Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5738/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2390 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 08 avqust 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29 avqust 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan «Volksvagen Polo» markalı 90LP450 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Binəqədi RPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 2390 manat məbləğində sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, hadisə zamanı avtomobil etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə edildiyindən, zərərin əzəvi onların hər ikisindən tutulmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2390 (iki min üç yüz doxsan) manat məbləğində sığorta ödənişinin əvəzinin və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, "xxxx" ASC-nin sığorta ödənişinin əvəzinin tələbinə dair iddiasının ona, yəni Cavabdeh3 qarşı hissəsində rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya qeyd edir ki, apellyator Cavabdeh3 qətnaməni özünə aid hissədə mübahisələndirdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı ona aid hissədə yoxlanılır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, cavabdehi dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi sığorta ödənişinin əvəzinin məbləğinin müyyən edilməsi hissəsində dəyişdirilərək sığorta ödənişinin məbləği ekspert rəyinə əsasən müəyyən olunmalı, qətnamə Cavabdeh3 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli, 03864 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 2390.00 manat ödənilmişdir. İş materiallarında olan sığorta aktından görünür ki, avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya dəymiş 55000 manat zərər məbləğindən azadolma məbləği çıxıldıqdan sonra sığortaçı tərəfindən 2390.00 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan Avto klub Servisin 25.09.2019-ci il tarixli qüsur aktından görünür ki, «Volksvagen Polo» markalı 90LP450 dövlət qeydiyyat nişanlı avtolmobilə 2390.00 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı Natiq Nəhmədlinin 11.09.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, sahiblik hüququ olmadan avtomaşını idarə edərək xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh3 arasında «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobilin 08.08.2019- cu il tarixdən 08.08.2020-ci il tarixədək icbari qaydada sığortalanması müqaviləsi bağlanmışdır. Təqdim olunmuş AR DİN BDYPİ-nin 016-114499-1220 saylı, 12.12.2020-ci il tarixli arayışından görünür ki, «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir və 07.02.2012-ci il tarixli etibarnamə ilə Cavabdeh3 istifadəsinə verilmişdir. Birinci instansiya məhkəməsində sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29 avqust 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan «Volksvagen Polo» markalı 90LP450 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Binəqədi RPİ-nin TŞnin təhqiqatçısı Natiq Nəhmədlinin 11.09.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sahiblik hüququ olmadan avtomaşını idarə edərək xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, o, dostu Sərhədə məxsus olan «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vərəqəsi və etibarnaməsi olmadan idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 2390 manat məbləğində sığorta ödənişi X1 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməyə əsasən idarə etməyi Cavabdeh3 etibar etdiyindən, həmin avtomombil Cavabdeh3 istifadəsində və sərəncamında ollduğundan və yol nəqliyyat hadisəsi zamanı digər Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmadığından, yəni həmin avtomaşını qanuni əsaslarla idarə etmədiyindən, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti Cavabdeh3 və Cavabdeh2 birlikdə daşıyırlar və ona görə də, "xxxx" ASC dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini subroqasiya qaydasında cavabdehlər, avtomaşını etibarnaməyə əsasən sahiblik və istifadə edən şəxs Cavabdeh3 və faktiki olaraq delikt törətmiş şəxs Cavabdeh2 tələb etməkdə haqlıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, ona münasibətdə iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Bununla belə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi avtomobilin təmir-bərpa xərclərini hesablayanarkən kifayət qədər araşdırma aparmamış, yalnız qüsur aktında göstərilən məbləği qəbul etməklə kifayətlənmişdir. Belə ki, apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşşünaslıq ekspertizasının 08 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, «Volksvagen Polo» markalı ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 2085 manat müəyyən edilmişdir. Odur ki, Kollegiya hesab edir ki, sığorta ödənişinin məbləği ekspert rəyinə uyğun müəyyən olunmalı, qətnamə həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən sığorta ödənişinin məbləğinə münasibətdə işin faktiki hallarını kifayət qədər araşdırmamış, bu hal isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş üzrə ekspertiza tədiqatının dəyəri 100 (yüz) manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi sığorta ödənişinin əvəzinin məbləği hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2085 (iki min səksən beş) manat məbləğində sığorta ödənişinin əvəzi ödənilsin. Qətnamə Cavabdeh3 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5738/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5738/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver