Məhkəmə qərarları › İş №2(103)-5763/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5763/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5763/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-899/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Nümayəndə" X12 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Nümayəndə" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 5000 (beş min) manat sığorta ödənişi məbləğini və ödənilmiş 30,4 (otuz manat 40 qəpik) manat məhkəmə rüsumunun cəmi 5030,4 (beş min otuz, 40) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sığortaçı) "Nümayəndə" Sığorta Şirkəti ASC ilə bağlanmış PAX********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta" müqaviləsinə əsasən 10TG177 d.q.n., "DAEWOO BS 090" markalı avtomobilin sahibinin mülki məsuliyyəti cəmiyyətdə sığortalanmışdır. xx.xx.2015-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan sığortalanmış avtomobili idarə edən Cavabdeh2 yol hərəkət qaydalarını pozaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində yol hərəkət qaydalarının tələblərini pozaraq piyada X6 vuraraq, onun ölümünə səbəb olmuşdur. Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə və AR DİN BDYP-İN xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Cavabdeh2 hadisə zamanı avtomobili etibarnamə olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətdiyi üçün CM-in 263.2-ci maddəsi ilə Cinayət məsuliyyətinə cəlb edilmişdir. Hadisə nəticəsində X7 vəfat etdiyi üçün (499 No-li Ekspert rəyinə görə) onun həyat yoldaşına 5000 manat sığorta ödənişi ödənilmişdir. Aşağıdakılara əsasən hesab edirlər ki, sığortalanmış avtomobilin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalıya ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan sığortalanmış avtomobili etibarnaməsi olmadan idarə etdiyi üçün iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-899/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "Nümayəndə" Sığorta Şirkətı ASC tərəfindən ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun, ümumilikdə 5030,40 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "Nümayəndə" Sığorta Şirkətı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsini və həmin hissədə iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mülkiyyətində olan “DAEWOO BS 090" markalı avtomobil iddiaçı Nümayəndə Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. xx.xx.2015-ci il tarixdə o, həmin avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq piyada X6 vurmaqla onun ölümünə səbəb olmuşdur. Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə o, AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir, hazırda 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkir. O, Zəkulla adlı şəxsi tanımır, avlomobili ona idarə etmək üçün Etibar adlı şəxs vermiş və ona heç bir etibarnamə verməyərək bildirmişdir ki, nə problem olsa onluqdur. O, törətdiyi əmələ görə cəzasını alır. Hazırda ondan 5000 manat pulun tutulmasına dair iddası əsassız olduğundan təmin edilməməlidir. Belə ki. O, avtomobili etibarnamə olmadan idarəetməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində göstərilmiş “yüksək təhlükə mənbəyinə digər qanuni əsasla sahilblik edən” şəxs kimi qəbul edilə bilməz. Hadisə baş verərkən avtomobilin qanuni sahib o, olmamışdır. Avtomobili idarəetmək üçün avtomobilin sahibi ona etibarnamə verməli idi və bu səbəbə görə də məsuliyyəti o daşıyır. O, təxminən bir ilə yaxındır ki. həmin avtomobili idarə etmişdir, bu müddət ərzində avtomobili idarə elmək üçün etibarnamə verilməsini istəsə də hər dəfəona bildirmişlər ki, etibarnaməyə ehtiyac yoxdur və bu səbəbdən də ona etibarnamə verməmişlər. Məhkəmə işə baxarkən onun yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik elməyini sübutu yetirməli idi və bu səbəbdən də o, hazırkı iş üzrə cavabdehlik daşımır. Əgər o, qeyd olunan avtomobili özbaşına götürüb idarə etsəydi bu halda o,n məsuliyyət daşıyardı. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin yalnız Cavabdeh2 aid hissədə yoxlanılması təşkil edir. Belə ki, digər cavabdeh qətnaməni ümumiyyətlə mübahisələndirməmiş, Cavabdeh2 isə qətnaməni yalnız ona aid hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-899/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “DAEWOO BS 090” markalı, 10TG177 dövlət qeydiyyat nişanlı avtobusun zərərçəkmiş çəxs X1 vurulmuş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 39040 saylı kassa məxaric orderinin surətindən görünür ki, Nümayəndə Sığorta Şirkəti ASC tərəfindən X2 5000 (beş min) manat məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarında olan AC 810212 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** TG *** dövlət qeydiyyat nişanlı “DAEWOO BS090 AVTOBUS” markalı avtobusun sahibi Cavabdeh1dur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət X11 xx.xx.2019-cu il tarixli 118881- 1219 saylı məktubundan görünür ki, “DAEWOO BS090 AVTOBUS” markalı **- TG-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 adına qeydiyyatdadır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 1(002)-25/2017 saylı xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 həbsdə saxlandığı 02 (iki) gün müddət nəzərə alınaraq üzərində 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəsası saxlanılmışdır. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 1/10255 saylı Sərxoşlüq vəziyyətinin tibbi müayinəsi haqqında Aktdan görünür ki, Cavabdeh2 Cuməli oğlunda spirtli içkilərinin təsiri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X9-Təcrübəsi və Tədris Birliyinin 10 dekabr 99 nömrəli rəyindən görünür ki, X4 adına tərtib edilmiş tibbi sənəddə aşkar olunmuş xəsarətlər- qapalı fəqərə sütünu-onurğa beyin travması, TH11-TH-12 fəqərələrinin fəsadlaşmış sınıq-şıxığı, aşağə paraplegiya, hər iki ciyərin əzilməsi, soldan İV, V, Vİİ, Vİİİ, İX, sağdan X, Xİ,Xİİ qabırğaların, L1, L2, L3, L4, L5 fəqərələrinin sağ yan çıxıntılarının, L3, L4, L5 fəqərələrinin sol yan çıxıntılarının sınaqları, sol oma-qalça oynağının sınıq-çıxığı, qasıq sümüklərarası simfizin aralanması, sol qamış sümüyünün qəlpələnmiş sınıqları bərk-küt əşya(lar) təsirindən törənmişlər, xx.xx.2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi hərəkətdə olduğu avtomaşının qabarıq hissələrinin təsirindən piyadanın vurulması nəticəsində törənə bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər. X4 ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində onurğa beyinin zədələnməsindən sonra ürək fəaliyyətinin dayanması olmuşdur. Ölüm xx xxxxxx 2015-ci il tarixdə baş vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün Nümayəndə Sığorta Şirkəti ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Bu zaman iddiaçıdan 0,40 (qırx qəpik) manat bank xidmət haqqı alınmışdır “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı (sığortaçı) "Nümayəndə" Sığorta Şirkəti ASC ilə bağlanmış PAX********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta" müqaviləsinə əsasən 10TG177 dövlət qeydiyyat nişanlı, "DAEWOO BS 090" markalı avtomobilin sahibinin mülki məsuliyyəti cəmiyyətdə sığortalanmışdır. xx.xx.2015-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan sığortalanmış avtomobili idarə etməyə hüququ olmadan idarə edərkən Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yol hərəkət qaydalarının tələblərini pozaraq piyada X6 vuraraq, onun ölümünə səbəb olmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə və AR DİN BDYP-in xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Cavabdeh2 hadisə zamanı avtomobili etibarnamə olmadan idarə edərək yol nəqliyyat hadisəsi törətdiyi üçün CM-in 263.2-ci maddəsi ilə Cinayət məsuliyyətinə cəlb edilmişdir. Hadisə nəticəsində X7 vəfat etdiyi üçün (499 No-li Ekspert rəyinə görə) onun həyat yoldaşına 5000 manat sığorta ödənişi ödənilmişdir. Sığortalanmış avtomobilin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalıya ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan sığortalanmış avtomobili etibarnaməsi olmadan idarə etdiyi üçün iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranır. Apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-899/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-899/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar