Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5736/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3560/2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı 2019-2020-ci illərdə cavabdehə 7.000 manat pul verib. İddiaçı pulun verilməsinin məqsədini belə izah edib ki, fiziki şəxslərə hüquqi yardım göstərilməsi ilə məşğul olur, birinci qrup əlil olan şəxs (Rafəddin Həsənəliyev) ona müraciət edərək Qarabağ müharibəsi əlili olduğunu təsdiq edən sənədin əldə edilməsinə köməklik etməsini xahiş etmişdir. Müəyyən işlər görsə də sənədi əldə etmək mümkün olmamışdır. Bundan sonra başqa bir şəxsin (Əlləzi Zahidovun) vasitəsilə cavabdehlə tanış olmuş, cavabdeh bu işi məhkəmə və tibbi ekspertiza vasitəsilə həll edəcəyini, bunun üçün 7.000 manat ödəmək lazım olduğunu bildirmişdir. 2019-cu ilin oktyabr ayında 2.500 manatı Əlləzi Zahidova, 2020-ci ilin yanvar ayında isə qalan 4.500 manatı cavabdehə vermişdir. Cavabdeh 7.000 manat pulu ondan alması barədə qəbz yazmışdır. Lakin cavabdeh vədd etdiyi sənədi düzəltməmiş, pulu isə geri qaytarmamışdır. 2.Cavabdeh iddiaçıdan 7.000 manat pul aldığını etiraf edib. O, bildirib ki, həmin pulun 2.500 manatı Əlləzi Zahidovun vasitəsilə ona verilib, qalan 4.000 manatı isə iddiaçının özü şəxsən ona verib. Pulun alınmasına dair qəbz özü tərəfindən imzalanıb. Pulu aldıqdan sonra Mürsəl adlı şəxsə verib. Mürsəl tərəfindən aparılan araşdırma zamanı həmin şəxsin (Rafəddin Həsənəliyevin) müharibədə iştirak etmədiyi və bu şəxs tərəfindən verilən məlumatın yalan olduğu müəyyən edilib. Sonradan Mürsəl adlı şəxs vəfat edib, iddiaçı isə indiyə kimi ondan pul tələb etməyib. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, 7.000 manat, bundan başqa, həmin pulun qaytarılması gecikdirildiyindən xx.xx.2021-ci ildən 2023-cü ilin dekabr ayına kimi inflyasiyaya görə 9.051 manat, habelə pul tam ödənilənə kimi inflyasiya faizləri, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 111 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 7.000 manat, xx.xx.2021dekabr 2023-cü il tarixləri arasında inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi nəzərə alınmaqla 2.051 manat, ümumilikdə 9.051 manat, dövlət rüsumunun əvəzi kimi 90 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 7.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Qətnamə ilə iki tələb - əsas pul tələbi və inflyasiyaya görə pul tələbi həll olunduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Əsas pul tələbi barədə 9.Qətnamə 7.000 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müəyyən olunur ki, cavabdeh iddiaçıdan 7.000 manat pul alıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 10.Cavabdeh iddiaçıya verdiyi qəbzdə (iş v. 11) qeyd edib ki, xx.xx.2020-ci ildə iddiaçıdan 7.000 manat pul alıb. Həmin pulun müqabilində iddiaçının hüquqi yardım göstərdiyi birinci qrup əlil olan şəxsin Qarabağ müharibəsində yaralanma nəticəsində əlil olduğunu təsdiq edəcək arxiv arayışını və ya ekspertiza sənədini əldə edərək iddiaçıya təqdim edəcək. Həmin arxiv və ya ekspertiza sənədini əldə edə bilmədiyi təqdirdə 7.000 manat pulu iddiaçıya qaytarmalıdır. 11.Bundan başqa, cavabdeh 7.000 manat pulu iddiaçıdan aldığını birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatda (iş v. 27) şifahi formada, polisə verdiyi izahatda (iş v. 9) və apellyasiya şikayətində (iş v. 47) isə yazılı formada etiraf edib. 12.Cavabdeh iddiaçıdan adlığı pulu başqa şəxsə (Mürsəl adlı şəxsə) verdiyini bildirsə də, bunu təsdiq edən sübut təqdim etməyib. Bundan başqa, cavabdeh iddiaçıdan aldığı pulu həqiqətən başqa şəxsə veribsə, bu hal cavabdehi iddiaçının qarşısında pulu qaytarmaq öhdəliyindən azad etmir. Cavabdeh pulu verdiyi şəxsə qarşı, əgər həmin şəxs ölübsə, onun hüquq varisinə qarşı məhkəmədə iddia qaldıra bilər. 13.Pulun qaytarılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsasən həyata keçirilməlidir. Belə ki, cavabdeh hüquqi əsas olmadan 7.000 manat əldə etməklə əsassız varlanıb. Pulun qaytarılmasını tələb etmək hüququnun qüvvədə olma müddəti (iki il) bitməyib. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsindən görünür ki, həmin müddətin axımı məhrum olana öz hüququnun məlum olduğu vaxtdan başlayır. Hüququn məlum olduğu vaxt xx.xx.2023-cü ildir. Belə ki, pulun qaytarılmalı olduğu vaxt qabaqcadan müəyyənləşdirilməyib, pul qaytarılmadığına görə iddiaçı cavabdehin barəsində polisə şikayət edib. Cavabdeh polisə verdiyi izahatında pulu qaytarmaq üçün yaşadığı mənzili satışa qoyduğunu və maddi imkanı olan kimi pulu geri qaytaracağını bildirib. Polisin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib və iddiaçıya mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib. Göründüyü kimi, iddiaçı əvvəlcə cinayət təqibi üzrə icraat qaydasında pulun qaytarılmasına nail olmaq istəyib, bunun mümkün olmadığı xx.xx.2023-cü ildə ona məlum olduqda isə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edib. Odur ki, işin halları nəzərə alınmaqla 1095-ci maddədəki “məhrum olana öz hüququnun məlum olduğu vaxt” xx.xx.2023-cü il tarixi hesab olunmalıdır. İddia ərizəsi isə bu tarixdən iki il keçməmiş – xx.xx.2024-cü ildə verilib. İnflyasiyaya görə pul tələbi barədə 14.İnflyasiyaya görə pul tutulması barədə tələbə aid hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Belə ki, iddiaçının inflyasiyaya görə pul tələb etmək hüququ yoxdur. Məhkəmə bunu aşağıda qeyd olunanlarla əsaslandırır. 15.İlk növbədə qeyd olunmalıdır ki, inflyasiyaya görə pul tutulması üçün məhkəmələrə edilən belə müraciətlərə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun aidiyyəti yoxdur. Həmin Qanundakı indeksləşdirmə onun özündə göstərilən obyektlərə (maddə 3) tətbiq olunur və indeksləşdirmə onun özündə göstərilən mənbələr (maddə 6) hesabına həyata keçirilir. Digər tərəfdən, bu Qanunun göstərişi yalnız vətəndaşlara (fiziki şəxslərə) şamil olunur, inflyasiyaya görə pul tutulması üçün məhkəmələrə hüquqi şəxslər də müraciət edə bilər. 16.İnflyasiya – mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir. İnflyasiyanı ölçmək üçün “istehlak qiymətləri indeksi”ndən istifadə olunur və bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında hesablanır və ictimaiyyətə təqdim olunur. Pul dəyərsizləşdiyinə görə pula hüququ olan şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ var. 17.İnflyasiya görə pul tutulması üçün məhkəmələrə edilən müraciətlər iki yerə bölünür: birinci, məhkəmə aktına əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası; ikinci, öhdəliyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası. 18.Birinci növ müraciətlər məhkəmə müdafiəsinə olan konstitusion hüququn davamı sayılır. Yəni tələbkara yeni məhkəmə müdafiəsi verilmir, qüvvədə olan məhkəmə aktı ilə artıq müəyyən edilmiş məhkəmə müdafiəsi (tələbkarın xeyrinə tutulmalı olan pul məbləği) inflyasiyaya uyğunlaşdırılır. Odur ki, belə müraciətlər mülki işlər üzrə məhkəmə qərarlarının icrası qaydasında icraat (8 indeksli icraat) daxilində həll edilir (MPM, maddə 232). Həmin müraciətlər həll edilərkən Dövlət Statistika Komitəsinin məlumatları əsas götürülür. 19.İkinci növ müraciətlər məhkəmə müdafiəsinə olan konstitusion hüququn reallaşdırılması sayılır və bu hüququn həyata keçirilməsi üçün məhkəməyə iddia verilməlidir. Həmin iddialar Mülki Məcəllənin 21-ci maddəsinin göstərişlərinə əsasən həll edilməlidir. Belə ki, öhdəliyə əsasən ödənilməli olan, lakin vaxtında ödənilməyən pulun inflyasiya nəticəsində dəyərsizləşməsi Mülki Məcəllənin 21.2-ci maddəsində göstərilən “zərər” anlayışı ilə əhatə olunur. Zərərin əvəzinin ödənilməsi – mülki hüquqların müdafiəsinin universal üsulu kimi xarakterizə olunur. Zərər, əgər vurulubsa, digər məsuliyyət formalarından fərqli olaraq həmişə ödənilməlidir. Bu qaydadan istisna yalnız qanunla müəyyən edilə bilər, qanunda isə inflyasiya nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi istisna olunmayıb. İnflyasiyanın vurduğu zərərin əvəzinin ödənilməsi üçün xüsusi qanunun mövcud olması tələb olunmur. İnflyasiya nəticəsində kreditorun məruz qaldığı itkilər mülki-hüquqi mənada zərər kimi tanınmalıdır. Məhkəmə bunu aşağıda qeyd olunanlarla əsaslandırır. 20.Pul da əşyadır (Mülki Məcəllə, maddə 135.1). Real zərərin növlərindən biri isə əmlakın zədələnməsidir (Mülki Məcəllə, maddə 21.2). Bu zaman “zədə” deyildikdə yalnız fiziki zədə nəzərdə tutulmur. Əmlakın zədələnməsi - özündə bu əmlakın keyfiyyət xarakteristikasının aşağı düşməsini ifadə edir. Ümumi qaydaya görə, əmlakın keyfiyyəti əmlakın sahibi üçün həmin əmlakın dəyərini müəyyən edir. Keyfiyyət nə qədər aşağıdırsa, əmlak onun sahibi üçün bir o qədər az dəyərlidir. Pulun keyfiyyəti onun bu və ya digər kəmiyyətdə əmtəəyə dəyişdirilə bilmə qabiliyyətində ifadə olunur. Belə ki, iqtisadi həyatda pulun funksiyalarına onun dəyər ölçüsü və mübadilə vasitəsi olması da aiddir. Pulun bu və ya digər kəmiyyətdə əmtəəyə dəyişdirilə bilmə qabiliyyəti inflyasiya nəticəsində aşağı düşür. Müvafiq olaraq pulun keyfiyyəti də aşağı düşür, bununla da xüsusi əşya kimi pulun zədələnməsi baş verir. 21.Hazırkı işdə iddiaçının inflyasiyaya görə pul tələb etmək hüququ ona görə yoxdur ki, zərərin vurulmasına iddiaçının özünün davranışı şərait yaradıb. Mülki Məcəllənin 21.3-cü maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı 7.000 manat pulu cavabdehə verərkən bilib ki, o, müharibə əlilliyini təsdiq edən arxiv və ya ekspertiza sənədini qanuni üsulla əldə etmək imkanına malik deyil, çünki müvafiq səlahiyyətə malik deyil. Bu isə onu təsdiq edir ki, zərərin yaranmasına iddiaçının öz davranışı şərait yaradıb. Qanunun pozulması üçün başqasına pul verən şəxs, həmin pulun qaytarılmasının gecikdirilməsinə görə qanuna əsaslanıb zərərin əvəzinin ödənilməsini tələb edə bilməz. 22.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 3560/2024-cü il tarixli qətnaməsi qismən, yəni iflyasiyaya görə 2.051 (iki min əlli bir) manat tutulmasına aid hissədə ləğv edilsin və həmin tələb təmin olunmasın. Qətnamə qalan hissədə, yəni 7.000 (yeddi min) manat tutulmasına aid hissədə və məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5736/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5736/2024
25.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver