Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-576/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 3947/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 MTK ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də Cavabdeh2 arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmişdir.
2. Adı çəkilən MTK ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl X3 ilə MTK arasında tərtib edilmiş müqavilə əsasında bağlanmış olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Cavabdeh2 sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır.
3. İddiaçı, mənzil Cavabdeh2 sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Başqa sözlə, MTK Cavabdeh2 ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2015-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyətinin bərpa edilməsi, cavabdeh və üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən adına keçirmişdir. Mənzilin dəyəri olan 38287 manat məbləğində pul tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir və bu barədə ona xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin həmin vaxt mənzil təmirsiz olduğundan, ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Ara-sıra gedib mənzilinə baş çəkmişdir. Bu yaxınlarda növbəti dəfə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarının dəyişdirildiyini və orada başqa şəxslərin məskunlaşdığını aşkarlamışdır. Bundan sonra bu barədə dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq mülkiyyətində olan mənzil boşaldılaraq ona təhvil verilməmişdir. Yəni göründüyü kimi mübahisəli 145 saylı mənzil MTK tərəfindən ona satılmasına və həmin mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsinə, həmçinin mənzilin neçə illərdir ki, istifadəsində, sərəncam və mülkiyyətində olmasına baxmayaraq, göstərilən mənzil əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Bununla da o, kobudcasına pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdeh kimi cəlb edilməsini, eyni zamanda Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh və üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xİyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur və hər hansı faktiki və hüquqi əsasa malik deyildir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzil xx.xx.2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”yə əsasən onun tərəfindən alınmış və mənzilin dəyəri kimi 44.080 manat ödənilmişdir. Kooperativ tərəfindən mənzilin pay dəyərinin tam ödənilməsi barədə həmin tarixli arayış təqdim edilmişdir. Sözügedən mənzil 2014-cü ildə ona təhvil verilərkən boş və təmirsiz olmuş, orada heç kim yaşamamışdır. Mənzili əsaslı şəkildə təmir etdirmiş, uzun illər ərzində mütəmadi şəkildə ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış və kommunal xidmətlərdən istifadəyə görə haqq da ödəmişdir. İddiaçı mübahisəli mənzili xx.xx.2015-ci ildə aldığını bildirsə də, heç bir dəfə də mənzilə baş çəkməmiş, oradakı vəziyyətlə maraqlanmamışdır. Ən azından satıldığı zaman mənzil alıcı İddiaçı təqdim edilməli, mənzilin şəraiti ilə tanış edilməli idi. Lakin keçən 10 il ərzində iddiaçı və ya başqa şəxslər həmin mənzilə gəlməmiş, ona dair hər hansı tələb irəli sürülməmişdir. İddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli müqavilə 145 saylı mənzilə dair onunla Kooperativ arasında xx.xx.2011-ci il tarixli müqavilə bağlandıqdan və mənzilə dair sahiblik və istifadə hüququ yarandıqdan 4 ildən çox müddət keçdikdən sonra bağlanılmışdır. Qanunun tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, Cavabdeh1 MTK artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından həmin müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilib-edilməməsindən asılı olmayaraq, əhəmiyyətsiz olmaqla bağlandığı andan etibarsız əqddir. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlandmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satq müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətb : edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları düzgün tətbiq edilməmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmin maddəyə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Hazırki iş üzrə mübahisəli mənzilə dair müqavilə bağlanılmasında və onun alıcıya təhvil verilməsində ilkinlik ona məxsus olduğundan, iddiaçının həmin mənzilin boşaldılması və ona təhvil verilməsi tələbi təmin edilə bilməz. İddiaçı onunla Kooperativ arasında bağlanılmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından və müqavilənin tərəfləri əqdi mübahisələndirmədiyindən hazırki iddia tələbi əsasında xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab edilə bilməz. İddiaçının mübahisəli mənzilin onun mülkiyyətində olmasına dair mövqeyi də qəbul edilən deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. Yəni iddiaçının həmin mənzilə dair nəinki mülkiyyət hüququ mövcud olmamış, onunla bağlanmış müqavilə özlüyündə etibarsız əqd olduğundan mənzilə sahiblik, istifadə və sərəncam vermək kimi hüquqları da yaranmamışdır. Habelə, iş materiallarında olan Cavabdeh1 MTK-nın xx.xx.2021-ci il tarixli, M/H-75 saylı məktubu hazırki iş üzrə həlledici rol oynamır. İlk növbədə, Kooperativ adından təqdim edilən məktub səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Məktubu imzalayan S.Alışov adlı şəxsin kimliyi məlum deyil və onun İdarə heyətinin sədri olan C.Alışovu kooperativin idarəçiliyi ilə bağlı təmsil etmək səlahiyyəti yoxdur. Məktuba əlavə edilmiş etibarnamə kooperativin idarə heyətinin sədri kimi deyil, fiziki şəxs olaraq C.Alışovun müxtəlif orqanlar və şəxslər qarşısında təmsil edilməsinə səlahiyyət verilməsinə dəlalət edir. Məktubda Cavabdeh1 MTK ilə X3 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanıldığı və sonradan mənzilin İddiaçı adına keçirilməsi haqqında ərizə verildiyi qeyd edilsə də, onunla bağlanmış müqavilə onun barəsində heç bir qeyd edilmədən məktuba əlavə edilmişdir, Əlavə edilmiş xx.xx.2011-ci il tarixli müqavilədə “Payçı” qismində əks olunan imza ona aid deyil və aşkar şəkildə imzasından fərqlidir, Təqdim edilən sənədlər tam deyil. Mənzilə dair pay haqqının onun tərəfindən tam ödənilməsinə dair maliyyə arayışı da Kooperativ tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 MTK ilə X3 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilə və mənzilin İddiaçı adına keçirilməsinə dair razılıq ərizəsində mübahisəli mənzilin nömrəsi üzərində düzəliş edilməklə ilkin yazılmış nömrə silinmiş, qaralanmaqla, sonradan “145” nömrəsi qeyd edilmişdir, Habelə, müqavilə və razılıq ərizəsində X1 imzası kimi əks olunan imzalar da fərqlidir. Onlardan biri həqiqətən Əhmədov tərəfindən çəkilmişdirsə, digərinin onun tərəfindən çəkilmədyi açıq-aşkar müəyyən olunur. Görünən odur ki, hazırda məhkəməyə təqdim edilən sənədlər kooperativin rəhbəri kimi özünü təqdim edən şəxslərlə əlbir olaraq mənzilin qanunsuz yollarla ələ keçirilməsi çalışanların qanunsuz məqsədlərinə xidmət edən saxta sənədlərdir. Bu səbəbdən həmin sənədlər mötəbər sübut kimi qəbul edilə və mübahisəli mənzilə dair əvvəllər X1 və ya onunla əldə olunmuş razılaşmaya əsasən iddiaçının hər hansı hüquqununun mövcud olduğu qənaətinə gəlinə bilməz. Yuxarıdakılara əsasən məhkəmədən iddia tələbiniın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 3947/2022 saylı qətnaməsi ilə (hakim T.Axundov) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK tərəfindən mübahisəli mənzil nə xx.xx.2006-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında X1, nə də ki, xx.xx.2015-ci il tarixli müqavilə əsasında hazırki iş üzrə İddiaçı faktiki sahiblik və istifadələrinə verilmədiyindən, digər tərəfdən isə, Cavabdeh2 lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Cavabdeh2 verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. 10.Məhkəmə hesab etmişdir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 575.2, 452.1, 324.1, 324.2, 324.5, 337.1, 337.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin157.8, 165, 337, 340.1,340.2 567, 568.1, 575.2, 452.1-ci maddələrinin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir, iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir, bundan əlavə Ş.Əminovanın adına verilmiş formal müqavilənin etibarsızlığı işin halları ilə tam sübut olunur, iddiaçının açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamışdır, iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi faktı həm müqavilədə, həm də maliyyə arayışında təsdiqlənmişdir, nəzərə alınmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, ilkin olaraq MTK-a ilə X3 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış, ödənişlər sonuncu tərəfindən edilmiş, və mənzil ona təhvil verilmişdir. xx.xx.2015-ci il tarixdə “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən İddiaçı adına keçirmişdir, göründüyü kimi, hazırki mülki iş X3 hüquq və vəzifələrinə toxunur və bu səbəbdən onun cəlb olunması mütləq və zəruri idi, bu barədə tərəflərindən vəsatət verilsə də məhkəmə qanunsuz olaraq vəsatəti təmin etməmişdir, X1 dəvət edilərək şahid qismində dindirilməsi barədə vəsatət verməklərinə baxmayaraq məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir, məhkəmə iddia ərizəsinə cavabdehin etirazını qətnaməyə köçürməklə kifayətlənmiş və bu səbəbdən də iddia tələbinin hansı əsaslarla təmin edilməməsini əsaslandıra bilməmişdir. e Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14.Cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. 15.Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. 18.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
23. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
25. 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
26. 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
28. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
30. 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
31. 452.1-ci maddəsinə əsasən, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
35.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
37. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MTK ayrı-ayrılıqda həm İddiaçı ilə, həm də Cavabdeh2 ilə eyni mənzilə dair “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilələr bağlamış və sonuncular tərəfindən mənzilin müqavilələr üzrə dəyəri ayrı-ayrılıqda tam olaraq ödənilmişdir. Adı çəkilən MTK ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl X3 ilə MTK arasında tərtib edilmiş müqavilə əsasında bağlanmış olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Cavabdeh2 sahiblik və istifadəsinə vermişdir. O, mənzili təmir etdirmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İddiaçı mənzil Cavabdeh2 sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Başqa sözlə, MTK Cavabdeh2 ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdi müəyyən əşya hesab olunan mənzili üçüncü şəxsə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2015-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkün olmamışdır.
38. İddiaçı 2015-ci ildə mənzili alarkən mənzilə baxış keçirdiyini və daha sonra mənzilin ona təhvil verilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hanslı sübut təqdim etməmişdir.
39. İş üzrə digər cavabdeh olan Cavabdeh1 MTK-nın nümayəndəsinin mənzilin Cavabdeh2 təhvil verilməməsi, onun mənzili özbaşına olaraq tutması, MTK-nın əməkdaşlarının Cavabdeh2 İddiaçı ilə səhv salmaları ilə bağlı bildirdiklərini də kollegiya işin hallarına uyğun hesab etmir.
40. Belə ki, yaşayış sahəsinin təhvil verilməsi zamanı sahəni təhvil alan şəxsin şəxsiyyəti yoxlanılmadan və mənzilə aidiyyatı müəyyən edilmədən yaşayış sahəsinin verilməsi ağlabatan deyildir.
41. MTK-nın nümayəndəsi Cavabdeh2 mübahisəli mənzilin qapısının açarlarını özbaşına dəyişməklə mənzili zəbt etdiyini bildirsə də, keçən müddət ərzində mənzili zəbt etmiş şəxsə qarşı heç bir tədbir görülrməməsinə (onun mənzildən çəxarılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi, məhkəmədə iddia qaldırılması və s.) aydınlıq gətirməmişdir.
42. Bundan başqa, Cavabdeh2 uzun illər ərzində mübahisəli mənzildə yaşaması, orada təmir işləri aparması, kommunal xidmətlər ödəməsi şəraitində onun şəxsiyyətinin qeyri-müəyyən olaraq qalmasının da ağlabatan izahı yoxdur.
43. Qeyd edilənlərlə yanaşı, iş materiallarından da göründüyü kimi, mübahisəli mənzilə kommunal xidmətlərin (qaz, su, elektrik, telekommunikasiya) göstərilməsi ilə bağlı Cavabdeh2 ilə əlaqədar qurumlar arasında 2018-ci il tarixli müqavilələr imzalanmışdır ki, bu da qeyd edilən mənzilin ona təhvil verilməsini və ötən müddət (illər) ərzində heç bir mübahisə olmadan onun sahiblik və istifadəsində olmasını bir daha təsdiq edir.
44. Beləliklə, mübahisəli mənzilin Cavabdeh1 MTK tərəfindən digər Cavabdeh2 təhvil verilməsi arşadırma zamanı öz təsdiqini tapır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin dispozisiya şərtlərinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
46. Qeyd olunan normadan göründüyü kimi, kreditor fərdi-müəyyən əşyanın (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni, fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir.
47. Həmin normanın dispozisiya şərtlərinə görə, mübahisəni həll edən məhkəmə ilk növbədə fərdi –müəyyən əşya olan mənzilin kimin mülkiyyətinə verilməsi məsələsini müəyyən etməli, yalnız bundan sonra mənzillə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasını nəzərə almalıdır. Bu haları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, qanunun bu müddəasında göstərilən “Mülkiyyətinə verir” müddəası Mülki Məcəllənin 178-ci maddəsinin və ona dair Konstitusiya Məhkəməsinin şərhindəki mövqeyinə uyğun arşadırılmalıdır.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (maddə 178.8). 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
51. Kollegiyanın qənaətinə görə mübahisəli mənzillə bağlı Cavabdeh2 onunla MTK arasında bağlanmış mənzil tikintisi haqqında müqavilə üzrə pay haqqını tam olaraq ödədiyindən və həmin mənzili real olaraq təhvil alıb təmir edərək orada yaşamağa başladığından mülki qanunvericiliyin yuxarıda qeyd edilən müdəaları baxımından həmin mənzil MM-nin 178-ci maddəsinin müəyyən etdiyi mənada onun mülkiyyətinə verilmiş hesab edilməlidir.
52. Belə olan halda, Mülki Məcəllənin 452.1-ci maddəsinin digər şərtinə, yəni mənzillə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasına istinad etməklə müqavilənin etibarsızlığını tələb etmək qanuni hesab edilə bilməz.
53. Həmçinin, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.
54. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi» tələbinə dair iddiası əsassız olmuşdur.
55. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas deyil.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 3947/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.