Məhkəmə qərarları › İş №2(103)-5759/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5759/2022

21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5759/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-yə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Cavabdeh5nə, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: əmlakın qiymətləndirilməsi barədə rəyin, hərrac protokolunun, alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Rəhimov Sudef Vazeh oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1276/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMCyə, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə, Cavabdeh5nə, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin, hərrac protokolunun, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 79/01 saylı, 26 noyabr 2021-ci il tarixli Hərracın yekunları barədə protokolun, 26 noyabr 2021-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin, 28 yanvar 2022-ci il tarixli, 4Ə-89 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 25 fevral 2022-ci il tarixli, 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 05 yanvar 2022-ci il tarixli **********11-11301 reyestr nömrəli Çıxarışın, 04 fevral 2022-ci il tarixli **********11- 11301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, "xxxx" MMC tərəfindən tərtib edilmiş R01/35/21 saylı, 07 iyul 2021-ci il tarixli rəyin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0,0887 ha torpaq sahəsinin və onun üzərində yerləşən 228.5 kv.m. olan bağ evinin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 38 saylı notariat kontorunun 2156 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 BOKT MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı, "xxxx" MMC-dən İddiaçı məxsus ipoteka predmeti ünvan 2 ünvanında 0,0787 ha torpaq sahəsinə və onun üzərində yerləşən 278.05 kv.m. olan bağ evinə 140811/20 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70040,66 (yetmiş min qırx manat altmış altı qəpik) manat tutma yönəldilməlidir. Həmin icra sənədinin icrası ilə əlaqədar olaraq iddiaçının xəbəri və razılığı olmadan Sabunçu rayon icra Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hərracın keçirilməsi barədə sifariş verilmişdir. Həmin sifarişdə ipoteka predmetinin ilkin hərrac qiyməti 110000 (bir yüz on min) manat kimi göstərilmişdir. Halbuki, ipoteka predmetinin real bazar dəyəri 300000 (üç yüz min) manat təşkil edir. 79/01 saylı, 26 noyabr 2021-ci il tarixli Hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmetini ipoteka saxlayan Cavabdeh2 BOKT MMC 70125 (yetmiş min yüz iyirmi beş) manata əldə etmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasənilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi iddiaçının xəbəri olmadan mülkiyyətində olan ünvan 2 ünvanında 0,0787 ha torpaq sahəsi və onun üzərində yerləşən 278.05 kv.m. olan bağ evi qanunsuz olaraq real bazar dəyərindən dəfələrlə ucuz qiymətə ələ keçirilmişdir. Əmlakının qanunsuz yolla ələ keçirilməsi ona xx.xx.2022-ci il tarixində məlum olmuşdur. Həmin tarixdə 79/01 saylı, 26 noyabr 2021-ci il tarixli Hərracın yekunları barədə protokolun surəti Sabunçu rayon icra Şöbəsi tərəfindən iddiaçıya təqdim edilmişdir.

3. Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC iddia tələbinin rədd edilməsinə dair yazılı etirazını təqdim etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, hal-hazırda məhkəmənin icraatında olan e-2(005)-1276/2022 saylı mülki iş üzrə İddiaçı hərracın yekunları barəsində protokolun ləğv olunması tələbinə dair iddia ərizəsini irəli sürür. Bundan başqa iddiaçı tərəfindən həmin mülki iş üzrə iddia həcminin artırılması barəsində ərizə ilə müraciət olunaraq, Cavabdeh3 cavabdeh qismində cəlb edibdir. Lakin qeyd etmək istəyir ki, Cavabdeh3 həmin mülki iş üzrə cavabdeh qismində iştirak edə bilməz. Belə ki, Cavabdeh3 tərəfindən mülki iş üzrə mübahisə predmeti olan Daşınmaz Əmlakı başqa bir şəxsə - Əmirova Rəmziyə Ağamir qızma satmışdır. Buna dair sübut: Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış AN-İ №1018956 nömrəli alqısatqı müqaviləsi. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iş üzrə Cavabdeh3 həmin mülki iş üzrə cavabdeh qismində olması qeyri-mümkün hesab edilməsi və iş üzrə Cavabdeh4 cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsində şahid Əliyev Yusif Vaqif oğlu ifadəsində bildirmişdir ki, Cavabdeh4 tanımır. O, Fuad müəllimi tanıyır. Fuad müəllimlə bir həftə gəzib bağlara baxıblar. Lakin onun xoşuna gələn bağ olmayıb. Bu bağın yanından keçəndə hasarda nömrə vardı. Fuad müəllim ondan soruşub ki, bu bağın sahibini tanıyırmı.? Ona tanıdığı bağların hamısını göstərdiyini bildirib. Sonra deyib ki, bu işlə məşğul olan dostu var. Bundan sonra Şahin müəllimə zəng vurub, o da bağın sahibinə zəng vurub bildirib ki, bağla maraqlanan var. Onlar telefonla danışanda, o çəkilib kənara ki, özləri bundan sonrasını həll etsinlər. Heç nəyə razılaşdıqlarını belə bilməyib. O, hələ indiyədək bağın neçəyə satıldığını bilmir. Şahid verilən suallara cavab olaraq bildirib ki, Fuad bağı almaq istəyən şəxs idi. O, Cavabdeh3 tanımır. Onlar əmlakı görəndə malalı şəkildə olub. Sanki neçə il orada iş gedib, sonra isə dayanıb. O ərazidə eyni vəziyyətdə əmlakın dəyəri hardasa 85- 90000 manat olar. Çünki oradakı tikililərin bəziləri sökülüb yenidən tikilməli idi. Həmin bağ evinin qonşuluğunda bir dənə ev var, arxa tərəfi boşdur, qarşı tərəfi də boşdur, tam dolu deyil. Kommunal şəraiti ilə bağlı qeyd edir ki, su yoxdur o ərazidə, lakin işıq, qaz var. Həmin ərazidə alıcıya 170 minlik, 120 minlik, 80-90 minlik bağ evləri göstərib. Çox bağ göstərib. 55000 manata göstərdiyi bağın sahəsi 12 sot idi. Ona görə bağın baha satılmasına maraqlı idi ki, onun çörək pulu oradan çıxır. O, öz mükafatından vergi verib, ümumi mükafatdan ona 1500 manat düşüb. Bağ evinin nə vaxt tikildiyini deyə bilmir. Əvvəl bir müddət iş gedib sonra dayanmışdı. İş çox ağır gedirdi, nəsə ləng gedirdi. Hardasa 4-5 il o bağ sahəsinə gəliş-gediş yox idi. Əmlakın sənədlərini görməyib, lakin bilirdi ki, 8 sota çıxarış olmalı idi. Onun məlumatı yox idi, satıcı əmlakı özü neçəyə əldə etmişdir.

6. Birinci instansiya məhkəməsində şahid Atakişiyev Şahin Arif oğlu ifadəsində bildirmişdir ki, Cavabdeh4 tanımır. Cavabdeh3ı tanıyır. Onun obyekti var. Alqı-satqı ilə məşğuldu. Obyekti dükan kimi işlədir. Bir gün Yusif adında eyni işlə məşğul olan dostu zəng elədi ki, bəs filan yerdə yerləşən bağın sahibini tanıyırmı? Tanıdığını deyərək bildirib ki, çıxarışını da görüb. Yusif ona deyib ki, telefon nömrəsini ver, danışmaq istəyirlər. Bundan sonra zəng eləyiblər, onlar da danışıblar. 190000 manata razılıq əldə olundu, sonra da alıcı beh verdi. Alıcı ilə satıcı görüşdükdən sonra bağı aldılar. Şahid verilən suallara cavab olaraq bildirib ki, Elmarı çox deyil, bir iki dəfə görüb. Ona əmlak satışı ilə tez-tez müraciət edirlər. Mükafatı 5000 manat olub. Həmin pulu ona Cavabdeh3 verib. 190000 manata Cavabdeh3 alqı-satqı edib. Əgər bağ evinin satışı 100000 manat olsaydı, mükafatı da az alacaqdı. Bağın vəziyyəti mala çəkilmiş, ot basmış şəkildə idi. Həyətin bir tərəfi açıq idi. Çoxdan idi ki, tikinti yarımçıq saxlanmışdı. Dükan balaca yerdi, ofis kimi də istifadə edir. Onun obyekti kənd tərəfdə yerləşir. Bağ evi də kənd tərəfdə yerləşirdi. Yusiflə ikisinin də ofisi var. Onun VÖEN-ni yoxdur. Rəsmi olaraq məşğul olmur. Elmarı ofisə müraciətindən sonra tanıyıb, tanışlıq ondan sonra olub. Ona müraciət edib ki, bağını satmaq istəyir. Təxmini 4-5 ay olar ki, bağını satmaq istədiyini deyib. Ofisə gələndə fevral ayı olardı. Alıcı ucuz qiymətə almaq istəyirdi. Hansı notariusda alqı-satqı müqaviləsi bağlandığı yadında deyil, deyəsən 51 saylı idi. O, bütün şəhərin notariuslarını bilə bilməz ki! Onlara ən yaxın notarius Maştağada yerləşir. Onun fikrincə alıcı şəhərdə olduğu üçün həmin notariusda müqavilə bağlanıb. Alqı-satqıdan sonra ona 5000 manat nağd ödəniş etdilər. Yusifə mükafatı o verib. Cavabdeh3 ona 5000 manat verdi, o da həmin pulun 1800 manatını Yusifə verdi.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1276/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın rədd edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.3, 62.2-ci maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7 və 8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməəsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclsında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclsında iştirak edən Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Rəhimov Sudef Vazeh oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ipoteka premeti olan əmlak ipoteka müqaviləsi zamanı tam təmirsiz olmuş və müqavilədə göstərilən qiymətə qiymətləndirilmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 415.2 qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun

16. Maddə 41.3 hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

17. Maddə 42.1 hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

18. Maddə 42.3 istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

19. Maddə 42.4 hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

20. Maddə 42.6 hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

21. Maddə 42.8 hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

22. Maddə 43.1-cü maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

23. Maddə 43.2 bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

24. Maddə 43.3. hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

25. Maddə 53.1 üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

26. Maddə 53.3 əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

27. Maddə 62.2 hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun

28. Maddə 3 qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir.

29. Maddə 7 qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

30. Maddə 8 qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 78.1. sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

34. Maddə 80 məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 81 qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1276/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin İddiaçı, Sadıxov Namiq Vaqif oğluna, "xxxx" MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 05 oktyabr 2021-ci il tarixli № 1 saylı, 02 noyabr 2021-ci il tarixli 02 saylı bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı şəhəri 38 saylı Notariat Kontorunun 8İ-2156 saylı, xx.xx.2021-ci ill tarixli icra sənədi üzrə ünvan 3 ünvanında yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Müvafiq olaraq ilkin satış qiyməti 110000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 5500 manat, 2-ci hərracda ilkin satış qiyməti 110000- 15% = 935000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 4675 manat müəyyən edilmişdir. “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 4507-81955-3 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü ünvan 3 ünvanında yerləşən bağ evinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli R01/35/21 saylı hesabatının əslindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110000 manat təşkil edir. 25 fevral 2022- ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 ona məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evini alıcı Cavabdeh4 mülkiyyətinə verir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatın surətindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bzar dəyəri 110000 manat, likvid dəyəri 95000 manat təşkil edir. Girov qoyulan əmlakın sığortasına dair Ərizə-Anketin surətindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin real dəyərinin 95000 manat olması barədə "xxxx" ASC ilə ilə sığortalı İddiaçı arasında əmlakın yanğın və digər əlavə risklərdən sığortalanması barədə razılıq əldə olunmuşdur.09 aprel 2021-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydinin surətindən görünür ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı, "xxxx" MMC-dən, Sadıxov Namiq Vaqif oğlundan ünvan 3 ünvanında yerləşən 0,0787 ha torpaq sahəsinə və onun üzərində yerləşən 278,05 kv.m olan bağ evinə 140811/20 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70040 manat 66 qəpik tutma yönəldilmişdir. İcra qeydi xx.xx.2021-ci il tarixdə aparılmışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərmiş və qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh2 BOKT MMC hərracda qalib alıcı olmuşdur.

45. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja Yenilikləri” qəzetlərində elanlar verilmişdir.

48. Məhkəmə kollegiyası qiymətləndirilmə üzrə nəticələrin ləğv edilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, İddiaçı məxsus ünvan 1 ünvanında 0,0887 ha torpaq sahəsinin və onun üzərində yerləşən 228.5 kv.m. olan bağ evinin hərracda satış qiyməti – 110000 manat müəyyən edilmişdir. Qəzetdə verilən elanlarda əmlakın göstərilən ilkin satış qiyməti öz əksini tapmışdır. Bundan başqa İddiaçı iddia ərizəsində mübahisələndirdiyi - həmin daşınmaz əmlakın qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında mübahisəli əmlakın həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Bundan başqa iddiaçının qiymətləndirmə barədə ekspertiza təyin edilməsi barədə vəsatəti də məhkəmə tərəfindən əsassız hesab edilmiş, belə ki, əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsinə zərurət olmadığı, işin faktiki hallarından mübahisəli əmlakda təmir işlərinin aparıldığı, əmlak qiymətləndirildiyi zaman əmlakın real vəziyyətinin hazırda mövcud olmadığı müəyyən edildiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspertiza təyin olunarsa, işin gələcək araşdırılması üçün obyektiv rəy əldə edilməsi mümkün olmayacaqdır.

49. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi podrat müqaviləsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2016-cı il tarixli podrat müqaviləsi üzrə mübahisəli daşınmaz əmlakın tikintisi, malların, görüləcək iş və xidmətlərin ümumi xərcləri üçün 258000 manat sərf etməsi həmin daşınmaz əmlakın 2021-ci il tarixinə tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış likvid dəyərinin müəyyənləşdirilməsi zamanı göstərici ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahəyə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır. Bununla da məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əmlakın qiymətləndirilməsinə rəyin ləğvinə dair hissəsində də əsassızdır.

50. Məhkəmə haqlı olaraq, eyni zamanda “alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə prosessual qənaət prinsipi baxımından qiymət verilməsinə lüzum görməmişdir

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1276/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar