Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-576/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndələri Vəli Əliyevin və vəkil Bəhruz Sübhanlının, cavabdehin nümayəndələri Nurağa Ağayevin və vəkil Namiq Bağırovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair 2(005)-630/2019 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh (bundan sonra – cavabdeh) 02.01.2018-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Daewoo Centra” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobillə taksi xidmətində çalışarkən Bakı şəhəri, Nobel prospekti 55 ünvanda hərəkət edən zaman yol hərəkəti qaydalarını kobud surətdə pozaraq işıqforun qırmızı işiğında dayanmış “X3” minik markalı, **-CU-*** dövlət nömrə nişanlı avtomobillə arxadan toqquşmuş və nəticədə sərnişin qismində daşıdığı İddiaçı (bundan sonra – iddiaçı) ağır bədən xəsarətləri alaraq şikəst olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 27.01.2018-ci il tarixli, 68 saylı tibbi rəyə əsasən, iddiaçı baş beynin ağır dərəcədə əzilməsi, sağ alın-təpə gicgah nayihəsinin subdural hematoması, solda alın sümüyünün qəlpəli yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi, ikitərəfli hemotoraks, sol üst göz qapağı və sol qaşın bayır bucağının əzilmiş cırılmış yarası, hər iki baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları kimi zədələr almışdır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 02.01.2018-ci il tarixdə sərnişin qismində yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa zərərvurmaya aiddir. İddiaçı 02.01.2018-ci il tarixdən 01.02.2018-ci il tarixinədək stasionarda müalicə almış, 01.02.2018-ci il tarixdə Azərbaycan Tibb Universitetinin X1 tibbi əməliyyat olunmuşdur. Azərbaycan Tibb Universitetinin X1 iddiaçıya 02.02.2018 tarixində ümumi anesteziya altında hər iki qamış sümüyünün intramedulyar osteosintezi, sol orbitanm aşağı divarının torlu titan lövhə ilə rekonstruksiyası, alın sümüyünün sol gözyuvasıüstü kənarının titan mini lövhə ilə osteosintezi cərrahi əməliyyatları icra edilmişdir. İddiaçı 03.02.2018-ci il tarixdən 20.02.2018-ci il tarixinədək Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində müalicə almışdır. İddiaçı 14.04.2018-ci il tarixdən 01.05.2018-ci il tarixinədək qapalı kəllə-beyin travması və beyin əzilməsindən sonrakı vəziyyət sağ təpə gicgah sümük deffektinin plastikası diaqnozu ilə stasionarda müalicə almışdır. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-282/2018 saylı, 28 avqust 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 05.10.2018-ci il tarixdə iddiaçıya “Zəfəran Hospitalı”nda sol üst göz qapağı və boyunun ön səthinin skar reviziyası, sol orbita üst-yan divarı skeletinin yonulması, kontur restovratsiya, sol alın nahiyəsindən plastinkanın xaric edilməsi əməliyyatı keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial Müdafiə Fondunun Bakı Şəhər Xətai Rayon Şöbəsi tərəfindən 28.01.2019-cu il tarixdə iddiaçıya İİ qrup əlilliyə görə 11.01.2019-cu il tarixdən 11.01.2024-cü il tarixə kimi 61 manat məbləğində müavinət təyin olunmuşdur. İddiaçı Azərbaycan Tibb Universitetinin X1 27.03.2019-cu il tarixində “QKBT, kranioektomiyadan sonrakı vəziyyət, hər iki aşağı ətrafın baldır sümüklərinin dializar qapalı yerdəyişən sınığı, sol orbitanın alt və medial divarının “blow out” tipli yerdəyişmiş, alın sümüyünün sol gözyuvasıüstü kənarının yerdəyişmiş qəlpəli sınığı” diaqnozu ilə “Hər iki qamış sümüyünün intramedikulyar osteosintezi, sol orbitanın aşağı divarının torlu titan lövhə ilə rekonstruksiyası, alın sümüyünün sol gözyuvaüstü kənarının titan mini lövhə ilə osteosintezi” əməliyyatları keçirmişdir. Azərbaycan Tibb Universitetinin X1 iddiaçıya 01.04.2019-cu il tarixində ümumi anesteziya altında qoyulan diaqnozuna görə metal konstruksiyanın xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. Yol nəqliyyat hadisəsi baş verənədək iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialında vəzifə maaşı 550 manat olmaqla, müştəri xidmətləri şöbəsində katibəreferent vəzifəsində çalışmış, Bankda əmək stajı 3 il 6 ay olmuşdur. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavələrlə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 50062,08 manat müalicə xərci, 7150 manat almadığı əmək haqqı, 1500 manat istifadə üçün yararsız hala düşmüş gödəkçənin dəyəri və 50000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin törətdiyi avtoqəza nəticəsində iddiaçı ağır bədən xəsarətləri alıb, ona müxtəlif müalicələr təyin edilib. “Zəfəran hospital”da Türkiyə Respublikasından Şahin İsmail adlı həkim dəvət olunub və iddiaçını əməliyyat edib. Hazırda müalicəsi həkim nəzarəti altında ambulator şəraitdə davam etdirilir. İddiaçı ömürlük əlil olub, onun sağlamlığını bərpa etmək üçün ailəsi tərəfindən küllü miqdarda xərc çəkilib və xərclər davam edir. İddiaçı bacısı Əlizadə Zülfiyyənin yardımı ilə gözünü yenidən əməliyyat etdirmək üçün Türkiyə Respublikasına gedib və bununla bağlı xeyli xərc çəkilib. İddiaçının əynində olan yeni aldığı 1500 manat dəyərində xəz dəri gödəkçəsi hadisə nəticəsində yararsız hala düşüb. Qəbzlərə əsasən iddiaçının müayinə və müalicəsinə bu günə qədər 40201,48 manat pul xərclənib. Hadisə nəticəsində 2018-ci ilin yanvar ayından noyabr ayına kimi iddiaçı 7150 manat gəlirindən məhrum olub. Cavabdehin törətdiyi cinayət hadisəsi baş verəndən bu günə kimi iddiaçı aldığı ağır bədən xəsarətlərindən əziyyət çəkir, əvvəlki sağlamlığı bərpa edilməyib və çətin ki, bərpa edə bilsin. İddiaçı cavan yaşında yataq xəstəsi olub və bütövlükdə fəal ictimai həyat tərzindən məhrum olub. Bu səbəbdən də cavabdeh iddiaçıya vurduğu mənəvi zərərə görə 50000 manat ödəməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 33986,85 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmayıb, konkret hansı qəbzlər əsasında pulun tutulması qərarına gəldiyini əsaslandırmayıb. Sübut qismində yalnız müxtəlif apteklərdən alınmış qəbzlər təqdim edilib. Həmin qəbzlərin iddiaçıya məxsus olması və onun müalicəsində istifadə olunub-olunmaması araşdırılmayıb. Alınan dərmanlarla bağlı reseptlər və qəbzlərlə yanaşı ciddi hesabat blankı məhkəməyə təqdim edilməyib. Apellyasiya baxışı zamanı iddiaçının vəkili iddiaçı tərəfin apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı müalicəsi ərəfəsində Türkiyə Respublikasında analiz vermiş, bacısı ilə birgə oraya getmişdir. Bu hal iş materiallarının 128-129-cu vərəqlərindəki aviabiletlərlə təsdiqlənir. İddiaçının müalicə həkimi Türkiyə Respublikasından dəvət olunmuşdur. İddiaçının bacısının və müalicə həkiminin oteldə qalması ilə bağlı xərclər çəkilmişdir. İddiaçının müalicəsi zamanı həyata keçirilmiş baş-beyin əməliyyatı dövlət hesabına həyata keçirilib. Azərbaycan Tibb Universitetinin X1 01.02.2018-ci il tarixdə İddiaçı icra olunmuş tibbi vəsaitlərə görə 1500 manat ödəniş edilməsinə dair maddi ziyan iki ayrı qəbzlə tələb olunmur. Belə ki, həmin tibbi vəsait Klinika tərəfindən alınmış və iddiaçıya icra olunmuşdur. Daha sonra müalicə həkiminin təqdim etdiyi qəbz əsasında tibbi vəsaitin dəyəri iddiaçı tərəfdən Klinikaya ödənilmişdir. Qeyd edilən qəbzlər eyni xərci təsdiqləyir və bir dəfə tələb olunur. İddiaçının vəkili iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəli Əliyev qarşı tərəfin şikayətinə yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçı komadan çıxana kimi cavabdeh tərəflə aralarında mübahisə olmayıb. Cavabdehin atası və qardaşı ona söz veriblər ki, qızının sağalması üçün tələb olunan bütün xərci ödəyəcək, lazım olsa evlərini satacaqlar. Lakin hadisədən sonra 10-15 gün ərzində müəyyən xərcləri ödəsələr də sonradan tibbi xərclərə köməkdən imtina etmişlər. Cavabdehin atasının nə qədər pul ödədiyini dəqiq xatırlamır, lakin həmin məbləğ 8000-9000 manat olmayıb, daha az olub. Hazırkı iddia ərizəsində o dövrə aid xərclər tələb olunmadığı üçün cavabdeh tərəfin ödədiyi məbləğin iddiaya aidiyyəti yoxdur. Təqdim olunan sübutlardan da göründüyü kimi hazırda tələb olunan xərclər hadisədən xeyli sonra yaranmışdır. İddiaçı Türkiyə Respublikasında əməliyyat olunduqdan sonra onlara bildirilib ki, daha iki əməliyyat keçirməlidir. Lazımi tibbi vəsait üçün almağa pulu olmadığı vaxtlarda tanış apteklərdən dərmanları nisyə götürmüş, daha sonra borclarını ödəmişdir, buna görə bəzi qəbzlər bir neçə dəqiqə ara ilə yazılmışdır. Qızının əməliyyat və müalicələri bu gün də davam edir. Cavabdeh bütün bunları bilir, lakin əsassız etirazlarla vaxtı uzadır. Cavabdeh təqsiri nəticəsində gənc yaşlı, yüksək təhsilli qızı ömürlük əlil olub, cəmiyyətdən təcrid olunub, sağlamlığında ciddi fəsadlar yaranıb. Cavabdehin vəkili cavabdeh tərəfin apellyasiya şikayətini müdafiə edərək və yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçının müalicəsi zamanı həyata keçirilmiş baş-beyin əməliyyatı dövlət hesabına həyata keçirilmişdir. İddiaçı tərəfə ödədikləri 8720 manat pulla hansı xərclərin çəkildiyi onlara məlum deyil. onun sorğusuna cavab olaraq “Zəfəran hospital” tərəfindən bildirilmişdir ki, “iddiaçı 07.11.2019-cu ildə "Sol göz qapağının posttravmatik ptozu, sol göz almasının enoftalmiyası" diaqnozu ilə qəbul şöbəsinə daxil olmuşdur. 07.11.2019 tarixində xəstəyə "Levator irəlilətmə" əməliyyatı icra edilmişdir. Xəstə 08.11.2019 tarixində kafi vəziyyətdə evə yazılmışdır. Xəstənin əməliyyatını klinikanın plastik və rekonstruktiv cərrahı Mahir Əliyev icra etmişdir. Xəstə "Zəfəran Hospital"a müayinə və müalicə üçün 1480.01 manat ödəniş etmişdir. İsmail Şahin adlı uzman türk cərrahı heç vaxt "Zəfəran Hospital"da olmayıb, heç bir əməliyyat icra etməyib və belə adda cərrah tanımırlar”. Bundan başqa, Azərbaycan Tibb Universitetinin X1 01.02.2018-ci il tarixdə İddiaçı icra olunmuş tibbi vəsaitlərə görə 1500 manat ödəniş edilməsinə dair maddi ziyan iki ayrı qəbzlə tələb olunur. İddiaçının müayinə olunduğu tibb müəssisələrinə verdiyi vəkil sorğularının cavablarından da görünür ki, təqdim olunan bir çox sübutlar iddia tələbini təsdiq etmir, qeyri-mötəbərdir və iddiaçıya aidiyyəti yoxdur. Vəkil təmsil etdiyi şəxsin apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nurağa Ağayev iddiaçının apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçı tərəfin təqdim etdiyi bir çox sənədlərin avtomobil qəzası nəticəsində aldığı xəsarətlərlə heç bir əlaqəsi yoxdur, qaraciyər və digər xəstəliklərlə bağlıdır. Təqdim olunan aptek qəbzləri mötəbər sübut kimi qəbul oluna bilməz. Həmin qəbzlər çox qısa fasilələrlə verilmiş, bir sıra qəbzlərin hansı reseptlər əsasında verildiyi müəyyən olunmur, digər qəbzlərdə adı yazılan dərmanların isə iddiaçının xəstəliyinə aidiyyəti yoxdur. Həmçinin iddiaçının əynində hadisə günü xəz gödəkçə olması barədə də sübut yoxdur, təqdim olunan mağaza qəbzində isə həmin xəzin həqiqətən iddiaçıya satıldığı görünmür. Yol-nəqliyyat hadisəsinin baş verdiyi 02.01.2018-ci il tarixdən həmin ayın 14-dək iddiaçının müayinə və müalicəsi üçün tərəflərindən 8720 manat pul ödənilmişdir. Lakin sonradan iddiaçının atası qızının vəziyyətindən sui-istifadə edərək, onlardan şişirdilmiş məbləğlər tələb etdiyi üçün münasibətləri pozulub. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi təqdim edilmiş ödəniş qəbzləri əsasında iddiaçıya 33986,85 manat zərər dəydiyi barədə qənaətə gələrək müalicəyə çəkilmiş xərclər hissəsində iddianı həmin həcmdə qismən təmin etmişdir. Lakin qətnamədə məhkəmənin hansı sənədlər əsasında bu nəticəyə gəldiyini, hansı sənədləri mötəbər, hansı sənədləri isə qeyri-mötəbər hesab etdiyini müəyyən etmək mümkün deyil. Məhkəmə, həmçinin əldən çıxmış fayda tələbinin sübuta yetirilmədiyi əsası ilə həmin tələbi təmin etməmiş və qeyd etmişdir ki, cavabdehin təqsirli hərəkətlərinin təsirindən iddiaçının sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından cavabdehdən mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İş üzrə iddiaçıya zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Bu zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulduğu, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilir. Həmin hökmlə müəyyən edilmiş həmin hallar baxılan iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Baxılan iş üzrə iddia tələbləri aşağıdakılardan ibarətdir: 1) 50062,08 manat müalicə xərci; 2) 7150 manat itirilmiş qazanc; 3) 1500 manat qəza nəticəsində istifadə üçün yararsız hala düşmüş gödəkçənin dəyəri; 4) 50000 manat mənəvi ziyan. Tələbin birinci hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyə əsasən maddi ziyan konkret sübutlarla təsdiq olunmalıdır və ağlabatan həddə müəyyən edilə bilməz. Belə ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). Bu baxımdan maddi zərərlə bağlı tələbi təsdiq edən sübutlar (çəkilmiş və ya çəkiləcək xərcləri təsdiqləyən sənədlər) təqdim edilmədən həmin zərərin məbləğinin mülahizə və ehtimallar əsasında müəyyənləşdirilməsi mümkün deyildir. İddiaçı ona dəymiş zərəri təsdiq edən sübutlar qismində müayinə, müalicə, analiz sənədləri, o cümlədən bununla bağlı ödəniş qəbzləri, həm də çoxlu sayda aptek ödəniş çekləri təqdim etmişdir. Yuxarıda qeyd olunan mövqeyə əsasən təqdim olunan bütün sənədlər deyil, konkret olaraq pul məbləğlərinin ödənildiyi barədə sənədlər tələbi sözügedən hissədə təsdiq edən sübutlar kimi qiymətləndirilə bilər. İş materiallarında olan və iddiaçının məhz cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində məruz qaldığı tibbi müayinə, müalicə və əməliyyatlar üzrə ödədiyi məbləğləri təsdiq edən ödəniş sənədlərinin cəmi 22346,83 manat təşkil edir. Həmin sübutlar baxılan mülki işin İ cildinin 82-94, 96, 98-107, 111, 115, 122-125, 149, 151, 158-159, 181, 184, 186-187, 204, 206, 265-270, 273, 287, 289-302, İİ cildinin 33-cü səhifəsində olan sənədlərdən ibarətdir. Sadalanan sənədlər üzrə məbləğlərin toplanması xüsusi bilik tələb etmədiyindən Məhkəmə kollegiyası bununla bağlı ekspertiza təyin olunmasına əsas görməmişdir. Həmçinin, mülki işin İ cildinin 95-ci səhifəsində əks olunan 1500 manat həcmində ödəniş sənədi cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddiaçı tərəf həmin məbləğin digər ödəniş sənədləri ilə əhatə olunduğunu etiraf etdiyindən həmin sənəd nəzərə alınmamışdır. Bununla yanaşı, Kollegiya cavabdeh tərəfin iddiaçıya ödədiyini bildirdiyi 8720 manat məbləğin də tələb olunan müalicə xərclərindən çıxılmasına əsas görmür. Çünki apellyasiya baxışı zamanı həmin məbləğin qəzanın baş verdiyi gündən sonrakı 10-15 gün ərzində ödənildiyi mübahisəsiz qəbul edilmiş, tələb olunan xərclər isə qəzanın baş verdiyi tarixdən ən azı bir neçə ay sonra çəkilmişdir. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi çoxlu sayda aptek ödəniş çeklərini iddianı təsdiq edən mötəbər sübutlar kimi qəbul etmir. Çünki həmin çeklərin bir hissəsinin ümumiyyətlə oxunması mümkün deyil, qalan qəbzlərin isə məhz iddiaçı və ya onun müalicəsinə sərf olunan dərman və tibbi ləvazimatların alınması ilə əlaqədar olduğu müəyyən edilməmiş, cavabdeh də həmin çeklərin mötəbərliyini mübahisələndirmişdir. Kollegiya nəzərə alır ki, iddiaçının uzunmüddətli müayinə və müalicələr zamanı dərman vasitələri və müəyyən tibbi ləvazimatlardan istifadəsi qaçılmaz olmuşdur, lakin yuxarıda qeyd olunduğu kimi qeyd olunan tələb bu halı təsdiq edən mötəbər sübutlar olmadan yalnız ehtimallar əsasında təmin oluna bilməz. Həmçinin iş materiallarında iddiaçının Türkiyə Cümhuriyyətində məhz yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə bağlı müayinə, tibbi əməliyyat və ya müalicə olunduğu barədə sübutlar mövcud olmadığından iddiaçının və onun qohumlarının həmin ölkəyə gedib-gəlməsi və orada qalması ilə bağlı xərclərin tutulması hissəsində də iddia təmin oluna bilməz. Eyni əsaslarla türkiyəli həkimin Azərbaycan Respublikasına gəlməsi və qalması ilə bağlı xərclərə dair sübutlar da tələbin bu hissədə təmin olunması üçün əsas ola bilməz. Tələbin ikinci hissəsi - 7150 manat itirilmiş qazancla bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Baxılan iş üzrə qəza baş verənədək iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialında vəzifə maaşı 550 manat olmaqla, müştəri xidmətləri şöbəsində katibəreferent vəzifəsində çalışmış, Bankda əmək stajı 3 il 6 ay olmuşdur. Həmçinin itirilmiş qazancın tələb olunduğu dövr (yanvar 2018-yanvar 2019) ərzində qəza nəticəsində iddiaçının əmək qabiliyyətsiz olduğu da işin mübahisəsiz halıdır. Lakin iddiaçının özünün təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, müvafiq dövr ərzində əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə arayışa əsasən iş yerindən və müvafiq sosial təminat idarəsindən ona 4063,37 manat əmək haqqı (müavinət) hesablanmışdır. Mülki Məcəllənin 1118.2-ci maddəsində həmin ödənişlər itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən nəzərə alınmayan və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmayan haqlara aid edilməmişdir. Ona görə də 2018-ci ilin yanvar ayından 2019-cu il yanvar ayınadək (həmin aylar daxil olmaqla) iddiaçının orta aylıq əmək haqqı üzrə 7150 manat itirilmiş qazancından ona hesablanmış məbləğ çıxılmaqla bu hissədə tələb qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 3086,63 manat tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qəza nəticəsində istifadə üçün yararsız hala düşmüş gödəkçənin dəyəri qismində 1500 manat pulun tutulması hissəsində də təmin oluna bilməz. Çünki cavabdeh tərəf bu tələbi də mübahisələndirmiş, iddiaçı həqiqətən qəza zamanı əynində xəz gödəkçə olduğu, qəza zamanı yararsız hala düşdüyü və 1500 manat dəyərdə olduğu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. İş materiallarının İ cildinin 142-ci vərəqində olan qeyd forması, tərtibatı və məzmunu baxımından belə sübut kimi qəbul oluna bilməz. İddia tələbinin 4-cü hissəsinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Hadisə baş verən zaman iddiaçının 27 yaşı olmuş, o, ali təhsilli olmaqla həmin vaxt Bankda çalışmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı baş beynin ağır dərəcədə əzilməsi, sağ alın-təpə gicgah nahiyəsinin subdural hematoması, solda alın sümüyünün qəlpəli yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi, ikitərəfli hemotoraks, sol üst göz qapağı və sol qaşın bayır bucağının əzilmiş cırılmış yarası, hər iki baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları kimi zədələr almışdır. Qeyd olunan xəsarətlər nəticəsində iddiaçı artıq İİ qrup əlil olmuşdur və onun müalicəsi hal-hazıradək davam edir. Hadisə nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Heç şübhəsiz ki, bütün bunların nəticəsində iddiaçı çox ciddi mənəvi sarsıntı və iztirablar keçirmişdir. Hadisə nəticəsində gənc yaşlı iddiaçı sağlamlığını, iş yerini itirmiş, fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Məhkəmə kollegiyası işin sadalanan hallarını, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 20000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Göstərilənlərə əsasən və MPM-in 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-630/2019 saylı iş üzrə 23 avqust 2019-cu il tarixli ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Müalicəyə çəkilmiş xərclərə görə 22346,83 manat, itirilmiş qazanca görə 3086,63 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 45433 (qırx beş min dörd yüz otuz üç) manat 46 (qırx altı) qəpik pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-576/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-576/2020
14.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver