Məhkəmə qərarları › İş №2(103)-5742/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5742/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5742/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1855/2024 nömrəli 16 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 noyabr 2024-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001R********** nömrəli uzunmüddətli kredit razılaşmasına asasən sonuncuya xx.xx.2019-cu il tarixdə 36 ay müddətinə 10000 manat kredit verilmiş, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq 400 manat (sonuncu ay 391,15 manat) ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 001R********** nömrəli uzunmüddətli kredit müqaviləsinə asasən sonuncuya xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə 10000 manat kredit verilmiş, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq 389 manat (sonuncu ay 388,75 manat) ödəməyi öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-603/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X4 atasının, xx.xx.2012-ci il təvəllüdlü X3 anasının yanında saxlanılması qət edilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2025/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı “birgə mülkiyyətdə payların müəyyən edilməsi və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, “Mercedes Benz B170” minik markalı, 2008-ci il buraxılışlı, qara-metallik rəngli, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, habelə, “Zontes ZT150-8A” markalı, 99A408 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı motosiklin üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı payı müəyyən edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1579/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2025/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən (mübahisələndirilən) hissəsində qismən ("Mercedes Benz E220 CDİ” minik markalı avtomobilə aid hissədə) ləğv edilməsi və baxılan hissədə iddia tələbinin qismən təmin edilməklə yeni qətnamə qəbul edilməsi, "Mercedes Benz E220 CDİ” minik markalı, 1999-cu il buraxılışlı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə götürülmüş 23 avqust 2019-cu il tarixli kredit müqaviləsinin davamı olaraq xx.xx.2021-сi il tarixli kredit muqaviləsi ilə "xxxx" QSC-dən 10000 manat kredit borcu üzrə tərəfindən təkbaşına odənilmiş 13310 manatın ½ hissəsinin, yəni 6655 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi və dəqiqləşdirmə barədə ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və övladlarından Qurbanlı Sübhah onun, Qurbanlı Məhəmməd isə cavabdehin yanında saxlanılmışdır. Nikahları xx.xx.2022-ci il tarixdə pozulmasına baxmayaraq, cavabdeh xx.xx.2021-ci il tarixdə evdən çıxıb getmişdir. Birgə nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə onun adına “Mercedes Benz B170” minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Həmin avtomobil alınarkən o, yaxın qohumlarından borc pul götürmüş, həmin pulu qaytarmaq üçün və ümumi ailə təsərrüfatı üçün "xxxx" QSC-dən 10000 manat kredit götürmüşdür. O, həmin kreditdən cavabdeh evdə olduğu dövrdə hər ay 389 manat olmaqla iki ay ərzində 778 manat vəsait ödəmişdir. Bundan sonra isə 36 ay ərzində hər ay üçün 390 manat olmaqla, ümumilikdə 14088 manat kredit ödənişi etmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəlik birgə nikah dövründə yarandığı üçün cavabdeh də həmin kredit müqaviləsində məsuliyyət daşıyır. Belə ki, iki ay ərzində ödənilmiş 778 manat nəzərə alınmamaqla, onun tərəfindən ödənilmiş 13310 manatın ½ hissəsi cavabdehdən tutulmalıdır. Ona məxsus olan “Mercedes Benz B170” minik markalı, 2008-ci il buraxılışlı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Binəqədi Rayon Məhkəməsinin е-2(001)-2025/2023 saylı, xx.xx.2013-сü il tarixli qətnaməsi ilə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə onun рауı müəyyən edilmişdir. Həmin avtomobil 27 avqust 2019-cu il tarixdə 14500 manata onun adına alınmışdır. Qeyd etmişdir ki, avtomobil alınarkən nağd pulu olmadığından 23 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC-dən 10000 manat kredit götürmüşdür. Həmin pul yetərli olmadığı üçün bibisi Turac Qurbanovadan 4500 manat borc almışdır. Kredit müqaviləsinə əsasən hər ay banka 400 manat vəsait ödəmişdir. Ödəniş cədvəlindən görünür ki, 25 may 2021-ci il tarixə banka olan borc 5092,76 manat təşkil etmişdir. Həmin vaxt bibisi Turac Qurbanovanın pula ehtiyacı olduğu üçün borcunu istəmiş, onun isə pulu olmadığına görə "xxxx" QSC ilə müqaviləni xx.xx.2021-ci il tarixdə yeniləmişdir. Həmin kredit müqaviləsinə əsasən 5092,76 manat çıxılmaqla ona 4900 manata yaxin vəsait verilmiş, o da həmin pulun 4500 manatını bibisi Turac Qurbanovaya qaytarmışdır. Kredit müqaviləsinə əsasən qaytarılacaq məbləğ yenidən 10000 manat təşkil etmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 iyul 2024-cü il tarixli 2(001)-1855/2024 nömrəli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia rədd edilmişdir.

9. Məhkəmə göstərmişdir ki, iddiaçı “Mercedes Benz B170” minik markalı, 2008-ci il buraxılışlı, qara-metallik rəngli, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün xx.xx.2019-cu il tarixdə bankdan 10000 manat məbləğində kredit götürdüyünü, pulu çatmadığına görə bibisindən 4500 manat borc aldığını, sonradan bibisinin borcunu istədiyinə görə iddiaçı ilə birgə yaşadıqları dövrdə yenidən bankdan 10000 manat kredit götürərək bibisinin borcunu qaytardığını bildirsə də dəlilərini məhkəmədə əsaslandıra bilmədi. Belə ki, xx.xx.2019-cu il tarixdə kreditin götürülməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı avtomobil alarkən bibisindən borc almasını qeyd etsə də cavabdeh onların kimsədən borc almadıqlarını, kreditdən əlavə evdə özlərinə məxsus 3000 manat pul olduğunu bildirdi. Cavabdeh hətta maşını hansı məbləğə almasına dair hər hansı bir sübut təqdim etmədi. Bundan başqa iddaçı xx.xx.2021-ci il tarixdə bankdan kredit götürərkən cavabdehlə birlikdə yaşadıqlarını, sonuncunun 2021-ci ilin sentyanbr ayında evdən getdyni bildirsə də cavabdeh 2021-ci ilin aprel ayında iddiaçı ilə yaşadığı evdən getdiyiyni, avqust ayında isə gəlib əşyalarını apardığlnl bildirdi. Burdan da belə məlum olur ki, birgə nikah dövründə olmalarına baxmayaraq iddiaçı sonuncu krediti götürən zaman cavabdehlə birgə təsərrüfat aparmamışdır. Yəni həmin kredit götürülmüş məbləğ ailənin birgə ehtiyaclarına sərf olunmamışdır.

10. Məhkəmə araşdırması ilə müəyyən oldu ki, xx.xx.2019-cu il tarixdə və xx.xx.2021ci il tarixdə götürülmüş kreditlər xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən götürülmüş, hər biri ayrı-ayrılıqda bağlanmış kredit müqavilələridir. Belə ki, həmin kredit müqavilələrinin şərtləri də bir-birindən fərqlənir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi aylıq 2.0833 faizlə, aylıq 400 manat ödəniş, xx.xx.2021-ci il tarxli kredit müqaviləsi aylıq 1,9167 faizlə, aylıq 389 manat ödəniş etmək şərti ilə bağlanmışdır.

11. Məhkəmə hesab etmişdir ki, 2019-cu ildə götürülmüş kredit avtomobilin alınmasına sərf olunsa da 2021-ci il tarixdə götürülmüş kreditin də həmin avtomobilə görə olan borca sərf olunması öz təsdiqini tapmadı. Belə ki, müəyyən edildi ki, həmin kreditin götürülməsindən cavabdehin məlumatı olmamış, həmin vaxt onlar birgə təsərrüfat aparmamış, qeyd edilən vəsait ailə ehtiyaclarına, o cümlədən tərəflərin arasında bölünən avtomobilin alınması zamanı yaranan borca sərf olunmamışdır. Bundan başqa cavabdeh həmin avtomobildən pay tələb etdiyinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə icasında iddiaçı bildirdi ki, Cavabdeh avtomobilə olan pay hüququndan imtina etdiyi halda, o da hazırkı iddiadan imtina etməyə hazırdır.

12. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.2.2, 34.1, 37.1, 37.2, Mülki Məcəllənin 225.1, 225.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və müəyyən edilmiş hallar əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə sübutlar sadalansa da, həmin sübutlara düzgün qiymət verilməmiş, nəticə işin hallarına uyğun gəlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı bildirdi ki, cavabdeh sentyabrın 4-ü çıxıb getmişdir.

17. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, uşaqlar məktəbdə oxuduğu üçün, məktəb bağlanan zaman, yəni 2021-ci ilin iyunun ayının ikinci yarısı çıxıb getmiş, avqustun axırı qayıtmışdır. Təxminən sentyabrın 1-2-si isə əşyalarını da götürüb birdəfəlik getmişdir. Aprel ayında faktiki ər-arvad münasibətlərinə son qoysalar da, həmin evdə yaşamışlar, təsərrüfat bir olmuşdur. İkinci kreditin götürülməsindən onun xəbəri olmamışdır.

Tətbiq edilən hüquq

Ailə Məcəlləsi

18. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

19. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.

20. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.

21. Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

22. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir.

23. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

24. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir.

26. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

35. İddiaçı hazırki tələbində xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" QSC-dən götürülmüş 10000 manat kredit borcunun onun tərəfindən ödənilmiş 13310 manatın ½ hissəsinin, yəni 6650 manatın cavabdehdən tutulmasını tələb etmişdir.

36. İddiaçı ona istinad edir ki, 2019-cu ildə avtomobil alarkən 23 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC-dən 10000 manat kredit götürmüş, həmçinin bibisi Turac Qurbanovadan 4500 manat borc almışdır. "xxxx" QSC ilə müqaviləni xx.xx.2021-ci il tarixdə yeniləmiş, həmin kredit müqaviləsinə əsasən 5092,76 manat çıxılmaqla ona 4900 manata yaxın vəsait verilmiş, o da həmin pulun 4500 manatını bibisi Turac Qurbanovaya qaytarmışdır.

37. Apellyasiya baxışı zamanı cavabdeh bildirmişdir ki, məktəb bağlanan zaman, yəni 2021-ci ilin iyunun ayının ikinci yarısı çıxıb getmiş, avqustun axırı qayıtmışdır. Təxminən sentyabrın 1-2-si isə əşyalarını da götürüb birdəfəlik getmişdir.

38. İddiaçı da bu halı qəbul edərək, göstərmişdir ki, cavabdeh sentyabrın 4-ü çıxıb getmişdir.

39. Ailə Məcəlləsinin 32 və 41-ci maddələri, habelə «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ərarvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar.

40. Konstitusiya Məhkəməsi istinad olunan qərarında həmçinin qeyd etmişdir ki, ərarvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir, yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.

41. Göründüyü kimi, birgə nikah dövründə yaranmış öhdəlik ər-arvadın ümumi öhdəliyinə o vaxt aid edilə bilər ki, həmin öhdəliyin yaranmasına əsas verən müqavilə tərəfi olmuş ər (arvad) həmin krediti ailənin ehtiyacları üçün sərf etsin və bunu sübut etmək yükünü də məhz həmin tərəf daşıyır. Birgə nikah dövründə, tərəflərdən hansının adına rəsmiləşməsindən asılı olmayaraq, əvəzli əqd üzrə əldə edilmiş əmlakın ər-arvadın ümumi əmlakı hesab olunması (birgə vəsait hesabına alınması) prezumsiyası qüvvədə olduğu halda, əmələ gəlmiş öhdəliklər üzrə həmin öhdəliyin kimin təşəbbüsü ilə (kimin adına) yaranmasından asılı olaraq, məhz həmin tərəfin öhdəliyi olması prezumsiyası qüvvədə olur və hər iki halda bunun əksini sübut etmək yükü iddia edənin, yəni, birinci halda əmlakın birgə vəsait hesabına əldə olunmamasını, ikinci halda isə götürülmüş kreditin ailənin ümumi ehtiyaclarına sərf edilməsini iddia edənin üzərinə düşür.

42. Göründüyü kimi birinci dəfə kredit 23 avqust 2019-cu il tarixdə yəni, tərəflərin birgə nikah dövründə götürülmüş, həmin kredit üzrə yaranmış öhdəlik tərəflərin ümumi öhdəliyi olmuşdur.

43. Tərəflər arasında faktiki ər-arvad münasibətlərinə aprel ayında son qoyulsa da, tərəflər bir evdə yaşamağa və ümumi təsərrüfat aparmağa davam etmiş, məktəb bağlanan zaman, yəni 2021-ci il iyun ayının ikinci yarısı cavabdeh evdən getməklə tərəflər birgəliyə son qoymuşlar.

44. İkinci kredit 21 iyun 2021-ci il tarixində götürülmüşdür.

45. Təqdim edilmiş xx.xx.2019-xx.xx.2024-cü illər üzrə hesabdan çıxarışdan müəyyən edilir ki, 21 iyun 2021-ci il tarixdə iddiaçı 10000 manat kredit götürmüş, həmin tarixdə də 23 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə qalıq qalmış 5187,40 manat kreditin tam bağlanması üçün bank daxili köçürmə edilmiş, 4762,60 manat qalmışdır.

46. Görünən odur ki, 21 iyun 2021-ci il tarixdə iddiaçı yeni kredit götürmüş və götürülmüş məbləğin 5187,40 manatı əvvəlki (birgə nikah dövründə götürülmüş) kreditin bağlanması üçün istifadə edilmiş, qalan 4762,60 manatı iddiaçı götürmüşdür.

47. Yuxarıda qeyd edildiyi kimi birgə nikah dövründə götürülmüş 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəlik tərəflərin ümumi öhdəliyi olmuşdur, ona görə də həmin kreditin bağlanması üçün iddiaçı tərəfindən ödənilmiş 5187,40 manat tərəflər arasında bölünməli və cavabdehdən həmin məbləğin ½ hissəsi, yəni 2593,7 manatı iddiaçının xeyrinə tutulmalıdır.

48. İkinci kredit üzrə götürülmüş qalan 4762,60 manat məbləğə münasibətdə isə Kollegiya qeyd edir ki, göründüyü kimi həmin kredit götürülən zaman artıq tərəflər arasında münasibətlərə son qoyulmuş və həmin kreditin götürülməsindən cavabdehin xəbərdar olması, götürülmüş məbləğin ailənin ümumi ehtiyacları üçün sərf edilməsi inandırıcı və ağlabatan olmamaqla, sübuta yetirilməmişdir.

49. Eyni zamanda, iddiaçı ikinci dəfə götürdüyü kreditin qalan hissəsinin tərəflərin birgə öhdəliyi kimi bibisindən aldıqları borca görə ödəməsi də sübut olunmur.

50. Odur ki, həmin hissədə iddia tələbi rədd edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1855/2024 nömrəli iş 16 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2593,7 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar