Məhkəmə qərarları › İş №2(103)-5739/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5739/2025

20.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5739/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5704/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balaxanı Rayon Bələdiyyəsi cəlb olunmaqla Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş çıxarışlar və çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilməklə ona ayrılmış olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5704/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, hazırkı iddia tələbi ilə bağlı onun ərazi aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5704/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ciil tarixində keçirilmiş yığıncağının 34 saylı protokoluna əsasən Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 116 saylı Sərəncamı ilə X2 Balaxanı qəsəbə ərazisində fərdi ev tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxt torpaq sahəsinin eskiz planı tərtib olunmaqla, torpaq sahəsinin haqqı Balaxanı Bələdiyyəsinə ödənilmişdir. Daha sonra X2 ayrılmış 300 kv. m torpaq sahəsi X1 ilə İddiaçına verilmişdir. Torpaq sahəsi hasara alınmaqla son günlərə qədər iddiaçının istifadəsində olmuşdur. Bir neçə gün öncə iddiaçı ona ayrılmış torpaq sahəsində olarkən, torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüş, daha sonra iddiaçı Sabunçu Rayon Məhkəməsinə cavabdehlərə verilmiş çıxarışların, çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması və iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi ilə müraciət etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5704/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə ərazi aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə müraciət edilə bilməsi qərara alınmışdır. Məhkəmə 2(008)-5704/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında iddia ərizəsinə, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsaslanaraq Cavabdeh1 Cəlilabad rayonu, Qarazəncir Ərazi Dairəsi, Ocaqlı kəndində, digər Cavabdeh2 da Cəlilabad rayonu, Bəcrəvan kəndində qeydiyyatda olduğunu müəyyən etməklə, iddia ərizəsində qeyd olunmuş cavabdehə çıxarışlar və çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiaçının iddia ərizəsini cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməsi qənaətinə gəlmişdir. Əvvəla ilk öncə qeyd edirik ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə deyil, cavabdehlərə verilmiş çıxarışlar, çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməklə iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbiilə müraciət edilmişdir. Məhkəmə 2(008)-5704/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qəbul edib iddia ərizəsini geri qaytararkən müstəsna aidiyyətə dair Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 39.1 maddəsinin tələblərini pozmuş, daha doğrusu buna istinad etməmişdir. Belə çıxır ki, iş Cəlilabad Rayon Məhkəməsində baxılarkən hakim daşınmaz əmlakla bağlı əşyaya baxış keçirmək istəsə, Cəlilabad rayonundan əmlakın yerləşdiyi Bakı şəhərinə gələrək daşınmaz əmlaka baxış keçirməlidir. Qanunvericilik daşınmaz əmlakla bağlı iddialar üzrə müstəsna aidiyyət müəyyən etmişdir. Mülki Prosesual Məcəlləsinin 39.1 maddəsində Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilməsi qeyd edilmişdir. Mülki Prosesual Məcəllənin 35.1-ci maddəsində qanunla başqa hal nəzərdə tutulmadıqda, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qeyd olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5704/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçı şikayətində sözügedən torpaq sahəsinin Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ciil tarixində keçirilmiş yığıncağının 34 saylı protokoluna əsasən Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 116 saylı Sərəncamı ilə X2 Balaxanı qəsəbə ərazisində fərdi ev tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra X2 ayrılmış 300 kv. m torpaq sahəsi X1 ilə İddiaçı verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məsələ üzrə ərazi aidiyyətindən daha öncə mübahisəli hüquq münasibətinin kökündə duran sənədlərin yəni çıxarışın verilməsinə əsas olan sənədlərin məhz inzibati orqan tərəfindən verilən sənəd (inzibati akt hesab edilən) əsasında olubolmamasını aydınlaşdırmaqla mübahisənin məhkəmə aidiyyətini müəyyən etməlidir. Bu məsələyə aydınlıq gətirildikdən sonra digər əsasla iddiaçının geri qaytarılması məsələsi müzakirə edilə bilər. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsinin hazırki qərardadda olan mövqeyi isə bundan ibarət olmuşdur ki, iddia tələbi cavabdehlərin rəsmi qeydiyyat ünvanı Cəlilabad rayonu olduğundan cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Həmin maddənin məzmununa görə, daşınmaz əşya ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Hazırki halda iddia tələbinin əsasını 1) çıxarışlar və çıxarışların verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və 2) ona ayrılmış olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 300 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun tanınması təşkil edir. İddiadan da göründüyü kimi, iddiaçı məhz Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 300 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasını istəyir. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır. Göründüyü kimi, hazırki iddia tələbi aidiyyət qaydalarına uyğun olaraq MPM-in 39.1-ci maddəsinin təsiri altına düşür. Belə olan halda isə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilməli idi. Rayon məhkəməsi isə qeyd edilən prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhz yuxarıda qeyd edilən əsasla geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar birbaşa olaraq məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hal kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5704/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar