Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5745/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: qarşılıqlı iddia ərizəsinin mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun pozulması ilə bağlı dəymiş maddi ziyan və mənəvi zərərlə bağlı pul tələbinə dair” mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5790/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun pozulması ilə bağlı dəymiş maddi ziyan və mənəvi zərərlə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 7 nömrəli mənzilin hazırki likvid bazar dəyərinə müvafiq olaraq 200.000,0 (iki yüz min) manat məbləğinin 3/5 hissəsi olan 133.000 (yüz otuz üç min) manat pulun Cavabdeh2 alınması, vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat pulun Cavabdeh1 alınması, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 428 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat xidmət haqqının Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” ilkin iddia tələbinin rədd edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2467/2016 nömrəli icra sənədinin icra edilməsi faktının tanınması, qarşılıqlı iddia üzrə iddiaçılara qarşı dəfələrlə vicdansızcasına əsassız iddia verdiyinə görə İddiaçı 20.000 (iyirmi min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5790/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun pozulması ilə bağlı dəymiş maddi və mənəvi zərərlə bağlı pul” tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən verilən qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddianın məzmunundan görünür ki, Cavabdeh2 vermiş olduğu qarşılıqlı iddia deyil, ayrıca iddia tələbidir. Belə ki, İddiaçı məhkəməyə müraciət edərək, “mülkiyyət hüququnun pozulması ilə bağlı dəymiş maddi ziyan və mənəvi zərərlə bağlı pul” tələbi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə “İcra sənədinin icra edilməsi faktının tanınması və əsassız iddia verilməsinə görə məbləğin tutulması” tələbi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin qarşılıqlı iddia tələbinin “İcra sənədinin icra edilməsi faktının tanınması” barədə idia tələbinə faktın tanınmasına xüsusi icraat qaydasında baxıla bilər. Qarşılıqlı iddia ərizəsindən və iş materiallarından görünür ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmağa imkan vermədiyindən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilə bilməz. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5790/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavadehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia qaldırmışdır. Cavabdeh2 ilkin iddianın tamamilə əsassız olduğu üçün rədd edilməsi, ilkin iddianın əsasını təşkil edən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-2467/2016 nömrəli icra sənədinin icra edilməsi faktının tanınması və əsassız iddia verilməsinə görə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 20.000 (iyirmi min) manat pulun tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Qarşılıqlı iddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdə oğlu X2 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-868/2015 nömrəli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı uşaq anasının yanında saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-2467/2016 nömrəli qətnaməsi ilə X2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102 ünvanındakı 7 saylı mənzilin Cavabdeh2 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixli çıxarış ləğv olunmuş, həmin mənzildə 3/5 hissədə İddiaçı, 2/5 hissədə isə X1 payları müəyyən olunmuşdur. Bundan sonra cavabdehlər məhkəmə aktını mübahisələndirməmiş, əksinə qarşı tərəfə bölgü ilə bağlı alternativ variantlar təklif etmişdir. Həmin təkliflərdən biri 4 otaqlı evin 3 otağından iddiaçının, qalan bir otağından isə cavabdehlərin istifadə etməsi olmuş, digər təklif isə bazar dəyəri uyğunlaşdırılmaqla iddiaçı ya ev alınaraq məhkəmə qərarının faktiki olaraq icra edilməsindən ibarət olmuşdur. İddiaçı yeni evin alınması təklifi ilə razılaşmışdır. Qarşılıqlı razılaşmaya əsasən ev birgə nikahdan doğulmuş X4 adına alınmalı idi. Həmin evi seçməkdə isə iddiaçıya tam sərbəstlik verilmişdir. Bir neçə aylıq axtarışdan sonra İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.11 kv.m olan 2 otaqlı evin alınmasını təklif etmişdir. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yuxarıda qeyd olunan mənzil tam dəyəri X2 tərəfindən ödənilməklə X4 adına sənədləşdirilmişdir. Bununla da Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2467/2016 nömrəli qətnaməsi faktiki olaraq icra edilmişdir. Əslində başlanmış mübahisənin əvvəlindən problemlər mövcud olmuş, lakin hazırki iş üzrə cavabdehlər məsələyə daha humanist yanaşmış, azyaşlı uşaqlarının xatirinə mübahisəni davam etdirməmiş, daha uyğun şərtlərlə razılığa gəlmişlər. Belə ki, əslində mübahisəli mənzil X2 tərəfindən alınarkən onun dəyəri birgə nikah dövründə əldə edilmiş vəsait hesabına deyil, atası Cavabdeh1 tərəfindən ödənilmişdir. Sənədlərdən göründüyü kimi, tərəflər arasında nikah xx.xx.2012-ci il tarixdə bağlanmış, mənzil isə xx.xx.2013-cü ildə alınmışdır. Yəni 3 aydan da az bir müddətlik nikah dövründə nəinki 2 nəfərin, heç 22 nəfərin də gəliri 4 otaqlı mənzilin əldə edilməsi üçün yetərli ola bilməzdi. Ən azından belə bir gəlirlərin mövcudluğuna dair iddiaçı tərəfdən də hər hansı sübut təqdim olunmamışdır. Lakin qeyd etdiyi kimi, birgə nikahdan azyaşlı uşağın doğulması da nəzərə alınaraq, məhkəmənin qərarı mübahisələndirilməmiş, əksinə seçimin iddiaçı tərəfin edilməsi ilə bağlı bir neçə təklif olunmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsinin qəbul olunması ilə yeni evin alınması arasındakı müddət cəmi 8 aydır ki, bunun da bir hissəni məhkəmə qətnaməsinin tərəflərə verilməsi, həmin qətnamənin qanuni qüvvəyə minərək icraya yönləndirilməsi, həmçinin alınacaq yeni evin axtarılıb tapılması təşkil etmiş, nəticədə yeni evin alınması ilə məhz məhkəmənin qətnaməsi icra olunmuşdur. Evin alınması ilə məhkəmə qərarının icra olunmasını təsdiq edən daha bir fakt məhz iddiaçının həmin qərarın icrasını tələb etməməsi olmuşdur. Belə ki, nikahdan 3 ay sonra alınmış evin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu iddia edən bir şəxsin 8 il ərzində həmin qərarın icrasını tələb etməməsi ağlabatan deyil və bu hal özü məhəkəmə qərarının icra olunması kimi nəzərə alınmalıdır. İkinci bir məsələ isə, nikahdan 3 ay sonra alınmış evin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu iddia edən şəxsin sərəncamına onun himayəsində qalmış uşağın adına alınmış evin verilməsi də məntiqi deyildir. Yəni, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-2467/2016 nömrəli qətnaməsi faktiki olaraq tam şəkildə icra edilmişdir. Əgər iddiaçının həmin dövrdə həmin mənzilə dair hər hansı tələbi olmuş olsa idi, o zaman mənzil üzərində ən azı məhdudiyyət mövcud olmuş olardı. Bunun özü də iddiaçı tərəfindən qətnamənin faktiki icrasının tanınması anlamına gəlir. Bundan əlavə, cavabdehlər həmin mənzili məhkəmə qətnaməsi faktiki icra olunduqdan təxminən 4 il sonra alqı-satqı yolu ilə satmışdır. İddiaçının isə qətnamənin qəbul olunmasından 4 il sonra satılmış mənzilə dair həmin alqı-satqıdan da 4 il keçmiş tələb irəli sürməsi, bu məsələnin tamah məqsədi ilə edildiyini göstərir. İddiaçı hələ bir müddət öncə də, cavabdehlərə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb etmişdir. İddiaçı 8 il ərzində qətnamənin icrası ilə maraqlanmamasını pandemiya və MİQ imtahanına hazırlaşması ilə “əsaslandırmışdır”. Lakin məhkəmə iddianı rədd edərkən belə bir nəticəyə gəlmişdir ki, iddiaçının 2(007)-2467/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə 8 il ərzində maraqlanmaması səbəbi kimi qeyd edilən hallar inandırıcı hesab edilmir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1542/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Əlavə edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı qarşılıqlı iddia üzrə iddiaçılara qarşı dəfələrlə əsassız iddialar qaldırmaqla onların vaxtlarını almış və onları maliyyə itkisinə məruz qoymuşdur. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5790/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, guya qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmağa imkan vermədiyindən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilə bilməz. Əslində isə məhkəmənin gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində mülkiyyət hüququnun pozulması deyərkən məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2467/2016 nömrəli qətnaməsi ilə X2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102 ünvanındakı 7 saylı mənzilin Cavabdeh2 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixli çıxarışın ləğv olunması və həmin mənzildə 3/5 hissədə İddiaçı tanınmış pay hüququnu nəzərdə tutur. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsi və ödəniş qəbzindən də göründüyü kimi, həmin iş üzrə cavabdeh olmuş X2 tərəfindən dəyəri 60000 (altmış min) manat olmaqla mənzil alınaraq İddiaçı təhvil verilmişdir. Belə olduğu halda, təbii ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-2467/2016 nömrəli qətnaməsi tam icra olunmuşdur. Lakin məhkəmənin guya ilkin iddia ilə qarşılıqlı iddianın əlaqəli olmadığı və həmin iddianın digər iddia tələbinin ödənilməsi yönəlməməsi ilə bağlı qənaəti təbiiki tamamilə əsassızdır. İş materiallarından da göründüyü kimi ilkin iddianın əsasını təşkil etən “mülkiyyət hüququ” məhz məhkəmə qərarından yaranmışdır və qarşılıqlı iddia da həmin məhkəmə qərarının icra olunması faktının tanınması ilə bağlı olduğundan, qarşılıqlı iddianın icraata qəbul edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Həm ilkin iddiada qeyd edilən “mülkiyyət hüququ”, həm də qarşılıqlı iddiada göstərilən icra edilmiş icra sənədi məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2467/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə bağlıdır və həmin qərar tam şəkildə icra edilmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin “pozulmuş mülkiyyət hüququ”nun yaranma mənbəyini araşdırmamışdır. Belə ki, həmin “mülkiyyət hüququ”nu yaradan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2467/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qarşılıqlı iddiaçının icra etdiyini bildirdiyi qətnamə eynidir. Həmin qətnamə icra edildiyi halda isə, qarşılıqlı iddia üzrə cavabdehin iddia tələbi tam ödənilmiş hesab olunur. Bu baxımdan da hər iki iddia bir-biri ilə qarşılıqlı əlaqəlidir. Məhkəmə işə səthi yanaşmış, ilkin və qarşılıqlı iddia tələblərinin nədən yarandığına diqqət yetirməmişdir. Qərardadda qeyd edilmişdir ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən, qarşılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmadığından, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmadığından və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmağa imkan vermədiyindən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilə bilməz. Lakin məhkəmə ilk iddia tələbinin yaranma əsasının məhkəmə qərarı olduğunu, həmin qərarın icra olunduğunu və məhz bu səbəbdən də qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyət hüququnun yaranmadığını nəzərə almamışdır. Ona görə də qərardadın ləğv edilməsi, iddianın icraata qəbul olunması xahiş olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5790/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5790/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, 7 gün müddətinə şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə cavabdeh üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitələrindən biri də MPM-in 155-ci maddəsində müəyyən edilən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququdur. Qarşılıqlı iddia tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların qanunla müəyyən edilmiş xüsusi aidiyyət növündən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılması zərurəti MPM-in 156-cı maddəsində təsbit edilmiş şərtlərdən də irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarı). Mülki prosessual qanunvericilikdə hakim tərəfindən qarşılıqlı iddianın aşağıdakı hallarda qəbul edilməli olması müəyyən edilmişdir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Hazırkı işdən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun pozulması ilə bağlı dəymiş maddi ziyan və mənəvi zərərlə bağlı pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 7 nömrəli mənzilin hazırki likvid bazar dəyərinə müvafiq olaraq 200.000,0 (iki yüz min) manat məbləğinin 3/5 hissəsi olan 133.000 (yüz otuz üç min) manat pulun Cavabdeh2 alınması, vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat pulun Cavabdeh1 alınması, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 428 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat xidmət haqqının Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı Cavabdeh2 isə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” ilkin iddia tələbinin rədd edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2467/2016 nömrəli icra sənədinin icra edilməsi faktının tanınması, qarşılıqlı iddia üzrə iddiaçılara (özü yeganə iddiaçı olduğu halda) qarşı dəfələrlə vicdansızcasına əsassız iddia verdiyinə görə İddiaçı 20.000 (iyirmi min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya qarşılıqlı iddia tələbləri üzrə qeyd edir ki, “ilkin iddianın rədd edilməsi” tələbi ümumiyyətlə iddia tələbi deyil, iddia tələbinə etiraz, münasibətdir. Qarşılıqlı iddianın “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2467/2016 nömrəli icra sənədinin icra edilməsi faktının tanınması” tələbi ilə bağlı kollegiya qeyd edir ki, bu tələblə İddiaçı həmin icra sənədinin icrası qaydasında müraciətlər etmək hüququna malikdir. Belə ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri və icra sənədini vermiş məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bu vəzifələrin icrası ilə bağlı faktın tanınmasının ilkin iddiaçıdan tələb edilməsi mümkün deyildir. Qarşılıqlı iddianın “iddiaçılara qarşı dəfələrlə vicdansızcasına əsassız iddia verdiyinə görə İddiaçı 20.000 manat məbləğində pulun tutulması” tələbi də ilkin iddia üzrə tələb olunan maddi və mənəvi ziyanı tam və ya qismən təmin edilməsini aradan qaldırmayan, ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməyən, ilk iddia ilə qarşılıqlı əlaqəsi olmayan müstəqil iddia tələbidir. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5790/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5745/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5745/2025
17.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver