Məhkəmə qərarları › İş №2(103)-5764/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5764/2021

30.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5764/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, X1, İddiaçı1 və İddiaçı7 Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” birgə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli qətnamədən iş üzrə cavabdeh Məktəbin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə birgə iddiaçılar cavabdeh Məktəbə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişlər: - Məktəbin Pedoqoji Şurasının 25.06.2020-ci il tarixli onlayn iclası tərəfindən qəbul edilmiş qərarın, həmin tarixli 6 saylı əmrin və Məktəbin valideynlərə ünvanladığı 01.07.2020-ci il tarixli bildirişlərin Məktəb ilə 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilələr zidd və qanunsuz hesab edilərək etibarsız sayılması; - İddiaçıların övladlarının – Məktəbin şagirdlərinin müqavilə şərtlərinə əsasən təhsilinin həmin Məktəbdə davam etdirilməsi cavabdeh Məktəb tərəfindən təmin olunması; - Məktəbdə onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğunun valideynlərə (iddiaçılara) təqdim edilməsi vəzifəsinin Məktəbin üzərinə qoyulması; - Məktəbin onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, Məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsinin Məktəbə həvalə edilməsi; - Məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi və həmin ödənişin müqavilə şərtləri üzrə həyata keçirilmə vəzifəsinin cavabdehə həvalə edilməsi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların övladlarının təhsil aldıqları cavabdeh Məktəb tərəfindən 01.07.2020-ci il tarixdə bəzi valideynlərə onlayn qaydada aşağıdakı məzmunda bildiriş göndərilmişdir: “Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, Dünya məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarını və təsisçilərin tövsiyyələrini rəhbər tutaraq 25 iyun tarixli əmrə əsasən, Sizinlə Dünya Məktəbi arasında 2019/2020-ciil tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə növbəti 2020/2021-ci il tədris ili üçün uzadılmaması barədə sərəncam verilmişdir.” Bildirişi almış valideynlər Məktəbin həm elektron ünvanına, həm də poçt ünvanına yazılı müraciət ünvanlayaraq bildirişdə göstərilən Pedaqoji Şuranın 25 iyun tarixli onlayn qərarının və həmin tarixli əmrin surətlərinin valideynlərə təqdim edilməsini, habelə valideynlərlə bağlanmış müqavilənin uzadılmamasının səbəbləri və əsasları barədə rəsmi məlumat verilməsini tələb etsələr də, onlara heç bir cavab verilməmişdir. Valideynlərə göndərilmiş bildiriş müqavilə şərtlərinə zidd olmaqla tamamilə qanunsuzdur. Belə ki, valideynlərlə Məktəb arasında 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanılmış müqavilənin tarixi və nömrəsi, bitmə tarixi və növbəti 2020/2021-ci il tədris ili üçün həmin müqavilənin uzadılmamasının nə müqavilə, nə də qanuni əsasları bildirişdə göstərilməmişdir. Digər tərəfdən, valideynlərlə Məktəb arasında 2019/2020-ci tədris ili üçün bağlanmış müqavilənin 6.2-ci bəndinin tələblərinə əsasən, həmin “müqaviləni imzalayan hər iki tərəf müqavilə şərtləri ilə tam razı olarsa, müqavilənin bitməsinə 10 gün qalmış heç bir dəyişiklik təklif edilməzsə, müqavilə növbəti tədris ili üçün uzadılmış hesab edilir.” Nəzərə alınsa ki, tərəflər müqaviləyə rəsmi olaraq hər-hansı dəyişiklik təklif etməmişlər, belə vəziyyətdə müqavilənin müddətinin bitməsindən söhbət gedə bilməz. Bundan başqa, valideynlərlə Məktəb arasında 2019/2020-ci il tədris ili üçün bağlanmış müqavilədə, ümumiyyətlə həmin müqavilənin uzadılmamasının əsasları nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyası və təhsil qanunvericiliyi ilə icbari hesab edilmiş ümumi orta təhsil hüququnun Dövlət tərəfindən təmin edildiyini, qüvvədə olan qanunvericiliyin təhsil alanların hüquqlarının müdafiəsini müəyyən edən normalarını nəzərə alaraq, belə qənaətə gəlinir ki, məktəb tərəfindən yetkinlik yaşına çatmayan şagirdlərin, başqa sözlə, uşaqların, xüsusən pandemiya dövründə təhsildən kənarda qalmasına və bunun da nəticədə hazırki təhsil müəssisəsinə alınmış uşaqların ciddi psixoloji sarsıntı keçirmələrinə səbəb ola biləcək 25 iyun tarixli qərar və əmr qəbul edilməsi üçün ciddi əsasların olması tələb olunur. Bundan əlavə, Məktəb ilə valideynlər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinin tələblərini və ölkədə elan edilmiş karantin vəziyyətini nəzərə alaraq valideynlər Məktəbə müraciət edərək təhsil haqlarında güzəştlər edilməsini xahiş etmişlər. Məktəb valideynlərin bu müraciətlərini cavablandıraraq, təhsil haqlarının tam ödənilməsinin zəruriliyini bildirmiş, hətta növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləği tam ödəyərək şagirdlərin qeydiyyatdan keçməsinin təmin edilməsini tələb etmiş, əks halda qeydiyyatdan keçməyən şagirdlərin məktəbin ümumi şagird siyahısına daxil edilməyəcəklərini bəyan etmişdir. Məktəbin göstərilən mövqeyi ilə bağlı iddiaçılar Məktəbin həm elektron ünvanına, həm də poçt ünvanına yazılı müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz olduğunu bildirmiş, onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, Məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi xahiş olunmuşdur. Lakin, Məktəb tərəfindən yazılı müraciətə heç bir cavab verilməmişdir. Məktəbin ödənişlərlə bağlı yuxarıda göstərilən cavabı müqavilə şərtlərinə tamamilə ziddir. Belə ki, müqavilənin şərtlərindən görünür ki, tərəflər bir-birinə münasibətdə qarşılıqlı öhdəliklər götürmüş və bu öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlik daşıyırlar. Məktəb 2020-ci ilin mart ayından etibarən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir. Məsələn, müqavilənin 2-ci hissəsində məktəbin vəzifələri müəyyən olunmuşdur ki, onlardan şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, ibtidai sinif şagirdlərinin gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək, V-Xİ sinif şagirdlərini səhər çay saatı, günorta isə isti naharla təmin etmək, valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq, şagirdlərin psixoloji dəstəyini (lazım gələrsə) təşkil etmək, şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək Məktəbin vəzifələri kimi müəyyən olunmuşdur. Göstərilən vəzifələri isə Məktəb mart ayından bəri yerinə yetirməmiş, təhsil yalnız onlayn qaydada aparılmışdır. Məktəb tərəfindən vəzifələrin icra edilməməsi karantinlə əlaqədar olsa da, karantin qaydaları yalnız Məktəbə deyil, həm də valideynlərə də aiddir. Öhdəliklərini tam şəkildə icra etməyən məktəb valideynlərdən təhsil haqqını tam şəkildə ödəmələrini tələb etmişdir. Bu azmış kimi, Məktəb valideynlərdən növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləği tam ödəyərək şagirdlərin qeydiyyatdan keçməsinin təmin edilməsini də tələb edir və əks halda qeydiyyatdan keçməyən şagirdlərin məktəbin ümumi şagird siyahısına daxil edilməyəcəklərini bəyan edir. Məktəb bu tələbləri irəli sürərkən nəzərə almamışdır ki, növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsini tələb etmək valideynlərlə bağlanmış müqavilədə nəzərdə tutulmamış və müqavilə şərtlərinə ziddir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Məktəb həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Məktəbin iddiaçılar tərəfindən qanunsuz və etibarsız adlandırdıqları qərara və hərəkətlər qanunsuz və etibarsız deyil. Məktəb qanunların tələblərinə və Məktəbin şagirdlərinin valideynləri ilə bağlanmış “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” müqavilələrin şərtlərinə əsaslanmışdır. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, işdə iştirak edən şəxslər apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məktəb tərəfindən valideynlərə ünvanlanmış 01.07.2020-ci il tarixli bildirişdə qeyd edilmişdir: “Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, Dünya məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarını və təsisçilərin tövsiyəsini rəhbər tutaraq 25 iyun tarixli 6 saylı əmrə əsasən, Sizinlə Dünya məktəbi arasında 2019/2020-ci tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə növbəti 2020/2021-ci tədris ili üçün uzadılmaması barədə sərəncam verilmişdir.” Məktəb tərəfindən valideynlərə ünvanlandırılmış elektron qaydada məktubda 2019/2020-ci dərs ili üçün ödənilməsi olan məbləğin 15 iyun tarixinə kimi tam ödənilməsi tələb olunmuş, şagirdlərin qidalanmalarını təmin etmək öhdəliyi Məktəb tərəfindən yerinə yetirilmədiyindən ödənişlərə 300 manat güzəşt tətbiq edilmiş, borcun qalan hissəsi 15 iyun tarixədək ödənilmədiyi halda şagirdlərin sinifdən-sinfə keçirilmələrinin əmrləşdirilməyəcəyi göstərilmişdir. Məhkəmə tərəfindən iş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə iddiaçılar Məktəbdə təhsil alanların valideynləridir. Həmin valideynlərdən biri ilə MMC arasında bağlanmış və məhkəməyə nümunə sübut kimi təqdim edilmiş “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” 01.05.2019-cu il tarixli, 483 saylı müqavilənin şərtlərinə nəzər saldıqda müəyyən edilir ki, müqavilə 2019-2020-ci il tədris ili üçün bağlanmış, müqavilənin 2-ci bəndində məktəbin hüquq və vəzifələri qeyd olunmuşdur: - Vəzifələr:

1. Şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək;

2. İbtidai sinif şagirdlərini gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək;

3. V-Xİ sinif şagirdlərini səhər çay saatı, günorta isə isti naharla təmin etmək;

4. Valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq;

5. Şagirdlərə psixoloji dəstəyini (lazım gələrsə) təşkil etmək;

6. Şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək. Müqavilənin 4-cü bəndində təhsil haqqının ödənilməsi qaydaları göstərilmişdir ki, həmin qaydalarda təhsil haqqının hissəli ödəniş şəklində 20 faiz depozit ödənildikdən sonra qalan məbləğin 30 faizinin 25 avqustadək, 50 faizinin isə 25 yanvar tarixinədək ödənilməsi qeyd olunmuşdur. Müqavilənin 6-cı bəndinin 2-ci hissəsində qeyd olunmuşdur ki, müqaviləni imzalayan hər iki tərəf müqavilə şərtləri ilə tam razı olarsa, müqavilənin müddətinin bitməsinə 10 gün qalmış heç bir dəyişiklik təklif edilməzsə, müqavilə növbəti tədris ili üçün uzadılmış hesab edilir. Müqavilənin 7-ci bəndinin 2-ci , 2.1-ci və 3-cü hissələrində göstərilmişdir ki, təhsil haqqı və digər xərclər ödənilmədikdə məktəb birtərəfli qaydada məhkəməyə müraciət etmədən müqaviləyə xitam verə bilər. Tərəflərdən biri bu müqaviləni birtərəfli qaydada ləğv edərsə, digər tərəfə 7 (yeddi) iş günü müddətində yazılı məlumat verməlidir. Müqavilənin 9.1-ci bəndinə əsasən, tərəflə bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İş üzrə iddiaçılar bildirirlər ki, cavabdeh Məktəb tərəfindən Pedaqoji Şuranın 25 iyun tarixli onlayn qərarı və Məktəbin bunun əsasında çıxardığı 6 saylı əmri onlara təqdim edilməmişdir. Həmin sübutlar cavabdeh Məktəb tərəfindən də məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilələrin qüvvədə olma müddətləri bitdiyinə görə müqavilə o halda uzadılmaya bilərdi ki, müqavilənin müddətinin bitməsinə 10 gün qalmış tərəflərdən hərhansı biri müqavilənin şərtlərinə dəyişikliklər edilməsi ilə bağlı təklif irəli sürmüş olsun və bu təklif digər tərəfdən qəbul edilməsin. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin halları ilə belə bir təklifin mövcud olması sübuta yetirilmir. Belə olan halda Məhkəmə hesab edir ki, müqavilə uzadılmış hesab edilməli idi. Valideyn olan iddiaçılara müqavilənin uzadılmaması ilə bağlı göndərilmiş bildirişdə məhz müqavilənin qüvvədə olma vaxtının bitməsi əsas kimi göstərildiyindən Rayon Məhkəməsi müqavilənin uzadılmaması üçün digər hansısa əsas olub-olmamasını araşdırmağı zəruri hesab etməməkdə haqlı olmuşdur. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə görə, mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, ümumi təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir. Həmin Qanunun 12.4-cü maddəsinə görə, ümumi təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. Qanunun 15.4-cü maddəsinə görə, təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Qanunun 22.1-ci maddəsinə görə, ümumi təhsil sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Qanunun 24.1 və 24.1.3-cü maddələrinə görə, ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək və s. kimi hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Məcəllənin 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Məcəllənin 441-ci maddəsinə görə, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır (maddə 441.1.). Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər (maddə 441.3.). Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Məhkəmə qeyd edir ki, Məktəb tərəfindən valideynlərə ünvanlanmış 01.07.2020-ci il tarixli bildirişdə “təsisçilərin tövsiyəsinə istinad edilsə də valideynlərin və ya digər qanuni nümayəndələrin rəylərinin alınması iş üzrə sübut olunmur, halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin” 5.3-cü bəndinə görə, ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ümumtəhsil məktəbinin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Qərarın 6.1-ci və 6.1.3-cü bəndlərində valideynlər və ya digər qanuni nümayəndələr ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları kimi müəyyən edilmişlər. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh Məktəb tərəfindən iddiaçılara ünvanlanmış 01.07.2020-ci il tarixli, 443 saylı bildirişdə göstərilənlər tərəflər arasında bağlanmış “ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin şərtlərinə, habelə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə” zidd olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı bildirir ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci və 24.1.3-cü maddələrinə əsasən təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquqlarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.09.2020-ci il tarixli, 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarının” 3.1-ci bəndinə görə, ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Təhsil müəssisəsinin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur. Həmin Qərarın 13.1-ci maddəsinə görə, ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə öyrənənlər arasında “subyekt-subyekt” prinsipinə uyğun qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur: məktəbvalideyn əlaqələrinin tənzimlənməsi - təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin edilməsi. Lakin hazırkı halda cavabdeh tərəfindən ümumi təhsilin dövlət standartlarında nəzərdə tutulan “subyekt-subyekt” prinsipinə əməl etməsi iş üzrə müəyyən olunmur. Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə hesab edir ki, onlayn qaydada keçirilən dərslərə görə cavabdeh tərəfindən çəkilən xərclərin nədən ibarət olmasını, yəni valideynlər tərəfindən cavabdehə edilən ödənişlərin onlayn tədris zamanı hansı istiqamətlərdə xərclənməsini bilmələri valideynlərin hüquqlarıdır və bu məlumatlar cavabdeh tərəfindən iddiaçılara təqdim edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, 2020-ci ilin mart ayından Respublika ərazisində “Covid-19” pandemiyasının sürətlə yayılmağa başlaması nəticəsində tətbiq olunmuş karantin rejimində cavabdeh distant (məsafədən) təhsil növündə onlayn qaydada dərslər keçdiyindən valideynlərlə aralarında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuş vəzifələrini tam olaraq icra etməmiş, bununla da valideynlərin cavabdehin müqavilə üzrə bütün vəzifələrinin icrası qarşılığında məktəbə ödəməli olduqları illik ödənişdən güzəşt hüquqları yaranmışdır. Belə ki, bu reallıqdır ki, məktəb onlayn tədris zamanı şagirdlərə adi halda çəkilməli olduğu xərcləri tam çəkmədiyi halda, yəni öz öhdəliklərini tam icra etmədiyi halda ödəniş haqlarını tam şəkildə ödənilməsini tələb etməsi mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə uyğun deyil. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi eyni əsaslara görə eyni nəticəyə gəlməkdə və iddianın qalan hissəsini təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar