Məhkəmə qərarları › İş №2(103)-5752/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5752/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5752/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndələri Sultanlı Mələk Rövşən qızının və X1 iştirakları ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlərtərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 500 manat sığorta ödənişinin əvəzinin və 30,40 manat dövlət rüsumunun müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə idarə etdiyi “Mercedes Benz E220” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobillə Ş.Məmmədova küçəsində manevr etmə qaydasını pozaraq sol zolaqla düzünə hərəkət edən “Mercedes Benz” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisədən sonra Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olmuş, yol nəqliyyat hadisəsinin törənməsində onun təqsirli olması inzibati xəta haqqında protokolda öz əksini tapmış, “Mercedes Benz” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə həmin avtomobilin sahibinə 500 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, hadisə zamanı Cavabdeh1 nəqliyyat vasitəsini idarəetmə səlahiyyəti olmamışdır və bu səbəblə də o və onun idarə etdiyi avtomobilin sahibi ziyan görmüş avtomobilin sahibinə ödənilmiş 500 manat pulu geri qaytarmalıdırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətlərini “Mercedes Benz E220” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin ər-arvad kimi onların birgə mülkiyyətlərində olduğu və bu səbəblə də Cavabdeh2 adına qeydə alınmış avtomobilin Cavabdeh1 tərəfindən idarə edilməsi üçün etibarnaməyə ehtiyac olmadığı, eləcə də sığorta ödənişinin məbləğinin şişirdildiyi arqumentləri ilə əsaslandırmışlar. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndələri isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, mülkiyyətçisi Cavabdeh2 olan “Mercedes Benz E220” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx xxxxx 2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək sığortalanmış, xx.xx.2016-cı il tarixdə avtomobil Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 idarəetməsində olarkən “Mercedes Benz” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə baş verdikdən sonra Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olmuş, yol nəqliyyat hadisəsinin törənməsində onun təqsirli olmasına dair inzibati xəta haqqında protokol tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmiş, “Mercedes Benz” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə həmin avtomobilin sahibinə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 500 manat sığorta ödənişi həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi məhz Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etmiş olmasına istinadla müvafiq nəticəyə gəlmiş, qənaətini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə, müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə isə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə,idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyəhüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Kollegiya hesab edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası və məqsədləri baxımından Cavabdeh1 “Mercedes Benz E220” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobili “istifadə etməyə,idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyəhüququ olmayan şəxs” kimi qiymətləndirmək mümkün deyildir. Çünkü birincisi, işin hallarından həmin avtomobilin Cavabdeh1 həyat yoldaşının mülkiyyətində olmaqla onların nikahları dövründə əldə edildiyi aydın olur – hansı ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 33.1-ci maddəsinə görə isə, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Mülki Məcəllənin 222.1-ci maddəsinə görə də, əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə, Cavabdeh1 “Mercedes Benz E220” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyətçisi olduğundan, digər mülkiyyətçinin avtomobilə sahiblik üçün ona etibarnamə verməmiş olması, onun avtomobili “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs” sayılmasına səbəb ola bilməz. Digər tərəfdən kollegiyanın qənaətinə görə, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Bu isə o deməkdir ki, sığortaçı məsuliyyətsiz şəxslərin, yəni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərin davranışı üzündən maliyyə vəsaiti itirir. Odur ki, sığortaçıların (sığorta şirkətlərinin) əsaslı mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə belə bir norma qanuna daxil edilib və qanunverici, avtomobil idarə edilməsi sahəsində nəzəri-təcrübi bilikləri olmayan şəxslərin hərəkətlərindən sığortaçını müdafiə etmək məqsədini daşıyıb. Etibarnaməsi olmayan, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olan şəxs sığortaçının mənafeləri üçün təhlükə yaratmır, çünki “etibarnamə” adlı sənədin avtomobilin idarə edilməsi sahəsində nəzəritəcrübi biliklərə hər hansı aidiyyəti yoxdur. Əgər sığorta şirkəti hesab edirsə ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi qanunsuzdur, bu halda zərərçəkənə sığorta ödənişi verməkdən imtina edə bilər. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.4 və 53.4-cü maddələrindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istifadə edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Göründüyü kimi, bu maddələrdə “qanuni əsas” ifadəsindən istifadə olunub, həmin Qanunun 53.1-ci maddəsində isə göstərilir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Başqa sözlə, bu maddədə də “qanuni əsaslar” ifadəsindən istifadə olunub, lakin nəzərə alınmalıdır ki, “qanuni əsas” yalnız etibarnamədən ibarət deyil, mülki hüquq başqa qanuni əsaslar da tanıyır. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyənlədirib. Bu qadağanı müəyyən etməkdə inzibati hüququn iki məqsədi var: 1) avtomobil mülkiyyətçisinin sahiblik hüququ müdafiə olunsun, yəni onun iradəsi olmadan heç kəs avtomobilə sahiblənə bilməsin; 2) yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları artırılsın, yəni qayda pozanın şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi mümkün olsun. Bu qadağanın sığorta şirkətlərinin mənafeyini müdafiə etmək məqsədi yoxdur. Məhz buna görədir ki, qanunverici avtomobilin mülkiyyətçisinin sərnişin qismində avtomobildə olması halında avtomobili idarə edən şəxsə onun etibarnamə verməsini tələb etmir, çünki bu halda yuxarıda göstərilən iki məqsəd təmin olunur: o, sərnişin kimi avtomobildədirsə, deməli avtomobildən başqasının istifadə etməsi onun iradəsinə uyğundur (yəni 1-ci məqsəd təmin olunub), yol hərəkəti qaydası pozulduğu halda onu törədənin şəxsiyyəti avtomobildə sərnişin qismində olan mülkiyyətçinin vasitəsilə müəyyən olunacaq (yəni 2-ci məqsəd təmin olunub). Mülkiyyətçinin sərnişin qismində avtomobildə olub-olmamasının mülki məsuliyyətin sığortası üçün əhəmiyyəti yoxdur. Çünki mülki məsuliyyətin sığortası avtomobil mülkiyyətçisinin sahiblik hüququnun müdafiəsi üçün və ya yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanlarının artırılması üçün tətbiq edilmir. Sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir və mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi, icarə müqaviləsi və s. bu kimi müqavilələr mövcuddur. Mülki qanunvericilik avtomobildən istifadə müqaviləsi üçün yazılı formanı məcburi forma kimi müəyyən etməyib. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn, avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etbarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətində iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsilçilik də yoxdur. Göründüyü kimi, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geni təfsiri deməkdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1623/2020 saylı iş üzrə xx xxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. “İddiaçı Sığorta” Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar