Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5745/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pəncərənin bağlanılması" tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5402/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5402/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçıya Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. Qərardadda MPM-in 35.1, 39.1, 152.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iddia ərizəsi cavabdehin qeydiyyat ünvanı ünvan 2 Məhkəməsinə verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində MPM-yə istinad etməklə hazırkı iddia ərizəsi iləBakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, “Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir”. Hazırkı iddia tələbi MPM-nin 39.1-ci maddənin tələblərinə uyğun olmadığından, yəni daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddia olmadığından, iddia ərizəsi geri qaytarılmalıdır. Bununla da, məhkəməyə daxil olmuş iddia ərizəsi aidiyyat qaydaları pozulduğundan MPM-in 152-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(001)-5402/2023 saylı qərardadının ləğv edilərək, işin icraata qəbul edilməsini, əks təqdirdə, ərazi aidiyyatının müəyyən edilməsi üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbyacna Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində qeyd edildiyi və qoşma sənədlərdə də təqdim edildiyi kimi tərəflərindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuş, eyni qaydada həmin məhkəmə tərəfindən də iddia ərizəsi geri qaytarılmış və işin Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu qeyd edilmişdir. Çünki iddia tələbi müstəsna aidiyyat qaydalarına uyğun olaraq mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə əlaqədar olduğu üçün daşınmaz əmlakın olduğu yer olan Binəqədi Rayon Məhkəməsində işə baxılmalıdır. Birinci instansiyası məhkəməsi yalnız mülkiyyət hüququnun tanınmasına dair iddiaları qeyd etmiş, bu maddədə göstərilən mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara istinad etməmişdir. Halbuki maddədə bu halda da müstəsna aidiyyat qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən mübahisəyə baxılmalı olduğu qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-5402/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-45, 149-152, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan ərizənin qeyd edilmiş əsasla qaytarılması mülki prosessual baxımından yolverilməzdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə: Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (39.1). Prosessual qanunvericiliyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, tələb ilə bağlılığı müəyyən edilir və işin təfərrüatı araşdırılmadan tələbin mahiyyətinin müəyyən edilməsi şəxsin məhkəmə müdafiə hüquqlarının pozulmasına şərait yaradan amil kimi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəasının bilavasitə olaraq hazırkı tələblə bağlılığı müəyyən edilir. Belə ki, tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqındadır. Bununla belə qeyd edilməlidir ki, iddia ərizəsinə əmlaklara dair hüquqmüəyyənedici sənədlər əlavə edilməmiş, yalnız işdə (iş səh. 5, 6) Binəqədi Rayon İcra Hakimiyyətinə müraciətlər əlavə edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edən birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmalıdır ki, qeyd edilən konstitusiya icraatı Qaradağ Rayon Məhkəməsinin müraciəti əsasında ər-arvadın daşınmaz əşya üzərində ümumi (birgə) mülkiyyətinin bölünməsi və mülkiyyət hüququnun tanınması üzrə münasibətlərə aydınlıq gətirmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə əsasən: 90.1. Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. 90.2. Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. 90.3. Normativ hüquqi akt şərh edildikdən sonra aktda həmin şərh nəticəsində dəyişikliklər edilməsinə yol verilmir. 90.4. Genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir. 90.5. Normativ hüquqi aktın məzmununun izahı onun şərhi hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə əsasən: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir. Ona görə iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən müzakirə edilməli, ərazi aidiyyəti məsələsi əsaslı şəkildə təfsir edilməli, nəticəsindən asılı olaraq onun səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı nümayəndəsi Vəkil şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5402/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı "pəncərənin bağlanılması" barədə iddia ərizəsinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-5745/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5745/2023
11.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver