Məhkəmə qərarları › İş №2(103)-5766/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5766/2023

28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5766/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nümayəndə2 qarşı yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Nümayəndə2 qarşı yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2(006)-2095/2023 nömrəli qətnaməsindən cavabdeh Nümayəndə2 Bəhlu oğlunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаqaşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 18 yanvar 2007-ci il tarixli, 4435 nömrəli “dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Topçubaşov küçəsi 110 ünvanında yerləşən, ümumi sahəsi 46.1 kv. metr olan qeyri-yaşayış sahəsi 18 yanvar 2007-ci il tarixdən 18 iyul 2007-ci il tarixədək, aylıq 51,09 manat icarə haqqı ödənilməsi şərti ilə İddiaçı icarəyə verilmişdir.

2. Bakı şəhəri Nəsimi rayonu Topçubaşov küçəsi 110 ünvanda yerləşən qeyriyaşayış sahənin texniki pasportundan görünür ki, həmin sahənin tikinti altı sahəsi 60.4 kv.m, ümumi sahəsi 46.1 kv.m, əsas sahəsi 36.3 kv.m, köməkçi sahəsi 9.8 kv tikililərindən ibarətdir. Mülkiyyətçisi: Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, icarəçisi: İddiaçıdır.

3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №514) balansında olan daşınmaz dövlət əmlakı haqqında reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Topçubaşov küçəsi 110 ünvanında yerləşən əqd bağlanan sahəsi 46.1 kv.m olan obyekt barəsində İddiaçı tərəfindən icarə müqaviləsi bağlanılmış, əqdin müddəti 18 yanvar 2007 – 18 iyul 2007-ci il tarixi kimi, çıxarış icarəyə verilmiş obyektin özəlləşdirilməsi ilə əlaqədar verilir kimi qeyd edilmişdir.

4. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 02 may 2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Nümayəndə2 ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir.

5. Azərbaycan Respublikası Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubda bildirilmişdir ki, İddiaçı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ərizə ilə müraciət edərək, Nəsimi rayonu Topçubaşov küçəsi 110 nömrəli ünvanda yerləşən 47.0 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və özəlləşdirilməsinə münasibət bildirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq arayışın verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan ünvanda yerləşən 47.0 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz etmirlər. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamına əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 3-21-3/2-12072/2023 nömrəli məktubundan görünür ki, vətəndaş X3 ilə bağlanılan 18 yanvar 2007-ci il tarixli, 4435 nömrəli icarə müqaviləsinin qüvvədə olub-olmaması və icarə haqqının ödənilməsi barədə məlumat verilməsi haqqında məktubuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən 46,1 kv.m. qeyri-yaşayış sahəsinə dair X3 ilə bağlanılmış 18 yanvar 2007-ci il tarixli, 4435 nömrəli icarə müqaviləsi 10 may 2011-ci il tarixindən ləğv edilmişdir. Müqavilənin ləğv edilən tarixinə X1 dövlət büdcəsinə ödənilməmiş 184,78 manat icarə haqqı borcu mövcuddur.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Nümayəndə2 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə2 İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, 18 yanvar 2007-ci il tarixli, 4435 nömrəli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 46.1 kv.m qeyri-yaşayış sahəsi iddiaçıya icarəyə verilmişdir. Sonradan həmin qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir. Həmin ünvan qeyri-yaşayış sahəsi olsa da, hazırda yaşayış sahəsi kimi istifadə edilir. Nümayəndə2 iddiaçının keçmiş əri olmuş, arlarındakı nikah rəsmi qaydada 2018-ci il tarixdə pozulmuş, həmin vaxt aralarında birgə nikah dövründə olan əmlaklar da öz həllini tapmışdır. Faktiki olaraq ünvan 3 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olsa da, faktiki olaraq həmin sahədən Nümayəndə2 qanunsuz olaraq istifadə edir və başqa qadınla birlikdə həmin ünvanda yaşayır. Cavabdeh qanunsuz olaraq mübahisəli yaşayış və qeyri-yaşayış sahəsinə daxil olaraq çıxmır və iddiaçının həmin sahədən istifadə etməyinə mane olur. Bu səbəbdən də iddiaçı həmin yaşayış və qeyri-yaşayış sahəsindən istifadə edə bilmir. Cavabdehə iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış sahəsinin boşaldılması dəfələrlə təklif edilsə də, cavabdeh çıxmaqdan imtina etmişdir. Cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozaraq, mülkiyyət hüquqlarını məhdudlaşdırır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2(006)- 2095/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Nümayəndə2 ünvan 3 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının sözügedən yaşayış və qeyri-yaşayış sahəsinə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin yaşayış və qeyri-yaşayış sahəsi onun qanuni sahibliyində olduğundan, onun bu hüququ həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin presedent hüququ baxımından “qanuni gözlənti”yə malik hüquqdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin sözügən sahədə heç bir hüququ mövcud olmadığından (hər hansı qanuni hüququnun tanınması ilə bağlı hazırda məhkəməyə əks sübutu təqdim etmədiyindən) iddia tələbi təmin edilməli, cavabdeh Nümayəndə2 ünvan 3 ünvanda yerləşən yaşayış və qeyriyaşayış sahəsindən çıxarılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə, X9 Məhkəməsinin “Kopeçki Slovakiyaya qarşı” və “Önəryıldız Türkiyəyə qarşı” işləri üzrə Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, iddiaçı ünvan 3 ünvanda yerləşən 46.1 kv metr qeyriyaşayış sahəsini 18 yanvar 2007-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürsə də, icarə müqaviləsinin müddətinin tamam olduğu 18 iyul 2007-ci il tarixdən həmin qeyriyaşayış sahəsindən çıxmış və oranı işlətməmişdir. İcarə müqaviləsinin müddətinin artırılması ilə bağlı Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə müraciət etməmiş, Dövlət Komitəsinə icarə haqqı ödəməmişdir. 2021-ci ildə isə İddiaçı "xxxx" ASC və "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanda yerləşən 46.1 kv metr qeyriyaşayış sahəsində adına olan elektrik və qaz sayğaclarını ləğv elətdirmiş və abunəlikdən çıxmışdır. Şəxs mülkiyyət hüququ ilə ona məxsus olan və mülkiyyət üzərində sərəncam vermək hüququ olan əmlakın müdafiəsini həyata keçirə bilər. Məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçının onun qeydiyyatda olduğu, yaşadığı yaşayış sahəsini mülkiyyət hüququ olmadığı halda və beləliklə mülkiyyət hüququ ilə ona məxsus olmayan əmlak barədə iddia qaldırmağa subyektiv hüququ olmadığı halda onun iddiasını təmin etmişdir. 18 yanvar 2007-ci il tarixli icarə müqaviləsindən və reyestrdən çıxarışdan görünür ki, icarəçi İddiaçı Bakı şəhəri Nəsimi rayonu Toçubaşov küçəsində yerləşən 46.1 kv metr qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür və ona 46.1 kv metr sahənin özəlləşdirilməsi ilə əlaqədar reyestrdən çıxarış verilmişdir. Lakin, İddiaçı 18 iyun 2007-ci il tarixdən sonra, yəni 16 il ərzində həmin qeyri-yaşayış sahəsini istifadə etməmiş, əmlaka faktiki sahiblik etməmiş, hətta əmlakın özəlləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə və ya Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməmişdir. İddiaçı ilə 2010-2011-ci illərdə faktiki olaraq ayrılmışlar və qeyri-yaşayış obyekti onun istifadəsində olmuşdur. Daha sonra isə o, həmin qeyri-yaşayış obyektinin 2ci mərtəbəsində 47 kv.metr olan özbaşına yaşayış sahəsi inşa etmiş, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini isə yaşayış sahəsinə çevirərək, orada iki otaq, mətbəx, hamam-sanitar qovşaq düzəltdirmişdir. 2011-ci ildən bu günə qədər o, həmin ünvanda yaşayır və pasport qeydiyyatındandır. Məhkəmə iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair Mülki Məcəllənin 164.1 və 165.1-ci maddələrinin yoxlanıla bilməsi üçün iddiaçının yaşayış və qeyri-yaşayış sahəsinə sahiblik etməsi faktını müəyyən etməli idi. Lakin, məhkəmə tərəfindən iddiaçının mübahisəli sahələrə sahiblik etməsi faktı da müəyyən edilməmiş, əksinə işin mübahisəsiz hallarından görünür ki, hazırda o, həmin obyektdə yaşamaqla sahiblik edir. Həmçinin, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçıdan icarəyə götürdüyü qeyri-yaşayış sahəsini istifadə etməsi, icarə haqqı ödəməsi, həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması, sahibkar kimi vergi orqanında qeydiyyatda olması, mübahisəli sahədə vergi uçotunda durması, dövlətə vergi ödəyib-ödəməməsi, kommunal xidmətlərə görə ödəniş edib-etməməsi məsələlərini araşdırmamış, iddiaçıdan qeyd olunanlara dair sübutlar tələb etməmişdir. Bu da məhkəmənin prosessual hüquq normalarının tələblərini pozması deməkdir. Hazırkı işdə onun yaşadığı yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılmağının qanuni olub-olmadığı araşdırılmalıdır. Yaşayış sahəsindən çıxarılma o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və digər hüquqları olsun. Odur ki, bu tip mübahisələr həll edilərkən, mənzildən məhrum edilənin deyil, mənzildən məhrum edənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən, mübahisə həll edilməlidir. Əgər məhrum edənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı və iddia tələbi rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verib, təmin olunmasını məhkəmədən xahiş etdi.

16. İddiaçı və onun vəkili şikayətlə razı olmadıqlarını bildirərək, təmin olunmamasını məhkəmədən xahiş etdilər.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarı: “... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir””.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.

24. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi rayonu Topçubaşov küçəsi 110 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 18 yanvar 2007-ci il tarixli, 4435 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verilmişdir. Cavabdeh Nümayəndə2 iddiaçının keçmiş həyat yoldaşıdır.

25. Hazırda iddiaçı cavabdehin yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etməklə, ona əsaslanır ki, mübahisə predmeti yaşayış və qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olsa da, faktiki olaraq həmin sahədən cavabdeh qanunsuz olaraq istifadə edir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir.

27. İddiaçı iddianın qanuni əsası olaraq isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinad etmişdir.

28. Kollegiya ilk növbədə onu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən normaları mülkiyyət hüququnun anlayışını, məzmunu və bu hüququn müdafiə vasitələri ilə bağlı məsələləri tənzilməyir. İddiaçı iddianın əsası kimi icarə müqaviləsinə istinad etdiyindən, icarə müqaviləsi üzrə yaranmış hüquq isə sadəcə əmlakdan istifadə, istifadə ilə yanaşı bəhərdən istifadə etmək hüququ olduğundan birinci instansiya məhkəməsi tərəfindən mülkiyyət hüququ barədə normalara istinad edilməsi düzgün olmamışdır.

29. Birinci instansiya məhkəməsi həmçinin belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair “gözlənilən mülkiyyət” mülkiyyət hüququ mövcuddur. Bu qənaətə əsas verən hal isə Azərbaycan Respublikası Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış “İddiaçı sözügedən qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz etmədikləri” məzmunlu məktub olmuşdur.

30. Kollegiya qeyd edir ki, əvvəla, mübahisə predmeti obyektə dair “gözlənilən mülkiyyət” hüququndan o halda söhbət gedə bilər ki, həmin obyekt heç kimin mülkiyyətində olmasın. Bu şərt mövcud olduqda isə bu hüquq mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslanmalıdır ki, o hüquqi əhəmiyyətə malik olsun. Hazırkı iş üzrə isə mübahisə predmeti olan obyekt – başqa şəxsin - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, yəni, dövlətin mülkiyyətindədir. Əmlaka faktiki sahiblik edən şəxs də başqa şəxs – iş üzrə cavabdehdir. İddiaçının icarə müqaviləsi üzrə hüquqları da mövcud deyil.

31. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 3-21-3/2- 12072/2023 nömrəli məktub ilə müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair X3 ilə bağlanılmış 18 yanvar 2007-ci il tarixli, 4435 nömrəli icarə müqaviləsi 10 may 2011-ci il tarixdən ləğv edilmişdir.

32. Göründüyü kimi, iddiaçının istinad etdiyi icarə müqaviləsinin özü də 10 ildən artıqdır ki, ləğv edilmişdir.

33. Bu hal isə iddiaçının hazırkı iddianı qaldırmağa ümumiyyətlə müvafiq subyektiv hüquqa malik olmadığını deməyə əsas verir.

34. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı göstərilən hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

37. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Lakin apellyasiya baxışı zamanı müəyyən edildi ki, mübahisəli obyekt iddiaçının mülkiyyətində deyil, həmin obyektə dair hər hansı hüquqları ümumiyyətlə mövcud deyil. Belə olan halda iddiaçının tələbinin hüquqi əsası yoxdur.

38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin olunmalı, qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması baxımından ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalı, şikayət qismən təmin olunmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2(006)- 2095/2023 nömrəli qətnaməsindən cavabdeh Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2(006)- 2095/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Nümayəndə2 qarşı yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar