Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5765/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. Birgə iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 30.000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia ərizəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar və onların digər ailə üzvləri, ünvan 1 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evində daimi pasport qeydiyyatında olmaqla yaşamışlar. Onların həmin ev üzərində sahiblik və istifadə hüquqları vardır. 2021-ci ildən "xxxx" MMC qeyd edilən ünvanda yerləşən yaşayış evlərini sökərək çoxmərtəbəli yaşayış binalarının tikintisinə başlamışdır. Bu məqsədlə iddiaçılar evi MMCnin istifadəsinə vermişlər. MMC, aralarında razılaşma əldə olunması üçün iddiaçıların notarial qaydada ərizələrinin təqdim olunmasını cavabdehdən tələb etmişdir. İddiaçıların cavabdehlə son razılaşmasına əsasən, cavabdehin onlara verəcəyi 30.000 manat pulun müqabilində, evin sökülməsi ilə bağlı MMC-yə qarşı etirazları olmayacaqdır. Beləliklə, cavabdeh ilə MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin "xxxx" 1.1-ci bəndinə əsasən, MMC tərəfindən fərdi yaşayış evinin sökülməsi və bu sahədə yeni yaşayış binasının tikintisi həyata keçirilərək, cavabdehə (iddiaçılara məxsus 1 otaq da daxil olmaqla) 6 otaqlı, 174 kv.m. sahəsi olan fərdi yaşayış evinin 107 kv.m. sahəsinin dəyəri kimi 170.000 manat pul ödənilməsi, qalan 67 kv.m. sahəyə görə isə 20% əlavə edilməklə 80 kv.m. sahəsi olan 2 otaqlı təmirli mənzil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, mülkiyyətçinin (faktiki sahibin) sökülməsi nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini MMC-yə təhvil verilməsini təmin etməsi, ünvanda rəsmi qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyə öhdəlik götürməsi razılaşdırılmışdır. Fərdi yaşayış evi sökülməzdən əvvəl MMC-nin rəhbərliyi ilə görüşən zaman iddiaçılara bildirilmişdir ki, MMC bir ünvana görə bir-neçə şəxslə müqavilə bağlaya bilməz. Bu səbəbdən müqaviləni cavabdehlə bağlayaraq pulu ona verəcəklər və cavabdeh də vəd etdiyi 30.000 manat pul vəsaitini iddiaçılara ödəyəcəkdir. Hüquqları pozulduğu üçün iddiaçılar cavabdehə və MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4173/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçıların cavabdehə qarşı bu tələblə deyil, “pulun ödənilməsi” tələbi ilə iddia irəli sürmək hüquqları vardır. Bu səbəbdən iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. b) tərəflərin və üçüncü şəxsin birinci instansiya məhkəməsində iştirakı və izahatları barədə məlumat
4. İş üzrə cavabdehin və üçüncü şəxsin iddiaya yazılı münasibətləri məhkəməyə daxil olmamışdır. İş üzrə tərəflər və üçüncü şəxs Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə iclaslarında iştirak edərək aşağıdakı şifahi izahatları vermişlər.
5. Məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişlər ki, onlar, ailəsi ilə birlikdə 1974-cü ildən fərdi yaşayış evində yaşamışlar. 1988-ci il tarixində ailədaxili münaqişələr səbəbindən həmin evi tərk etmişlər.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında cavabdeh özü və vəkili (nümayəndəsi) Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatlarında göstərmişlər ki, fərdi yaşayış evi özbaşına tikili olduğu üçün iddiaçıların fərdi yaşayış evi ilə bağlı sahiblik və istifadə hüquqları olmamışdır. MMC ilə cavabdeh arasında razılaşma əldə olunan vaxt evdə cavabdeh və onun ailə üzvləri yaşamışdır. İddiaçıların hazırki iddianı irəli sürmək hüquqları yoxdur.
8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən MMC tərəfindən həmin bölgədə olan evlərin satın alınaraq yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq həmin ərazidə yerləşən evlər satın alınmışdır. Həmin bölgədə heç bir evin, o cümlədən hazırki mübahisə predmeti olan evin çıxarışı olmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq həmin evlərdə yaşayan bütün şəxslərlə razılıq əldə olunmuşdur və bağlanmış müqaviləyə əsasən həmin müqavilə üzrə alqı-satqı edilən əmlakla bağlı sonradan yaranan bütün mübahisələrlə bağlı öhdəliyi cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh MMC-yə bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçılarla yarana biləcək bütün mübahisəli məqamları həll edəcəkdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. d) apellyasiya şikayəti barədə məlumat
11. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edilmişdir. Belə ki, iddiaçılar mülkiyyətçi olmasa da, əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçi hüquqları onlara da məxsusdur və əmlak hüquqlarını istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdirlər. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün cavabdehin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı alınmadan təkbaşına sərəncam verməsi qanuni hesab edilə bilməz. Özbaşına tikili olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olmadığı üçün evdə qeydiyyatda olan şəxslərin ev üzərində hüquqları bərabərdir, cavabdehin üstünlük hüququ yoxdur. Fərdi yaşayış evinin cavabdehin faktiki sahibliyində olmasının məhkəmə tərəfindən qəbul edilməsi əsassızdır. Özbaşına tikili vahid tikili deyil. Həmin ünvan ümumi həyətə daxildir, həyətdə bir neçə tikili olsa da, iddiaçıların faktiki istifadəsində sahibliyində olan 67 kv.m sahəsi olan fərdi evdə onların əşyaları olmuş, sadəcə təmirsiz və şəraitsiz olduğundan evdə daimi yaşamaq mümkün olmamışdır. Bununla belə evin giriş qapısının kilidinin açarları iddiaçılarda olmuş, iddiaçılar tez-tez evə baş çəkərək əşyaları yoxlamışlar. Cavabdeh bu faktı bilsə də MMC-dən gizlətmiş, MMC isə həqiqətə nail olmaq üçün qeydiyyatda olan şəxsləri cəlb etməmiş, söküntüyə dair onlara bildiriş verməmişdir. Bu səbəbdən iddiaçılar hesab edir ki, onların 67 kv.m tikiliyə dair subyektiv hüququ vardır. MMC-nin formalaşmış tikinti təcrübəsinə əməl etməməsi, evdə istifadə və sahiblik hüququ olan şəxslərin qeydiyyatını aparmaması, forma 2 arayış alaraq həmin şəxslərin dairəsini müəyyənləşdirməməsi kimi hərəkətsizliyi hazırki mübahisənin yaranmasına və iddiaçıların əmlaklarından məhrum olmasına səbəb olmuşdur. Rayon Məhkəməsi iş üzrə araşdırmanı düzgün aparmamış, həqiqətə nail olmaq üçün tikinti ekspertizası təyin edə biləcəyi halda, bunu etməmiş, iddiaçıların şahid qismində cəlb etmək istədikləri eyni həyətdə tikilisi olan və MMC ilə müqavilə bağlayan X3 şahid qismində cəlb olunmasına şərait yaratmamışdır. Cavabdeh MMC ilə bağladığı “Müqavilədə” evdə qeydiyyatda olan şəxslərin "xxxx" etirzı olacağı halda buna görə məsuliyyət daşıyır. Bu fakt da iddiaçıların qeydiyyatda olan şəxs kimi evə dair subyektiv hüququ olduğunu göstərir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
13. İddiaçıların vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, öz izahatında əlavə olaraq bildirdi ki, hazırki iş üzrə iddiaçılar, cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı X5 üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların sahiblik və istifadəsində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 kv.m olan mənzilin əvəzinə xx.xx.2022-ci il tarixli "xxxx" əsasında MMC tərəfindən verilmiş 2 otaqlı mənzilə pay hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iş üzrə araşdırma zamanı məhkəmə tərəfindən verilmiş sorğulara cavab məktubları gəlmiş və məktublardan göründüyü kimi həmin işlə hazırki iş arasında birbaşa bağlılıq vardır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin sorğuya cavab məktubundan və ona əlavə edilən sənədlərdən göründüyü kimi, fərdi yaşayış evinə cavabdehin hər hansı sərəncam vermək hüququ olmamışdır. Cavabdeh həmin evdə daimi qeydiyyatda olan və istifadə edən iddiaçıların hüquqlarını mənimsəmişdir. Ona görə də hazırki iş üzrə icraat həmin işə görə dayandırılmalıdır.
14. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə1 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.
15. İş üzrə üçüncü şəxs "xxxx" MMC apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Nazirlər Kabinetinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, iddiaçılar hazırki iş üzrə iddia tələbini irəli sürməzdən əvvəl cavabdehlər "xxxx" MMC-nin direktoru X2 və Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 6 otaqlı 174 kv.m sahəsi olan fərdi yaşayış evində dair MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin evə dair MMC ilə onlar arasında ayrı müqavilənin bağlanması öhdəliyinin MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Həmin iddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxmış Nəsimi Rayon Məhkəməsinin 2(006)-4173/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-826/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4173/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Artıq qanuni qüvvəsini almış həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, fərdi yaşayış evi Cavabdeh faktiki sahibliyində olmuşdur. İddiaçılar evdə qeydiyyatda olmasına baxmayaraq, 1988-ci ildən orada yaşamırlar. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Azər Quliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində yerləşən 1,70 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə MMC-yə ayrılmışdır. Həmin sahədə yerləşən yaşayış evlərindən sakinlərin köçürülməsi, həmin evlərin sökülməsi və digər zəruri tədbirlərin görülməsi MMC-yə həvalə edilmişdir. Cavabdeh ilə MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" əsasən, MMC, Cavabdeh məxsus fərdi yaşayış evinin sökülməsini, bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, cavabdehin sahiblik və istifadəsində olan 174 kv.m fərdi yaşayış evinin 107 kv.m-nin dəyəri kimi 170.000 manat pul vəsaitini cavabdehə ödəməyi, qalan 67 kv.m-nin əvəzində isə 20% əlavə edilməklə 80 kv.m 2 otaqlı təmirli mənzili cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin "xxxx" bağlanan zaman qanunvericiliyin tələblərinə əməl olunmuşdur. İddiaçılar özbaşına tikili olan fərdi yaşayış evinə dair hər hansı bir hüququnun (istifadə hüququ əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən) olması barədə sübut təqdim etməmişdir. İddiaçıların evə istifadə hüququ mövcud olsaydı belə, "xxxx" etibarsızlığı deyil, cavabdehə münasibətdə pul tələbi irəli sürə bilərdilər.
21. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Belə olan halda, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar hazırki işin mübahisəsiz halları kimi müəyyən edilir.
23. Ona görə də, apellyasiya şikayətinin iddiaçıların fərdi yaşayış evində sahiblik və istifadə hüquqlarının olması və bu faktdan irəli gələn digər dəlilləri əsassız hesab edilir.
24. MPM-in 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Cavabdeh 30.000 manat pul tələb edən iddiaçılar, cavabdehin onlar qarşısında bu öhdəliyinin mövcud olduğunu sübut etmək vəzifəsi daşıyırlar. Çünki cavabdeh iddianı etiraf etmir və əsassız olduğu üçün rədd edilməsini tələb edir.
26. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Lakin iddiaçılar Cavabdeh belə bir öhdəliyinin olduğunu, cavabdehlə aralarında 30.000 manat pul verəcəyi ilə bağlı razılaşma əldə edildiyini sübut edə bilməmişlər.
28. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, xx.xx.2022-ci il tarixli "xxxx" 2.1.1ci bəndində qeyd edilən “evdə qeydiyyatda olan, lakin yaşayış yeri fərqli olan şəxslərin razılıq ərizələrini almaq mümkün olmadıqda, cavabdehin gələcəkdə bununla bağlı yarana biləcək mübahisələri həll etməyə öhdəlik götürməsi” şərti hazırki iddianın əsasını təşkil edə bilməz.
29. Belə ki, iddiaçılar xx.xx.2022-ci il tarixli "xxxx" tərəfi deyil və bu müqavilə iddiaçılar üçün hər hansı hüquq və vəzifə yarada bilməz. Digər tərəfdən, “mübahisələri həll etməyə öhdəlik götürmə” ifadəsi evdə qeydiyyatda olan şəxslərin istənilən tələblərini yerinə yetirmə öhdəliyi daşımaq mənasına gəlmir. Hər bir tələbin qanuni əsası olmalı və bunu sübut etmə vəzifəsi tələbi irəli sürən şəxsin üzərinə düşür.
30. Məhkəmə apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə Rayon Məhkəməsinin iş üzrə araşdırmanı düzgün aparmadığı, həqiqətə nail olmaq üçün tikinti ekspertizası təyin edə biləcəyi halda, bunu etmədiyi qeyd edilmişdir. Lakin tikinti ekspertizasının hansı məqsədlə təyin edilməli olduğu, ekspert qarşısında hansı xüsusi bilik tələb edən sualların qoyulmalı olduğu, ekspertizanın keçirilməsinin iş üçün hansı əhəmiyyətə malik olduğu, Rayon Məhkəməsinin nəyə görə məhz öz təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu, ekspertiza barədə vəsatətin iddiaçılar tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən hansı səbəbdən verilmədiyi, yaxud verilməsinin mümkün olmadığı əsaslandırılmamışdır.
31. Apellyasiya şikayətində qeyd edilən digər dəlil ondan ibarətdir ki, iddiaçıların şahid qismində cəlb etmək istədikləri eyni həyətdə tikilisi olan və MMC ilə müqavilə bağlayan X3 şahid qismində cəlb olunmasına şərait yaradılmamışdır.
32. İş materiallarına diqqət yetirdikdə nə iddiaçıların şahid ifadəsinin alınması barədə yazılı vəsatət verdiyi, nə də məhkəmə iclas protokollarında şahidin cəlb edilməsi ilə bağlı şifahi vəsatət verdiyi müəyyən edilmir. İddiaçı tərəfin məhkəmə iclas protokollarında olan izahatlarında belə şahidlə bağlı hər hansı ifadəyə rast gəlinmir. İş materiallarında məhkəmə iclas protokollarına da hər hansı qeyd verildiyi müəyyən edilmir.
33. Bütün bunlar onu deməyə əsas verir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin iş üzrə araşdırmanı düzgün aparmaması ilə bağlı dəlilləri formal mülahizə xarakteri daşıyır və əsassızdır.
34. Həmçinin qeyd edilməlidir ki, MPM-in 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. MPM-in 361.4-cü maddəsinə görə, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
36. Məhkəmə, iddiaçıların nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi “iş üzrə icraatın dayandırılması barədə” ərizəsi ilə bağlı bildirir ki, Məhkəmənin ayrıca akt şəklində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmış və bununla bağlı Məhkəmənin mövqeyi həmin qərardadda əsaslandırılmışdır. Məhkəmə eyni məzmunlu əsasların hazırki qətnamədə təkrar əks etdirilməsinə zərurət görmür.
37. Beləliklə, Məhkəmə araşdırmasının nəticəsi olaraq hesab edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin qətnaməsi qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normalarının pozulması halı müəyyən edilməmişdir.
38. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
40. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 131A saylı fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikili olduğuna görə, iddiaçılar həmin evin sökülməsi ilə əlaqədar cavabdehdən onlara vəd etdiyi pul vəsaitinin tələbi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.
41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların pul tələbi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz.
42. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
43. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
44. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iddiaçıların sözügedən mənzillə bağlı heç bir hüquqi bağlılığı da mövcud deyildir. Belə ki, həmin əmlak həm özbaşına tikili olmuş (sərəncam və istifadə hüququ – qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən olmamışdır), həm əmlakla bağlı maraqlarıda aradan qalxmış (1988-ci ildən oradan çıxıb getmişlər), Cavabdeh iddiaçılara hər hansı bir vədi də rəsmiləşdirilməmişdir.
45. Məhkəmə bu halda hesab edir ki, iddiaçıların hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi təmin edilməməlidir g) apellyasiya baxışının nəticəsi
46. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.
50. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.