Məhkəmə qərarları › İş №2(103)-5750/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5750/2023

28.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5750/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin təhvil verilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı ASC-nin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2850/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)- 2086/2009 saylı qətnaməsinə əsasən "xxxx" X5 iddiasının qismən təmin edilməsi, iddiaçı "xxxx" X13 ilə cavabdeh X10 arasında 16 dekabr 2008-cı il tarixli, RBB1842(g) saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh X11 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 39b saylı evin, 3 saylı mənzilində yaşayan şəxslərin məcburi qaydada mənzildən çıxarılması və mənzilin cavabdehlərdən alınaraq hərracda satılması, mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına 42.240 manat əsas borcun, 4.671 manat faiz borcunun, 3.613 manat dəbbə pulunun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" X5 hesabına ödənilməsi, iddia tələbinin cavabdehlərin digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs X17 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(103)-1151/2010 saylı qətnaməsi və Azərbaycan Rüspublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(102)-777/11 saylı qərarı ilə təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.

2. xx.xx.2016-cı il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə və xx.xx.2016-cı il tarixli, Y-216 saylı “Hərracın nəticələri haqqında yekun Protokol”a əsasən X15 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsində yerləşən 39B saylı evin, 3 saylı mənzili 38.250 manata "xxxx" X6 satılmışdır.

3. Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh1, Cavabdeh2, X16 və Cavabdeh3 1992-ci il tarixdən ünvan 1 ünvanında məskunlaşmışdır.

4. Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon sektoru tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları X16 və Cavabdeh3 ilə birlikdə 042529 nömrəli qeydiyyat kartasında göstərilnlərə əsasən xx.xx.1995-ci il tarixdən ünvan 1 ünvanında məcburi köçkün kimi qeydiyyatdadırlar..

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 39B saylı evin, 3 saylı mənzili üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən ibarət mənzildə məskunlaşan və faktiki yaşayan Cavabdeh1, Cavabdeh2 Gülsəfa qızının, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən ibarət mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə X12 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və X15 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 39B saylı evin, 3 saylı mənzilinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)-2086/2009 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Həmin əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Şuşa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubuna əsasən 1992-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 39B saylı evin, 3 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X16 məskunlaşmışdır. Lakin mənzilin İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.

8. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2850/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 68.13 kv.m ümumi sahədən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim X19)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırda mübahisəli mənzilin mülkiyyətçisi "xxxx" ASC-dir. Lakin buna baxmayaraq, həmin ev cavabdehlər tərəfindən boşaldılmır. Məhkəmənin gəldiyi qənaətə görə, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları, iddiaçının öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla “şərti və qeyri-sabit xarakterli” etmiş olur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci , 217.4cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Mars Belçikaya qarşı” və “Sporronq və Lonnrot İsveçə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdehlər iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)- 2086/2009 saylı mülki iş üzrə də cavabdeh olmuş və həmin mülki iş üzrə çıxarılmış qətnamə ilə cavabdehlərin mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Buna baxmayaraq, işə baxan məhkəmə eyni tərəflər arasında eyni əsaslarla qaldırılmış iddia tələbi üzrə məhkəmə işinin olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon sektorunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən cavabdehlər xx.xx.1995-ci il tarixdən mübahisəli mənzilin yerləşdiyi ünvanda qeydiyyatdadırlar. Ölkə rəhbərliyi tərəfindən məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçürülənədək yaşadıqları sahələrdən çıxarılması qadağan edilmiş, bununla bağlı qanuni qüvvəyə malik olan bütün məhkəmə qətnamələrinin icrası təxirə salınmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının tutulması qənaətinə gəlmişdir. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 9.1.20-ci maddəsinə əsasən məcburi köçkünlər rüsum ödəməkdən azaddırlar. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” xx.xx.1998-ci il tarixli, 895 nömrəli Sərəncamında və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən məcburi köçkünlərin 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərdə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması, bu sahəyə hüquq mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi tapşırılmışdır. Bütün bu hallara birinci instansiya məhkəməsi əhəmiyyət verməyərək tələsik və ziddiyyətli nəticəyə gələrək iddianı təmin etməkdə səhvə yol vermişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qəbul edilmiş qətnamə qanuni və əsaslı olmamaqla iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X21 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konsitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

23. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.

24. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırkı apellyasiya şikayəti Cavabdeh1 tərəfindən verildiyindən və onun tərəfindən qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunduğundan, qətnamə yalnız ona aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə X20 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq sonuncu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 39b saylı evin, 3 saylı mənzilini (bundan sonra mənzil) iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. X4 həmin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və bunun nəticəsi olaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2086/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə kredit müqaviləsi ləğv edilməsi, müqavilə üzrə yaranmış kredit borcunun X7 iddiaçının xeyrinə tutulması və tutmanın mənzilə (ipoteka predmetinə) yönəldilməklə orada yaşayan şəxslərin məcburi qaydada çıxarılması və mənzilin cavabdehlərdən alınaraq hərracdan satılması qət edilmişdir.

30. Hazırki iş üzrə cavabdehlər 90-cı illərdən mənzildə qanunsuz olaraq məskunlaşmışlar. Lakin həmin iş üzrə onlar cavabdeh qismində müəyyən edilməmişlər, qeyd edilən qətnamədə onlara hər hansı istinad yoxdur. Bu qətnamədən maraqlı şəxs olaraq həmin vaxt mənzildə yaşayan X8 apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2010-cu il tarixli, 2(103)-1151/2010 saylı qətnaməsi və Azəraycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2011-ci il tarixli, 2(102)-777/2011 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respulikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X8 mənzillə bağlı hüquqlarının müəyyən edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmiş və məcburi köçkün olaraq mənzildə yaşayan bu şəxsin həmin mənzildə məskunlaşması aşağı instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir.

31. Bununla belə, cavabdehlər həmin iş üzrə tərəf olmamış, qətnaməyə əsasən mənzildə yaşayan şəxslərin məcburi qaydada mənzildən çıxarılması qət edilsə də, bu şəxslərin dairəsi dəqiq göstərilməmişdir. Eyni zamanda mənzilin məhz cavabdehlərdən alınaraq hərracdan satılması qət edilmişdir. Qətnamə üzrə verilmiş 2(001)-2086/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi də qətnamənin məzmununa uyğun tərtib edilmiş və cavabdehlər, o cümlədən Cavabdeh1 icra sənədi üzrə borclu kimi müəyyən edilməmişdir. Bu səbəbdən ötən dövr ərzində cavabdehlərə münasibətdə hər hansı icra hərəkəti aparılmamış və aparıla da bilməzdi. Başqa sözlə, qeyd edilən icra sənədinin icrası qaydasında cavabdehlər mənzildən çıxarıla bilməz. Qeyd edilənlər öz növbəsində iş üzrə icraata xitam verilməsini istisna edir.

32. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, iddiaçı qətnamə üzrə ipoteka saxlayan qismində çıxış etmişdir. Hazırda isə mənzilin mülkiyyətçisidir. Belə ki, qətnamənin icrası qaydasında mənzil açıq hərracdan xx.xx.2016-cı il tarixdə məhz iddiaçıya satılmış və bundan sonra iddiaçının mənzilə dair mülkiyyət hüququ xx.xx.2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

34. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.

35. İddiaçı - mülkiyyətçi İddiaçı ASC-nin mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Həmin mənzildə hazırda cavabdehlər, o cümlədən Cavabdeh1 yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir.

36. Bununla belə, cavabdehlərin, o cümlədən Cavabdeh1 hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər iddiaçının mülkiyyətində olan həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq, yəni cavabdehlərə məxsus olan bütün əşyalardan tam şəkildə azad olunaraq iddiaçıya təhvil verilməlidir.

37. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını nəzərə alıb hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2850/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar