Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5748/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, zərərin əvəzi kimi 75.000 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 59.262 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tam rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Mübahisə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2524-cü məhəllə, ev № 4-də yerləşən 41 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). İddiaçı və Cavabdeh1 keçmiş ər-arvaddır. Cavabdeh1 (satıcı) xx.xx.2019-cu il tarixli müqavilə əsasında mənzili Cavabdeh4 (alıcı) satıb, müqavilədə mənzilin satış qiyməti 53.000 manat göstərilib (iş v. 81). Cavabdeh4 (satıcı) isə xx.xx.2023-cü il tarixli müqavilə əsasında mənzili Cavabdeh2 (alıcı) satıb, müqavilədə mənzilin satış qiyməti 100.000 manat göstərilib (iş v. 88). İddiaçı və Cavabdeh1 mənzili nikah müddətində əldə ediblər, mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün əsas var. Cavabadeh mənzili “birgə nikah dövründə əldə edilmiş əmlak” statusundan çıxarmaq üçün iddiaçının razılığı olmadan satıb. İddiaçı məhkəməyə iddia verərək bu əqdi mübahisələndirib və mənzildə payının tanınmasını tələb edib, lakin mənzil artıq iki dəfə özgəninkiləşdirildiyinə və vicdanlı əldə edən olduğuna görə iddia rədd edilib, iddiaçıya izah edilib ki, pozulmuş hüququnun müdafəsi üçün keçmiş arvadına qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir. Qeyd olunan hallar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2146/2021 nömrəli qətnaməsində müəyyən edilib, həmin qətnamə qanuni qüvvəyə minib (iş v. 36). Bundan sonra iddiaçı hazırkı iddianı verərək mənzilə olan hüququnun pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini tələb edib. İddiaçının hüququ var ki, mənzilin bazar dəyərinin (keçmiş arvadı tərəfindən mənzilin satıldığı zaman olan bazar dəyərinin) yarısını zərərin əvəzi kimi tələb etsin. Onun bu hüququ Ailə Məcəlləsinin 32 və 37-ci maddələrinin göstərişlərinin mahiyyətindən irəli gəlir, çünki mənzil satılmasayıdı, mənzilin yarısına iddiaçının paylı mülkiyyət hüququ tanına bilərdi. Mənzilin həmin zamana, yəni xx.xx.2019-cu il tarixə olan bazar dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin ekspert mənzilin bazar dəyərini müəyyən edə bilməmişdir (iş v. 132). Ona görə də qiymətləndirmə təyin edilmiş, qiymətləndiricinin verdiyi hesabata görə, mənzilin 2019-cu ilin sentyabr ayına olan bazar dəyəri 124.620 manat təşkil edir (iş v. 194). Həmin hesabatda qeyd olunub ki, mənzilin təmirinə Cavabdeh4 (1-ci alıcı) tərəfindən çəkilən xərcin məbləği 4.224 manat, Cavabdeh2 (2-ci alıcı) tərəfindən çəkilən xərcin məbləği 1.872 manat təşkil edir. Mənzilin bazar dəyərindən (124.620 manatdan) həmin təmir xərcini (4.224 manat və 1.872 manat) çıxdıqda qalan məbləğ 118.524 manat təşkil edir. Ona görə də hesab olunur ki, mənzil iddiaçının keçmiş arvadı tərəfindən satıldığı zaman (xx.xx.2019-cu ildə) bazar dəyəri 118.524 manat təşkil edib. Bu məbləğin yarısı 59.262 manat təşkil edir. Birinci instansiya məhkəməsi 59.262 manatın iddiaçının keçmiş arvadından iddiaçının xeyrinə tutulmasını qət edib. İddiaçımın keçmiş arvadı Cavabdeh1 mənzilin bazar dəyərinin göstərilən məbləğdən az olduğunu təsdiq edən sübut təqdim etməyib. Alqı-satqı müqavilələrində göstərilən qiymət mənzilin bazar dəyəri kimi qəbul oluna bilməz, çünki müqavilə azadlığı tərəflərə mənzilin qiymətini azad surətdə müəyyən etməyə imkan verir, odur ki, qiymət bazar dəyərini ifadə etməyə bilər. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci insansiya məhkməsi iddiçıya vurulmuş zərərin əvəzi (məhrum olduğu əmlakda payının dəyəri) kimi iddiaçının keçmiş arvadından – Cavabdeh1 59.262 manatın tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5748/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5748/2023
13.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver