ailə üzvləri olan X5 və X3 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh ailə üzvləri olan X5 və X1 həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh ailə üzvləri olan Ruslan Məlikov və Hüseynağa Məlikovun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilində qeydiyyatda olması qeyri-qanunidir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinin mülkiyyətçisi "xxxx" KB ASCdir. Xəzər Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, cavabdehlərin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icra edilməlidir. İddiaçı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, o, hazırda əmlakın mülkiyyətçisi kimi maddi və prosessual hüquq normalarının tələblərinə tam riayət etməklə cavabdehlərin fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbi və bankın ipoteka saxlayan kimi (həmin zaman mülkiyyətçi başqa şəxs idi) müraciət etdiyi zaman qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamədə adları qeyd olunmayan digər şəxslərin mənzildən çıxarılması tələbi ilə müraciət etmişdir. Yəni, cavabdehlərin mənzildən çıxarılması tələbi ilə onların mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi eyni anlayış deyil, bunlar tamamilə fərqli tələblərdir. Belə ki, cavabdehlərin mənzildən çıxarılması tələbində-həmin şəxslərin fiziki olaraq mənzildən çıxarılmaqla, mənzilin boşaldılmasından bəhs olunduğu halda, istifadə hüququna xitam verilməsi tələbində isə cavabdehlərin mənzilə olan hüququna xitam verilməsindən bəhs olunur. Yəni, cavabdehlərin mənzildən çıxarılması o demək deyil ki, onların fərdi yaşayış evinə olan hüquqlarına xitam verilib. Çünki yeni mülkiyyətçinin həmin əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirə bilməsi həmin cavabdehlərin iradəsindən (yazılı ərizəsi və s. tələb olunacaq) asılı olacaqdır. Həmçinin, bank əvvəl ipoteka saxlayan qismində iddia qaldırmışdırsa, hazırki iddianı mülkiyyətçi kimi qaldırmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verməsi iddiaçı bankın mülkiyyət hüququndan-sahiblik, istifadə və sərəncam hüquqlarından istifadə etməsini mümkünsüz edir. Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli saylı qərardadı ilə iddiaçı şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmilşdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Digər tərəfdən iddiaçı cavabdehin istifadə hüquqlarının itirilməsini tələb etsə də, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar da mövcud deyildir. Belə olan halda kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyd olunan hissəsi üzrə işə Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddia tələbinin cavabdeh və onun ailə üzvlərinin mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması hissəsinə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1845/18 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-347/17 saylı, 16 may 2017-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X4, X2 müştərək qaydada iddiaçının xeyrinə əsas kredit borcuna görə 54953,75 ABŞ dolları, faiz borcuna görə 16182,96 ABŞ dolları, cərimə borcuna görə 1000 ABŞ dolları, cəmi 72136,71 ABŞ dollarının, 30 manat dövlət rüsumunun, 30 manat bildirişin qeydə alınması ilə bağlı dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus yuxarıda qeyd olunan mənzilə yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, tutma yönəldikdən və satıldıqdan sonra onun ən geci 1 ay ərzində cavabdeh Mətləb Məlikov və Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2017-ci tarixli qətnaməsi ilə cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1845/18 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2017-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh qız və qeyrilərinə qarşı kredit borcunun tutulması, borcun ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 4 saylı evin 45 saylı mənzilinə yönəldilməsi, onun açıq hərracda satılması və satış yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan və tutma yönəldikdən sonra 1 ay ərzində cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbinə dair mülki işə baxılmış və həmin iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Prosesual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququnu istisna etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin həmin hissəsində də icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Digər tərəfdən iş materiallarında müəyyən olunur ki, X5 xx.xx.2009-cu il tarixdə, X3 isə xx.xx.2008-ci il tarixdə anadan olmuşlar, yəni onlar yetkinlik yaşına çatmamışlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.2-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 49-cu maddəsinə müvafiq olaraq öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmçinin, qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə qeyd olunanlara əsaslanaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə, həmçinin iddiaçıya mübahisə ilə bağlı müvafiq hüquqlarını izah etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1892/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5735/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5735/2022
15.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver