Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5766/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2025 saylı, 25 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)-10/2024 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət almışdır. Həmin hökmdən verilmiş apellyasiya və kassasiya protestlərinin müvafiq məhkəmənin aktları ilə təmin edilməməsi qərara alınmışdır. İşdə olan materiallar ilə həmçinin İddiaçı təqsirləndirildiyi maddə üzrə aparılan ibtidai istintaq və məhkəmə araşdırması zamanı 8 aprel 2022-cü il tarixindən 20 may 2024-cü il tarixinədək, yəni 02 il 01 ay 12 gün müddətində əsassız olaraq həbsdə saxlanıldığı müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat, vurulmuş maddi ziyana görə 38.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, milliyəti azərbaycanlı, orta təhsillidir, evlidir, hal-hazırda fərdi əməklə məşğuldur. ünvan 1 ünvanda yaşayır. İbtidai istintaq orqanı tərəfindən ona ittiham verilmişdir ondan ötrü ki, guya o, 7 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 1 ədəd bükümdə, təmiz çəkisi 14.450 qram külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və 1 ədəd bükümdə təmiz çəkisi 8.860 qram külli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla Abşeron rayonu Xırdalan şəhərinə daşımış 8 aprel 2022-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri ərazisində keçirilən əməliyyataxtarış tədbirləri zamanı saxlanılaraq Abşeron RPİ-yə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş həmin 1 ədəd bükümdə 14.450 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş 1 ədəd bükümdə 8.860 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin eləcə də əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Belə ki, 8 aprel 2002-ci il tarixində təxminən saat dörd-beşə iyirmi dəqiqə işləmiş polis əməkdaşları ünvanını dəqiq bilmədiyi Xırdalanda yerləşən evə daxil olmuşlar. Polis əməkdaşları evə basqın edən zaman 5 nəfər olmuşlar. Polis əməkdaşları evə daxil olduqdan sonra evi axtarmağa başlamış lakin evdə heç nə tapa bilməmişlər. Bundan sonra Anar adlı polis əməkdaşı cibindən narkotik vasitə və psixotrop maddə çıxarıb ona bildirmişdir ki, cibindən çıxardığı maddələri ev yiyəsindən aldığını söyləməli və ev yiyəsinin üzünə durmalıdır ya da ki, içəri gedəcəkdir. O, ev yiyəsinin üzünə durmamaq üçün Anar adlı polis əməkdaşının cibindən çıxarmış olduğu maddələri öz üzərinə götürmüşdür. Hətta iddia ərizəsinə əlavə etdiyi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1 1xx-xx/2024 saylı hökmündə sənədlər hissəsində elan olunmuş ekspert rəyindən də görünür ki, qabırğası sındırılıb. Saat 4-dən 11-ə kimi polis əməkdaşları ilə aralarında münaqişə olmuş, sonda narkotik vasitə və psixotrop maddəni öz üzərinə götürmüşdür. O, kimisə satmamaq üçün çəkilişlə 18 qram maddəni öz boynuna götürmüşdür. Lakin, sənədlərə baxdıqda üzərindən 22 qram narkotik vasitə və psixotrop maddənin aşkar olunduğunun qeyd edildiyini görmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən məhkəmə kollegiyası prosessual qanunvericiliyin həmin müddəalarını rəhbər tutaraq qeyd etmişdir ki, hökmün 8-ci səhifəsi şahid ifadələrinə əsasən, o, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulanadək tam sağlam olmuş, sonradan onun bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirilməsi ehtimal olunur. Bu hal isə onun təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Belə ki, o, həbsdə olub azadlığı məhdudlaşdırılarkən yalnız polis əməkdaşlarına verdiyi izahat və ifadələrində özünə qarşı ifadə verməklə onun üzərindəki narkotik vasitə və psixotrop maddənin olmasını göstərmişdir. Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilərkən məhkəmədə etdiyi çıxışda polis əməkdaşları tərəfindən tutularaq döyülməyə və işgəncəyə məruz qaldığını, bunun nəticəsində xəsarət aldığını, onda narkotik vasitə olmadığı halda polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitəni və psixotrop maddəni boynuna almağa məcbur olduğunu göstərmişdir. Beləliklə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,1(124)-10/2024 saylı hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və o, təqsirsiz hesab olunmuşdur. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb olunma və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Dövlət ittihamçısı Orxan Rüstəmov apellyasiya protesti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin İddiaçı barəsində olan 20 may 2024-cü il tarixli bəraət hökmünün ləğv edilərək onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etməklə apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmdə gəldiyi nəticə əsassızdır Sumqayıt Ağır Cinayətlər Məhkəmısinin 20 may 2024-cü il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, İddiaçı barəsində CM-nin 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 520/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)- 10/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı Orxan Rüstəmov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-520/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikasl Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)- 1105/2025 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-10/2024 saylı hökmü ilə İddiaçı AR CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-520/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. O, 08 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş, onun saxlanılması barədə sənədləşmə 8 aprel 2022-ci il tarixində tərtib edilmişdir. 8 aprel 2022-ci il tarixindən 20 may 2024-cü il tarixədək olan müddət ərzində isə o, həbsdə olmuşdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, yalnız Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-10/2024 saylı hökmünə əsasən bəraət aldıqdan sonra həbsdən azad edilmişdir. Yəni 2 il 1 ay 12 gün müddətində həbsdə saxlanılmışdır. Özü həbs olunmamışdan qabaq ustalıqla məşğul olmaqla ailəsini dolandırmışdır. Aylıq orta hesabla 1500 manata yaxın pul qazanmışdır ki, bu dövr ərzində (həbsdə olduğu müddətdə) həmin gəlirlərdən məhrum olmuş və ailəsi acınacaqlı vəziyyətdə yaşamışdır. Maddi gəlirlərdən də öndə ona yetirilən mənəvi sarsıntılardır ki, onu heç bir məbləğlə ödəmək olmayacaq. Çünki, həbsdə olduğu hər bir gün bir tərəfdən günahsızlığını biləbilə həbsdə olmasının mənəvi ağrısı və acısı, digər tərəfdən onun ailəsindən bu qədər müddət ərzində ayrı düşməsi-hansı ki, ailə başçısı üçün ailəsi ilə keçirilən hər bir gün, hər bir an heç bir maddi sərvətlə əvəz oluna bilməz. Digər bir tərəfdən yaşadığı şəhərdə özünə görə kifayət qədər nüfuzu olduğu halda sözügedən maddə ilə ittiham olunduqdan sonra onun barəsində şəhərdə dolaşan söz söhbətlər də ona kürəyindən sancılan bir bıcaq olmuşdur.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2025 saylı 25 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 25.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə İddiaçı qanunsuz olaraq həbs olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdən (ittiham aktı, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)- 10/2024 saylı hökmü) xx.xx.2024-cü il tarixədək (02 il 01 ay 12 gün=25 ay) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
7. Məhkəmə iddianın “maddi ziyanın əvəzi olara 38 000 manatın tutulması” hissəsinə münasibətdə hesab etmişdir ki, qanunsuz həsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir
8. Məhkəmə öz mövqeyini Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2025 saylı 25 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamənin iddianın ona münasibətdə təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bu hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
23. 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
24. 58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
25. 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
26. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
27. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
28. 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
30. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
33. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
34. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
35. 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.
36. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. İşin mübahisələndirilməyən hallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 1(124)-10/2024 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət almışdır. Həmin hökmdən verilmiş apellyasiya və kassasiya protestlərinin müvafiq məhkəmənin aktları ilə təmin edilməməsi qərara alınmışdır. İşdə olan materiallar ilə həmçinin İddiaçı təqsirləndirildiyi maddə üzrə aparılan ibtidai istintaq və məhkəmə araşdırması zamanı 8 aprel 2022-cü il tarixindən 20 may 2024-cü il tarixinədək, yəni 02 il 01 ay 12 gün müddətində əsassız olaraq həbsdə saxlanıldığı müəyyən olunmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.3 və 1101.1-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur.
41. Belə ki, 1101.1-ci maddəsinin məzmunundan göründüyü kimi qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq yaranır.
42. Beləliklə, mülki hüquq pozuntusundan (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün zərər vuran şəxsin təqsirli olub-olmaması istisna olmaqla, yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Halbuki iş materiallarından da görünür ki, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının vəzifəli şəxslərinin törətdiyi əməllərə görə qeyd edilən normalar çərçivəsində mülkihüquqi məsuliyyət yaranması üçün zəruri olan bütün şərtlərin mövcud olduğu işdə olan sənədlərə əsasən müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası həmçinin Mülki Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən qeyd etməyi zəruri sayır ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
44. Belə ki, barəsində məhkəmənin bəraət hökmü çıxarılmış və ya bəraətverici əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş, yəni təqsirliliyi öz təsdiqini tapmamış şəxsin Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində cinayət təqibinə məruz qalması nəticəsində uğradığı zərərin ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
45. Аzərbаycаn Respublikаsı Prezidentinin 9 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən də, Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.
46. Beləliklə də iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
47. Оnа görə də hazırki iş üzrə ödənilməli olan pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən tutulub iddiaçıya verilməlidir.
48. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, barəsində həbs növündə qətimkan tədbirinin tətbiq edilməsi, təqsirsizliyinin uzun sürən çəkişmələrin predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Qeyd edilənlər də İddiaçı mənəvi zərərə uğradığı qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur.
49. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə razılaşır, mənəvi zərərin 25.000 manatdan az məbləğdə təmin olunmasını ədalətli və ağlabatan hesab etmir.
50. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3952/2025 saylı 25 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev