Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-574/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kirayəçinin xərclərinin əvəzinin ödənilməsi, maddi və mənəvi zərər tələblərinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kirayəçinin xərclərinin əvəzinin ödənilməsi, maddi və mənəvi zərər tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(009)-122/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 117.7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.
2. Tərəflər arasında mübahisəli fərdi yaşayış evinin İddiaçı kirayəyə verilməsinə dair münasibətlər mövcud olmuşdur. İlk notarial kirayə müqaviləsi 19 sentyabr 2017-ci il tarixdə, ikinci müqavilə 19 sentyabr 2018-ci il tarixdə, üçüncü və sonuncu müqavilə isə 15 sentyabr 2020-ci il tarixdə bağlanmışdır.
3. Sonuncu müqavilənin şərtlərinə əsasən, kirayə müddəti 15 sentyabr 2023-cü il tarixədək müəyyən olunmuş və onun bitməsinə 1 ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, kirayə müddəti daha bir il müddətinə uzadılmış hesab olunur (3-cü bənd). Fors major hadisəsindən sığortalanma kirayəçinin vəzifəsidir (5-ci bənd). Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir (7-ci bənd). Kirayəçi kirayə verənin razılığı olmadan kirayəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz (8-ci bənd). Kirayəyə verən kirayəyə verilmiş əmlakın saxlanılması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə və ya kirayə haqqı hesabına əvəzləşdirməyə borcludur (12ci bənd). Kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu həmçinin bu münasibətlərin davam etməsi nəticəsində kirayəyə verənin iqtisadi cəhətdən xeyli zərər çəkməsi halında əsaslı sayılır (13-cü bənd, “c” yarımbəndi).
4. İddiaçı 21 sentyabr 2021-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlayaraq, bildirmişdir ki, 15 sentyabr 2020-ci il tarixli müqavilədən irəli gələn hüquqlara əsasən, tərəfindən restoran biznesi üçün əlavə tikililərin, qurğuların inşası və abadlaşdırma işləri aparılmış, həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan evi maddi texniki təminatla, xüsusən də restoran, iaşə xidmətləri üçün zəruri olan avadanlıqlarla təmin etmişdir. Bundan əlavə, 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmənin fəsadlarını öz hesabına bağlamış, 2021-ci ildə qeydə alınan sürüşmə nəticəsində isə, sklad və mətbəx torpağın altında qalmışdır. Cavabdeh tərəfindən qeyri qanuni şəkildə, əsaslı səbəbli və yazılı xəbərdarlıq proseduruna əməl etmədən qeyd olunan ünvandan çıxarılması, onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Həmin ünvanda dəyəri 32000 manat olan 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və sklad; restoran biznesi üçün xərclənmiş, maddi texniki təminat əşyaları ilə birgə 18000 manat; 10000 manat mənəvi zərər, 5000 manat itirilmiş fayda olmaqla, ümumilikdə 65000 manatın ona ödənilməsi 7 iş günü ərzində təmin edilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edəcəkdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tikilmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar üçün 32000 manat, 56 adda maddi texniki təminat əşyaları üçün 18000 manat, mənəvi zərərə görə 10000 manat, itirilmiş faydaya görə 5000 manat olmaqla, ümumilikdə 65000 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı pretenziya məktubunda qeyd olunan əsaslardan çıxış edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müqavilənin şərtlərinə zidd olaraq aralarındakı müqaviləni pozması (onu mübahisə predeti olan ünvandan çıxarması) nəticəsində ona ümumilikdə 65000 manat məbləğində ziyan dəymişdir. Dəymiş maddi zərərin ödənilməsi üçün müstəqil qiymətləndirmə təşkilatı ilə xx.xx.2021-ci il tarixli müqavilə bağlamış, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatına (iddia ərizəsinə əlavə edilmişdir) əsasən, sözügedən ünvanda (Reyhan Restoranı) yerləşən iaşə xidmətləri üçün qurğuların, tikililərin orta bazar dəyəri 32000 manat məbləğində müəyyən olunmuşdur. Digər tərəfdən, restoran biznesin inkişafı üçün xeyli şəkildə maddi və texniki avadanlıqlar və əşyalarla təmin etmişdir. Həmin avadanlıqlara aiddir: qonaqlar üçün hər növdə qab-qacaq dəstləri, zal üçün dekor, bar avadanlıqları, peşəkar mətbəx əşyaları, oturacaqlar, masalar, işıqlandırma sistemləri, televizor, soyuducu, kondisionerlər, kassa sistemi, mühasibatlıq avadanlıqları, təhlükəsizlik qurğuları və s. Tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh mübahisənin həlli üçün heç bir addım atmamışdır.
7. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, torpaq sürüşməsindən sonra ərazi təmizlənib, artıq obyekt təmir edilib və hazırda fəaliyyət göstərir. Torpaq sürüşməsi baş verəndən sonra FHN-nin nümayəndələri gəlib baxış keçirib, həmin ərazidə təmir işlərinin aparılmasına qadağa qoyublar. Sürüşmələrdən sonra qeyd edilən ünvanda müəyyən təmir-bərpa işləri mülkiyyətçinin özü tərəfindən görülüb, iddiaçı tərəfindən görülən işlərə heç bir dəstək verilmədiyi üçün onun həmin ünvandan çıxmasını tələb etmişdir. Ümumiyyətlə, əmlak kirayə verilən zaman cavabdeh tərəfindən iddiaçıya orada tikinti və təmir işləri üçün razılıq verilməyib. Müqavilənin 5-ci bəndinə əsasən isə, fors major hadisəsindən əmlakların sığortalanması kirayəçinin vəzifəsidir. Cavabdeh tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi mümkün olan əmlaklarının götürülməsinə etiraz etmir və istənilən vaxt buna şərait yaradıla bilər.
8. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 19 aprel 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu ərazisində Badamdar-20-ci sahə avtomobil yoluna bitişik yamacda baş vermiş sürüşməyə təkan verən amillər, fəsadlarının əhatə dairəsi və ilkin tədbirlərə dair “Azerinşaatlayihə" DBLKT İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli aktdan görünür ki, Badamdar yaylasının şərq yamacının geoloji strukturu, süxurlannın litoloji tərkibi, təmsil olunan layların yatma bucaqlarının xüsusiyyətləri yerin təkində gedən qabarma və çökmə kimi tektonik proseslər, dəniz abraziyası, eroziya və aşınma prosesləri təsiri altında iri və xırda çatlarla örtülərək, sıldırım yamaclar yaratmışdır. Zaman-zaman bu 40-45° maillikdə olan yamacın ayrı-ayrı hissələrinin xırda bir seysmik təkan və yaxud sululuğun artması nəticəsində tarazlığı pozulur və onlar qravitasiya gücü altında sürüşərək, aşağıya doğru hərəkət edirlər. Tarixən şərq yamacda sürüşmə və uçqunlar müşahidə olunmaqdadır. Lakin onların tez-tez təkrarlanması Badamdar platosunun, eləcə də yamacın aşağı dərə hissəsində kanalizasiya şəbəkəsinin yaradılmaması fonunda geniş miqyasda fərdi yaşayış evlərinin tikilməsi ilə bağlıdır. 2018-ci ildə baş vermiş sürüşmənin fəsadlarının aradan qaldırılması və yamacın dayanıqlığının artırılması məqsədilə Yaponiyanın “Shinei Kaisha' “OYO Corporation' şirkətləri cəlb edilmiş və əks tədbirlər layihəsi işlənilmişdir. Layihədə yamacın dayanıqlığını təmin etmək üçün aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur. Qrunt sularının yamaca daxil olmasının məhdudlaşdırılması üçün ilkin mərhələdə yamacın üst hissəsində mövcud 11 fərdi yaşayış evlərinin arxasında, məhəllədaxili yolun kənarında 3 ədəd diametri 3.5 m, dərinliyi 30 m dan şaquli drenaj quyularının qazılması; ikinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxan hissədən başlayaraq yamacda 4 ədəd dəmirbeton örtüklü, ankerlərlə bərkidilmiş terrasların yaradılması; üçüncü mərhələdə Badamdar20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı dil hissəsində) dəmir-beton svalyar üzərində istinad divarının inşa edilməsi. Birinci mərhələ üzrə işlər keçən ilin oktyabr ayından başlayaraq eni 3.5 m, dərinliyi 30 m olan 3 ədəd quyunun qazılması tam başa çatdırılıb. Quyuların bütün daxili konstruksiya və avadanlıqları Yaponiyadan gətirilmişdir. Bütün quyuların aşağı hissəsində 2 səviyyədən ibarət olmaqla, uzunluğu 50 m olan 54 ədəd üfüqi drenaj boruları quraşdırılmalıdır. Quyular dib səviyyədə bir-biri ilə boru vəsiləsilə birləşdirilməli və 1-ci quyuda toplanan sular sahədən kənarlaşdırılmalıdır. Hazırda 1-d quyunun dib səviyyəsində 9 ədəd 50 m-lik drenaj və diametri 100 mm olan 132 m uzunluğunda suyu sahədən kənarlaşdıran boru inşa edilmiş və quyuya toplanan sular kənarlaşdırılaraq aşağıda avtomobil yolunun kənarında mövcud kanalizasiya kollektoruna ötürülür. İkinci mərhələdə nəzərdə tutulan 4 terrasın birincisi üzrə torpaq qazma işləri başa çatdırılmış, qazılan torpaq ərazidən kənarlaşdırılmış, terras layihədə tələb olunan parametrlərə uyğun formalaşdırılmış anker boltları ilə bərkidilmiş və terrasın səthi metal torlar üzrə torkret betonla örtülmüşdür. İkinci terrasın formalaşdırılması üzrə işlərə başlanmış və sürüşmə ilə əlaqədar işlər dayandırılmışdır. Üçüncü mərhələdə işlərə yalnız 1 və 2 mərhələdəki işlər başa çatdıqdan sonra başlanması nəzərdə tutulmuşdur. Ərazidə görülən bütün işlər Yaponiya mütəxəssislərinin nəzarəti altında aparılır. 28 yanvar 2021-ci il saat 21.06 radələrində baş vermiş sürüşmə qeyd olunan amillərin, yəni eyni vaxtda Xəzər dənizində baş vermiş Rixter cədvəli Hə 4.5 balla qiymətləndirilən zəlzələnin nəticəsində altı su ilə doymuş horizontların nisbi tarazlığının pozulmuş və 2.6 ha lokal sahədə 8-10 min kub metr qruntun 45-50 m aşağıda yerləşən dərəyə doğru hərəkət etmişdir. Sürüşmə nəticəsində Badamdar-20 sahə avtomobil yolunun sol tərəfində “Reyhan” restoranının mətbəxi uçmuş, aşağıda 2 fərdi yaşayış evinin divarına torpaq kütləsi söykənmişdir. Yaşayış evlərində hər hansı deformasiya müşahidə edilməmişdir. Hazırda sürüşmə sahəsində nisbi stabilləşmə müşahidə olunur, lakin proses dinamikada olduğundan sahədə lokal uçqunlar baş verə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq hazırlanmış layihədə ciddi dəyişiklərin edilməsi zəruridir. Bu məqsədlə ərazidə aşağıdakı işlərin həyata keçirilməsi tələb olunur: 1. Uçqundan sonra yaranmış relyefin CİS ölçmələrlə dəqiq topoqrafik xəritəsinin hazırlanması; 2. Ərazinin PUA (dron) vasitəsilə 3D modelinin və ortofotoplanın hazırlanması; 3. Torpaq kütləsinin bir hissəsinin yaşayış evlərindən kənarlaşdırılması; 4. Yamacın yuxarı hissəsində yerləşən evlərin kanalizasiya xətlərinin tikintisinin yekunlaşması və ərazidə yeraltı hidrosfer anı formalaşdıran şamboların ləğv edilməsi barədə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə, eləcə də "xxxx" ASC-yə xəbərdarlıq edilib. Hazırda ərazidə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə yuxarıda göstərilən bəndlər üzrə işlər davam edir və sürüşmə sahəsində prosesin nəzarət altında saxlanılması üçün monitorinqlər aparılmışdır.
9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 16 may 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş X1 27 aprel 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində Badamdar qəsəbəsi, Badamdar şossesindən 20-ci sahəyə düşən yolun sağ tərəfində baş vermiş torpaq sürüşməsi nəticəsində Neftçilər küçəsi, 101 ünvanında yerləşən “Reyhan” restoranının mətbəx hissəsi torpaq altında qalaraq yararsız hala düşmüşdür.
10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3417- 9/3862 saylı, 29 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, mübahisəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin torpaq sahəsində - “Reyhan” restoranında quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağının vaqon tipli (konteyner) tikililərinin üzərində konstruksiyanın qaldırılması və endirməsi (yerinin dəyişdirilməsi) üçün nəzərdə tutulmuş qarmaqların mövcud olduğunu nəzərə alaraq həmin əmlaka tənasübsüz sürətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılıb götürülməsi mümkün olduğu müəyyən edilmişdir. Həmin ünvanında yerləşən qeyri-yaşayış sahəsinin torpaq sahəsində - “Reyhan” restoranında quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağının həmin əmlaka tənasübsüz sürətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılıb götürülməsi mümkün olduğundan qərardadın sualı üzrə tədqiqat aparılmamışdır.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(009)- 122/2022 nömrəli, qətnaməsi ilə iddia rədd olunmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kirayə predmeti olan ev sürüşmə zonasında yerləşməklə 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmə zamanı kirayə evdə müəyyən fəsadlar əmələ gəlmişdir. 2021-ci ildə baş vermiş təkrar sürüşmə nəticəsində isə qeyd olunan ünvanda anbar və mətbəx torpağın altında qalmışdır. Sonuncu sürüşmə nəticəsində mübahisəli ünvanda quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağına zərər vurulmamışdır. Başqa sözlə, restoranın anbar və mətbəxi torpaq altında qalsa da, sözügedən qonaq otaqları yerindədir. İddiaçı həmin qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otaqlarının cavabdehdə qalması şərti ilə onların və təndir manqal otağı və anbar üçün sərf etdiyini iddia etdiyi 32.000 manat pulun ödənilməsini tələb edir. İddiaçı qeyd edilən qonaq otaqlarının dəyərini tələb etməsini onların restorandan götürülməsinin mümkün olmaması ilə deyil, başqa yerdə həmin konteynerlərdən istifadə edə bilməyəcəyi ilə əsaslandırmışdır.
13. Məhkəmə tərəfindən sürüşmə nəticəsində zərər görməmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı həmin ərazidə əmlaka tənasübsüz surətdə zərər vurmadan təkrar quraşdırmaq şərti ilə ayrıla, götürülə bilməsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmiş, ekspertiza rəyinə əsasən həmin əmlaka tənasübsüz surətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılaraq götürülməsi mümkün olduğu müəyyən edilmişdir. Araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilmişdir.
14. Beləliklə, qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı daxili və xarici konstruksiyalar taxta material ilə, damı isə dəmir materialdan şifer ilə üzlənmiş, dəmir konstruksiyaları vaqon tipli (konteyner) olduğu və onun tənasübsüz surətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılaraq götürülməsi mümkün olduğu üçün, iddiaçı özünə məxsus olan bu əmlakları məcburi qaydada cavabdehin istifadəsində saxlamaqla onların dəyərini zərər qismində tələb etməkdə haqlı olmamaqla, bu tələbinin hüquqi əsası mövcud deyildir. Cavabdeh tərəf iddiaçıya tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi mümkün olan əmlaklarının götürülməsinə etiraz etmir və buna istənilən vaxt şəraitin olmasını qeyd edir.
15. Həmçinin, işin materiallarından görünür ki, anbar və mətbəx sürüşmə nəticəsində torpağın altında qalmışdır. Belə olan halda, əvvəla, iddiaçı həmin anbar və mətbəxin onun tərəfindən inşa edilməsi ilə əlaqədar müqavilənin 8-ci bəndinə əsasən cavabdehin razılığının olub-olmamasını sübut etməmişdir. İkincisi, belə razılığın olubolmamasından asılı olmayaraq, iddiaçı həmin əmlakların tikilməsinə (və ya quraşdırılmasına) nə qədər vəsait sərf etməsinə dair sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəf iddiaçıya tikinti və təmir işləri üçün razılıq verməməsini, sürüşmələrdən sonra müəyyən işlərin özü tərəfindən görülməsini, iddiaçı tərəfindən görülən işlərə heç bir dəstək verilmədiyi üçün onun həmin ünvandan çıxmasını tələb etdiyini bildirmişdir.
16. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32000 manat tələbi əsassız olduğu üçün təmin edilə bilməz.
17. Məhkəmə 56 adda əmlak və işlərin görülməsi üçün 18000 manat tələbi üzrə qeyd etmişdir ki, əvvəla işlərin (55-ci həyətin işıqlanması, 56-cı reklam lövhəsi) görülməsinə çəkilən xərclərə dair tələb birbaşa sübutetmə ilə bağlıdır və iddiaçı bu işlərin görülməsinə vəsait xərcləməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında reklam lövhəsinin torpaq altında qaldığını təsdiq etmişdir.
18. Lakin iddianın qalan 54 adda əmlakla bağlı tələbi birbaşa belə bir sübutetməyə bağlı olmamışdır. İddiaçı hazırda dəyərini tələb etdiyi həmin əmlakların sürüşmə nəticəsində torpaq altında qalmasını bildiyi halda, onlara görə dəymiş zərəri tələb edərkən nəzərə almamışdır ki, tərəflər aralarında bağlanmış müqavilədə fors major halları da şərtləşdirmişlər. Belə ki, müqavilənin 5-ci bəndinə əsasən, fors major hadisəsindən sığortalanma kirayəçinin vəzifəsi olaraq nəzərdə tutulmuşdur. Torpaq sürüşməsi fors-major hallarına aiddir və işin materiallarına əsasən baş vermiş torpaq sürüşməsi nəticəsində anbar və mətbəx, eləcə də iddiaçının dəyərini tələb etdiyi 54 adda əmlakların, həmçinin reklam lövhəsinin də torpağın altında qalması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçıya məxsus əmlaklar mübahisəli ünvanında mövcud olmuş olsa idi belə, iddiaçının onları götürə bilməməsində, başqa sözlə iddiaçıya maddi zərər vurulmasında cavabdehin heç bir təqsiri olmadığından onun üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər dəyməsi faktı sübut olunmadığından iddiaçının təqdim etdiyi qaimə sənədlər və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatı artıq sübut əhəmiyyəti kəsb etmir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
20. Göründüyü kimi, iddiaçının maddi zərərlə bağlı irəli sürdüyü faktiki hallar onun bu hissədə iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Bu mənada Məhkəmənin qənaətinə görə, əlavə irəli sürülən mənəvi zərərə görə 10000 manat, itirilmiş faydaya görə 5000 manat tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, bu tələblər əvvəlki 32000 və 18000 manat maddi zərərlə bağlı tələbdən törəmədir.
21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1096, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 88, 106.1, 101.7, 206.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, cavabdehin müqaviləyə xitam verilmə qaydasını pozması nəticəsində iddiaçıya ziyan vurmuş, iddiaçı ümid etməyə haqqı çatandan məhrum olmuşdur. Lakin məhkəmə müqavilənin pozulması ilə bağlı halları tədqiq etməmişdir. Cavabdeh müqavilədə müəyyən olunmuş xitam etmə qaydasını pozmuş, qabaqcadan xəbər vermədən, heç bir əsas olmadan müqaviləyə xitam vermişdir. Mülki Məcəllənin 685.2-ci maddəsində kirayə verənin xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv etməsi əsasları göstərilmiş, hazırkı işdə həmin halların heç biri mövcud olmadığından, kirayəyə verənin vaxtından əvvəl kirayə müqaviləsinə xitam verməsi qanunsuzdur və bu, kirayəçinin konstitusion hüququnu pozulmasına səbəb olmuşdur. Mülki Məcəllənin 424.5ci maddəsinə əsasən, cavabdeh müqaviləyə xitam vermə qaydasını pozduğundan iddiaçı dəyən ziyanın ödənilməlidir. Məhkəmə işin hallarını hərtərəfli, tam, obyektiv araşdırmamış, iddiaçının əldə edə biləcəyi, lakin əldə etmədiyi, əldən çıxmış faydanı qiymətləndirməmişdir. Aralarında bağlanmış kirayə müqaviləsinin 12-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əmlakın saxlanılması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə və ya kirayə haqqı hesabına əvəzləşdirməyə borcludur. 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmənin fəsadlarını iddiaçı öz hesabına bağlamış, çəkdiyi xərclər ödənilməmiş, bu barədə məhkəmə işin hallarını hərtərəfli qiymətləndirməmiş, eyni zamanda qərar qəbul edərkən iddiaçıya dəymiş mənəvi zərəri ümumiyyətlə nəzərə almamış, mənəvi zərərlə bağlı irəli sürülmüş halları araşdırmağa borclu olduğu halda araşdırmamışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2023-cü il il tarixli, 2(103)-3202/2023 nömrəli, qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Həmçinin müəyyən edilmişdir ki, kirayə predmeti olan ev sürüşmə zonasında yerləşməklə 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmə zamanı kirayə evdə müəyyən fəsadlar əmələ gəlmişdir. 2021-ci ildə baş vermiş təkrar sürüşmə nəticəsində isə qeyd olunan ünvanda anbar və mətbəx torpağın altında qalmışdır.
26. İşin bu halı tərəflərin izahatları, işdə olan fotoşəkillər və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022- ci il tarixli məktubu ilə təqdim edilmiş “Azerinşaatlayihə" DBLKT İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli aktın məzmunu ilə təsdiq edilir.
27. Hazırda tərəflər arasında kirayə hüquq münasibətləri mövcud deyildir. Belə ki, cavabdeh iddiaçının mülkiyyətindən çıxmasını tələb etmişdir.
28. İddiaçı isə cavabdehin müqavilə müddəti bitməmiş və müqavilə şərtlərinə əsasən 1 ay qabaqcadan məlumat vermədən müqaviləni pozmasını, qanunvericiliyin tələblərini, həmçinin müqavilədən irəli gələn öhdəlikləri kobud şəkildə pozmasını göstərməklə yanaşı, kirayə müddətində qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan evi maddi texniki təminatla, xüsusən də restoran, iaşə xidmətləri üçün zəruri olan avadanlıqlarla təmin etməsini qeyd etməklə hazırda 56 adda əmlak və işlərin görülməsi üçün cavabdehin ona 18000 (on səkkiz min) manat ödəməli olmasını iddia edir və tələbinin bu hissəsi üzrə maddi əsası kimi Azərbaycan Respublikasının 21.1, 21.2, 21.3, 675, 676.0, 680.2, 1096.1, 1097.1-ci maddələrinə istinad edir.
29. Göründüyü kimi, iddiaçının tələbi zərərin ödənilməsi ilə bağlı pul tələbidir və o, cavabdeh tərəfindən kirayə müqaviləsini vaxtından əvvəl pozmasını göstərsə də, bu hərəkətin qanuniliyini mübahisələndirmədiyi üçün məhkəmə yalnız zərərin ödənilməsi ilə bağlı pul tələbinin əsaslı olub-olmamasına hüquqi qiymət verir.
30. Cavabdeh tərəf iddiaçıya tikinti və təmir işləri üçün razılıq verməməsini, sürüşmələrdən sonra qeyd edilən ünvanda müəyyən işlərin özü tərəfindən görülməsini, iddiaçı tərəfindən görülən işlərə heç bir dəstək verilmədiyi üçün onun həmin ünvandan çıxmasını tələb etdiyini bildirmişdir.
31. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddianın qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32000 manat tələbi əsassız olduğu üçün təmin edilə bilməz.
32. Məhkəmə kollegiyası iddia tələbinin 56 adda əmlak və işlərin görülməsi üçün cavabdehin iddiaçıya 18000 manat ödənilməsi hissəsi üzrə bu qənaətə gəlir ki, əvvəla işlərin (55.Həyətin işıqlanması, 56.Reklam löhvəsi) görülməsinə çəkilən xərclərə dair tələb birbaşa sübutetmə ilə bağlıdır və iddiaçı bu işlərin görülməsinə vəsait xərcləməsinə dair mötəbər sübutlar təqdim etməmişdir.
33. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında reklam löhvəsinin torpaq altında qaldığını təsdiq etmişdir. Lakin, iddianın qalan 54 adda əmlakla bağlı tələbi birbaşa belə bir sübutetməyə bağlı olmamışdır.
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hal-hazırda dəyərini tələb etdiyi həmin əmlakların sürüşmə nəticəsində torpaq altında qalmasını bildiyi halda, onlara görə dəymiş zərəri tələb edərkən nəzərə almamışdır ki, tərəflər aralarında bağlanmış müqavilədə fors major hallarını da şərtləndirmişlər. Belə ki, müqavilənin 5-ci bəndinə əsasən, fors major hadisəsindən sığortalanma kirayəçinin vəzifəsi olaraq nəzərdə tutulmuşdur.
35. Torpaq sürüşməsi fors-major hallarına aiddir və işin materiallarına əsasən baş vermiş torpaq sürüşməsi nəticəsində anbar və mətbəx, eləcə də iddiaçının dəyərini tələb etdiyi 54 adda əmlakların, həmçinin reklam löhvəsinin də torpağın altında qalması işin mübahisəsiz halıdır.
36. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiçıya məxsus əmlaklar ünvan 2 ünvanında mövcud olmuş olsa idi belə, iddiaçının onları götürə bilməməsində, başqa sözlə iddiaçıya maddi zərər vurulmasında cavabdehin heç bir təqsiri olmadığından onun üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.İddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər dəyməsi faktı sübut olunmadığından iddiaçının təqdim etdiyi qaimə sənədlər və Premium Qiymətləndirmə MMC-nin 20 sentyabr 2021-ci il tarixli hesabatı artıq sübut əhəmiyyəti kəsb etmir.
37. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işin sadalanan hallarına əsasən iddiaçının istinad etdiyi digər maddi hüquq normalarının hazırki mübahisənin həlli baxımından tətbiq edilərək iddiaya qiymət verilməsinə zərurət yoxdur.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti özü özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
39. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə eyni zamanda haqlı olaraq hesab etmişdir ki, iddianın 18000 manat tələb hissəsi də əsassız olduğundan təmin edilə bilməz.
40. Göründüyü kimi iddiaçının maddi zərərlə bağlı irəli sürdüyü faktiki hallar onun bu hissədə iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır və məhkəmə hesab edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə əlavə irəli sürülən mənəvi zərərə görə 10000 manat, itirilmiş faydaya görə 5000 manat tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, bu tələblər əvvəlki 32000 və 18000 manat maddi zərərlə bağlı tələbdən törəmədir.
Kassasiya instansiyası məhkəməsində icraat
41. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlara, qiymətləndirmə MMC-nin verdiyi ekspert rəyinə baxmayaraq birinci instansiya məhkəməsi qərar qəbul edərkən dəymiş zərərin tam məbləğini hərtərəfli, tam, obyektiv araşdırmamışdır. Cavabdeh müqaviləyə xitam verilmə qaydasını pozması nəticəsində İddiaçı ziyan vurmuşdur. İddiaçı ümid etməyə haqqı çatandan məhrum olmuşdur. Lakin məhkəmə müqavilənin pozulması ilə bağlı halları tədqiq etməmişdir. Cavabdeh müqavilədə müəyyən olunmuş xitam etmə qaydasını pozmuş, qabqcadan xəbər vermədən, heç bir əsas olmadan müqaviləyə xitam vermişdir. Cavabdeh müqaviləyə xitam vermə qaydasını pozduğundan iddiaçıya dəyən ziyan ödənilməlidir. Cavabdeh Mülki Məcəllənin sözü gedən maddəsinə əsasən nəinki vicdanlı davranmamış, tərəflər arasında bağlanan kirayə müqaviləsinin şərtlərini pozmaqla müqaviləyə əsassız xitam vermişdir Məhkəmə işin hallarını hərtərəfli, tam, obyektiv araşdırmamış, iddiaçının əldə edə biləcəyi, lakin əldə etmədiyi ,əldən çıxmış faydanı qiymətləndirməmişdir. İddiaçı və cavabdeh arasında bağlanan kirayə müqaviləsinin 12-ci maddəsinə əsasən “Kirayəyə verən” kirayəyə verilmiş əmlakın saxlanılması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə və ya kirayə haqqı hesabına əvəzləşdirməyə borcludur. 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmənin fəsadlarını İddiaçı ioğlu öz hesabına bağlamışdır. İddiaçının çəkdiyi xərclər ödənilməmiş, bu barədə məhkəmə işin hallarını hərtərəfli qiymətləndirməmişdir. Kirayəyə verənin vaxtından əvvəl kirayə müqaviləsinə xitam verməsi qanunsuzdur və bu, kirayəçinin konstitusion hüququnu pozulmasına səbəb olmuşdur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi zərəri ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə mənəvi zərərlə bağlı irəli sürülmüş halları araşdırmağa borclu olduğu halda araşdırmamış, qətnamədə bildirmişdir ki, “Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün əhəmiyyəti yoxdur”. Kirayə müqaviləsi ilə bağlı öhdəliklərin icrası, həmin öhdəliklərin icra edilib-edilməməsi barədə mövcud olan hallar məhkəmə tərəfindən araşdırılmamış, hüquqi qiymət verilməmişdir. O cümlədən, "xxxx" MMC tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı sözügedən sahəyə baxış keçirilmiş, qiymətləndirilməsinin nəticələri iş materiallarına əlavə edilmiş, lakin məhkəmə tərəfindən qərar qəbul olunarkən qiymətləndirmənin nəticəsinə hərtərəfli tam və obyektiv qiymət verməmişdir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2023cü il tarixli, 2(102)-3397/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)- 3202/2023 nömrəli qətnaməsi iddia tələbinin mənəvi zərərə görə 10000 manat , itirilmiş faydaya görə 5000 manat hissəsinin rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddia tələbinin cavabdehdən tikilmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32000 manat, 56 adda maddi texniki təminat əşyaları üçün 18000 manat tələbinə dair hissələrində dəyişdirilmədən saxlanılmışdır.
44. Ali Məhkəmənin Qərarının əsaslarına görə; - ... apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərə görə 10000 (on min) manat , itirilmiş faydaya görə 5000 (beş min) manat tələbinə dair hissəsi üzrə səhv nəticəyə gəlmişdir. Belə ki,iddiaçı iddiasında cavabdehin müqavilə müddəti bitməmiş və müqavilə şərtlərinə əsasən 1 ay qabaqcadan məlumat vermədən müqaviləni pozmasını, qanunvericiliyin tələblərini, həmçinin müqavilədən irəli gələn öhdəlikləri kobud şəkildə pozmasını göstərməklə digər tələblərlə yanaşı mənəvi zərərə görə 10000 manat , itirilmiş faydaya görə 5000 manat tələbini irəli sürmüşdür. Əslində bu tələblər iddia tələbinin rədd edilən hissəsi üzrə tələblərdən törəmə tələb deyil. İddiaçı bu tələbləri cavabdeh tərəfindən kirayə müqaviləsini qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə pozması ilə əlaqələndirmişdir. Yəni həmin tələbinin əsası cavabdeh tərəfindən müqavilənin qanunsuz ləğv edilməsi, buna görə də iddiaçının zərərə düşməsi ilə bağlıdır. Məhkəmələr isə müqavilənin ləğvi ilə bağlı Mülki Məcəllənin müvafiq normaları və tərəflər arasında bağlanmış kirayə müqaviləsinin bununla bağlı şərtləri baxımından heç bir hüquqi qiymətləndirmə aparmamışlar.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
45. Apellyasiya şikayətinin dəlilləri qərarın 23-cü bəndində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
47. İddiaçının nümayəndəsi Vəkil3 iştirak etidiyi məhkəmə iclasında apellyasiya şikayətinə uyğun izahat verib, təmin olunmasını xahiş etmişdir.
48. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq, müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür.
50. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.”
51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı: Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər.”
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
53. Apellyasiya şikayəti ilə qətnamə qismən – iddia tələbinin mənəvi zərərə görə 10000 manat, itirilmiş faydaya görə 5000 manat hissəsinin rədd edilməsi hissəsində mübahisələndirildiyindən, qətnamə digər hissələrdə Ali Məhkəmənin iş üzrə əvvəllər qəbul etdiyi qərarı ilə qanuni qüvvəsini aldığından birinci instansiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, araşdırılan hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
55. İddiaçı həm əldən çıxmış fayda, həm də mənəvi zərərin tutulması barədə tələblərini qeyri – yaşayış sahəsindən həm müqavilənin şərtlərinə, həm də qanunvericiliyin tələblərinə zidd olaraq çıxarılması ilə əsaslandırdığından məhkəmə kollegiyası hesab edir ki, ilkin araşdırılmalı məsələ icarə müqaviləsinə xitam verilməsi ilə bağlı müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə əməl olunub – olunmamasıdır.
56. Tərəflər arasında bağlanmış sonuncu, 15 sentyabr 2020-ci il tarixli müqavilənin 3-cü bəndinə əsasən kirayə müddəti 15 sentyabr 2023-cü il tarixədək müəyyən olunmuşdur. Müqavilənin xitamla bağı şərtləri isə 13-15-ci bəndlərdə aşağıdakı formada qeyd olunmuşdur: “13. Kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: a. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; b. kirayəyə verənin kirayəyə verilmiş mənzildə özünün və ya ailə üzvlərinin ehtiyacı olduqda; c. kirayə hüququ münasibətlərinin davam etməsi nəticəsində kirayəyə verən iqtisadi cəhətdən xeyli zərər çəkdikdə. Bu halda başqa şəxslərə kirayə verilməsi zamanı əmlak kirayəsi üçün dada yüksək haqq almaq imkanı nəzərə alınmır.
14. Kirayəçi kirayəyə götürdüyü mənzili kirayə hüquq münasibətlərinə xitam verdikdən sonra təhvil verməyə borcludur.
15. Kirayə hüquq münasibətlərinə xitam verdikdə kirayəyə verən artıq müddət üçün qabaqcadan ödənilmiş kirayə haqqını geri qaytarmalıdır.”
57. Kirayə müqaviləsinə xitam verilməsi ilə bağlı mülki qanunvericiliyin normalarına əsasən isə kirayəyə verənin kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilməsinin əsası kimi kirayəçinin və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq, müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, həmçinin, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə müqaviləni xəbərdalıq müddəti gözləmədən ləğv ejdə bilər. Bu halda isə əmlak kirayəsi müqaviləsinin ləğvinə dair yazılı formada bildiriş verilməli, bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.
58. Lakin işin hallarından görünür ki, müqavilənin vaxtından əvvəl ləğvi üçün nə müqavilədə, nə də qanunvericilikdə nəzərdə tutulmuş hallar mövcud olmamış, qanunvericiliyin tələbinə zidd olaraq bildiriş verilmədən kirayə müqaviləsinə kirayəyə verən tərəfindən vaxtından əvvəl xitam verilmişdir. Kirayəyə verən kirayə müqaviləsinə xitam verilməsinə əsas kimi sürüşmədən sonra kirayəçinin yaranmış xərclərdə iştirak etməməsini əsas gətirsə də, bu hal müqaviləyə vaxtından əvvəl xitamın əsası kimi nəzərdə tutulmamışdır və hətta bu halın mövcud olduğu təqdirdə belə, cavabdeh tərəfindən bu barədə iddiaçıya təklif, xəbərdarlıq olunması ilə bağlı hansı bir hərəkət mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kirayəyə verən müqaviləyə vaxtından əvvəl xitam verməklə müqavilə şərtlərini və qanunvericiliyin tələblərini pozmuşdur.
59. İddiaçı da iddianın əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi ilə bağlı hissələrini və apellyasiya şikayətini məhz onunla əsaslandıır ki, kirayəyə verənin vaxtından əvvəl kirayə müqaviləsinə xitam verməsi qanunsuzdur, cavabdehin müqaviləyə xitam verilmə qaydasını pozması nəticəsində iddiaçıya ziyan vurmuş, iddiaçı ümid etməyə haqqı çatandan məhrum olmuşdur. Cavabdeh müqavilədə müəyyən olunmuş xitam etmə qaydasını pozmuş, qabaqcadan xəbər vermədən, heç bir əsas olmadan müqaviləyə xitam vermişdir.
60. İddianın əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, bu hissədə iddianın təmin olunması üçün iddiaçı tərəfindən məhkəməyə zərərin mövcudluğunu təsdiq edən sübutlar, yəni, qeyri – yaşayış sahəsinin fəaliyyət göstərdiyi dövrdə hansı məbləğdə gəlir əldə etməsi, cavabdehin müqavilə şərtlərini və qanunvericiliyin tələblərini pozması nəticəsində gəlirdən məhrum olmasını təsdiq edən sənədlər təqdim olunmalı idi.
61. Qanunvericiliyin tələbinə əsasən sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmalıdır, lakin iş materiallarında bu xüsusatı təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən bu xüsusat araşdırılmalı olduğundan işə baxılarkən bu barədə sübutların təqdim olunması iddiaçının nümayəndəsinə təklif olunmuş, buna görə məhkəmə iclası təxirə salınmışdır. Buna baxmayaraq iddiçı tərəfindən məhkəməyə əldən çıxmış fayda qismində zərərin mövcudluğunu təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası bu hissədə iddianın rədd olunması qənaətinə gəlir.
62. Mənəvi ziyan tələbinin hüquqi əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı və 1097ci maddələrində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuşdur.
63. Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinə görə mənəvi zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
64. Nəzərə alınmalıdır ki, maddi zərər çəkilmiş və ya çəkməli olan xərclərdə, əmlak itkilərində, habelə əldən çıxmış faydada ifadə edildiyi üçün MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, bu cür tələb irəli sürmüş şəxs ona məhz tələb etdiyi həcmdə maddi zərər dəydiyini təsdiq edən konkret sübutlarını məhkəməyə təqdim etməlidir. Maddi zərərdən fərqli olaraq mənəvi zərər qeyri-əmlak xarakterli olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur və adətən şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Belə zərər anadangəlmə və ya qanun əsasında şəxsə məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Ona görə də əgər baxılan iş üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara və ya mənfi psixoloji reaksiyaya məruz qaldığını sübuta yetirərsə, yaxud işin müəyyən edilmiş hallarına əsasən belə nəticələrin mövcudluğu aşkar olarsa, məhkəmənin iddiaçıdan mənəvi zərərə məruz qaldığı barədə başqa konkret sübutlar tələb etməsinin hüquqi əsası yoxdur. Bu zaman məhkəmənin üzərinə düşən vəzifə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin ağlabatan və ədalətli miqdarını müəyyən etməkdir.
65. Qətnamənin 55-58-bəndlərində müqaviləyə cavabdeh tərəfindən vaxtından əvvəl qanunsuz olaraq xitam verilməsi əsaslandırılmışdır. Məhz cavabdehin müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə zidd olaraq müqaviləyə vaxtından əvvəl xitam verməsi nəticəsində iddiaçı uzun müddət fəaliyyət göstərdiyi, gəlir əldə etdiyi, hətta öz vəsaiti hesabına yaxşılaşdırmalar apardığı qeyri – yaşayış sahəsindən müqavilə müddəti bitmədən uzaqlaşdırılmışdır. Buna görə də iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara, mənfi psixoloji reaksiyaya məruz qaldığı aşkardır.
66. Mənəvi zərərin əvəzinin ödənilməsi bir qayda olaraq pul kompensasiya şəkilində müəyyən edilir. Mənəvi zərərin kompensasiyası dedikdə - mənəvi zərərin əvəzinin ödənilməsi başa düşülür. Pul kompensasiyasının məbləğini isə məhkəmə müəyyən edir və məhkəmə, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirabı, sarsıntıların xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini (qəsdini və yaxud ehtiyatsızlığını) və əmlak vəziyyətini, zərərçəkənin fərdi xüsusiyyətlərini (azyaşlı və yaxud qadın olmasını, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümünü, peşə və sənətini, cəmiyyətdə nüfuzunu və sair), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almalıdır.
67. Mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmaqla, şəxsin məruz qaldığı sarsıntı və iztirablara mütənasib olmalıdır. Mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. Hazırda iddiaçı, cavabdehdən ona dəymiş mənəvi zərərə görə 10000 manat kompensasiya tələb etsə də, həmin məbləğ açıq-aşkar onun məruz qaldığı sarsıntıya və iztirablara mütənasib deyidir və buna görə də məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi ziyanın miqdarı ilə bağlı- müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə zidd olaraq müqaviləyə vaxtından əvvəl xitam verməsi nəticəsində iddiaçının uzun müddət fəaliyyət göstərdiyi, gəlir əldə etdiyi, hətta öz vəsaiti hesabına yaxşılaşdırmalar apardığı qeyri – yaşayış sahəsindən müqavilə müddəti bitmədən uzaqlaşdırıldığını, bu məsələdə cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, həmin məbləğ 2000 manat müəyyən edilməlidir
68. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddia üzrə hazırda yoxlanılan hissədə iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin həmin hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən – əldən çıxmış fayda və mənəvi zərərin əvəzinin ödənilməsi hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
69. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(009)- 122/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(009)- 122/2022 nömrəli qətnaməsi qismən – əldən çıxmış fayda və mənəvi zərərin əvəzinin ödənilməsi hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsi hissəsində rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev