Məhkəmə qərarları › İş №2(103)-5743/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5743/2025

17.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5743/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3056/2025 saylı, 04 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdehı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X6 xx.xx.2023-cü ildə Füzuli rayonu, Govşadlı kəndində baş-beynin diffuz travması səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023- cü ildə 288 nömrə ilə qeyd edilmişdir

2. İddiaçı1 xx.xx.2023-cü il tarixli **********404 nömrəli ərizəsində göstərib ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş miras qoyan şəhid oğlu X2 irs qalmış yaşayış ( ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən, oğlunun arvadı Cavabdeh xeyrinə imtina etmişdir. Notariat hərəkətlərinin aparılması barədə onun hüquq və vəzifələri, mirasın qəbulundan imtina etdiyi ərizənin geri götürülməsinin yolverilməzliyi və imtinanın nəticələri barədə ona notarius tərəfindən izah edilmiş və ona aydın olmuşdur.

3. İddiaçı2 xx.xx.2023-cü il tarixli, **********405 nömrəli ərizəsində göstərib ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş miras qoyan şəhid oğlu X2 irs qalmış yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən, oğlunun arvadı Cavabdeh xeyrinə imtina etmişdir. Notariat hərəkətlərinin aparılması barədə onun hüquq və vəzifələri, mirasın qəbulundan imtina etdiyi ərizənin geri götürülməsinin yolverilməzliyi və imtinanın nəticələri barədə ona notarius tərəfindən izah edilmiş və ona aydın olmuşdur.

4. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh, oğlu X5, oğlu X4r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubuna əsasən 90954.50 manat məbləğində birdəfəlik kompensasiyadan ibarətdir.

5. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh, oğlu X5, oğlu X4r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17- 1/2-278007/2023 nömrəli məktubuna əsasən 81801 manat məbləğində birdəfəlik kompensasiyadan ibarətdir.

6. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh, oğlu X7, oğlu X4r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir.

7. ünvan 2əkətlərinin aparılmasından imtina barədə xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə şəhid olmuş oğlundan miras qalmış əmlakdan gəlini Cavabdeh xeyrinə imtina etməyi ilə bağlı 8İ-11404 və 8İ-11405 reyestr nömrəli ərizələrinin ləğvindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbnə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 72800 (yetmiş iki min səkkiz yüz) manatın tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.

9. İddiada göstərilib ki, övladı X6 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarabağ ərazisində erməni terrorçu dəstələrinə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatları zamanı şəhid olmuşdur. Ölüm 12 oktyabr 2023-cü ildə Füzuli rayon Qeydiyyat şöbəsində 288 № ilə qeydə alınmışdır. X3 şəhid olmasından sonra iddiaçılar – İddiaçı2 və İddiaçı1, X3 həyat yoldaşı (cavabdeh) - Cavabdeh və övladları şəhid ailə üzvü kimi tanınmışlar. xx.xx.2023-cü il tarixdə Bakı şəhər 52 saylı Notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə iddiaçılar və cavabdeh şəhidin miras əmlakının və digər müavinətlərin vərəsələrin arasında bərabər payda bölünməsi barədə razılığa gəlmişlər. Həmçinin, onlar əmlak və digər müavinətlərin vaxt itkisinin qarşısının alınması və məsələnin tez həll edilməsi üçün vərəsələrdən birinin adına keçirilməsi və daha sonra vərəsələr arasında bölünməsi barədə də razılığa gəlmişlər. Həmin vaxt Cavabdeh mənzilin ona və uşaqlarına verilməsini xahiş etmiş, qalan digər müavinətləri isə iddiaçılara verəcəyini bildirmişdir. Bu məqsədlə elə həmin notariat ofisində miras əmlakdan cavabdehin xeyrinə imtina edilməsi barədə ərizə yazmışlar. Daha sonra iddiaçılara məlum olmuşdur ki, cavabdeh artıq şəhid ailəsi statusuna görə ödənilən müavinət alıb və bu barədə iddiaçılara heç bir məlumat verməyib. Şəhid ailəsi statusu ilə bağlı cavabdehə 182,000 (yüz səksən iki min) manat ödənilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2989/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının adlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvünün itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqları maddi və mənəvi zərəri mümkün qədər azaltmaqdır. Başqa sözlə, şəhid ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlarla bağlı qanunvericilik aktlarının adlarından da göründüyü kimi bu qanunvericilik aktlarının məqsədi şəhidin ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Təsadüfi deyildir ki, bu məqsədlə çıxarılan Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının adı xüsusi olaraq “.... ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” şəklində ifadə olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli AR Qanununda da bu çox bariz şəkildə öz əksini tapmaqdadır. Şəhid ailələri üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyəti və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs şəhid olmazdan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o, da şəhid olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın. Həmçinin, Xətai Rayon Məhkəməsinin 2(011)-2989/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş məhkəmənin hüquqi mövqeyinə əsasən şəhidin ailə üzvlərindən hər hansı birinin miras əmlakdan imtina etməsi, imtina edən şəxsin şəhid ailəsi üzvlüyündən imtina etməsi və ya onun şəhid ailəsi üzvü hesab olunmaması üçün bir əsas ola bilməz. Belə ki, mirasdan imtina edilməsi onların sosial müavinət və dövlət dəstəyi almaq hüququnu məhdudlaşdırmır.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3056/2025 saylı, 04 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh tutularaq 34551,10 manatın İddiaçı2, 34551,10 manatın isə İddiaçı1 ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, daxili işlər orqanının əməkdaşı olmuş X6 Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə Füzuli şəhəri, Govşadlı kəndində şəhid olmuşdur. Hazırki mülki iş üzrə iddiaçılar şəhidin valideynləri (ata-anası), cavabdeh isə şəhidin arvadıdır. Həm iddiaçılar, həm cavabdeh, həm də şəhidin (X6) uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 şəhid ailəsi statusunu almış ailə üzvləridir. Eyni zamanda, onların hər biri X3 birinci növbədə bərabər pay hüquqlu vərəsələridir. X3 ölümündən sonra Bakı şəhəri 52 saylı notaiat ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçılar Bakı şəhəri 52 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək, şəhid oğullarından miras qalmış əmlaklardan cavabdehin xeyrinə imtina etmişdir. Bundan sonra, cavabdehin və onun uşaqlarının hər birinin miras qalmış ünvan 1 (Yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən mənzilin 1/3 hissəsinə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, X3 şəhid olması ilə bağlı ümumilikdə ödənilmiş 182.000 manat məbləğində pul vəsaiti də cavabdeh tərəfindən alınmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Göründüyü kimi, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Şəhid statusuna malik şəhid ailələrinə birdəfəlik ödəmə şəhidin ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Başqa sözlə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının yuxarıda istinad edilən normasında görünür ki, xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiyanın mərhumun vərəsələrinə deyil, onun ailəsinə ödənilməsi nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən, iddiaçıların X2 miras qalmış əmlakdan cavabdehin xeyrinə imtina etməsi, onların şəhid ailəsi statusundan imtina etməsi anlamına gəlmir və X3 ölümü (şəhid olması) ilə bağlı ödənilmiş kompensasiya və onlar sığorta haqqından paylarına uyğun hissəni cavabdehdən tələb etməkdə haqlıdır. Başqa sözlə, iddiaçıların şəhid oğullarından miras qalmış əmlaklardan cavabdehin xeyrinə imtina etmələri ilə onların X3 ölümü (şəhid olması) ilə bağlı ödənilmiş 81801 manat məbləğində sığorta haqqından və 90954,50 manat məbləğində birdəfəlik kompensasiyadan, yəni 172755,5 manat məbləğində vəsaitdən paylarına uyğun hissəninin tələb edilməsi ilə bağlı hüququna xitam verilməmişdir. İddiaçılar cavabdehə mərhum X3 ölümü ilə bağlı ümumilikdə 182000 manat məbləğində vəsaitin ödənildiyini iddia etsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin məbləğ 172755,50 (90954,50+81801) manat olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh X3 ölümü (şəhid olması) ilə bağlı ona ödənilmiş 81801 manat məbləğində sığorta haqqının və 90954,50 manat məbləğində birdəfəlik kompensasiyanın 1/5 hissəsi miqdarında, yəni 34551,10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2, 1/5 hissəsi miqdarında, yəni 34551,10 manat məbləğində pul vəsaiti isə İddiaçı1 ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, iddia tələbinə əsasən iddiaçılar qeyd edir ki, ödənilən sığorta ödənişi miras əmlak dairəsinə aid deyil və miras əmlakdan imtina edilməmişdən öncə Cavabdeh həmin vəsaiti səlahiyyətli dövlət orqanından alıb. Bununla bağlı qeyd edir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinə əsasən, sığortaolunanın ölümü halına görə ödəniş vərəsəlik hüququnu təsdiq edən sənəd əsasında sığorta olunanın vərəsələrinə ödənilməlidir. Cavabdeh tərəfindən də müvafiq ödəniş vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edildikdən sonra həmin sənəd əsasında səlahiyyətli orqandan alınmışdır. Göründüyü kimi sığorta ödənişi qanunvericiliyin tələbinə əsasən ancaq sığortaolunan şəxsin vərəsələrinə ödənilə bilər və Cavabdeh da şəhid X3 varisi olaraq həmin ödənişi almışdır. İddiaçılar tərəfindən miras əmlakdan imtina barədə notariat ofisində verilmiş ərizədə məhkəmə qaydasında mübahisələndirilmiş və Xətai Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinə əsasən həmin ərizələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir və iddia tələbləri haqlı olaraq rədd edilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən iddia ərizəsinə əsaslandırılmış etiraz təqdim edilsə də, iddia tələbi qismən təmin edilmişdir. Halbuki, qeyd edilən məqamlara əsasən iddia tələbi rədd edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

16. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; Maddə 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi. Maddə 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Maddə 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Maddə 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Maddə 5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”

Bənd 1.2. Sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər.

18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Bənd 1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. Bənd 2. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. Təmin edildiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

27. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

29. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

30. Belə ki, iddiaçılar şəhid valideynləri olduğundan hazırkı iddia ilə cavabdehə qarşı ödənilmiş kompensasiya və sığorta ödənişindən paylarına uyğun hissəni cavabdehdən tələb etməkdə haqlıdır və bununla əlaqədar məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olublar. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçıların şəhid oğlunun miras əmlakından imtina etməsi, qeyd olunan ödənişlərdən də imtina etmə demək deyildir. Başqa sözlə, miras əmlakdan imtina şəhid ailəsi statusundan imtina kimi qiymətləndirilə bilməz.

31. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəası ilə bağlı qərarını vermişdir. Qərarda qeyd olundu ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Demək ki, cavabdeh qeyd olunan ödənişləri vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra həmin sənəd əsasında səlahiyyətli orqanlardan alması da heç nəyi dəyişmir. Yəni, həmin ödənişlər tam olaraq yalnız ona və övladlarına deyil, həm də iddiaçılara aid idi. Başqa sözlə, iddiaçıların da həmin ödənişlər üzərində payı olub. Buna görə də, apellyasiya şikayətində bu cür dəlillərin göstərilməsi əsaslı olmadığından təmin edilməsi üçün də əsas ola bilməz.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3056/2025 saylı, 04 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3056/2025 saylı, 04 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar