Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-574/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(008)-2450/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən ona məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 5845 manat, qüsur aktına görə ödədiyi 116 manat, avtomobilin evakuasiyasına görə ödədiyi 15 manat, avtomobilsiz qaldığı günlərdə taksidən istifadəyə görə ödədiyi 1000 manat, avtomobilin dayanacaqda saxlanmasına görə iddia verildiyi günə hesablanmış 210 manat, dəymiş mənəvi ziyana görə 10000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 17006 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27.10.2020-ci il tarixdə, saat təxminən 11:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Cavabdeh1 idarə etdiyi "xxxx" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusla özünün idarə etdiyi “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində hazırkı bazar dəyəri 5800-6000 manat olan “VAZ 2106” markalı avtomobil istifadəyə tamamilə yararsız vəziyyətə düşmüş və avtomobilin təmir edilib istifadəyə yararlı hala gətirilməsi qeyri-mümkündür. Hadisədən sonra “VAZ 2106" markalı avtomobil polis tərəfindən məcburi qaydada 15 manat ödətdirildikdən sonra evakuasiya edilərək, gündəlik ödənişi 2 manat olan dayanacağa yerləşdirilmiş və hazırlı vaxtadək orada saxlanılır. Cavabdehlərdən avtomobilin həmin ödənişli dayanacaqdan götürülməsi ilə bağlı ödəniş etmələrini tələb etsə də, onlar bunu etməkdən boyun qaçırırlar. Artıq 105 gündür ki, avtomobil sözügedən dayanacaqda saxlanılır və onu oradan götürmək üçün ödəniş etməyə imkanı yoxdur. Həmçinin cavabdehlərdən ona dəymiş ziyanın ödənilməsini dəfələrlə tələb etsə də, ödəməkdən imtina edirlər. Bundan əlavə, avtomobilsiz qaldığı üçün hazırkı vaxtadək hər gün taksi xidmətindən istifadə etmək məcburiyyətində qalmışdır. Qüsur aktına əsasən, ona məxsus ”VAZ 2106” markalı **-MO- *** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün ona 5845 manat məbləğində pul lazımdır. Bundan başqa, qəzadan sonra əsəbləri pozulmuş, nəticədə onda tez-tez halsızlıq, başağrıları və yuxusuzluq halları yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(008)- 2450/2021 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia qismən təmin olunaraq, iddiaçıya məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 3000 manat, qüsur aktına görə ödənilmiş 116 manat olmaqla, cəmi 3116 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi və keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci kimi iddiaçıdan 50 manat və Cavabdeh1 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını göstərmiş, eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 digər Cavabdeh2 MMC-nin işçisi olmadığını, buna görə də MMC-nin heç bir məsuliyyət daşımadığını qeyd etsə də, nəzərə almamışdır ki, Cavabdeh1 həmin MMC-nin verdiyi yol vərəqəsi əsasında avtobusu idarə etmiş və bu sənəd Nizami rayon Polis İdarəsinə cavabdeh tərəfindən təqdim olunmuşdur. Məhkəmə isə qətnaməsində buna dair heç bir sübut təqdim edilmədiyini qeyd etmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş ekpertizanın rəyi ilə razılaşmadığı üçün təkrar ekspertizanın təyin olunmasını xahiş etsə də, bu barədə vəsatəti əsassız olaraq təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdikləri izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, apellyasiya icraatı zamanı təyin olunmuş ekspertiza rəyi ilə razıdırlar. Həmçinin, hesab edirlər ki, dəymiş zərər müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması, qətnamənin qismən ləğv olunmasını xahiş edirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, o, hadisə vaxtı Cavabdeh2 MMC-yə məxsus "xxxx" markalı avtobusu idarə etməklə, MMC-nin işçisi olmuşdur. Hesab edir ki, Cavabdeh2 MMC də məsuliyyət daşımalıdır. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 02.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 MMC-nin barəsində toplanmış materiallar onların barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 göndərilmişdir. Həmçinin araşdırma zamanı "xxxx" markalı, **-JK-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun məxsus olduğu Cavabdeh2 MMC-nin hər hansı sığorta şirkəti ilə icbari sığorta müqaviləsi bağlamadığı həmin qərarda qeyd olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 06.02.2021-ci il tarixli, 08 saylı arayışda qeyd olunmuşdur ki, nöqsan aktına əsasən, “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan – 3250 manat işçilərin zəhmət haqqı, 2595 manat ehtiyat hissələrinin qiyməti olmaqla, ümumilikdə 5845 manat təşkil edir. İşdə olan AD seriyalı, 790204 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, iddiaçıya məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi XTA 210600W4021152 olan avtomobil 1998-ci il buraxılışlıdır, tünd qırmızı perlament rəngdədir. İşdə olan “kassa mədaxil qəbzi”ndən görünür ki, "xxxx" MMC-yə 116 manat ödənilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara əsasən - 27 oktyabr 2020-ci il tarixdə saat 14:30 radələrində Cavabdeh1 təqsirli hərəkəti nəticəsində sonuncunun idarə etdiyi, lakin Cavabdeh2 MMC-yə məxsus olan "xxxx" markalı, **-JK-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə iddiaçının idarə etdiyi “VAZ 2106” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşin müəyyən olunmuş hallarına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulması və bu istiqamətdə qanunvericiliyin qeyd edilən tələblərinin mövcudluğu aşkardır. İddiaçının tələbinə görə avtomobilinə qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində 5848 manat maddi zərər dəymişdir. Eyni zamanda qüsur aktına görə ödədiyi 116 manat, avtomobilin evakuasiyasına görə ödədiyi 15 manat, avtomobilsiz qaldığı günlərdə taksidən istifadəyə görə ödədiyi 1000 manat, avtomobilin dayanacaqda saxlanmasına görə iddia verildiyi günə hesablanmış 210 manat, dəymiş mənəvi ziyana görə 10000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulu da cavabdehlər tərəfindən ona ödənilməlidir. Birinci instansiya məhkəməsi iddianı maddi zərər hissədə qismən təmir edərkən, həmçinin ekspertiza rəyinə əsaslanmışdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş məhkəməəmtəəşünaslıq ekpertizanın rəyindən (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli, 9/2971 saylı ekspert rəyi) görünür ki, ekpertiza tədqiqatı işdə olan fotoşəkillər və "xxxx" MMC-nin 06 fevral 2021-ci il tarixli qüsur aktı əsasında aparılmaqla, tədqiq edilən avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunmasının rentabelli hesab olunmadığı və dəymiş maddi ziyanın məbləğinin salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 3000 manat olması müəyyən edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində vəsatət verərək təkrar ekspertizasının təyin olunmasını xahiş etmiş, lakin vəsatət təmin olunmamışdır. İşdə olan 11 avqust 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsi vəsatətin nəyə görə təmin olunmamasını əsaslanqdırmamışdır. Halbuki, MPM-nin 97.1-ci maddəsinin tələbinə görə ekspertizanın təyin olunması barədə işdə iştirak edən şəxslərin vəsatəti məhkəmə tərəfindən rədd edildikdə bu barədə əsaslandırılmış qərardad qəbul edilməlidir. İddiaçı eyni zamanda apellyasiya şikayətinin dəlillərində bu istiqamətdə pozuntuya yol verilməsini, ekspertiza rəyinin düzgün verilməməsini göstərmişdir. Həmçinin, ekspertiza rəyindən göründüyü kimi, ekspertiza tədqiqatı zamanı ekspert tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitəsinə baxış keçirilməmiş, rəy əsaslandırılmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir (qeyd edilənlərə əsasən bu hal apellyasiya baxışı zamanı əlavə ekspertizanın təyin olunmasını zəruri hesab etmişdir). Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyindən (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 9/9543 saylı ekspert rəyi) görünür ki, tədqiq edilən 1998-ci il tarixli “VAZ 2106” markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 4000 manat müəyyən edilir. İddiaçı tərəf apellyasiya baxışı zamanı ekspertiza rəyinə etirazının olmamasını bildirmişdir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, qeyd edilən hissədə iddiaçıya dəymiş maddi ziyanın məbləği 4000 manat olmuş, birinci instansiya məhkəməsi isə bu istiqamətdə tam və hərtərəfli araşdırma aparmamış, sübutların əldə olunmasında və qiymətləndirilməsində səhvə yol vermişdir. Halbuki, MPM-in 101.3-cü maddəsinə əsasən ekspertiza rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bununla yanaşı, məhkəmə kollegiyası iddianın Cavabdeh2 MMC-yə qarşı hissədə rədd olunması ilə də razılaşmır. İşdə olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 02.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 MMC-nin barəsində toplanmış materiallar onların barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 göndərilmişdir. Belə olan halda qeyd edilən rədd materialının Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən tələb olunaraq, toplanmış sübutlara hüquqi qiymət verilməsi zəruri yaranmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi yaranmış zərurətlə əlaqədar 28.07.2021-ci il tarixdə HK1-421 saylı yol-nəqliyyat hadisəsi barədə materialın məhkəməyə göndərilməsi barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə sorğu vermiş, lakin sorğuya cavab almadan işə mahiyyəti üzrə baxmışdır. Birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə rədd edərkən göstərmişdir ki, Cavabdeh1 digər Cavabdeh2 MMC-nin işçisi olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınmış 30.04.2021-ci il tarixli məktubda isə Cavabdeh1 Cavabdeh2 MMC ilə əmək münasibətlərində olması barədə məlumat yoxdur. Bununla yanaşı, cavabdehin qəza törətdiyi "xxxx" markalı, **-JK-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun Cavabdeh2 MMC-yə məxsus olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh1 hadisə zamanı "xxxx" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu yol vərəqəsi ilə idarə etdiyini bildirsə də, bu halı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İddiaçı apellyasiya şikayətinin dəlillərində bu halı da pozuntu kimi göstərərək, həmin materiallarda cavabdehin idarə etdiyi avtobusla bağlı sənədlərin, eləcə də yol vərəqəsinin olmasını, Cavabdeh2 MMC-nin məsuliyyət daşımasını və s. qeyd etmişdir. Bu səbəbdən də apellyasiya baxışı zamanı həmin sənədlərin təqdim olunması üçün təkrar soruğu verilmiş (qeyd edilənlərə əsasən bu hal apellyasiya baxışı zamanı həmin sənədlərin əldə olunmasını zəruri hesab etmişdir), həmin materiallar təqdim olunmuşdur. Qeyd edilən sənədlərdən (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yol vərəqəsi, izahatlar və s.) görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 idarə etdiyi "xxxx" markalı, **-JK-*** dövlət nömrə nişanlı sərnişin avtobusu digər Cavabdeh2 MMC-yə məxsus olmuş, onu yol vərəqəsi əsasında Cavabdeh1 idarə etmişdir. Göründüyü kimi, işdə olan sübutlarla Cavabdeh1 idarə etdiyi "xxxx" markalı, **-JK- *** dövlət nömrə nişanlı sərnişin avtobusunun Cavabdeh2 MMC-nin adına mülkiyyət hüququ üzrə rəsmi reyestrdə qeydə alınması və nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında Cavabdeh1 istifadəsinə verilməsi müəyyən olunur. Yuxarıda da qeyd edildiyi kimi, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (MM-nin 1108.1-ci maddəsi). Eyni zamanda, Mülki Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 30.04.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına Cavabdeh2 MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsi müvafiq sistemə daxil edilməsə də, işdə olan sübutlara əsasən "xxxx" markalı, **-JK-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun mülkiyyətçisi Cavabdeh2 MMC olmaqla, onu yol vərəqəsi əsasında Cavabdeh1 idarə etmiş və yol-nəqliyyat hadisəsi törədilmişdir. Dəfələrlə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq (həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiyası tərəfindən) Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşdə olan sübutlar isə Cavabdeh1 sərnişindaşıma istiqamətində müvafiq nəqliyyat vasitəsini idarə etməkdə olan fəaliyyətinin məhz Cavabdeh2 MMC-nin nəzarəti altında göstərməsini ehtiva edir. Belə olan halda, yəni işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından baş vermiş hadisədə mülki hüquq pozuntusuna görə Cavabdeh2 MMC də mülki hüquqi məsuliyyət daşıyır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hissədə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinə yoxlanılan qeyd edilən hissədə ləğv olunmalı, dəymiş zərər həmçinin Cavabdeh2 MMC-dən tutulmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın təmin olunmayan qalan hissələrində (avtomobilin evakuasiyasına görə ödədiyi 15 manat, avtomobilsiz qaldığı günlərdə taksidən istifadəyə görə ödədiyi 1000 manat, avtomobilin dayanacaqda saxlanmasına görə iddia verildiyi günə hesablanmış 210 manat, dəymiş mənəvi ziyana görə 10000 manat) apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Çünki, iddiaçı həmin hissələrdə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və bununla bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı apellyasiya şikayətinə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi barədə akt əlavə etsə də, məhkəmə kollegiyası həmin sübutun apellyasiya icraatı zamanı qəbul edilməsini mümkün hesab etməmişdir. Belə ki, işdən görünür ki, iddiaçı tərəf birinci instansiya məhkəməsində iştirak etmiş, sübutlar təqdim etmək imkanında olmuşdur. MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Göründüyü kimi, qanunverici apellyasiya instansiyasına yeni sübutların təqdim olunmasına məhdudiyyətlər nəzərdə tutulmuşdur. İddiaçı tərəf isə qeyd edilən sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Belə olan halda, həmin sübutun apellyasiya icraatı zamanı qəbul edilməsi prosessual hüquq normalarının tələblərinə ziddir. Bununla yanaşı, həmin akt yalnız nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi faktını təsdiq etməklə, özü-özlüyündə hər hansı pul vəsaitinin ödənilməsini ehtiva etmir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olun bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (yəni “iddiaçıya məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 3000 manat, qüsur aktına görə ödənilmiş 116 manat olmaqla, cəmi 3116 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manatın pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmçinin iddianın Cavabdeh2 MMC-yə qarşı hissədə rədd olunması” hissələrində) ləğv olunmalı, iddia qeyd edilən hissələrdə qismən təmin olunmalı, iddiaçıya məxsus “VAZ 2106” markalı, **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 4000 manat pul, qüsur aktına görə ödənilmiş 116 manat, cəmi 4116 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində 100 manat, həmçinin apellyasiya instansiyası məhkəməsində 50 manat, cəmi 150 manat məbləğində ekspertiza xərcləri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehlərə aid edilməlidir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi “keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası xərci kimi iddiaçıdan 50 manat və Cavabdeh1 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi” hissəsində də ləğv olunmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağıdır (cəmi 4116 manat). Bu səbəbdən də cavabdehlər qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(008)-2450/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(008)-2450/2021 saylı qətnaməsi qismən (yəni “iddiaçıya məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 3000 manat, qüsur aktına görə ödənilmiş 116 manat olmaqla, cəmi 3116 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manatın pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmçinin iddianın Cavabdeh2 MMC-yə qarşı hissədə rədd olunması və ekspertiza xərcinin tutulması” hissələrində) ləğv olunsun, həmin hissədə iddia qismən təmin olunsun. İddiaçıya məxsus “VAZ 2106” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 4000 (dörd min) manat pul, qüsur aktına görə ödənilmiş 116 (bir yüz on altı) manat, cəmi 4116 (dövd min bir yüz on altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh1 və Cavabdeh2 MMC-yə aid edilsin. Cavabdehlərdən aparılmış ekspertizaların dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləjəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK JTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34JTRE********************) ödənilsin. Qətnamədən cavabdehlər kassasiya şikayəti verə bilməz. İddiaçı isə rəsmi qaydada verildiyi gündən qətnamədən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-574/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-574/2022
12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver